![]() |
|
Martın 13-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 14-19, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti təşkil edəcək.
Sinoptiklər xəbərdarlıq edir ki, martın 13-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Bir ilə yaxındır ki, üzərində işlədiyimiz ictimai startapı sizə təqdim edirik.
Axar.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd edib.
O bildirib ki, iqtisadi sahədə data analizi ilə məşğul olan ilk mərkəzlər istisna olmaqla, bu, ictimai sahədə hazırlanan ilk startap olacaq:
“İlk kütləvi sorğunu Bakıda ali məktəb tələbələrinin təhsil göstəriciləri ilə bağlı keçirdik. Hazırda nəticələrin kompüterə girişi və təhlil mərhələsini icra edirik. Aralarında sosioloq, hüquqşünas, politoloq, psixoloq, iqtisadçının da olduğu altı nəfərlik mütəxəssis heyəti ictimai rəyi, fokus qrup araşdırmaları, iş yeri səmərəliliyi kimi sosial fenomenləri elmi dəqiqliklə ölçüb, təhlil edəcək. Çox maraqlı, əvəzolunmaz və yaradıcı xidmətlərimiz olacaq”.
Professor qeyd edib ki, mərkəz data analizi metodu ilə uğurlu reklam kampaniyası üçün xidmətlər də təqdim edəcək:
“Xidmətlərimiz dövlət, sahibkarlıq və ictimai sektor üçün olduqca maraqlı və yararlı olacaq. Bu linkə daxil olaraq, daha ətraflı məlumat ala bilərsiniz”.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin edilən Elçin Babayev ali məktəbin kollektivinə təqdim olunub.
Report xəbər verir ki, rektoru kollektivə təhsil naziri Ceyhun Bayramov təqdim edib.
Elçin Babayevi rektor təyin olunması münasibətilə təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
BDU-nun yeni rektoru Elçin Babayev tədbir iştirakçılarını salamlayaraq etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, E.Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur. Bu təyinata qədər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru idi. E.Babayev həm də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavinidir.
Xatırladaq ki, BDU-nun əvvəlki rektoru Abel Məhərrəmov ötən il noyabrın 15-də vəzifəsindən azad olunub.
Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası istiqamətində mühüm addım olaraq Novruz bayramına qədər 1200 şəhid üzrə 1928 vərəsəyə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək.
"Qafqazinfo" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında həmin şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat) verilməsi barədə qərar qəbul edib. Onların siyahısı müvafiq ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib.
Dövlət başçısının 28 yanvar 2019-cu il tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə vərəsələri 11000 manatdan az sığorta ödənişi almış şəhid hərbi qulluqçuların və şəhid polislərin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb.
İndiyədək artıq 5491 şəhidin 7894 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.
Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Eduard Filip ilə təkbətək görüşü olub.
"Qafqazinfo" xəbər verir ki, Mehriban Əliyevanı Fransanın Baş naziri Eduard Filip Matinyon sarayında qarşılayıb.
Daha sonra Birinci vitse-prezident ilə Fransanın Baş nazirinin təkbətək görüşü olub.
Görüşdən sonra Mehriban Əliyeva və Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin imzalanması mərasimi keçirilib.
Azərbaycan ilə Fransa İnkişaf Agentliyi arasında “Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair konvensiya”nı maliyyə naziri Samir Şərifov və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan imzalayıblar.
“Azərbaycan Mərkəzi Bankı ilə “Rotchild & Cie” Bankı arasında Strateji Əməkdaşlıq Sazişi”ni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rotchild & Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalayıblar.
“Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi”ni və “Xocasən” deposunun siqnalizasiya və telekommunikasiya sisteminin reallaşdırılmasına dair müqavilə”ni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov və “Thales International” şirkətinin baş direktoru Rafael Eskinazi imzalayıblar.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiya təyyarəsinin Bakıya təcili eniş etməsi ilə bağlı məlumat yayıb.
"Qafqazinfo" xəbər verir ki, məlumatda bildirilir ki, martın 11-də saat 14:15-də Azərbaycanın hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiyanın “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsi ilə əlaqə saxlanılaraq, gövdəsində 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edildiyi barədə məlumat verilib, təyyarə hava limanına məcburi eniş edib:
"Mövcud beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hadisə ilə əlaqədar kompleks təxirəsalınmaz prosedur tədbirlərə başlanılıb.
Prezident İlham Əliyevin göstərişi ilə yaradılmış Qərargahın sədri – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və digər aidiyyəti dövlət orqanlarının məsul şəxsləri hava limanına gəliblər.
