Prezident “Diqlas”dakı yanğınla bağlı tapşırıq verdi

"Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarların rəsmilərlə növbəti görüşü keçirilir.

"Qafqazinfo"nun görüşdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyin Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edir.

***

A. Qasımov çıxış edərək deyib ki, müraciətlər dövlət başçısına çatdırıb və prezidentin tapşırığı ilə nümayəndə heyəti icarədarlarla görüşə göndərilib.

H. Mövsümov çıxış edərək deyib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır.


Sumqayıtdakı qəza ilə bağlı İcra Hakimiyyətindən açıqlama

 

Sumqayıtda polad əritmə sexində partlayış baş verib.

"Qafqazinfo"nun “Report”a istinadən Sumqayıt- Abşeron bürosunun məlumatına görə, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən polad əritmə sexində qeydə alınıb. 

Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

*** 

Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev “Qafqazinfo”ya açıqlamasında heç bir partlayış hadisəsinin olmadığını, hadisənin 4-5 gün əvvəl Metaləritmə sexində iş prosesi zamanı ehtiyatsızlıqdan baş verdiyini bildirib. Üzərinə yanacaq tökülən 5 nəfər fəhlədən 4-ü xəstəxanadan evə buraxılıb. 1 nəfərin vəziyyəti ağır olduğundan Bakıya - 5 saylı xəstəxanaya göndərilib.


Miqrantlar onları xilas edən gəmini qaçırdılar

Türkiyənin Tuzla bölgəsindən yola çıxan “Elhiblu 1” adlı tanker Aralıq dənizinin Liviya sahillərində qaçırılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Palau dövlətinə məxsus olan tanker piratlar tərəfindən girov götürülüb.

Məlumata görə, tankerdə olan 6 nəfərdən 4-ü hindistanlı, biri türk və biri də liviyalıdır.

Hadisə barədə məlumat daxil olduqdan sonra, Liviya Sahil Mühafizə Xidmətinə məxsus döyüş gəmisi tankerə müdaxilə üçün əraziyə göndərilib.

***

NTV-nin məlumatına görə, tankeri miqrantlar qaçırıblar. Bu barədə İtaliya baş naziri Matteo Salvini məlumat verib.

İddialara görə, “Elhiblu 1” adlı karqo gəmisi dənizdə köməksiz qalan 108 miqrantı xilas edib və istiqamət üzrə Liviyanın Trablus şəhərinə hərəkətini davam etdirib. Afrikaya qayıtmaq istəməyən miqrantlar isə gəmini ələ keçirərək Malta istiqamətinə doğru yönəldiblər.

Həm Malta, həm də İtaliya hökuməti açıqlama yayaraq gəminin sahilə doğru yanaşmasına icazə verilməyəcəyini bildiriblər.

 

Kreditinə güzəşt olunanların siyahısı açıqlandı

Bu gündən Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında vətəndaşların devalvasiya nəticəsində banka olan borclarının silinən hissəsi ilə bağlı siyahı yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, palatanın saytına daxil olub "Problemli kredit məlumatlarının sorğulanması" bölməsində Şəxsiyyəti təsdiq edən sənəd, ad soyadınızı və telefon nömrənizi yazıb məlumat əldə edə bilərsiz.

 

 

 


Yanğını söndürən mülki geyimli şəxslərlə bağlı rəsmi

Bu gün bəzi sosial şəbəkə səhifələrində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın zamanı mülki geyimli şəxslərin də yanğının söndürülməsində iştirak etməsini əks etdirən videogörüntü paylaşılıb.

“Qafqazinfo” xəbər verir ki, FHN-in mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, həmin videogörüntüdəki mülki geyimli şəxslər əslində FHN-nin DYMX-nin yanğınsöndürənləridir, bu gün onların istirahət günleri olmasına baxmayaraq, hadisə yerinə yaxınlıqda yaşadıqlarından öz həmkarlarına kömək məqsədilə əraziyə gəliblər.

FHN bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, dəqiqləşdirilmədən qərəzli şəkildə yayılan bu kimi video və ya məlumatlara deyil, nazirliyin rəsmi mövqeyinə istinad edilsin.

 

 

Şadlıq saraylarında POS terminallar quraşdırılsa, toy sahibi yığılan vəsaitə görə vergi ödəməlidir.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Radil Məmmədov şadlıq saraylarının birində POS terminal quraşdırılması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

Şadlıq sarayları isə bunun ailənin istəyindən asılı olduğunu bildirir. Yəni əgər toy sahibi ənənəvi qaydada deyil, POS terminal vasitəsilə pul yazılmasını istəyirsə, bu aparatların quraşdırılması mümkündür.

