|
Dərsliklərin çapı üçün 70-80 qramlıq kağızdan imtina edilməsi uşaqların ağır proqramlarla yanaşı, həm də keyfiyyətsiz kitablardan dərs oxumasına səbəb olacaq. Dərs yükünün azaldılması əvəzinə kitab kağızının qramının azaldılması olduqca gülüncdür.
Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov Təhsil Nazirliyinin dərsliklərin çəkisinin yüngülləşdirilməsi, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan imtina edilməsi ilə bağlı verdiyi tapşırıqları şərh edərkən deyib.
Ekspert bildirib ki, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan imtina edilib daha az qrama malik kağızdan istifadə heç nəyi dəyişməyəcək. O bildirib ki, bununla məktəblilərin dərs və çanta yükünü azaltmağı hədəfləyiblərsə, bu çox gülməlidir:
“Belə kosmetik işlərlə heç nəyə nail olmağın mümkün olmadığını başa düşmürlər. Kağızın qramının azaldılası ilə başqa bir problem yaranacaq. Bundan sonra uşaqlar ağır proqramlarla yanaşı, həm də keyfiyyətsiz kitablardan dərs oxumalı olacaqlar. Şagirdlərə yorucu və əlavə materialların yüklənməsi az imiş, indi də keyfiyyətsiz kağızda çap olunan dərsliklər gələcək.
Əvvəla, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, alternativ dərsliklərin yaradılması məsələsi sürətlənməlidir. İkincisi isə tədrisdə olan dərsliklərdə şagirdləri yoran materialların çıxarılması və dərsliklərin birbaşa fənn müəllimləri tərəfindən yazılması təmin olunmalıdır. Problem dərs yükünün ağır olmasındadır.
Ümumtəhsil dövlət standartlarında da göstərilir ki, ağırlaşdırıcı materiallar və məlumat yönümlü materiallarla dərsliklərin yüklənməsi yolverilməzdir. Hazırda dərsliklərin ən böyük problemi belə materiallarla dolu olmasıdır”.
E.Qafarovun sözlərinə görə, dərslik çapında rəqabət də olmadığı üçün problem həllini tapmır:
“Rəqabət olsa, dərsliklərlə bağlı vəziyyət bu qədər acınacaqlı olmaz. Mən sosial şəbəkədə tez-tez canlı yayımlar açaraq nazirliyə təkliflər verirəm. Həmçinin rəsmi qaydada müraciət də etmişəm, təkliflər vermişəm. Ancaq təəssüflər olsun ki, nazirlik təklifləri dinləmir və konkret olaraq onlar təhsil işçiləri ilə işləmirlər. Bu səbəbdən də dərs yükünün azaldılması dedikdə onlar proqramın ağırlığını nəzərə almaq əvəzinə, çantanın ağırlığı, kitabların vərəqinin qramını azaltmağı hədəfləyirlər”.
Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, dərsliklərdə ancaq lazımi məlumatlar, biliklər yazılmalıdır ki, yük də azalsın. Kitablarda əlavə, lazımsız mövzulara ehtiyac yoxdur:
“Əslində məktəbli çantasının ağır olmasına 4 amil təsir göstərir ki, onlardan biri çantaya qoyulan dərsliklər, ikincisi isə köməkçi və əlavə dərs vəsaitləridir.
Rəsmi olaraq I sinfin 5 kitabı var, onların çəkisi 1 kiloqram 145 qramdır. İş dəftərləri ilə birlikdə isə bu çəki 2 və ya 3 kiloqrama yaxın olur. Amma bu rəqəm reallığı əks etdirmir. Çəki bundan da artıq ola bilir.
Kitabın yüngülləşdirilməsi müxtəlif formada həyata keçirilə bilər:
1. Dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilə bilər ki, bu olduqca təhlükəlidir. Çünki yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan da sərfəli olmaz. Mütləq şəkildə dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlanmalıdır. Yəni yükün azaldılması üçün dərslik kağızının qramının azaldılması doğru yol deyil.
2. Dərsliyin yazı şriftlərini kiçiltməklə həcminin azaldılması ola bilər ki, bundan da ümumiyyətlə istifadə etmək olmaz. Çünki onsuz da orta məktəblərdə təhsil alan şagirdlərin 65 faizində görmə problemi var və bu addımın atılması daha ciddi fəsadlar yarada bilər.
