|
09:06
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilanların fəal dövrünün başlaması ilə əlaqədar insanları diqqətli olmağa çağırıb.
Axar.az xəbər verir ki, institutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov Trend-ə bildirib ki, Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. İlanlar Kür-Araz ovalığında, Qarabağ, Şirvan düzənliyində, Muğan düzündə, bir sözlə ölkəmizin bütün isti və quraq dağətəyi çöllüklərində olurlar:
"İlanların, o cümlədən levantin gürzələrinin fəal dövrü başlayıb. Buna görə də həmin ərazilərdə yaşayan, işləyən və ya gəzintidə olan insanlar diqqətli olmalıdırlar".
T.İsgəndərov qeyd edib ki, ilanlar, adətən, kolların dibində, qayaların altında, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, eləcə də insanlar tərəfindən yaradılmış "sığınacaqlarda"- zirzəmilərdə, abad olmayan həyətlərdə - burada toplanmış tullantıların içində, daş qalaqlarının, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər:
"Öz həyətində ilanlardan qorunmağın ən yaxşı yolu budur ki, həyətini ilanlar üçün cəlbedici etməyəsən. Həyətin hər tərəfinə daşdan hasar çəksən belə, əgər onun içində tullantılar yığılıbsa, abadlıq yoxdursa, kərtənkələ, qurbağa, yəni ilanlar üçün yem varsa, onda orada ilanlar olacaq. İlan hasardakı balaca deşikdən belə özünə yer tapıb həmin həyətə girəcək. Buna görə də çalışmaq lazımdır ki, həyətlərdə ilanların gizlənə bilməsi üçün yer, qidalanması üçün yem bazası olmasın. İlanlar iyunun ortalarından yumurta qoymağa başlayırlar, adları qeyd edilən yerlərdə ilanlar öz yumurtalarını gizlədə də bilərlər".
Mütəxəssis ilanların ola biləcəyi ərazilərdə yaşayan və işləyən insanların təhlükəli ilan sancmalarından qoruna bilməsi üçün mümkün yolları da açıqlayıb:
"İnsanlar bilməlidirlər ki, adları qeyd edilən yerlərdə olarkən, məsələn, həyətindəki taxtanı qaldırarkən, yaxud tağlar arasında işləyərkən çox diqqətli olmaq lazımdır. Bunun üçün insanlar birinci növbədə ilan gizlənə biləcək yeri cubuqla yoxlamalıdırlar. Əgər ilan görərlərsə, narahat olmasınlar. Əllərində heç nə olmadıqları halda, onu tutmağa, ya da öldürməyə cəhd etməsinlər. Bu, onların həyatı üçün təhlükəli olar. İlanı tapdalamasan, ona yaxınlaşmasan, o, səni sancmayacaq, gizlənmək üçün özünə yer axtaracaq. Onu da unutmayın ki, ilan sizi heç vaxt təqib etməyəcək, o, yalniz özünü müdafiə edəcək! Yaxşısı budur ki, ilanı gördükdə onun ərazidən uzaqlaşmasına, gizlənməsinə imkan yaradasınız, onun harada gizləndiyini müəyyən edəsiniz. Bundan sonra isə ilanın gizləndiyi ərazidə, 1,5 metr məsafədən onun üstünü tamamilə örtmək üçün üzərinə kisə, pencək və s. atın. O, üstünü bağlı gördükdə özünü gizlənmiş hesab edəcək. Yalnız bundan sonra ilanı zərərsizləşdirmək olar".
T.İsgəndərov öldürülən ilana görə onun cütünün, yaxud qardaşlarının qisas alması barədə deyilənləri də rəvayət adlandırıb.
Onun sözlərinə görə, bəzən həyətində ilan öldürən şəxs bu hadisədən sonra başqa ilanı gördükdə onun qisas almaq üçün buraya gəldiyini zənn edir:
"Bəzən həyətdə bir deyil, bir necə ilan olur və onların da hamısı eyni vaxtda görünmür. İlanı öldürdükdən sonra həyətdəki ilanlardan digərini görən şəxs də elə bilir ki, bu ilan həyətə qisas almaq üçün gəlib. Lakin bu məlumatların heç biri düzgün deyil. İlanların öldürülməsinə görə onun cütünün, yaxud qardaşının qisas alması barədə deyilənlər ancaq rəvayətdir".
Sabah Ramazan ayının 11-ci günüdür.
Axar.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 16-da Bakıda imsak saat 03:42, iftar isə saat 20:06-dadır.
Ramazan ayının 11-ci gününün duası:
"Allahummə həbbib ileyyə fihil-ihsan. Və kərrih ileyyə fihil-fusuqə vəl-isyan. Və hərrim əleyyə fihis-səxətə vən-niyran. Bi-ovnikə ya ğiyasəl-müstəğisin".
Tərcüməsi:
"İlahi, bu ayda məni Öz köməyin sayəsində yaxşılıq etməyi sevdir, məndə bu ayda pisliyə və asiliyə ikrah doğur, qəzəbini və Cəhənnəm odunu məndən uzaq et, ey xilas olmaq istəyənlərin Xilaskarı!"
