|
Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrası ilə birlikdə Elektron Mediaya Yardım Fondu və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında aparılan monitorinqin nəticələrini açıqlayıb.
Axar.az xəbər verir ki, monitorinq nəticələri ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Bakı Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı Mehriban Əlizadə avqust-sentyabr aylarında Bakıda yayımlanan 6 adda - İctimai, Azad Azərbaycan, Speys, Lider, Xəzər, ARB telekanalları ilə yayımlanan verilişlərin monitorinqə cəlb edildiyini bildirib. İlk dəfə olaraq 12 adda radiokanal və dublyaj filmlərinin də monitorinqi aparılıb.
“Monitoprinq çərçivəsində aşkarlanan 4633 faktdan 2765-i, yəni 60%-i fonetik normanın pozulmasıdır. Bu göstəricilər Xəzər TV-də xəbər proqramlarında 59%, qeyri-xəbər proqramlarında 29%, Lider TV-də xəbər proqramlarında 65%, qeyri-xəbər proqramlarında 32%, ARB TV-də xəbər proqramlarında 72%, qeyri-xəbər proqramları 37% təşkil edir. Məsələn, Lider TV-də “Bizimlə gəzin” verilişində “çəkilişimiz” sözü “çekilişimiz” kimi, “görməyə” sözü “görmeye” kimi tələffüz edilir”, - mütəxəssis bildirib.
Onun sözlərinə görə, leksik normanın pozulması Xəzər TV-nin xəbər proqramlarında 9%, qeyri-xəbər proqramlarında 26%, Lider TV-də xəbər proqramlarında 5%, qeyri-xəbər proqramlarında 11%, ARB üzrə xəbər proqramında 6%, qeyri-xəbər proqramlarında 21% olub:
“Məsələn, Xəzər TV-də “Nuş olsun” verilişində “Mən hər zaman bunu deyirəm ki, ən keyfiyyətli və orqanizm üçün sağlam çörək...” cümləsində “sağlam” yox, “faydalı” ifadəsi işlədilməlidir və s”.
M.Əlizadə bildirib ki, Xəzər TV üzrə xəbər proqramlarında morfoloji norma 21%, sintaktik norma 2%, qeyri-xəbər proqramlarında 14 və 7%, Lider TV-də morfoloji norma 17%, sintaktik norma 3%, qeyri-xəbər proqramlarında morfoloji norma 13%, sintaktik norma 9%, ARB-də xəbər proqramlarında morfoloji norma 17%, sintaktik norma 2%, qeyri-xəbər proqramlarında morfoloji norma 16%, sintaktik norma 6% pozulub:
“Üslubi normanın pozulması Xəzər TV-də xəbər proqramlarında 9%, qeyri-xəbər proqramlarında 24%, Lider TV-də xəbər proqramında 10%, qeyri-xəbər proqramında 35%, ARB-də xəbər proqramında 3%, qeyri-xəbər proqramında 20% təşkil edir”.
M.Əlizadə 6 radiokanal – “Antenn”, “Jazz”, “Xəzər”, “Araz”, “Avto” və “Media FM”-də yayımlanan verilişlərin dilindəki pozuntuları da diqqətə çatdırıb:
“Araz FM-də fonetik norma 40, leksik norma 31, morfoloji norma 13, sintaktik norma 8, üslubi norma 8 faiz;
Antenn FM-də fonetik norma 13, leksik norma 13, morfoloji norma 29, sintaktik norma 26, üslubi norma 19 faiz;
Avto FM-də fonetik norma 37, leksik norma 20, morfoloji norma 13, sintaktik norma 16, üslubi norma 14 faiz;
Xəzər FM-də fonetik norma 50, leksik norma 7, morfoloji norma 23, sintaktik norma 7, üslubi norma 13 faiz;
Media FM-də fonetik norma 61, leksik norma 26, sintaktik norma 3, üslubi normada 11 faiz pozuntu qeydə alınıb”.
Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı Təranə İsmayılova “Speys”, ATV və İTV telekanalları, “İctimai”, “Azad Azərbaycan”, 100.5, 106 FM, 104 FM və ASAN Radio kanalları üzrə monitorinqin nəticələrini açıqlayarkən deyib ki, bu ilin avqust-sentyabr ayında aparılan monitorinq zamanı televiziya verilişlərində 3120 norma pozuntusu qeydə alınıb. Bunlardan 1695-i fonetik, 370-i leksik, 492-si qrammatik, 5630-ü üslubi səviyyədədir.
Radioların dilinin monitorinqi zamanı 1017 norma pozuntusu qeydə alınıb. Bunlardan 692-si fonetik, 102-si leksik, 144-ü qrammatik, 79-ü üslubi səviyyəyə aiddir.
Onun sözlərinə görə, TV reklamlarının monitorinqi zamanı 108 norma pozuntusu faktı qeydə alınıb ki, bunlardan 68-i fonetik, 21-i leksik, 15-i qrammatik, 4-ü üslubi səviyyədədir.
“Dublyaj filmlərinin və verilişlərinin monitorinqi zamanı 388 norma pozuntusu qeydə alınıb. Onlardan 195-i bədii, 106-sı cizgi, 81-i sənədli, 6-sı verilişlərdə müşahidə edilib. Monitorinq zamanı qeydə alınmış 4633 faktdan 2765-i fonetik, 511-i leksik, 684-ü qrammatik, 673-ü üslubi səviyyədə norma pozuntularıdır”, - mütəxəssi bildirib.
“Space TV-nin monitorinqi zamanı 417 pozuntu aşkar edilib. Onların 129-u xəbər, 288-i qeyri-xəbər proqramları üzrə qeydə alınıb. Bunlardan 267-si fonetik, 37-si leksik, 47-si qrammatik, 66-sı üslubi səviyyəyə aiddir.
ATV-nin monitorinqi zamanı 750 pozuntu qeydə alınıb: onların 133-ü xəbər, 617-si qeyri-xəbər proqramlarına. Onların 503-ü fonetik, 55-i leksik, 90-ı qrammatik, 102-si üslubi səhvdir.
“İctimai” televiziyada monitorinq zamanı 474 norma pozuntusu aşkar edilib. Pozuntuların 129-u xəbər, 345-i qeyri-xəbər proqramlarına aiddir. Bunlardan 389-u fonetik, 21-i leksik, 36-sı qrammatik, 385-i üslubi səviyyədə qeydə alınıb.
“İctimai” radioda 101 norma pozuntusu aşkar edilib, bunların 53-ü xəbər, 48-i qeyri-xəbər proqramlarındadır. Onlardan 92-si fonetik, 8-i qrammatik, 1-i üslubi səviyyədədir.
“Azad Azərbaycan” radiosunda 61 pozuntu aşkar edilib ki, bunların hamısı xəbər verilişlərində qeydə alınıb. Bunların 56-sı fonetik, 4-ü qrammatik, 1-i üslubi səviyyədədir.
100.5 FM-də monitorinq zamanı 143 pozuntu aşkar edilib. Bu radioda pozuntular hamısı xəbər proqramındadır. 105 pozuntu fonetik, 6 pozuntu leksik, 17 pozuntu isə üslubi səviyyədədir.
106 FM-də 92 norma pozuntusu aşkar edilib, onların 50-si xəbər proqramlarındadır. Pozuntuların 80-i fonetik, 2-si leksik, 6-sı qrammatik, 4-ü üslubi səviyyədədir.
Speys FM-də 83 pozuntu aşkar edilib. Pozuntuların 12-si xəbər, 71-i xəbər proqramlarındadır. Bunlardan 50-si fonetik, 9-u leksik, 16-sı qrammatik, 6-sı üslubi səviyyədədir.
ASAN radioda 183 pozuntu aşkar edilib, onların 64-ü xəbər proqramlarında qeydə alınıb. Pozuntuların 169-u fonetik, 2-si leksik, 7-si qrammatik, 5-i üslubi səviyyədədir”, - hesabatda qeyd olunub.
T.İsmayılova bəzi nümunələrə də diqqət çəkib:
“Məsələn, Speys TV-də yayımlanan “Praym-şok” verilişində aparıcı Çingiz Əhmədov “Didim, axı, üreyim partlayır, qurban olum, sən mənim na ğadar saxlıyceysan bele gözümü?” ATV-nin “10-dan sonra” verilişində Əkbər Əlizadə “Eeh, eh, diyir, mən nə hayda, süz nə hayda” kimi pozuntular qeydə alınıb”.
Milli Televiziya və Radio Şurasının fəaliyyətinin ana xəttində Azərbaycan dilinin qorunması durur. Bu gün televiziyalar Azərbaycan dilinin tətbiqi ilə bağlı bütün işləri görüblər. Təəssüf ki, çıxışların ədəbi dil qaydalarına uyğun olmaması hələ də, televiziyalarda ciddi problem olaraq qalır.
Kult.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Elektron Mediaya Yardım Fondu və KİVDF-nin maliyyə dəstəyi ilə “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında avqust-sentyabr aylarında aparılmış monitorinqlərin nəticələrinə dair konfransda çıxışı zamanı deyib.
