![]() |
|
Azərbaycanda istirahət gününə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a bildirilib ki, martın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüzdən başlayaraq arabir güclənəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-15° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-55% olacaq.
Nazirlik xəbərdarlıq edir ki, martın 17-si axşamdan 19-u axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 18-də yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, 20-si gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında sabah qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcək.
Sinoptiklər xəbərdarlıq edir ki, martın 17-si gündüz qərb rayonlarından başlayaraq 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 17-19-da arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda qiymətlər endirilib.
Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Məlumatda qeyd edilir ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.
Həmçinin Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ilə görüşüb.
Kult.az xəbər verir ki, görüşdə Azərbaycanla İSESKO əlaqələri, həmçinin birgə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb.
Nazir Əbülfəs Qarayev Azərbaycanla İSESKO arasında əlaqələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın səyləri nəticəsində davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, qeyd edib ki, “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ili çərçivəsində 13-15 oktyabr 2009-cu il tarixində Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının, 2015-ci ilin 23-27 noyabr tarixində İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclasının keçirilməsi, 2018-ci il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər buna bariz nümunədir.
Nazir İSESKO-nun “Bakı Prosesi” və 2011-ci ildən etibarən təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı olduğunu, cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESKO-nun 2 panel sessiyasının keçiriləcəyini bildirib.
Əbdüləziz Osman əl-Tüveycri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın Azərbaycan və İSESKO arasında əlaqələrin inkişafında müstəsna rolunu yüksək qiymətləndirdiyini bildirib və qeyd edib ki, cənab İlham Əliyevlə görüşü zamanı əməkdaşlığın vəziyyəti barədə dövlət başçısına məlumat verib.
Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.
DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Qazaxıstan vətəndaşı əvvəllər məhkum olunmuş Sahil Həsənov narkotik vasitə olan 0,510 qram heroini satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada olan 11,706 qram heroin, 5,239 qram tiryək, 10,119 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovun paytaxtın Xətai rayonunda kirayədə yaşadığı mənzilə də baxış keçirilib. Oradan isə əlavə olaraq 503,292 qram narkotik vasitə heroin və 49,881 qram metamfetamin aşkar edilib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bakı Dövlət Universitetinin tələbəsi itkin düşüb.
Trend-in məlumatına görə, Qəbələ rayon sakini, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Aysun Pərviz qızı Rəsulova martın 11-də Bakıdan Türkiyənin Ankara şəhərinə gedib, həmin vaxtdan ondan xəbər olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 16 mart 2019-cu il tarixində Quba şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib.
Axar.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
Qəbul barədə əlavə məlumat veriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 14-dən 15-i səhərədək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında martın 14-ü gündüzdən 15-i gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyinin sürətinin arabir 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.
"Tropik enliklərdə okean akvatoriyaları üzərində yaranan siklonlarda olan küləkləri ən təhlükəli adlandırmaq olar. Bəzən bu fırtınalar və nəhəng dalğalar böyük itki və insan tələfatı ilə nəticələnə bilər. Öz diametri ilə mülayim enliklərdə olan siklonlardan kiçik olsalar da, onlar daha böyük dağıdıcı qüvvəyə malikdirlər. Tropik siklonlar evləri, tikililəri, körpüləri dağıda, ağacları kökündən qopara bilir. Dünyada orta hesabla il ərzində 70-ə yaxın belə hadisə baş verir".
"Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib
Onun sözlərinə görə, son onilliklərdə Atlantika hövzəsində ən dağıdıcı siklon 1998-ci ilin oktyabr ayında müşahidə edilib. 19000 nəfər Hondurasda, Nikaraquada və Salvadorda bu fırtınanın qurbanı olub, 2,7 milyon nəfər adam evsiz qalıb. Həmin vaxt küləyin maksimal sürəti saniyədə 70 metrə çatırdı. Siklonun hərəkət trayektoriyası və intensivliyi haqqında qabaqcadan xəbərdarlıq olmasaydı, itkilər bundan çox olardı:
"Smerclərdən (tornado) fərqli olaraq fırtınalar, qasırğalar daha “uzunömürlü” hərəkətli olur. Smerclərin əhatə dairəsi daha məhdud olsa da onların şiddəti bəzən daha çox olur. Smerclərin davamiyyəti bir neçə saniyədən, dəqiqədən, ən çoxu isə yarım saatdan artıq olmur.
1989-cu ildə Banqladeşdə baş verən smerc hadisəsi şiddətliliyinə görə Ginness rekordlar kitabına daxil edilib. Hadisə zamanı 1300 nəfər həlak olub. 1931-ci ildə Missisipidə isə tornado uzunluğu 43 metr olan 83 tonluq qatarı havaya qaldırıb.
Tropik siklonlar ifrat təhlükəli hadisələr kateqoriyasına aid olsalar da, onların trayektoriyası və intensivliyi barədə qabaqcadan xəbərdarlıq vermək mümkündür. Lakin tornado smerc hadisələrinin yaranmasına dair yalnız bir neçə dəqiqə əvvəlcədən xəbər vermək olur".
Umayra Tağıyeva bildirib ki, coğrafi mövqeyimizi, iqlim şəraitini və digər amilləri nəzərə alaraq demək olar ki, bu kimi sinoptik proseslər bizim region üçün səciyyəvi deyil:
"Aylıq proqnozda göstərilən kimi, bu il mart ayı küləkli keçəcək. Belə ki, mart ayının 14-dən 15-i günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-28 m/s-dək güclənəcək. Mart ayının 14-də havanın temperaturu 5-8 dərəcə aşağı enəcək”.
Avstriyanın paytaxtı Vyana 10-cu dəfə ardıcıl olaraq həyat standartları yüksək olan dünya şəhərlərinə liderlik edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mercer”in yaşayış səviyyəsinin yüksək olduğu şəhərlərin reytinq cədvəlində məlumat yerləşdirilib. İkinci yeri Sürix, üçüncü yeri Vankuver, Münhen, Oklend bölüşüb.
İlk onluğa daxil olan şəhərlər Düsseldorf, Frankfurt, Kopenhagen, Cenevrə və Bazeldir. Siyahıda 231 şəhərin adı var.
Cənubi Qafqaz şəhərlərindən Yerevan 170-ci, Tbilisi 187-ci, Bakı 195-ci yerdədir.