3. Dərsliyin həcminin azaldılması üçün paraqraf daxilində abzasların silinməsi ola bilər ki, bu da fikirlər arasında əlaqəni itirə bilər və dərsliyin məzmunu yoxa çıxar.
Dəsrliyin çəkisinin azaldılması istiqamətində atılması ən zəruri addımlardan biri dərsliklərin hər bir şagirdə iki nüsxədə verilməsidir. Bir nüsxəsi evdə oxumaq üçün, digər nüsxəsi məktəbdə qoymaq üçün. Bununla şagirdlər çantalarında dərslik daşımayacaq.
Ancaq ən əsas addım dərsliklərdə təkcə lazımi məlumatlar, biliklərin yazılmasıdır. Dərsliklərdə əlavə, lazımsız mövzulara ehtiyac yoxdur. Proqram yüngülləşdirilməlidir. Ağırlaşdırıcı, qavraması çətin olan və ən əsası o qədər də əhəmiyyəti olmayan, vacib hesab edilməyən proqramlar dərsliklərdən çıxarılmalıdır ki, kitab yüngülləşsin”.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib:
“Dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan istifadə edilir. İndi isə belə təkliflər var ki, dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilsin".
Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. Qeyd edək ki, Milli Hidrometeorologiya Departamentindən xəbər verildiyi kimi mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Nazirliyin rəsmisinin sözlərinə görə 19 may 2019-cu il tarixində İsmayıllı rayonunda baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb.
“Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”, - deyə bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
1. Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 20 145 000 (iyirmi milyon yüz qırx beş min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Gəncədə polis əməkdaşı dava zamanı xəsarət alıb.
"Qafqazinfo" xəbər verir ki, şəhər sakini, 1990-ci il təvəllüdlü Süleymanov Mehman Natiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, polis əməkdaşı olan M. Süleymanov Gəncə bulvarında olan çay evlərinin birində dava zamanı döyülüb. Münaqişənin xidmət zamanı baş vermədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Ramazan ayında oruc tutan şəxslərin uzun müddət ac və susuz qalması xüsusilə də fiziki işdə çalışanlar üçün çətin olur. Belə şəxslərdə əzələ kütləsinin zəifləməsi müşahidə olunur.
Mövzu ilə əlaqədar "Qafqazinfo" Medicina.az-a istinadən faydalı məlumatları təqdim edir.
Ramazanda qidalanma vərdişi dəyişsə də, oruc açılanda bol-bol maye qəbul olunması əzələlərin boşalmasının qarşısını alır.
İftardan əvvəl ağır məşqlər məsləhət deyil.
Oruc zamanı idmanla məşğul olanlar bunu proqramlı şəkildə eləməlidir. Uzun müddət aclıq və susuzluğu nəzərə alıb, məşqlərə davam edilməlidir. İftardan əvvəl qətiyyən məşq etməyin. Əgər düzgün zamanda idmanla məşğul olsanız, əzələ kütlənizdə heç bir dəyişiklik olmayacaq.
İftara bir saat qalmış asta templə yürüyüş edin.
Ümumiyyətlə Ramazan ayında imsaqdan əvvəl və ya gün ərzində məşq etmək məsləhət görülmür. Bu zamanlarda tətbiq edilən hərəkətlər sizin daha tez yorulmanıza səbəb olacaq. Lakin iftara bir saat və ya 45 dəqiqə qalmış yavaş-yavaş yürüyüş etməniz labüddür. Bu zaman periodu heç bir xroniki narahatlığı olmayanlar üçün keçərlidir.
Məşqlərdən əvvəl yüngül yeməklər yeyin.
Həzm sistemi pozulmasın deyə yeməkləri qarışdırmayın. Yeməkdən 1-2 saat sonra idman hərəkətlərinə başlaya bilərsiniz. Fiziki hərəkətlərdən sonra 1 litrə yaxın su içməyiniz daha uyğundur. Yürüyüşü açıq havada etməyinizdə fayda var.
Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara dərsliklərin çəkisinin yüngülləşdirilməsi ilə bağlı optimal yolların müəyyənləşdirilməsi üçün tapşırıqlar verilib.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, hazırda dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün iş aparılır.
