|
Azərbaycanda taksi qiymətləri bahalaşdı.
İqtisadiyyat.az xəbər verir ki, sözügedən artım taksi xidməti ilə məşğul olan şirkətlərdən biri "UBER"-də qeydə alınıb.
Belə ki, artıq xidmət istifadəçilərindən gediş haqqından əlavə xidmət haqqı alınır.
"Hər gedişə 0,1 manat xidmət haqqı əlavə olunub. Bu, xidməti saxlamaq və inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödənişdir", - xidmətin mobil tətbiqində bildiriş edilib.
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.
Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.
1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib.
Respublikamızda Gənclər Gününün qeyd olunması isə 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb.
Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa, 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub.
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub.
Hərbi toplanışlar keçirilməsi qaydası dəyişir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Bütün qoşun növlərində çağırışla bağlı sayın bir-birini tamamlaması üçün qanuna dəyişiklik təklif edilir. Say bərabərliyinin bir-birinə uyğun gəlməsi üçün 3 qurum (Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qoşun növləri) toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını Ali Baş Komandanın razılığı ilə müəyyən edəcək.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Ölkəmizdə hərbi xidmətdən keçmə qaydalarına dəyişiklik edilə bilər.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.
Deputat bildirib ki, hərbi xidmətə çağırışla bağlı bir sıra müddətlər qardaş Türkiyədə tətbiq edilir: “Bizdə də buna gedilə bilər. Bizdə hərbi xidmət 1 il 6 ay, ali təhsillilər üçün 1 il müəyyən edilib. Təklifim ölkəmizdə hərbi xidmətdən keçmənin klassifikasiyasının tətbiq imkanları barədədir. Bu, bir sıra dünya ölkələrində, həmçinin qardaş və strateji müttəfiqimiz olan ölkə, yəni Türkiyənin təcürbəsində də həyata keçirilir. Bildiyiniz kimi, hərbi xidmətə çağırışla bağlı bir sıra modellər istifadə olunur. Tam müddət hərbi xidməti saxlamaqla aşağı qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2, yaxud 6 ay müddətində keçmək olar. Burada ilk növbədə gənclərin təhsil məsələsinə diqqət artırıla bilər. Gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunub. Gənclərin savadlı kadr olaraq yetişdirilməsi dövlətin vəzifələrindən biridir. Ancaq ali təhsil almış və 1 il hərbi xidmət keçən şəxslər yenidən təhsilə qayıdanda adaptasiya problemi yaşayırlar. Buna görə də bu dəyişikliyə gedə bilərik. Hesab edirəm ki, belə dəyişiklik həyata keçirilərsə, zamanında mövcud olmuş hərbi kafedraların ali məktəblərdə bərpasına baxıla bilər”.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bəzi ölkələrdə alternativ və qarışıq hərbi xidmət növləri var. Deputat bildirib ki, bizdə ordunun bir hissəsi artıq müqavilə əsaslı orduya keçib: “Orduda təsərrüfat məsələləri və digər məsələlər artıq mülki şəxslər tərəfindən həyata keçirilir, onlar kifayət qədər əməkhaqqı alır. Digər tərəfdən, Ordumuza çox müasir texnikalar alınır, onu yeni hərbi xidmətə gələn gəncə əmanət etmək olmaz. Yəni bu texnikanın idarə olunması üçün yetişmiş, savadlı kadrlar olmalıdır. Bizdə də əsgərlik müddəti ali təhsillilər üçün 1 il, digərləri üçün 1 il 6 aydır. Bu müddət o texnikanın öyrənilməsi üçün çox azdır. Bizdə pul müqabilində az müddətə hərbi xidmətə getmək hələ tətbiq olunmur. Türkiyədə, bu yaxınlarda Ermənistanda da artıq bu tətbiq olunur. Bizim üçün ən düzgün hərbi xidmət alternativ, müqavilə əsasında olan hərbi xidmətdir. Bu, həm də iş yeridir”.