N.Məhərrəmli bildirib ki, Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrası ilə Şuranın birlikdə apardığı monitorinq telekanallarda ədəbi dil qaydaları pozuntularının aşkarlanması və aradan qaldırılması məqsədi daşıyır.
“Bu monitorinqlərin nəticəsində ildən-ilə Azərbaycan dili ilə bağlı televiziyalarda irəliləyiş hiss olunur. Düzdür, hələ ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Bizi narahat edən məsələ daha çox şou xarakterli verilişlərin aparıcılarının dili ilə bağlıdır. Onların dilində bayağı, loru, barbarizmlərdən istifadə baş alıb gedir. Bu bizi narahat edir. Telekanal rəhbərləri bu məsələyə xüsusi önəm verməlidir. Onlar aparıcıları işə qəbul edəndə Azərbaycan dilini bilməsinə diqqət ayırmalıdır. Bu problemin hələ də mövcud olmasında bizim də günahımız var”.
N.Məhərrəmli bildirib ki, xüsusən reklam çarxları, sağlamlıq verilişlərində bəzi ifadələrin ana dilində olmaması Şuranı ən çox narahat edən məsələdir:
“Bununla bağlı televiziya rəhbərləri ilə danışıqlar aparmışıq. Bəzi irəliləyişlər var.
Telekanallarla bağlı digər məqam texnologiya ilə dilimizə daxil olan əcnəbi sözlərin istifadəsidir. Bəzi ölkələr öz siyasətlərini mədəniyyət, təhsil, elm sahəsi ilə digər dövlətlərin ərazisində yeridir. Texnoloji yeniliklərlə bağlı çoxlu xarici ifadələrin dilə gəlməsinin qarşısını müəyyən qədər almağa çalışmalıyıq. Bu sahədə televiziyaların fəaliyyəti qənaətbəxş deyil”.
Tanınmış təhsil eksperti Kamran Əsədov orta məktəb şagirdlərinin təhsil müddətindəki biliyinin qiymətləndirilməsi üçün verilən medallarla bağlı maraqlı faktları açıqlayıb.
Axar.az xəbər verir ki, ekspert şagirdlərə medalların verilməsi ənənəsinin dünyada XIX əsrdən, Rusiyada 1828-ci ildə “Məhəllə, qəza məktəbləri və gimnaziyalarının əsasnamələri”nin qəbulu ilə başladığını qeyd edib:
“Azərbaycanın da daxil olduğu SSRİ-də isə məktəb medallarının verilməsi qaydaları ittifaqın İcraiyyə Komitəsinin 1247 saylı qərarı ilə 1945-ci il mayın 30-dan tətbiq edilib”.
K.Əsədov şagirdlərin bilik səviyyəsinin qiymətləndirilməsi üçün verilən qızıl və gümüş medalların tərkibinin zaman-zaman dəyişdirildiyini də bildirib:
“İlk qızıl və gümüş medallar 583 qızıl və 925 gümüş probundan hazırlanırdı. Dairəvi formada, diametri 32 mm olan medallar həmin vaxt ittifaq respublikalarında mövcud olan 16 variantda ştamplanırdı. Əsl qızıl medallar demək olar ki, həmin illərdə hazırlananlar hesab edilə bilər. Çünki 1954-cü ildə qənaət məqsədilə qızıl medalların istehsalında ilk texniki dəyişiklik edilir və medaldakı qızılın probu 375-ə endirməklə keyfiyyəti aşağı salınır. Gümüş medalların tərkibi isə olduğu kimi saxlanır.
1960-cı ildə məktəb medallarının yeni nümunəsi tətbiq edilir. Medalların diametri 40 mm-dək böyüdülür, amma əvəzində onların tərkibindəki qiymətli metalların çəkisi azaldılır. Qızıl medallarda qiymətli metalların çəkisi 0,3 qrama, gümüş medallarda isə 0,2 qrama çatır. Bu qiymətli metalların yerini isə qızıl medallarda tompaklar (mis ilə sink ərintisi; bürünc növü), gümüş medallarda melxior (nikellə misdən alınan gümüşə oxşar ərinti) tutur. Beləliklə, medallarda qiymətli metallar yalnız toz halında qalır”.
Orta məktəbi qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması düzgün deyil. Bunu qızıl medal alanların ali məktəblərə keçirilən imtahanlardakı nəticələri də təsdiq edir. Əgər respublika və beynəlxalq olimpiadaların qaliblərinin nəticələrinə baxsaq, daha fərqli mənzərə görərik: onların qəbul imtahanlarında göstərdiyi nəticələr daha yüksəkdir, qızıl medal alanların isə yox.
Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov orta məktəbi qızıl medalla bitirən məzunların ali məktəbə qəbul imtahanlarından azad olunacaqları ilə bağlı danışarkən bildirib. K.Əsədov bildirib ki, bu cür prosedurlar bir çox hallarda şəffaf keçirilmir:
“Orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir. Onun tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75% “əla” olmalı, fənlərdən illik qiymətləri “əla” almalıdır.
Şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar verilir. Pedaqoji Şuranın qərarı ilə həmin şagirdlərin fərdi siyahısı hər il mayın 20-dən gec olmayaraq yerli təhsil idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir. Qızıl medala attestata yazılan yekun qiymətləri yalnız “əla” olanlar, attestata yazılan yekun qiymətlərdən ən çox ikisi – “Tədris dili” və “Riyaziyyat” istisna edilməklə, yaxşı olanlar isə gümüş medala layiq görülürlər.
Etiraf edək ki, bu prosedurlar bir çox hallarda şəffaf keçirilmir. Belə ki, məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçılmaz olur. Direktora bu və ya digər formada yaxın olan şəxslər bu adı almaq üçün təqdim olunur, amma istedadlı, bacarıqlı, lakin direktora yaxın olmayan şagirdlər isə bu mükafatlardan kənarda qalır”.
K.Əsədov hazırda ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olmağın digər qanuni yolları barədə də danışıb:
“Ölkədəki bütün ali təhsil müəssisələrinə bir neçə qanuni yolla qəbul olub tələbə adını qazanmaq mümkündür:
a) DİM-in keçirdiyi I-II-III-IV-V ixtisas qruplarından iştirak edib keçid balı toplamaqla
b) Beynəlxalq imtahan – İELTS, SAT, GMAT nəticələri ilə
c) Respublika fənn və beynəlxalq olimpiadaların qalibi olmaqla
d) Beynəlxalq turnirlərin, yarışların, müsabiqələrin, çempionatların qalibi olmaqla.
Siyahıya baxanda qəbulun əlçatımlılığının şahidi oluruq. Yəni ali məktəb qəbul olmaq üçün kifayət qədər yol, üsul var. Nəzərə alsaq ki, qeyd olunanlar kifayət qədər çətin müsabiqələrdir, o zaman buna müsbət baxa bilərik. Amma orta məktəbi qızıl medalla başa vuranların birbaşa ali məktəblərə qəbul olunması doğru deyil”.
Ekspert qızıl medal alan şagirdlərin nəticələri ilə bağlı statistikanı da təqdim edib:
“Məsələn, 2012-2013-cü tədris ilində 248 medalçıdan 3 nəfəri (1%) 700 bal, 145 nəfəri (58%) 600-699 bal, 49 nəfəri (20%) 500-599 bal, 22 nəfəri (9%) 400-499 bal, 12 nəfəri (5%) 200-399 bal, 1 nəfəri 140 bal toplayıb. 16 nəfər (6,5%) isə xarici ölkələrin (ABŞ, Türkiyə və Niderland) nüfuzlu ali məktəblərinin tələbəsi adına layiq görülüb.
Göründüyü kimi, 248 medalçıdan yalnız 3-ü - 700 bal toplayanlar qızıl medala tam layiqdir. 685-700 arası bal yığanları da qızıl medala layiq saymaq olar, çünki ola bilər, 1 və ya 2 suala mexaniki səhv üzündən dürüst cavab verməyiblər. Ancaq 600-dən aşağı bal toplayanlara heç vəchlə qızıl medal vermək olmazdı. Onlara heç gümüş medal da düşmür. 650-700 bal toplayan yüzlərlə abituriyent var ki, onların attestatında aşağı qiymətlər də var.
200-300 bal toplayan “qızıl medal”lılar isə həmin medalı korrupsiya yolu ilə əldə ediblər. 140 bal toplayan medallı abituriyentin sinifdə qalmalı, attestat almamalı olduğu halda qızıl medala layiq görülməsi sırf cinayətdir”.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında dekabrın 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, dekabrın 06-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
ETSN xəbərdarlıq edir ki, dekabrın 7-dən dekabrın birinci ongünlüyünün sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri - Ceyhun Hacıbəylinin Parisdə yaşayan varisləri - oğlu Timurçinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli Azərbaycana gəlir.
Axar.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Bakıya gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, Mədəniyyət Nazirliyində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.
Qeyd edək ki, əslən fransalı olan C.Hacıbəylinin gəlini Paskal Buşe Sarbonna Universitetinin məzunudur, Avropa sosial fondunda inzibati və maliyyə administratoru işləyir, ixtisasca riyaziyyatçı olan Benjamin Hacıbəyli isə Fransanın İqtisadiyyat Nazirliyinin əməkdaşıdır.