Allah orucunuzu qəbul etsin!
Borjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında meşə yanğını baş verib.
"Qafqazinfo" xəbər verir ki, dağ yamacında yanğının söndürülməsinə Sərhəd Polisinin helikopteri cəlb olunub.
Relyefin çətinliyindən texnikanın yanğın ocağına yaxınlaşması çətinləşib. Yanğının aradan qaldırılmasına Tbilisi, Borjomi, Axaltsixe və digər bölgələrdən 150-yə yaxın yanğınsöndürən cəlb olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
1. Altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,0 (iyirmi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Rusiyanın “Krılya Sovetov” klubunun Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədov futbolçu karyerasına son qoymaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə futbolçu TASS-a müsahibəsində deyib.
“Mən hələ bilmirəm klubla müqaviləmi uzadacam, ya yox. Mənin burda hər şey xoşuma gəlirdi. Görək bundan sonra nə olacaq. Hazırda mən müalicə almaq istəyirəm”, - 34 yaşlı futbolçu bildirib.
Qeyd edək ki, ötən il keçirilən Dünya çempionatından sonra Səmədov Rusiya millisindən getdiyini açıqlamışdı.
Bu gün dünyanın böyük ölkələri təkcə hərbi deyil, texnoloji silahlardan da istifadə edirlər. Xüsusən kiberhücum məsələsi çağdaş dünyada önəmli savaş alətinə çevrilib. Bəzən kiberhücum vasitəsilə bir dövlətin hətta ən məxfi xüsusi xidmət orqanını da çökdürmək olur.
Axar TV-nin hazırladığı dünyanı şoka salan 10 ən güclü haker haqda çarxı təqdim edirik:
Ermənistanın hərbi hissələrindən birində növbəti dəfə əsgər ölümü baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə naziri Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb: “Dərin kədər hissi ilə bildirirəm ki, bu gün Ermənistan Silahlı Qüvvələrində 1999-cu il təvəllüdlü kiçik çavuş Ararat Simonoviç Xeçumyan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib”.
Nazirlik əsgərin ölümü ilə bağlı başsağlığı verib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” - “Twenty six” adlı kafenin yerində “Hot Room Club” adlı gecə klubu fəaliyyətə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, unikal.org məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyininin sədri Anar Rzayevlə əlaqə saxlayıb. Anar Rzayev məsələdən xəbərdar olmadığını və bu işlə bağlı AYB-nin katibi, yazıçı Çingiz Abdullayevlə əlaqə saxlamağı tövsiyyə edib. O, qeyd edib ki, sözügedən obyekti Çingiz Abdullayev icarəyə verib.
Çingiz Abdullayev isə açıqlamasında faktı dolayı yolla təsdiqləyib, eyni zamanda gecə klubunda striptiz şouların nümayiş etdirilməsi ilə bağlı xəbərləri şərh edib:
“Mən bilirəm orada oynayanlar var. Amma obyektdə striptiz şounun nümayiş etdirilməsindən xəbərsizəm. Əgər həqiqətən də belə bir fakt olarsa, biz icarə müqaviləsinə xitam verəcəyik. Baxmayaraq ki, müqavilənin bitməsinə 4 ay vaxt qalıb”.
Xatırladaq ki, bundan əvvəl burada “26” - “Twenty six” adlı kafe fəaliyyət göstərirdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.
İranın İsfahan şəhərində qadınların ümumi məkanlarda velosiped sürməyi qadağan edilib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qərara riayət etməyənləri cəza gözləyir. Belə ki, şəhər mərkəzində velosiped sürən qadınlara əvvəlcə xəbərdarlıq ediləcək və velosipedləri əllərindən alınacaq. İkinci dəfə bu hal baş verərsə, qanunla cəzalandırılacaqlar.
Qeyd edək ki, bu qərar mollaların və bəzi vətəndaşların qadınların velosiped sürmələrinə etirazından sonra qəbul edilib.
Azərbaycanda itkin sayılan soydaşımız Ukraynadan Vətənə yola salınıb.
"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov bildirib ki, 25 il bundan əvvəl Azərbaycanı tərk edərək Ukraynaya gedən və bir daha geri qayıtmayan Yusif Nağıyev Vətənə yola salınıb.
Murad Cəfərovun sözlərinə görə, Yusif Nağıyev ötən illər ərzində Azərbaycanda itkin sayılırdı.
“Bu gün diasporumuzun aktiv fəaliyyəti nəticəsində Yusif Nağıyev Vətənə dönüb. Mariupl şəhərindəki diaspor fəalımız Ayxan Hacıbəyliyə təşəkkürümüzü bildiririk. Onun sayəsində Yusif Nağıyevin vətəndaşlıq sənədləri bərpa olundu, qohumları tapıldı”, - deyə UABD-nin sədr müavini bildirib.