Bakıda bəzi məhəllələrdə sakinlərin yollara süni maneələr quraşdırmasının şahidi oluruq. Bu hal yerli sakinləri qane etsə də yoldan istifadə edən sürücülərin heç də xoşun gəlmir.
Səbəb isə bu maneələrin avtomobillərə zərər vurmasıdır. Digər tərəfdən sakinlər də "trampilin"lər quraşdırılmadığı təqdirdə yolda avtomobillərin sürətlə hərəkət etməsindən narahat olurlar.
Mövcud vəziyyəti nəzərə alaraq məhəllələrə maneələr quraşdırılmasının nə qədər qanuni olmasını aydınlaşdırma çalışdıq. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev BAKU.WS-ə bildirib ki, yollarda avtomobillərin sürətini məcburi şəkildə azaltmaq məqsədilə qanunsuz olaraq quraşdırılan süni maneələrlə bağlı aşkar edilən faktlar və vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında polis aidiyyəti dövlət qurumlarının əməkdaşları birgə əraziyə baxış keçirir və həmin süni maneələrin sökülməsi təmin edilir:
"Bu kimi hüquqpozmalara yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 354-cü (yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə) maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilir".
Avtomobil və piyadaların hərəkətinə maneə yaratmağa görə cərimələri təqdim edirik:
Fiziki şəxslər 80 manatdan 100 manatadək
Vəzifəli şəxslər 400 manatdan 500 manatadək
Hüquqi şəxslər 3000 manatdan 4000 manatadək
Qısa məsafələri qət etmək üçün elektrik skuterlərdən istifadə artıq bütün dünyada kütləviləşir. Velosiped infrastrukturu olan şəhərlərdə vətəndaşlar bu imkanlardan daha geniş yararlanırlar. Qurulan infrastruktur qlobal şirkətlərin Bakıda fəaliyyətlərini genişləndirməsinə şərait yaradıb. Artıq şəhərin mərkəzində skuter icarəsi ilə məşğul olan beynəlxalq şirkətlərin mikromobillik vasitələrini görmək mümkündür. Skuterdən istifadənin arealının genişlənməsi həm də tıxacların azalmasında mühüm rol oynaya bilər.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi skuterlər üçün parklanma zolaqlarının ayrılmasını həyata keçirib. Lakin hələki avtomobillərdən fərqli olaraq, skuterlər üçün parkinq ödənişi tələb olunmur. Gələcəkdə parkinq üçün tariflərin müəyyən olunub-olunmayacağı isə hələlik müzakirə mövzusu deyil.
Nəqliyyat eksperti Elməddin Muradlı xarici təcrübədə də skuterlərlə bağlı parkinqə görə ödənişin olmadığını bildirib:
“Dünyanın heç bir yerində skuterlərdən parkinq üçün ödəniş tələb olunmur. Azərbaycanda da skuterlərə heç bir rüsum tətbiq olunmayıb”.
Məlumat üçün bildirək ki, təhlükəsizlik məqsədilə skuterlər yalnız velosiped zolaqları ilə 25 km-dən çox olmayan sürətlə hərəkət edə bilərlər. Yol kəsişmələrində isə sürət saatda 15 km keçməməlidir. Skuter icarəsi üçün hazırlanan tətbiqlərdə sürət həddinə nəzarətlə bağlı funksiyalar yaradılıb.
Bəs, qaydanı pozan skuterlər üçün cərimə tətbiq olunurmu?
Bakı Şəhər Dövlət Yol Polisinin mətbuat katibi Toğrul Nəsirli Bizim.Media-ya bildirib ki, paytaxt ərazisində skuter idarə edənlərin sayı günü-gündən çoxalır və bu da öz növbəsində yol-nəqliyyat hadisələrinin başvermə riskini daha da artırır:
“Çünki, hər gün istər avtomobil sürücüləri, istərsə də piyadalar tərəfindən skuterlərlə bağlı şikayətlər daxil olur. Bu tip nəqliyyat vasitəsini idarə edən bəzi şəxslər yollarda xaotik hərəkətlər edərək sürücülərə, səkilərdə isə piyadalara ciddi təhlükə yaradırlar ki, belə hallar da yolverilməzdir.