1993-cü ildə həyat yoldaşı vəfat etdikdən sonra Paskal Hacıbəyli Buşe Hacıbəylilər ailəsi və Azərbaycanla əlaqələrini davam etdirib. O və oğlu Benjamin axırıncı dəfə 2006-cı ildə Bakıda olublar.
Xatirladaq ki, Vətəni və milləti üçün böyük işlər görmüş Ceyhun Hacıbəyli Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin redaktoru olub, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb. 1962-ci ildə vəfat edən C.Hacıbəyli Parisin Sen-Klu məzarlığında dəfn edilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində bu ilin avqust ayında 37 ölkədən 140 gəncin iştirakı ilə “Diaspor Gənclərinin I Yay Düşərgəsi”ni təşkil edib.
"Bakı Metropoliteni" QSC yeni layihə həyata keçirəcək.
Axar.az xəbər verir ki, dekabrın 6-da saat 14:00-da metronun "28 May" stansiyasında başlanacaq "İşıq saç, özünə yol aç" adlı aksiya zamanı sərnişinlərə xüsusi işıq reflektorlu qolbağılar paylanaraq, mövzu ilə bağlı maarifləndirici söhbətlər aparılacaq, dünya təcrübəsindəki nümunələr barədə məlumat veriləcək.
Məlumatda bildirilir ki, dekabr ayı, ənənəyə görə, qış mövsümünün başlanğıcıdır. qısa günlər, qaranlıq saatların uzun olması, yol hərəkəti iştirakçılarının - küçə və yolları keçən insanlarımızın, xüsusən də sürücülərin daha ayıq-sayıq olmasını tələb edir:
"Mövzunun aktuallığını nəzərə alaraq, "Bakı Metropoliteni" QSC aksiya ilə metro sərnişinlərinin diqqətini bu məsələyə yönəltmək istəyir və onu ictimailəşdirməklə daha geniş əks-səda doğuracağına ümid edir".
Hava Limanı yolu, Heydər Əliyev, Babək, Nobel prospektləri və bu kimi Bakıətrafı əsas yolların qar və buzdan təmizlənməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən addım atılacaq. Şəhəriçi yolların təmizlənməsi isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Bu sözləri Axar.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bakı şəhərinin enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qar və buzdan təmizlənməsi üçün tədbirlər planı hazırlanması ilə bağlı danışarkən bildirib.
A.Nəcəfli deyib ki, Bakının bütün giriş və çıxışları, xarici dairəvi yol, hava limanı şosesi və bu kimi digər 30 ərazisi qış boyunca xüsusi nəzarətdə saxlanılacaq. Qar və buz hər hansı maneə yaratdığı təqdirdə operativ müdaxilə ilə hərəkətin müntəzəmliyi təmin ediləcək:
"Qar yağan kimi qurum dərhal 24 saatlıq gücləndirilmiş iş rejiminə keçəcək. Ən kritik yol Bakı dairəvi yolu hesab edilir. Bura açıqlıq sahə olduğuna görə ən çox yağıntı da bura düşür, külək də güclü olur. Bu səbəbdən bura xüsusi diqqətimizdədir.
Bundan başqa, xüsusilə Hava Limanı yolu, Heydər Əliyev, Babək, Nobel prospektləri və Bakıətrafı əsas yolların qardan-buzdan təmizlənməsi Agentlik, şəhəriçi yolların təmizlənməsi isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Sinoptiklərin xəbərdarlığından sonra texnikalar müəyyən edilmiş ərazilərə çıxarılacaq”.
Xatırladaq ki, 2018-2019-cu ilin qış mövsümündə Bakı şəhərində 257 ədəd maşın-mexanizmlərin (21ədəd avtoqreyder, 34 ədəd avtoyükləyici, 131 ədəd yükünü özüboşaldan, 16 ədəd qum səpən, 6 ədəd qar yükləyən, 19 ədəd ekskavator, 22 ədəd yol süpürən, 14 ədəd su maşını) qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtgü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınıb. Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700 maşın-mexanizm hazır vəziyyətə gətirilib.
Azərbaycanda ümumi təhsil müəssisələrində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı (Təhsil Nazirliyi) tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.
Report xəbər verir ki, bu, yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd olunub.
Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.
Yeni hazırlanan qanun layihəsi parlamentin “Elm və təhsil” komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Komitə sədri İsa Həbibbəyli bildirib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a averilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz , gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 5-də bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti təşkil edəcək.