Müvafiq tədbirlər çərçivəsində hava gəmisinin sərnişinləri və ekipaj üzvləri çevik təxliyyə olunub, zəruri şəraitlə təmin edilib, psixoloji və digər yardıma ehtiyacı olanlara xüsusi diqqət göstərilib. Hüquq mühafizə orqanlarının mütəxəssislərindən ibarət əməliyyat-istintaq qrupu və xüsusi təyinatlı heyət tərəfindən texniki, kinoloji və digər vasitələrdən istifadə etməklə təyyarədə kompleks antiterror yoxlamaları aparılıb, hava gəmisinə baxış keçirilib, hadisənin səbəbi ilə əlaqədar hərtərəfli araşdırmalara başlanılıb. Nəticədə təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilib.
Hazırda hava gəmisinin sərnişinləri və ekipaj üzvləri müvafiq qaydada yerləşdiriliblər. Təyyarənin ən qısa zamanda təyinat nöqtəsi üzrə uçuşu təmin ediləcək. Beynəlxalq Hava limanı ştat rejimində fəaliyyətini davam etdirir".
Uzun müddət Azərbaycana qarşı “bütün cəbhə boyu müharibə“ elan edən OCCRP müxtəlif problemləri öz diqqət mərkəzlərində saxlayaraq ümumi ab-havanı gərginləşdirir və həqiqətə uyğun olmayan məlumatlar yayır.
Bunu Axar.az-a Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin (OCCRP) ölkəmizə qarşı çirkli əməliyyatları barədə danışan politoloq Tofiq Abbasov deyib. O bildirib ki, müxtəlif tərkiblərdən ibarət olan bu cür təşkilatlar bir çox ölkələrdə açıq-aşkar bəlli problemli vəziyyətləri kənara qoyaraq məntiqə sığmayan mücərrəd istiqamətləri özləri üçün diqqət mərkəzinə çevirirlər:
“Məqsəd isə ilk növbədə bu və ya digər müəyyən ölkələrə qarşı qərəzli mövqelər formalaşdırmaqdır. Təəssüf ki, jurnalistlərin bir çox ölkələrdə belə bədnam dəst-xətti üzə çıxır və sonradan hədəfə alınan dövlət və cəmiyyətlərin heç də onların təsvir etdiyi kimi olmadığı bəlli olur. Sərhədsiz Jurnalistlər və Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi müxtəlif siyasi qrupların podratçılarıdır. Bu təşkilatlar beynəlxalq və nüfuzlu dövlətlərdə özlərinə himayədar və sponsor taparaq onların sifarişi ilə olmayan problemləri araşdırmağa başlayırlar. Bu bədnam praktika uzun müddətdir öz əksini tapıb və məlum olub ki, onlar vicdanla deyil, başqalarının sifarişi ilə oturub-dururlar. Həyata keçirdikləri fəaliyyət isə bir çox hallarda ictimai fikri yayındırmağa, müxtəlif ölkələrdə real problemli vəziyyəti kölgəyə salmaq, ağrımayan yerdə qan çıxarmaq və prosesləri siyasiləşdirərək özlərinə xal qazanmaqdır”.
Politoloqun sözlərinə görə, sözügedən təşkilatlar gərginlik ocaqları yaratmaqla özlərinin beynəlxalq nüfuzunu bərqərar etməyə çalışırlar:
“Əslində, belə məsələlərə qeyri-ciddi baxmaq düzgün deyil. Çünki onlar problemli vəziyyət yaradaraq, saxta imic stilində öz imkanlarını realizə edirlər. Bir çox hallarda sözügedən “jurnalistlər” ünvansız araşdırmaları ilə hədəfə aldıqları ökələrin obrazını qara boyalarla cızmağa cəhd edirlər. Bununla barşmaq olmaz və belə işlərə qol qoyanlar əməllərinə görə məsuliyyət daşımalı və cavab verməlidirlər”.
Venesuelanın neft naziri və dövlət neft şirkəti PDVSA-nın rəhbəri Manuel Kevedo Bakıya gələcək.
Axar.az xəbər verir ki, bu barədə Venesuelanın Bakıdakı səfirliyi məlumat ayıb.
M.Kevedo "OPEK +" formatında nazirlər səviyyəsində Bakıda matın 18-də keçiriləcək toplantıda iştirak edəcək.
Xatırladaq ki, Venesuela və PDVSA hazırda ABŞ-ın sərt sanksiyalarının təsiri altındadır. Bu sanksiyaların nəticəsi olaraq PDVSA hasil etdiyi nefti praktiki olaraq sata bilmir. ABŞ-a satdığı neftin pulu isə müxalifət lideri Xuan Quaydonun hesabına oturur. PDVSA rəhbəri son günlər Asiya və Yaxın Şərq ölkələrində danışqlar apararaq sanksiyaların təsirini yumşaltmaq üçün çalışsa da cəhdlər nəticə verməyib.