Skuterləri nəzərdə tutulan xüsusi yerlərdə, velosiped zolaqlarında, həmçinin yolun sağ zolağı ilə nəqliyyat axınına mane olmadan idarə etmək lazımdır”.
“Bütün bunları nəzərə alaraq bir daha skuter sürücülərindən xahiş edirik ki, təhlükəsizlik qaydalar ilə yanaşı yol hərəkəti qaydalarına da biganə yanaşmasınlar, əks halda barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
Unutmaq olmaz ki, ani diqqətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər” – deyə, Torğul Nəsirli əlavə edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə məcburi köçkünlərin köçürülməsi prosesi ilə ciddi məşğul olur. Məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.
Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev söyləyib.
O bildirib ki, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur.
Uzun müddətdir müzakirə olunan, vətəndaşları və müvafiq qurumları narahat edən problem, deyəsən, artıq həllini tapır. Söhbət sənədsiz evlərə çıxarışların, müvafiq digər sənədlərin verilməsi məsələsindən gedir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Bunu jurnalistlərə açıqlamasında qurumun rəisi Mətin Eynullayev bildirib.
"Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturuq. Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanması üçün işçi qrupu yaradılıb. Öncədən konsepsiyanı işləyib hökumətə təqdim etmişdik. Konsepsiya bəyənilmişdi və onun icrası ilə bağlı işçi qrupunun yaradılması barədə tapşırıq verilmişdi. Biz bu barədə müzakirələr aparmışıq, bir neçə iclas olub. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır. Prezident İlham Əliyevin qeyri-yaşayış təyinatlı binalarla bağlı 14 iyun 2022-ci ildə imzaladığı fərman problemin mərhələli həlli üçün birinci addım idi. Fərmanın özü də uzun müddət hazırlanırdı, müvafiq əsaslandırmalar aparılırdı. Azərbaycanda özbaşına tikilmiş qeyri-yaşayış təyinatlı binaların sayı on minlərlədirsə, yaşayış sahələrinin sayı yüz minlərlədir. Biz məsələni qeyri-yaşayış təyinatlı binaların üzərində təcrübə toplayaraq aidiyyəti qurumların əlaqələndirilmiş fəaliyyətini təmin etmək şərtilə həll etməyə çalışırıq. Bu istiqamətdə məlumatlar toplanılır”, - deyə M.Eynullayev əlavə edib.
O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb: "Bu, növbəti addımda qeydiyyatsız yaşayış sahələrinin də amnistisyasında bizə böyük bir üstünlük qazandıracaq. Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik. Problemin iki həll yolu var. Birincisi, biz mühafizə zonasından keçən xətti başqa istiqamətə çəkməliyik. Bu da o halda mümkündür ki, başqa istiqamət mövcud olsun. Çünki sənədsiz evin tikildiyi ərazidəki xətti çəkməklə başqa ərazidə tikililər varsa, onları da eyni vəziyyətə gətirmiş oluruq. İkinci yol odur ki, o tikintilərin qalıb-qalmaması ilə bağlı müvafiq qərar qəbul olunsun”.
