Əgər bu gün Nazarbayev doğrudan da nüvə arsenalının formalaşdırılmasında ölkəsinin test ərəfəsində olduğunu deyirsə, bu çox sevindirici xəbərdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri Nursultan Nazarbayevin ölkəsinin nüvə arsenalının formalaşdırılması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

Ekspert Qazaxıstanın nüvə dövlətinə çevrilməsi üçün yetərli maddi-texniki bazaya sahib olduğunu bildirib:

“Nazarbayev çox ağıllı adamdır. Sovet İttifaqının nüvə arsenalı cəbbəxanası 3 yerdə - Rusiyada, Ukraynada və Qazaxıstanda saxlanılırdı. 1997-ci ildə ABŞ və İranın da təzyiqi ilə hollandlar Ukrayna ilə Qazaxıstana yalandan vəd etdilər ki, nüvə silahlarını Rusiyaya təhvil verin, nüvə silahı olmayan dövlət statusu qazanın, biz də sizin əbədi təhlükəsizliyiniz üçün zəmanət verək.

Ancaq bildiyiniz kimi, Ukraynanın ərazi bütövlüyünü onun təhlükəsizliyinə zəmanət verən ölkələrdən biri – Rusiya pozdu. ABŞ müəyyən qədər müqavimət göstərməyə çalışsa da, səmərəsiz oldu.

Şəxsən mən bunu ürəkdən alqışlayıram. Çünki keçmiş SSRİ-nin kosmik stansiyası Baykonurda idi. Deməli, SSRİ-dən Qazaxıstana nüvə silahı üçün lazım olan elmi biliklər qalıb. Bundan əlavə, Qazaxıstanda bu sahəni bilən alimlər də kifayət qədərdir. Ruslar silahları yığıb aparsalar da, maddi-texniki baza qalmaqdadır. Üstəlik Qazaxıstanda xeyli atom elektrik stansiyası var.

Yəni Qazaxıstanda nüvə silahı, hətta nüvə başlığı daşıya bilən ballistik raketlər yaratmaq üçün lazım olan potensial mövcuddur”.

Politoloqun fikrincə, Nazarbayev nüvə arsenalının formalaşdırılmasından danışırsa, deməli, bu vaxta qədər müvafiq araşdırmalar aparılıb:

“Söhbət nüvə silahlarından gedirsə, deməli, Qazaxıstan çoxdan nüvə silahının yaradılması, uranın saflaşdırılması istiqamətində təhqiqatlar aparıb. Bir sözlə, Qazaxıstan nüvə silahını təşkil edən bütün komponentlərə malikdir. Yəqin ki, silah da hazırdır, aparılan işlər də bunu sübut edir. Sınaq mərhələsində sadəcə olaraq atom silahlarının gücünün və digər elmi xarakterli məsələlərin müəyyənləşdirilməsi prosesi gedir”.

Q.Hüseynlinin sözlərinə görə, bu, nəinki Azərbaycan, eləcə də bütün türk dünyası üçün sevindirici xəbər hesab edilməlidir:

“Qazaxıstanın uğuru bizim də uğurumuzdur. Qazaxıstan əgər bu prosesi başa çatdırarsa və nüvə silahı istehsalına başlayarsa, nüvə dövləti olacaq. Bu gün heç kim ona bu işləri dayandırmaq barədə göstəriş verə bilməz. Qazaxıstan indi iqtisadi inkişaf tempinə görə dünyada ən qabaqda gedən ölkələrdən biridir. Hərbi nüvə arsenalını da yaratdıqdan sonra dünyanın sayılıb-seçilən dövlətlərindən biri olacaq.

Nazarbayev türkçülük ideologiyasını müdafiə edən şəxsdir, Qazaxıstanda türkçülük geniş yayılmaqdadır. Bütün bunları nəzərə alaraq sevinmək və nəticəni gözləmək lazımdır”.

Qeyd edək ki, Qazaxıstan TŞ sədri Nursultan Nazarbayev Türkiyənin “Milliyət” nəşrinə açıqlamasında ölkəsinin nüvə arsenalının formalaşdırıldığını və hazırda test mərhələsində olduqlarını söyləyib.