Xatırladaq ki, toya POS terminal vasitəsilə pul yazdırılması dünyada ilk dəfə Hindistanda baş verib. Toyu olan cütlük dəvətnamələrində qeyd ediblər ki, toyda iştirak edən qonaqlar onlara hədiyyə olaraq Bitkoin bağışlasınlar.

Rusiyada Azərbaycan vətəndaşı dövlət sərhədini pozduğuna görə cərimələnib.

Report Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Kamçatka vilayətində qeydə alınıb.

Rusiya ərazisinə girişi qadağan olunmuş Azərbaycan vətəndaşının saxta sənəd düzəldərək Kamçatka yarımadasına gəldiyi, ancaq sərhəddə saxlanıldığı bildirilib.

Faktla bağlı cinayət işi açılıb və həmin şəxs məhkəmənin qərarı ilə 50 min rubl (təxminən, 1319 manat) məbləğində cərimə olunub.

Novruz bayramı günlərində Azərbaycana ən çox turist İrandan gəlib.

Axar.az-a verilən məlumata görə, Bakıda Təbrizdən, Ərdəbildən soydaşlarımız daha çox görünüblər. Eyni zamanda Misir, İraq, Gürcüstan, Rusiya və ərəb ölkələrindən də turistlər var.

Şəhərdə təşkil olunan Novruz festivalı qonaqlar tərəfindən maraqla qarşılanıb. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Respublikanın bütün bölgələrində olduğu kimi, Nizami rayonunda da Novruz bayramı və İlaxır çərşənbə təntənəli şəkildə qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, bayram şənliyi bu gün Heydər bağı – park bulvarda keçirilib. Tədbirdə rayonun təhsil, səhiyyə, idarə, müəssisə və təşkilatlarının kollektivləri, həmçinin rayon sakinləri iştirak ediblər.

Bayram tonqalını alovlandıran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tədbir iştirakçılarını xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı və İlaxır çərşənbə münasibətilə təbrik edib, dostluq bayramı olan Novruzun Azərbaycan xalqına uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb.

Bayram tədbirində Novruz personajları – Bahar qızının könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri tamaşaçılara xoş ovqat bəxş edib.

Bayram şənliyində rayon ərazisində yerləşən məktəblər, bağçalar, məktəbdənkənar müəssisələr tərəfindən Novruz bayramını tərənnüm edən sərgilər təşkil edilib, baharın gəlişini əks etdirən əl işləri, bayram xonçaları, səmənilər, müxtəlif bayram şirniyyatları təqdim olunub, idmançıların nümunəvi çıxışları göstərilib. Həmçinin şənlikdə ümumtəhsil məktəblərinin şagirdləri konsert proqramı ilə çıxış ediblər, Azərbaycan xalq nağılları əsasında təşkil edilmiş səhnəciklər, folklor nümunələri nümayiş etdiriblər, bahara həsr olunmuş şeirlər söyləyiblər.

Bayram tədbirində iştirakçılara Azərbaycan mətbəxinin ləziz xörəkləri, qəlyanaltılar, şərbətlər və bayram şirniyyatları təqdim edilib.

Bayram şənliyi Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam etdiriləcək.




 

Peru Konqresinin Beynəlxalq münasibətlər üzrə komissiyasının və Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun birgə təşəbbüsü ilə bu ölkənin Konqresi adından Azərbaycan xalqına və bütün dünya azərbaycanlılarına Novruz bayramı münasibətilə təbrik bəyanatı qəbul edib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, sənəddə Novruzun Azərbaycanda ən sevilən bayram olduğu, onun UNESCO-nun qeyri-maddi mədəni sərvətlər siyahısına daxil edildiyi bildirilir. Qeyd edilir ki, Novruz bayramı müxtəlif millətləri və mədəniyyətlər birləşdirir. Həmçinin sənəddə bu bayramın xalqlar arasında qarşılıqlı hörmət, sülh, mehriban qonşuluq idealları əsasında münasibətlərin möhkəmləndirilməsində oynadığı rol qeyd olunur.

Bəyanatda deyilir:

“Peru Konqresi ölkələrimiz arasında mövcud dostluq münasibətlərini və əməkdaşlığı nəzərə alaraq Azərbaycan Respublikasına və bütün dünya azərbaycanlılarına Novruz bayramı münasibətilə təbriklərini göndərir və onlara xoşbəxtlik, möhkəm cansağlığı, səadət və rifah arzulayır”.

Xəbər lenti