Bu prosesin optimal yolu ilə bağlı daha hansı təkliflər var? Nələrə diqqət edilməlidir?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı bunları dedi: "Hazırda Bakı, Abşeron və ümumən ölkə üzrə 100 minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri, torpaq sahələri və müxtəlif növ daşınmaz əmlaklar mövcuddur. Bu sahədəki problemlərin aradan qaldırılması üçün ölkə başçısı dəfələrlə fərman, sərəncam və aidiyyəti qurumlara müxtəlif tapşırıqlar versə də, görünən mənzərə odur ki, hələ də bu sahədəki problemlər öz köklü həllini tapa bilmir. Aidiyyəti qurumlar daima vətəndaşları qanunsuz tikinti işləri aparmaları ilə bağlı günahlandırsalar da, lakin əmlaklarına çıxarış ala bilməyən vətəndaşların böyük əksəriyyətində torpaq sahələrinin ayrılması və tikinti işlərinin aparılması ilə bağlı rəsmi qurumlar tərəfindən verilmiş sənədləri var (rayon icra hakimiyyətinin sərəncamı, bələdiyyə sərəncamı, kolxoz və sovxozlar tərəfindən ayrılmış torpaqlar, bağlar idarəsi və sair.) Ölkə olaraq artıq öz ərazi bütövlüyümüzü bərpa etmişik. Azad olunmuş ərazilərimizdə tam sürətlə tikinti-bərpa işləri gedir. Ölkə başçımız daima öz çıxışlarında qeyri-neft sektorunun inkişafının və daxili iqtisadiyyatın yüksəlməsinin vacibliyini vurğulayır. Bu gün ölkəmizdə ən inkişaf etmiş və ölkəyə böyük sərmayələrin yatırılmasına səbəb olan ən böyük sahə daşınmaz əmlak və tikinti sektorudur. Lakin sənədləşmələr zamanı baş verən problemlər səbəbindən bu sahə də artıq üzü çöküşə doğru gedir. Bəlkə də hər hansısa prosedur qaydalarına görə bu tip əmlaklar çıxarışla təmin oluna bilmir. Amma ən azından 100 minlərlə çıxarışı olmayan əmlaklara ilkin tanınma sənədi verilərsə, bu artıq ölkə büdcəsinə hər il yüz milyonlarla gəlir gətirə bilər. Yəni torpaq və əmlak vergiləri, sığortalanma, alğı-satqı zamanı vergilər, notarius və bank rüsumları, kommunal ödənişlər və sair”.
Ekspert əlavə edib ki, əgər bu gün o əmlakların mövcud sahiblərinin sahiblik hüququ hər hansısa bir formada tanınmasa, bu artıq gələcəkdə həlli mümkün olmayan 100 minlərlə problemə yol açacaq: "Vacib məsələ, yüksək gərginlik xətti keçən, neft buruqları olan və insan həyatı üçün təhlükəli digər ərazilər qadağan olunmuş ərazilərdir. Buradakı tikililərə birmənalı olaraq çıxarış verilə bilməz. Amma digər tikililərə çıxarış verilməlidir. Əgər bu mümkün deyilsə, ən azından vətəndaşlara ilkin sənəd olaraq həmin mülkiyyətin sahibi olduğuna dair hər hansı yeni sənəd növü verilməlidir. Belə olduğu halda həm dövlət büdcəsinə vergi və ödənişlər hesabına xeyir gələcək, həm də vətəndaşın əmlak üzərində hüquqları rəsmiləşəcək. Əksər hallarda sərəncam sahibi ilə əmlakın faktiki sahibi ayrı-ayrı şəxslər olur. Şəxs sərəncamla torpaq alır, daha sonra etibarnamə ilə onu bölüb digərlərinə satır. Hazırda sərəncamla ayrılmış torpaq sahələrində tikilmiş əmlaklar gələcəkdə ciddi mübahisələrə yol aça bilər. Əmlakın faktiki sahibi müəyyənləşdirilməli və onlara sənəd verilməlidir. Daşınmaz əmlak sahəsi Azərbaycanda qeyri-neft sektorunda ən çox gəlir gətirən sahədir. Nəzərə almalıyıq ki, artıq paytaxtın yeni baş planı təsdiqlənib və müəyyən tikinti-söküntü işləri aparılacaq. Gələcəkdə mübahisələrin yaranmaması üçün əmlakların tanınması vacibdir”.
©"Yeni Müsavat"
Yaxın vaxtlarda Laçın şəhərindən rayonun Zabux, Zerti və Qarıkaha kəndləri istiqamətində marşrut xətləri fəaliyyətə başlayacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xəbər verir.
Məlumata görə, artıq həmin üç istiqamət müsabiqəyə çıxarılıb və ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür.
İndiyə qədər tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları təşkil edilib.