Bakı Metropoliteninin stansiyaları futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, həmin vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən ehtiyat qatarların ayrılması nəzərdə tutulub:

"Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək. May ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi stansiyalarda üzərində könüllülər əcnəbilərə bələdçilik edəcək".


Azərbaycan “Eurovision”un finalında

 

Tel-Əvivdə 64-cü “Eurovision”  mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq səhnəyə Ermənistan təmsilçisi Srbuk “Walking Out” adlı mahnı ilə çıxıb. Onun ardınca İrlandiya, Moldova, İsveçrə, Latviya, Rumıniya, Danimarka, İsveç, Avstriya, Xorvatiya, Malta, Litva, Albaniya, Norveç, Niderland, Şimali Makedoniya, Rusiya və Azərbaycan təmsilçiləri öz nömrələrini göstərəcəklər. 

Azərbaycanı yarışmada təmsil edən Çingiz Mustafayev "Truth" mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.

Çıxışların yekununda səsvermənin nəticəsi olaraq finala 10 ifaçı vəsiqə qazanacaq. 

Xatırladaq ki, birinci yarımfinalda finala vəsiqə qazanan 10 ölkə Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San Marino və Sloveniya olub.

Qeyd edək ki, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya və ev sahibi İsrail təmsilçiləri birbaşa finalda iştirak edəcəklər. 

***

Azərbaycan təmsilçisi Çingiz Mustafayev Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsində çıxış edib.

***

Bütün ölkə təmsilçiləri çıxışlarını başa vurdular və artıq səsvermə başlayıb. 

***

Finala vəsiqə qazanan 10 ölkə təmsilçisi bəlli oldu. Onlar Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Azərbaycan, Danimarka, Norveç, İsveçrə və Maltadır. 

Ermənistan, İrlandiya, Moldova, Latviya, Rumıniya, Avstriya, Xorvatiya, Litva isə finala vəsiqə qazana bilməyənlər sırasındadır. 

 

 

 

Bəzi gəlirlər vergidən azad edildi

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, bir sıra gəlirlər vergidən azad olunub. 

Bura müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirlər daxildir. 

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA-nın, onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla bağlı əldə etdiyi gəlirlər, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar UEFA-nın, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, habelə qeyri-rezident futbol klublarının (assosiasiyalarının) çempionatla bağlı əldə etdiyi gəlirlər vergidən azad olunurlar. 

Qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq. 

 

 

 

 

ABŞ-a köçmək istəyənlər üçün bal sistemi tətbiq ediləcək

ABŞ-a köçmək istəyənlər üçün bal sistemi tətbiq ediləcək.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evdə çıxış edən ABŞ prezidenti Donald Tramp deyib ki, sözügedən sistemlə əcnəbilər bir sıra bacarıqlarına görə seçiləcək: 

“Kanadada, eləcə də bir çox digər müasir ölkələrdə olduğu kimi, biz asan anlaşılan, bal əsasında sistem yaradırıq. Əgər siz gənc işçisinizsə, çox bal alacaqsınız. O mənada ki, siz bizim sosial müdafiə sistemimizə daha çox töhfə verə bilərsiniz”.

Onun sözlərinə görə, ABŞ indi ölkədə öz biznesinə başlamaq istəyən “insanları itirir”.  “İndi onların şansı olacaq” – prezident söyləyib.

“Amerikalıların hüquqları qorunsun deyə, imiqrantlarların maddi vəziyyəti yaxşı olmalıdır” – deyə, dövlət başçısı qeyd edib.

 

 

 

Safe Life MMC Bakı Metropoliteni QSC-ni məhkəməyə verib.

Report-un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul tələbinə dair iddia ərizəsi qaldırıb.

Ərizədə qeyd edilib ki, Safe Life MMC ilə Azərtunelmetrotikinti QSC-nin Xüsusi Tamamlama işlər İdarəsi ilə 2013-cü ildə müqavilə bağlanıb. Müqavilə üzrə Bakı Metropoliteni QSC MMC-yə ümumilikdə 1 milyon 600 min 577 manat məbləğində pul ödəməlidir.