İ.Həbibbəyli keyfiyyətli dərsliklərin olması üçün hazırda əla növ kağızlardan istifadə edildiyini söyləyib:
"Adətən, dərsliklərin çapı üçün 70-80 qramlıq kağızlardan istifadə edilir. İndi isə belə təkliflər var ki, dərsliklərin çapı üçün daha yüngül kağızlardan istifadə edilsin".
İ.Həbibbəyli qeyd edib ki, hazırda dərsliklər əla növ kağızlardan istifadə edilməklə hazırlandığından, 4 il istifadə edilmək üçün nəzərdə tutulur. Amma təklif edilən yüngülçəkili kağızlardan istifadə edilsə, dərsliklərin istifadə müddəti 1 ildən də az olar. Bu isə iqtisadi baxımdan sərfəli olmaz:
"Dərsliklərin çapı üçün təklif edilən kağızların dözümü azdır. Onlar dərslik çapı üçün tam yararlı deyillər. Bədii kitabların çap olunduğu kağızlar da dərslik üçün yararlı deyil. Ona görə də dərsliklərin çəkisini yüngülləşdirmək üçün variantlar axtarılır. Təhsil Nazirliyi tərəfindən tədris-metodiki ədəbiyyatların çapı ilə məşğul olan nəşriyyatlara tapşırıq verilib ki, davamlılığı qorumaq şərtilə dərsliklərin çapı üçün mümkün optimal yollar müəyyən edilsin".
İ.Həbibbəyli Milli Məclisin deputatı Aydın Mirzəzadənin məktəb çantalarının yüngülləşdirilməsi məqsədilə dərsliklərin tədris ili üzrə deyil, rüb üzrə hazırlanması barədə səsləndirdiyi təklifi də iqtisadi baxımdan əlverişli saymayıb.
Onun sözlərinə görə, dərsliklər dövlət vəsaiti hesabına çap edildiyindən, hər rüb üzrə hazırlanması iqtisadi baxımdan çətinliklərə səbəb ola bilər.
Qurtuluş savaşı dönəmində modern Türkiyənin qurucusu Mustafa Kamal Atatürklə SSRİ lideri Vladimir Lenin güclərini necə birləşdirdisə, bu gün Türkiyə və Rusiya ümumi təhdidlərə qarşı beləcə əməkdaşlıq edir.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli tarixçi, professor Məhməd Perinçək deyib.
“19 may - türk millətinin ən çətin anlarda belə müstəqilliyə olan sevgisinin gerçəkləşdiyi tarixdir. Bu tarix Rusiya-Türkiyə əlaqələrində də önəmli rol oynayıb. O dönəmdə keçmiş savaşlar dəftəri qapadılmış, yeni əməkdaşlıq yolu açılmışdı.
Türk millətinin bu önəmli tarixlərdə ortaya qoyduğu gücdən bu gün də Suriya və Şərqi Aralıqda ABŞ-ın fitnələrinə qarşı mübarizədə səfərbər olmaq üçün istifadə edirik. Düz 100 il əvvəlkitək Atatürk və Lenin ümumi təhdidlərə qarşı belə səfərbər olmuşdu”, - deyə Perinçek bildirib.
Qurtuluş savaşı dönəmində modern Türkiyənin qurucusu Mustafa Kamal Atatürklə SSRİ lideri Vladimir Lenin güclərini necə birləşdirdisə, bu gün Türkiyə və Rusiya ümumi təhdidlərə qarşı beləcə əməkdaşlıq edir.
Axar.az xəbər verir ki, bu sözləri türkiyəli tarixçi, professor Məhməd Perinçək deyib.
“19 may - türk millətinin ən çətin anlarda belə müstəqilliyə olan sevgisinin gerçəkləşdiyi tarixdir. Bu tarix Rusiya-Türkiyə əlaqələrində də önəmli rol oynayıb. O dönəmdə keçmiş savaşlar dəftəri qapadılmış, yeni əməkdaşlıq yolu açılmışdı.
Türk millətinin bu önəmli tarixlərdə ortaya qoyduğu gücdən bu gün də Suriya və Şərqi Aralıqda ABŞ-ın fitnələrinə qarşı mübarizədə səfərbər olmaq üçün istifadə edirik. Düz 100 il əvvəlkitək Atatürk və Lenin ümumi təhdidlərə qarşı belə səfərbər olmuşdu”, - deyə Perinçek bildirib.
2019.05.19. 23:59
Axşam saatlarından başlayaraq Gəncə, Daşkəsən, Göygöl, Şəmkir, Samux və Gədəbəy rayonlarında güclü külək və yağışlı hava şəraiti müşahidə olunur.
Report-un məlumatına görə, Gəncə şəhəri, həmçinin Daşkəsən və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Fırtına səbəbindən Daşkəsən şəhərində irigövlədi ağac kökündən çıxaraq yola aşıb.
Hava şəraitinin kəskin dəyişməsi səbəbindən bölgədə ciddi fəsadların yaranıb-yaranmaması ilə bağlı hələ ki, məlumat yoxdur.
"Azərişıq" ASC Qərb rayonlarında güclü külək və yağıntılar səbəbindən bir sıra qabaqlayıcı tədbirlər görüb. Baş verə biləcək qəza və hadisələrin qarşısını almaq üçün qurum əməkdaşları və texnikası hazır vəziyyətə gətirilib.
***
Gecə saatlarında respublikanın Zaqatala və Qax rayonlarına dolu yağıb.
Report-un məlumatına görə, dolu, əsasən Zaqatala şəhərinə və Qax rayonunun bəzi kəndlərinə daha çox düşüb.
Təqribən 15 dəqiqə davam edən və təqribən qoz iriliyində yağan dolu meyvə ağaclarına və bəzi minik avtomobillərinin şüşələrinə ziyan vurub.
Şimal-qərb bölgəsində hazırda güclü külək və yağış yağmaqda davam edir.
Bu gün Ramazan ayının 14-cü günüdür.
Axar.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 19-də Bakıda imsak saat 03:32, iftar isə saat 20:09-dədir.
Ramazan ayının 14-cü gününün duası:
"Allahummə la tuaxizni fihi bil-əsərat. Və əqilni fihi minəl-xətaya vəl-həfəvat. Və la təc-əlni fihi ğərəzən lil-bəlaya vəl-afat. Bi-izzətikə ya izzəl-muslimin".
Tərcüməsi:
"İlahi, bu gün səhvlərimə görə mənə qəzəblənmə! Bu gün xətalarıma göz yum! Məni bəla və afətlərə hədəf etmə! İzzətinə and verirəm, ey müsəlmanlara izzət verən Allah!"
Humanitar məsələlərdə bəzi inkişafın Qarabağın həllindəki digər çətin və vacib məsələlərin həllində hansısa inkişafa gətirib çıxaracağını demək yanlış olardı.
Axar.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri Pol Qobl deyib. Onun sözlərinə görə, problemin həlliylə bağlı iki əsas məsələdə - İrəvan üçün xalqların öz müqəddəratının təyinatı, Bakı üçün isə sərhədlərin toxunulmazlığı məsələsində heç bir inkişaf yoxdur ki, indiki situasiyadan çıxış əldə etmək imkanı yaransın.
O, yaxın zamanlarda yaranmış çətin vəziyyətdən çıxışın tapılacağına inanmadığını deyib.
Qobl hazırda danışıqlar prosesindəki vasitəçilərdən heç birinin hər iki tərəfi razı salacaq təklifi olmadığını söyləyib.
Politoloq Paşinyanın Qarabağın danışıqlar prosesində iştirakı təklifinin qəbulunun Bakı üçün qəbuledilməz olduğunu söyləyib. Bununla belə o, digər ssenarinin – ikipilləli danışıqların da real ola biləcəyini deyib:
“Bunlardan birincisi ictimai xarakterli danışıqlardır ki, yalnız Bakı və İrəvanın iştirakıyla aprılacaq. Digər tərəfdən ictimailəşdirilməyən danışıqlar da aparıla bilər. Burada tərəflərdən hər biri Qarabağ ermənilərinin rəhbərləri ilə konsultasiyalar apara bilər. Bununla belə, indiki zamanda bu ssenarinin böyük perspektivləri yoxdur”.
O, Bakıyla İrəvanın bundan sonra da dialoqu davam etdirəcəyini bildirib.
Qobl böyük güclərin dialoqun davam etdirilməsində israrlı olduğunu, amma dialoqun real danışıqlar və ya hansısa həll olduğu anlamına gəlmədiyini qeyd edib.