Ordunun təlimləri ərazi bütövlüyümüzün təmin edilməsində hərb variantının ön plana çıxdığına işarədir.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, bundan sonrakı məsələləri Paşinyan və onun komandası düşünsün:
“Budəfəki təlimlər hücum xarakteri daşıyır. Həmin təlimlərə ordunun bütün qoşun növləri cəlb olunub və kompleks şəkildə hərbi təlimlərin keçirilməsi nəzərdə tutulur. Məqsəd heç kimə sirr deyil. Azərbaycan tərəfi danışıqlar prosesindən ciddi nəticələr gözləmir. Danışıqlar prosesi ətrafında Paşinyan və onun komandasının yaratdığı qeyri-konstruktiv mühit Azərbaycan tərəfinin danışıqların gələcəyi ilə bağlı tam ümidsizliyə düşməsinə səbəb olub. Ordunun döyüş əməliyyatlarına hazırlanması, münaqişənin hərb yolu ilə həll edilməsi variantı bu gün gündəmdə duran əsas məsələdir. Paşinyan məxməri inqilab nəticəsində hakimiyyətə gəldiyi vaxtda müəyyən mərkəzlərin də təsiri ilə Azərbaycan Ermənistanda seçkilərin keçirilməsi, Paşinyanın hakimiyyətinin möhkəmləndirilməsi üçün düşmən dövlətə pauza verdi. Belə bir ümid var idi ki, Paşinyan hakimiyyətini möhkəmləndirəndən sonra onunla normal danışıqlar aparılacaq. Hətta danışıqlarda Paşinyanın beynəlxalq hüquq normalarına uyğun hərəkət edəcəyi ilə bağlı müəyyən fikirlər də səslənirdi. Amma bu ümidlər özünü doğrultmadı. Paşinyan özündən əvvəlki prezidentlərdən daha radikal, eyni zamanda məntiqsiz və sərsəm fikirlər səsləndirməyə başladı. Hətta onun hakimiyyətə gəlişindən sonra Ermənistan Müdafiə naziri David Tonoyan Ermənistan ordusunu yenidən quraraq, hücum taktikası üzərində formalaşdıracaqlarını açıqlamışdı. Bu, açıq-aşkar Azərbaycan tərəfinə psixoloji təhdid xarakteri daşıyır”.
Politoloq vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun son bəyanatı ilə onların Ermənistan tərəfinin mövqeyini təmin etmədikləri bir daha ortaya çıxdı:
“Həmsədrlərin yaydığı bəyanatda danışıqların formatının dəyişməyəcəyi bir daha qeyd olundu. Bu da göstərir ki, Paşinyanın qondarma rejimi danışıqlar prosesinə qoşmaqla bağlı ideyası qəbuledilməzdir. Həmsədrlər müharibənin qarşısını almaq, danışıqlar stolu ətrafında tərəfləri əyləşdirmək istəyir. Amma bizim danışıqlardan nə isə nəticə çıxacağına ümidimiz azdır. Ona görə də ordu bu təlimlərə başlayıb”.
Qeyd edək ki, bu gün - martın 11-dən 15-dək Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimi başlayıb. Nazirlikdən verilən məlumata görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Bu gün Ədliyyə Akademiyasında Mətbuat Şurası ilə birgə “Probasiya xidmətinin yaradılması, qarşıda duran vəzifələr” mövzusunda maarifləndirici seminar keçirilib.
Axar.az xəbər verir ki, seminarda Nazirliyin və MŞ-nin məsul şəxsləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, ASAN könüllüləri, SABAH qrupları və hüquq fakültəsinin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov Ədliyyə Nazirliyinin fəaliyyətinin hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğunu, ictimai iştirakçılığa KİV-lə qarşılıqlı fəaliyyətə böyük önəm verdiyini vurğulayıb, onların nazirliyin maarifləndirmə işlərində fəal iştirakının əhəmiyyətini qeyd edib və seminarın məqsədlərindən danışıb.
Sonra Probasiya xidmətinin rəis müavini Musa Hümbətov məruzə ilə çıxış edərək, cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 fevral tarixli sərəncamı ilə yaradılmış Probasiya Xidmətinin fəaliyyəti barədə məlumat verib.
Tədbirdə Pobasiya Xidmətinin Elektron Monitorinq Mərkəzinin fasiləsiz fəaliyyəti ilə bağlı video-çarx nümayiş olunub, KİV nümayəndələri elektron nəzarət vasitələrinin imkanları və tətbiqi xüsusiyyətləri ilə tanış olublar.
Sonda Probasiya Xidmətinin yaranması və inkişafı, bu sahədə əldə olunan nailiyyətlər və xidmətin gələcək perspektivlərinə dair jurnalistlərin sualları cavablandırılıb.