|
Doğruluğuna əmin olmadığınız postlara və ya məzmuna əsaslanaraq hərəkət etməyin.
Bu barədə Daxili İşlər Nazirliyinin hazırladığı "Rəqəmsal mediadan istifadə edərkən kibercinayətkarlıqla üzləşməmək üçün nələrə diqqət etməlisiniz?" adlı videoçarxda deyilir.
"Təsdiq edə bilmədiyiniz (dəqiqliyinə əmin olmadığınız) məlumatı paylaşmaqla və ya ötürməklə yalan informasiyanın yayılmasına səbəb olmayın. Dəqiq məlumat əldə etmək üçün rəsmi və səlahiyyətli mənbələri izləyin. Rəsmi təşkilatları təqlid edə biləcək mesajlar, axtarışlar və ya məzmunlara qarşı diqqətli olun. Şübhəli hallarda cihazınızda, hesablarınızda, bankçılıqda və s. istifadə etdiyiniz şifrələri (parolları) dəyişdirin", - DİN-dən bildirilib.
Azərbaycan polisi Xankəndi şəhərində öz xidməti vəzifəsini uğurla yerinə yetirir.
Bu barədə Real TV reportaj hazırlayıb.
Həmin görüntüləri təqdim edirik:
Dünyada cərəyan edən proseslər və sürətlə davam edən rəqəmsallaşma kibertəhlükəsizlik mütəxəssislərinə olan tələbi də artırır. Belə ki, artıq hər bir dövlət və özəl qurumun özünün informasiya təhlükəsizliyini təmin etməsi üçün kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranır. Sevindirici haldır ki, qurumlarda artıq kibertəhlükəsizlik departamentləri yaradılır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin rəhbəri Davud Rüstəmov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ikinci "Məzun Günü"ündə tədbirdə çıxışı zamanı deyib.
Davud Rüstəmov qeyd edib ki, hazırkı dünyada kibertəhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması qədər önəmli bir hal alıb.
“Azərbaycan dövləti də bu istiqamətdə böyük işlər görür. Əvvəllər biz bu sahədə təhsil almaq üçün xaricə yollanırdıq, lakin bu gün Azərbaycan hökümətinin yaratdığı əlverişli şərait nəticəsində, məhz Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində İsrailin “Technion” Universitetinin mütəxəssisləri bizim yerli kibertəhlükəsizlik məzunlarını hazırlayır. AKM-nin iki məzunu Dövlət Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik əməliyyatları mərkəzinə işə cəlb olunub. Ümid edirəm ki, gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik üzrə mütəxəssislərin sayı daha da artacaq", - deyə D.Rüstəmov əlavə edib.
Hər dövlət texniki baxışı zamanı ödəniləcək utilizasiya haqqının məbləği açıqlanıb.
Baş nazir Əli Əsədov bununla bağlı “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nı təsdiqləyib.
Qərarla “Yol hərəkəti haqqında” qanunun 27- ci maddəsinin II və III hissələrində nəzərdə tutulan nəqliyyat vasitələri hər dövlət texniki baxışı zamanı istehsal və buraxılış ili 4 ildən 10 ilədək olduqda - 10 manat, 10 ildən 20 ilədək olduqda - 20 manat, 20 ildən 30 ilədək olduqda - 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək.
Qərar sabahdan qüvvəyə minəcək.
Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi işğaldan azad olunan ərazilərdə məşğulluğun həlli ilə əlaqədar görülən işlərdən bəhs edərkən öz yurduna qayıdan 1300 nəfərin daimi işlə təmin olunduğunu açıqlayıb.
Nazir həmçinin ötən il öz yaşayış yerinə dönən təqribən 600 nəfər üçün peşə hazırlığı üzrə müvafiq təlim və treninqlər keçirildiyini, bu il həmin rəqəm 3 minə çatdırılacağını bildirib.
Bununla belə nazir 1300 nəfərin hansı işlərlə təmin olunduğu barədə məlumat verməyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyindən Ölkə.Az-ın sorğusuna özəl olaraq bir sıra detallar barədə açıqlama verilib:
"İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı üzrə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması tədbirləri davam etdirilir.
Qeyd edək ki, həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərin ilkin maddi-məişət şəraitinin dəstəklənməsi məqsədilə onlara birdəfəlik müavinət (600 manat) verilir. Qeyd olunan mütəxəssislərin aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərə qayıdan şəxslərlə görüşlər keçirilərək, onların məşğulluq imkanları qiymətləndirilir və məşğulluqlarının təmin olunması üçün işəgötürənlərlə əməkdaşlıq şəraitində dəstək tədbirləri həyata keçirilir.
Həmin ərazilərə köçürülmüş şəxslərdən bu günədək artıq 1300-dən çox şəxsin məşğulluğu təmin edilib. Onlar əsasən tikinti-quraşdırma, istehsal, ictimai iaşə sahələrində işlə təmin olunublar. Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan vətəndaşlar üçün özünüməşğulluq proqramı üzrə yaradılan təsərrüfatların sayı isə artıq 36-ya çatıb.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə ilk əmək yarmarkaları olaraq Füzuli və Laçın şəhərlərində əmək yarmarkaları keçirilib, bu yarmarkalarda 32 işəgötürən üzrə 354 vakansiya təqdim edilib".
