Düşmən atəşkəsə əməl etmir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

“Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

BTQ dəmir yolunun ilk sərnişin qatarı Bakıya yola düşüb

Azərbaycanın təşəbbüsü və maliyyəsi ilə İsveçrədən alınan “Stadler” sərnişin qatarı martın 28-də Gürcüstandan Azərbaycana yola düşüb.

“Qafqazinfo” “Azərtac”a istinadən xəbər verir ki, qatar Gürcüstana martın 27-də Türkiyə ərazisindən daxil olmuşdu.

Qatar Gürcüstana keçdikdən sonra Tbilisiyə qədər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə hərəkət edib.

Qeyd edək ki, Axalkalaki dəmir yolu Avropa standartlarına uyğun relslərlə birləşdirilib. “Stadler” qatarının hər iki hissəni maneəsiz qət etmək imkanı var.

BTQ dəmir yolu vasitəsilə sərnişinlərin daşınmasına bu il başlanılması nəzərdə tutulub.

İri dövlət şirkətlərinə nəzarət artırılır
 

"İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən iri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları üzrə aşağıdakı tərkibdə Komissiya yaradılır:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının vergilər naziri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri.

 

Paşinyan İlham Əliyevlə görüşmək üçün Vyanaya getdi

Ermənistanın baş naziri Nikol Paşinyan Vyanaya yola düşüb.

“Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, bu gün Avstriyanın paytaxtında Azərbaycan prezidenti İlham Əliyevlə Paşinyanın ilk rəsmi görüşü olacaq.

Qeyd edək ki, artıq Vyanada Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşü keçirilib.


Sabahdan külək olacaq, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 29 martda gözlənilən hava şəraitini açıqlayıb. 

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq

Martın 29-30-da Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək. Fasilələrlə yağış yağacaq.

 

Prezident 80 yaşı tamam olan icra başçısını təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı olan Şəmsəddin Xanbabayevin aprelin 1-də 80 yaşı tamam olacaq. 


Prezident “Diqlas”dakı yanğınla bağlı müşavirə keçirdi

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlətimizin başçısı qeyd etdi ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.

Prezident İlham Əliyev dünən və bu gün Nizami Rayon İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır.

“Azərbaycan güclü sosial siyasət aparır. Bu ilin əvvəlində ciddi sosial paket təsdiqləndi. Sosial təşəbbüslər nəticəsində 3 milyondan çox insan bu proqramla əhatə olunub və bu təşəbbüsün dünyada bənzəri yoxdur”, - deyən Prezident İlham Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsi üçün komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğulayıb.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məruzə edbilər.

Prezident İlham Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlarını verdi. Bildirdi ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Azərbaycan Prezidenti bir daha vurğuladı ki, dövlət sahibkarların yanındadır və yanğından zərər çəkmiş sahibkarlara operativ qaydada maliyyə dəstəyi göstəriləcək.

 


 

 

Sumqayıtdakı partlayışla bağlı rəsmi

Sumqayıt Şəhər Prokurorluğu bir neçə gün əvvəl baş verən partlayışla bağlı məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumata görə, martın 22-də Sumqayıt şəhəri ərazisində yerləşən «STP-3 Metaləritmə» zavodunda partlayış baş verməsi ilə bağlı daxil olan məumat əsasında dərhal hadisə yerinə Sumqayıt şəhər polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla həmin gün saat 13 radələrində zavodun poladəritmə sexində metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində partlayış baş verməsi müəyyən olunub.

Hadisə nəticəsində fəhlələr Mürşüd Məmmədov, Vüqar Cəlilov, Ceyhun Qaraşovun və sex rəisi Minyaz Seyidəliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Minyaz Seyidəliyev müalicə olunduğu xəstəxanada aldığı xəsarətlərdən 27 mart 2019-cu il tarixdə vəfat edib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.

Hadisənin baş vermə səbəbləri və təqsirkar şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dəyən ziyana görə kompensasiya ödəniləcək

"Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkən icarədarların rəsmilərlə növbəti görüşü keçirilir.

"Qafqazinfo"nun görüşdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edir.

***

H. Mövsümov bildirib ki, prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək: "Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq".

 

Atəşkəsdən xəbər var

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

“Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Cəvahirli, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti