"Cənubi Kipr "Hizbullah"ın hədəfi olacaq" - Yeni gərginlik ocağı yaranır?

Son günlər Böyük Britaniya Kral Donanmasının amfibiya hücum gəmilərinin Cənubi Kipr sahillərinə yaxınlaşdığı və bu ölkədə əsas hərbi bazası olan Akrotiri və Dekeliyada 1 000-dən çox komandosunu hazır vəziyyətdə saxladığı gündəmə gəlib. Məlumat üçün əvvəlcə onu qeyd edək ki, Akrotiri və Dekeliya Suveren Baza Əraziləri Kipr adasında yerləşən Böyük Britaniyanın dəniz ərazisidir. İngilis hərbi bazaları və qurğuları, habelə digər torpaqlar daxil olan ərazilər Birləşmiş Krallıq, Yunanıstan, Türkiyə, Cənubi Kipr və Şimali Kipr nümayəndələri tərəfindən 1906-cı ildə imzalanan müqaviləyə əsasən ingilislərin nəzarətinə verilib. Ərazi elektron kəşfiyyat üçün stansiya kimi mühüm rol oynayır və Aralıq dənizi və Yaxın Şərqdə Birləşmiş Krallığın müşahidə toplama şəbəkəsinin mühüm strateji hissəsini təmin edir.

Məsələnin digər tərəfi isə Böyük Britaniya Kral Donanmasının amfibiya hücum gəmiləri ilə yanaşı, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus amfibiya hücum gəmisinin də Cənubi Kiprin Limassol limanında lövbər salmasıdır. Şimali Kipr Türk Respublikası rəhbərliyi sözügedən məsələyə münasibət bildirərək iddiaların həqiqətə uyğun olduğunu deyib.

Baş verənləri Oxu.Az-a şərh edən türkiyəli politoloq Engin Özerin qənaətinə görə, Cənubi Kipr ingilis donanmasının Aralıq dənizindəki kəşfiyyat mərkəzlərindən biridir:

"Bu məsələ ələlxüsus İsrailin Fələstində həyata keçirdiyi əməliyyatlar fonunda Cənubi Kiprin kəşfiyyat məlumatlarını Təl-Əvivlə paylaşmasından sonra daha çox gündəmə gəlib. Hətta buna görə Livanın hərbiləşdirilmiş "Hizbullah" təşkilatı da bəyanat yayaraq mümkün İsrail-"Hizbullah" qarşıdurmasında İngiltərənin Cənubi Kiprdəki obyektləri və hərbi birləşmələrinin hədəf olacağını bildirib".

"Böyük Britaniyanın sözügedən regiondakı hərəkətlənməsi öz maraqları kontekstində başadüşüləndir. Aralıq dənizində sualtı qayıqların sayının artması da bu maraqlardan qaynaqlanır. Bundan başqa, İsrail Livanda dövlət çevrilişinə cəhd etsə, yəqin ki, Britaniya hərbçiləri də Livandakı əməliyyata dəstək verəcəklər. Bu isə o deməkdir ki, İsrail-Livan müharibəsi başlayarsa, Cənubi Kipr "Hizbullah"ın hədəfi olacaq. Üstəlik, Britaniya hərbçilərinin vurulması ehtimalı da istisna deyil", - deyə ekspert vurğulayıb.

Analitik Şimali Kipr Türk Respublikası siyasətinin Türkiyə ilə eyni olduğuna da diqqət çəkib:

"Türkiyə regiondakı mövcud situasiyadan narahatdır. Ona görə də Ankara Yaxın Şərqdə istənilən əməliyyatın əleyhinədir və problemlərin həllində diplomatiyadan istifadənin daha çox tərəfdarıdır. Buna görə də proseslərin şəxsən Türkiyəyə mənfi təsir edəcəyini düşünmürəm".

Türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan isə Oxu.Az-a açıqlamasında Aralıq dənizindəki aktivliyin ötən ilin 7 oktyabrından sonra artdığını bildirib:

"Biz Cənubi Kiprdə həm Britaniya hərbi bazalarının artdığını, həm də Amerika Birləşmiş Ştatlarının müdaxiləsinin intensivləşdiyini müşahidə edirik. Hətta ABŞ bu yaxınlarda Cənubi Kiprdə yeni baza yaratmaq qərarına gəlib. İngiltərə bazalarının bu qədər aktiv olmasının bir səbəbi isə ABŞ-nin döyüş təyyarələri olan "F-22"lərin bölgəyə gəlməsidir. Düzdür, tərəflərin izahatı bu istiqamətdə olmasa da, ehtimallar bunun Britaniya bazalarının daha yaxşı texniki və logistika infrastrukturuna malik olmasına görə olduğunu deməyə əsas verir".