Peşə hazırlığı ilə bağlı təşkil edilən treninqlərə gəlincə isə qeyd edilib ki, bu gün Agentlik tərəfindən əmək bazarının tələblərinə cavab verən 175 istiqamət üzrə peşə hazırlığı həyata keçirilir:
"Kursların təşkili zamanı isə işəgötürənlərlə əməkdaşlıq edilir. Onların kadrlara olan tələbatları öyrənilir və buna uyğun hazırlıq kursları təşkil edilir. Eləcə də işğaldan azad olunan ərazilərdə Agentlik tərəfindən əsasən kənd təsərrüfatı, tikinti, turizm, sənaye və s. sahələr üzrə peşə hazırlığı kurslarının təşkili həyata keçirilir.
Artıq Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işləri də aparılır".
Agentliyin cavabında həmçinin bildirilib ki, 2026-cı ilə kimi işğaldan azad olunmuş ərazilər üzrə Nazirliyin xətti ilə ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlb edilməsi planlaşdırılır:
"İşğaldan azad olunan ərazilərimizdə aktiv məşğulluq proqramları davamlı olaraq genişlənəcəkdir".
Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müraciətdə deyilir:
"Kibercinayətkarlıqlarla üzləşməmək üçün vətəndaşlarımızı aşağıda qeyd edilənlərə riayət etməyə, internet resurslarında ayıq-sayıq olmağa çağırırıq.
- Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə;
- Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;
- İşə qəbul olunmağınızı əsas gətirərək guya “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;
- "Yüksək gəlirli onlayn iş imkanı" kimi zahirən cazibədar, sadə tapşırıqlar qarşılığında yüksək ödəniş vədlərinə etibar etməyin. Saxta sayt və ya hesablar üzərindən göndərilən iş təkliflərinə inanmayın. Üzvlük və ya başlanğıc üçün ödəniş etməyin;
- Xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;
- Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin;
- Sosial şəbəkələrdə keçirilən yarışların qalibi olduğunuz, o cümlədən hədiyyə qazanmağınız barədə mesaj alsanız hədiyyənin çatdırılması (karqo) üçün ödəniş etməyin;
- “Haker”, “baxıcı”, “faizə pul”, “profillərin izlənilməsi” və bu kimi digər səhifələrə müraciət etməyin, hesablarına pul köçürməyin;
- Saytların domen adlarına diqqət edin. Məşhur şirkətlərin domen adlarına bənzər fişinq məqsədləri üçün yaradılmış saytlara qarşı diqqətli olun;
- Sosial şəbəkələrdəki tanımadığınız, etibar etmədiyiniz səhifələrdən alış-veriş etməyin".
Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in “102” Xidmətinə və Nazirliyin sosial şəbəkə hesablarına müraciət etmək tövsiyə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi qarlı havaların yollarda yaratdığı çətinliklərlə bağlı məlumat yayıb.
İdarədən daxil olan məlumatda deyilir:
“Bir neçə gün davam edən qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, dağlıq və dağətiyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin sürüşmə ehtimalını dəfələrlə artırıb.
Hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür.
Bununla yanaşı Baş DYP İdarəsi bir daha sürücülərə müraciət edərək, onlardan yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir”.
Bir neçə gündən sonra pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. Pensiyaların indeksləşdirilərək artırılması yanvar ayından hesablanacaq və bu ayın artımı gələn ayın artımı ilə birlikdə ödəniləcək.
Bəs, bu ilin yanvar ayında pensiyaya çıxanların da pensiya məbləğləri artırılacaqmı?
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, “Əmək Pensiyaları” haqqına Qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. Ötən ilin yekun əməkhaqqı artımının 11%-ə yaxın olacağı gözlənilir:
"Bəzi vətəndaşlarımız yanvar ayı ərzində pensiyaya çıxıblar və artıq onlar da pensiya alırlar. Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2023-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır".
"Bu isə o deməkdir ki, yanvar ayında pensiya hüququ qazanan pensiyaçılarımızın pensiya məbləğləri gələn ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Bütövlükdə, bu il ərzində pensiyaya çıxan vətəndaşlarımızın pensiyası 2025-ci ildə indeksləşdiriləcək. O zaman bu il ərzindəki orta aylıq əmək haqqındakı artım faizi nəzərə alınmaqla artımlar həyata keçiriləcək. Bu ilki indeksləşdirmə isə bu ilin yanvarın 1-dək pensiya hüququ qazananlara şamil olunacaq", - deyə millət vəkili əlavə edib.
İllərdir həllini tapmayan sənədsiz evlər məsələsi yenidən gündəmdədir.
Bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev açıqlama verib.
O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir.
Dövlət Xidmətinin rəisi Mətin Eynullayev həmçinin fevral ayı ərzində Xankəndidə 40-a yaxın ictimai obyektin açılacağını bildirdi.
Qeyd edək ki, Qarabağda ümumilikdə torpaq sahəsinin ayrılması ilə bağlı 11 min hektara yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib.