![]() |
|
Cari ilin yanvar-fevral ayında 36,4 milyon nəfər metrodan istifadə edib.
Dövlət Statistika Komitəsindən Axar.az-a bildirilib ki, iki ay ərzində metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz azalaraq 36,4 milyon nəfər olub.
Bu gün Novruz bayramıdır.
Axar.az xəbər verir ki, Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.
Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalara əsasən, Novruz bayramının keçirilmə tarixi qədim zamanlara - Zərdüşt peyğəmbərin dövrünə gedib çıxır. Alimlər bu bayramın yaşını minimum 3700 il, maksimum 5000 il müəyyən edirlər. Qədim Babilistanda bu bayram nisan ayının (mart-aprel) 21-də qeyd edilirmiş və 12 gün davam edirmiş. Bu 12 günün hər birinin öz adət-ənənəsi var imiş. İlk yazılı abidələrdə qeyd edilir ki, Novruz bayramı eramızdan əvvəl 505-ci ildə meydana gəlib.
İslam xadimləri həmişə cəhd ediblər ki, bu bayrama dini çalarlar gətirsinlər. Lakin Firdovsi, Rudəki, İbn Sina, Nizami, Sədi, Hafiz və s. kimi dahi maarifçilər sübut ediblər ki, Novruz bayramı İslamdan çox-çox əvvəllər meydana gəlib. Novruz bayramına həsr edilmiş əsərlərə misal olaraq, Nizamülmülkün "Siyasətnamə", Ömər Xəyyamın "Novruznamə" əsərlərini qeyd etmək olar.
Sovet hakimiyyəti zamanı Novruz bayramı qeyri-rəsmi şəkildə qeyd edilib, çünki dövlət orqanları yazın gəlişinin bayram kimi qeyd edilməsinə icazə verməyiblər. Lakin qadağalara baxmayaraq, çoxəsirlik ənənələrə sadiq olan hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edib.
Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq - Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.
Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı (məhsuldarlıq, çiçəklənmə simvolu), "Kos-kosa" əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.
Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə - Novruz bayramının son çərşənbəsi - böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də nəzərə almaq lazımdır ki, bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: "Ağırlığım-uğurluğum odlara". Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.
Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək. Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır. Qədim adətlərə görə, həmin vaxt Novruzun şərəfinə tüfənglərdən atəş açılır. Hələ XIX əsrdə N.Dubrovin bu barədə yazıb: "Azərbaycanda yazın gəlişi şəhərlərdə və kəndlərdə yaylım atəşlərinin açılması ilə bildirilir". Azərbaycanda Novruz bayramının təntənəli qeyd edilməsində iştirak edən Adam Oleari 1637-ci ildə yazıb: "Astronomik vasitələrlə və günəş saatı ilə gecə-gündüz bərabərliyi anını müəyyən edən astroloqlar elan etdi ki, Yeni il başlandı. Elə həmin anda yaylım atəşlərinin səsi gəldi, şəhər qalalarından və qala divarlarından musiqi səsi ucaldı. Bahar bayramı bu cür başlandı".
Azərbaycanlılar bayram süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi yemək, o cümlədən sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bundan əlavə, süfrəyə güzgü və şam qoyulur, güzgünün qarşısına isə bəzədilmiş yumurta qoyulur. Bunun da simvolik mənası var. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir.
Ənənələrə görə, bayramın ilk gecəsi hər kəs evdə olmalıdır. Deyilənə görə, əgər Novruzun ilk günü evdə olmasan, yeddi il evdə görsənməyəcəksən. Qədim adətlərə görə, bayır qapılar bağlanmır. Novruzun ilk gecəsi səhərədək şam yandırılır: sönmüş ocaq, sönmüş şam uğursuzluq əlamətidir.