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırki məhkəməyə təqdim olunan iddia ərizəsindən görünüb ki, iddiaçılardan biri Tağıyev Azad Hüseyn oğlu fiziki şəxsdir və iddia ərizəsinə onun fərdi sahibkar statusunu təsdiq edən sənəd əlavə edilməyib.

Məhkəmənin qərarı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb.

Baş Prokurorluq açıqlama yayıb.

Axar.az sözügedən açıqlamanı təqdim edir:

“Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş Anar Məmmədov baş redaktoru olduğu “Criminalaz.com” internet saytında və Fesybuk sosial şəbəkəsinin özünə aid səhifəsində guya Bakı şəhər prokurorluğunda SOCAR-la əlaqədar məqalələrin dərc edilməsinə irad bildirilməsinə dair yalan informasiyalar yayıb. Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib edilir.

Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, məhkəmənin qeyd edilən hökmü ilə Bakı şəhər prokurorluğunda iş üzrə saxlanılan maddi sübut - “MacbookPro” markalı kompüterin hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Anar Məmmədova qaytarılması nəzərdə tutulduğundan, sonuncu müraciəti əsasında şəhər prokurorluğuna dəvət olunub. Aparılmış söhbət zamanı məhkəmənin hökmündən A.Məmmədov tərəfindən apellyasiya şikayəti verildiyi müəyyən edildiyindən və beləliklə hökm qanuni qüvvəyə minmədiyindən maddi sübut ona qaytarılmayıb.

İstər 15 may 2019-cu ildə, istərsə də əvvəlki tarixlərdə Anar Məmmədova baş redaktoru olduğu internet saytında hər hansı məlumatların, o cümlədən SOCAR-la bağlı yazıların dayandırılması tövsiyə olunmayıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha izah edilir ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yalan və qərəzli yazılar, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməlidir".

İnternet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edilib.

Bu barədə Axar.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu ilin mayından etibarən Aztelekom MMC-nin internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq:

“Belə ki, artıq ödəniş günü hər ayın 5-nə qədər deyil, sonuncu ödəniş edilən gündən sonrakı 30-cu təqvim günü gələn ay üçün ödəmənin son günü müəyyən ediləcək. Hazırda isə cari ay üçün ödəniş olunmadığı təqdirdə internet xidməti dayandırılacaq”.

ABŞ administrasiyasının fəaliyyəti sübut edir ki, İranla müharibə onlar üçün yekun hədəfdir.

Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü, erməniyönlü konqresmen Adam Şif deyib.

“İran onilliklər ərzində terrorun sponsoru olub və indi də elə qalır. Amma mən həmçinin ciddi şəkildə administrasiyanın fəaliyyətlərindən narahatam. Görünən odur ki, onların fəaliyyəti bizi toqquşma yoluna qoymağa hədəflənib”, – deyə o bildirib.

Harada yol polisi görsəniz, yaxınlaşıb maşının nömrəsini deyərək, texniki baxış vaxtınızı öyrənin.

Axar.az xəbər verir ki, bu sözlərlə yol-nəqliyyat eksperti Elməddin Muradlı çıxış edib.

O bildirib ki, əks halda sürücülər 50 manat cərimə ediləcəklər:

“Azərbaycanda texniki baxışla bağlı qeyri-müəyyən durum yaranıb. Əksər sürücülər ən azı bir dəfə cərimə olunandan sonra xəbər tutur ki, texniki baxışın vaxtıdır. Bu qarışıq vəziyyəti həll etmək üçün sms xidməti yaratmaq lazımdır, onu da yaratmırlar. Odur ki, sürücülər diqqətli olsun. Harada yol polisi görsəniz, yaxınlaşıb maşınınızın nömrəsini deyib, texniki baxışın vaxtını öyrənin. Əks halda sizi 50 manat cərimə edəcəklər”.

Xəbər lenti