Novruzu qeyd edərkən, kəndlilər növbəti ilin quraq, yaxud yağıntılı keçəcəyini, məhsuldar olub-olmayacağını müəyyən edirlər. Adətlərə görə, Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız, dördüncü günü isə qış hesab edilir. Əgər ilk gün külək və yağışsız olursa, deməli il kənd təsərrüfatı üçün uğurlu keçəcək. Əgər külək olarsa, deməli bütün il bu cür keçəcək. Son üç gündə də ilin qalan fəsillərinin necə keçəcəyi bu yolla müəyyən edilir.
Novruz şən və sevimli, xalqımızın bütün dəyərlərini özündə birləşdirən bayramdır.
Daxili İşlər naziri Ramil Usubovun əmri ilə polis mayoru Abdullayev Əbülfət Ulduz oğlu İsmayıllı rayon Polis şöbəsinin rəis müavini təyin edilib.
Axar.az xəbər verir ki, bu barədə Unikal.org-a şöbədən məlumat verilib.
Qeyd edək ki, bir müddət əvvəl İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Bu gün Novruz bayramı öncəsi qeyd edilən İlaxır çərşənbə - torpaq çərşənbəsidir.
Torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Axar.az xəbər verir ki, Axırçərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça düzəltmə, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.
Qədim el adətlərinə və inanclarına görə, Axırçərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlarlar.
Bu gündə qorxanların başından su töküb qorxunu alar, evdən pul, qonşuya ələk verməzlər. Axırçərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axırçərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, vəfat etmiş yaxın adamların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axırçərşənbə günü ertədən lampa yandırarlar.
İlin axır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir; üzüyün neçə dəfə qaba dəydiyini sayırsan - demək, o yaşda da gəlin gedəcəksən.
Axırçərşənbə gecəsi ürəyində niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən.
İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük kəsir və axar suya atır. Həmin yerdən bir qab su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
Novruz bayramı şənliklərinin qeyd edilməsi məqsədilə Bakıda bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, martın 19-u səhər saatlarından etibarən tədbir tam başa çatanədək İçərişəhər-Qoşa Qala Qapısı, Fəvvarələr meydanı, Qız Qalası və Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində olan yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.
Axar.az xəbər verir ki, bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə örə, “Azneft” meydanı, Əziz Əliyev, Zərifə Əliyeva, Niyazi və İstiqlaliyyət küçələrində, Üzeyir Hacıbəyov, Bülbül, Səməd Vurğun və tədbirlərin keçirildiyi ərazilər, onlara bitişik küçə və yollar nəzarətə götürülərək, avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bundan əlavə, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi əhali, avtomobil sahibləri və sürücülərə, Dənizkənarı Milli Park boyu keçiriləcək bayram şənlikləri ilə əlaqədar tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən istifadəni tövsiyə edir.
“Bayram günlərində yol-nəqliyyat hadisələrinin baş verməməsi, hərəkət iştirakçılarının rahat, təhlükəsiz şəkildə mənzil başına çatmaları üçün yol polisi gücləndirilmiş iş rejimində xidmət edəcək. Eyni zamanda, sürücülərdən, avtomobil sahiblərindən xahiş olunur ki, xüsusən günün qaranlıq saatlarında yorğun, yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsinlər, yol hərəkət qaydalarına ciddi riayət etsinlər.
Bölgələr istiqamətində hərəkət edən sürüclərə bir qayda olaraq təhlükəsizlik kəmərindən istifadə etmək, yol boyu hərəkəti nizamlayan nişanların göstəricilərinə və sürət həddinə əməl etmələri tövsiyə olunur”, - V.Əsədov əlavə edib.
Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 15:36-da qeydə alınıb.
Maqnitudası 3, dərinliyi 60 km olan zəlzələ hiss edilməyib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Rəşad Xudiyevin Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Report-un məlumatına görə, sərəncamla Rəşad Xəlil oğlu Xudiyev Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.
Bu gün Aktual.az saytının fəaliyyətə başlamasından beş il ötür.
Axar.az xəbər verir ki, bu xəbər portalı 2014-cü ilin mart ayının 18-də yaradılıb. Sayt qısa bir zamanda öz oxucu auditoriyasını toplayıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib.
Artıq beş ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Aktual.az-la əməkdaşlıq edir. Saytda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Sayt 2015-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.
Saytın baş redaktoru tanınmış jurnalist Əli Həziquliyevdir.
Axar.az saytının kollektivi Aktual.az-ı təbrik edir.
Prezident İlham Əliyevin 16 mart tarixli Sərəncam ilə 431 nəfər məhkum əfv olundu. Bu gün dörd cəzaçəkmə müəssisəsində həmin insanlara buraxılış vərəqələri təqdim etdik. Onlar ikiqat bayram sevinci yaşadılar. Eyni zamanda, cəzaçəkmə müəssisələrinin yanında toplaşmış məhkumların ailə üzvlərinə, yaxınlarına və qohumlarına gözaydınlığı verdik.
Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Aydın Mirzəzadə qeyd edib ki, belə əfv Sərəncamları Prezident İlham Əliyev tərəfindən vaxtaşırı imzalanır. Son illərdə dövlətimizin başçısı 35 əfv Sərəncamı imzalayıb, beş mindən çox məhbus həbsdən azad edilib. Bu, böyük humanistlikdir. Heç bir ölkədə vətəndaşa belə humanistcəsinə yanaşılmır. Prezidentimiz həmin insanlara özlərini həyatda bir daha sınamaq imkanı verir. Onları öz ailələrinə, öz mühitinə qaytarır. Bu bir daha göstərir ki, hər bir vətəndaşın probleminin həlli, onların qayğıları ölkə rəhbərliyinin diqqətindədir.
Azadlığa çıxan məhbuslar Prezident İlham Əliyevə dərin minnətdarlarını bildirdilər. Dedilər ki, bir daha səhv etməyəcək, qanuna riayət edən nümunəvi vətəndaşlar olacaqlar. Azərbaycan xalqı üçün əziz olan Novruz bayramı ərəfəsində belə bir humanist addımın atılması və belə bir tədbirin keçirilməsi Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə təmin olunmasından, humanizm prinsiplərinə sadiqlikdən xəbər verir. Bunun qarantı dövlətimizin başçısıdır.
“Çıxarış vərəqələri təqdim edilən andan həmin məhbuslar cəzaçəkmə müəssisələrindən azad edildilər. Onlar tezliklə öz doğmalarının yanında olacaqlar. Bütün bu prosesə əvvəlcədən hazırlıq görülür. Dünən Prezidentin Sərəncamından dərhal sonra müvafiq sənədlər hazırlandı. Bu prosesdə təkcə penitensiar sistemin əməkdaşları deyil, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, tanınmış ziyalılar, mətbuat nümayəndələri iştirak edirlər. Bu məsələnin ictimailəşməsi dövlətin hər bir vətəndaşına diqqətlə yanaşmasını göstərir”, - deyə deputat bildirib.
Cəzaçəkmə müəssisələrində məhbuslar üçün lazımı şərait yaradıldığının şahidi olduğunu deyən Aydın Mirzəzadə vurğulayıb ki, son illərdə penitensiar sahədə qanunvericilik aktları liberallaşdırılıb, saxlanma şəraiti, qida rejimi, cəza çəkən şəxslərə qarşı rəftar yaxşılaşıb, onlara tibbi yardım göstərilir və islah olunma prosesində təkmilləşmə müşahidə olunur. Bu göstərir ki, vətəndaşlarımızın hüquqların qorunmasında bütün aspektlər nəzərə alınır, o cümlədən məhbuslar öz səhvlərini başa düşdükdə, cəmiyyət üçün artıq təhlükə törətmədikdə onlar həbsdən azad oluna bilərlər.
Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən Axar.az-a verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.
Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.
Hazırda araşdırma işləri davam edir.
Qeyd edək ki, Ermənistan mediası onun sərhədi keçərkən ayağından vurulduğu və yaralı halda saxlanıldığını açıqlayıb.