"Təbii ki, ABŞ-nin Aralıq dənizində Krit və digər yunan adalarına qədər uzanan möhkəmlənməsi Türkiyənin təhlükəsizliyi baxımından risk kimi qiymətləndirilir. Çünki ABŞ təkcə Yaxın Şərqdə deyil, Aralıq dənizində də hərbi mövcudluğunu artırır", - deyə ekspert əlavə edib.

Mövzu ilə bağlı Şimali Kipr Türk Respublikasının Prezident Administrasiyası Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Cənubi Kiprin Kipr adasını aparıcı ölkələrin hədəfinə çevirməsi narahatlıq doğurur:

"Biz dəfələrlə Cənubi Kipr prezidentini öz siyasi məqsədləri üçün bütün adanın təhlükəsizliyini riskə atmaqdan çəkindirməyə çalışmışıq. Çünki potensial təhlükə mərkəzinə çevrilə biləcək Kipr adasının ən azından neytrallığını qoruyub-saxlamalıyıq ki, burada yaşayan insanların asayişi pozulmasın. Lakin Cənubi Kipr atdığı addımlarla sülhün deyil, böhran və xaosun tərəfdarı olduğunu nümayiş etdirir, hətta mülki limanlardan hərbi məqsədlər üçün istifadə etməyə başlayan ölkələrin hərbi dayanacağı rolunu oynayır".

"ABŞ-nin təyyarədaşıyan gəmisinin Limassolda lövbər salması isə təkcə bizdə deyil, yunan xalqında da ciddi reaksiyalara səbəb olub. Məsələ ilə bağlı keçirilən son ictimai rəy sorğularında da yunanların əksəriyyəti liderlərinin atdığı məsuliyyətsiz addımlardan narahat olduğunu və onun adanı hədəfə çevirməsini heç vaxt dəstəkləmədiklərini bildiriblər. Çünki Cənubi Kipr və Yunanıstan rəhbərliyinin bütün adaya təsir edə biləcək məsələlərlə bağlı birtərəfli addım atmaq və ya qərar vermək səlahiyyəti yoxdur. Onların səlahiyyət və suverenliyi yalnız Cənubi Kiprdə keçərlidir", - deyə Şimali Kiprin Prezident Administrasiyasından vurğulanıb.

Zelenski: Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edirik

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edir.

"Report" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraicətində bildirib.

“Biz bu gün Kursk vilayətində yaxşı irəliləyiş əldə edirik. Öz strateji məqsədimizə nail oluruq”, - prezident deyib.

O qeyd edib ki, hökumət nümayəndələri ilə Kursk vilayətində Ukrayna hərbçilərinə dəstək məsələlərinə dair görüş keçirib.

"Ukraynanın qaydalara uyğun döyüşməsi vacibdir və bu ərazidə mövcud olan humanitar ehtiyaclar təmin edilməlidir", - Zelenski vurğulayıb.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirdiyini açıqlamışdı.

Ağ Ev Ankaraya qarşı "qara zərbə" hazırlayır: ABŞ Türkiyə ilə NATO üzrə müttəfiqliyi sabotaj edir

ABŞ Türkiyəni növbəti dəfə arxadan vurmaq niyyətinə düşüb, rəsmi Ankara Ağ Evin məkrli planlarından məlumatlıdır... Türkiyənin sərt reaksiyası ABŞ-la münasibətləri tamamilə korlaya bilər və bütün siyasi məsuliyyət birbaşa Ağ Evin üzərinə düşəcək...
Türkiyə və ABŞ arasında mövcud olan qarşılıqlı münasibətlər kifayət qədər qəliz məzmun və keyfiyyətə malikdir. Belə ki, əslində, Türkiyə və ABŞ arasında müttəfiqlik anlaşmaları mövcuddur. Üstəlik, bu iki dövlət həm də NATO çərçivəsində müttəfiqlik öhdəliklərinə malikdirlər. Eyni zamanda, həm Türkiyə, həm də ABŞ NATO daxilində ən güclü orduya malik iki dövlət olaraq, bu hərbi-siyasi alyansda avanqard siyasi iradə mərkəzi rolunu da oynayırlar. Və bu baxımdan, Türkiyə-ABŞ münasibətlərinin beynəlxalq proseslərə birbaşa təsir göstərə biləcək önəmli qlobal faktor olduğu da qətiyyən şübhə doğurmur.

Ancaq hazırda bu qlobal faktor doğru-düzgün təsir istiqamətlərindən çox-çox uzaqdır. Çünki Türkiyə və ABŞ-ın hərbi siyasi gücü qətiyyən ortaq beynəlxalq hədəfləri təmsil etmir. Əksinə, Türkiyə və ABŞ arasındakı müttəfiqlik münasibətləri kəskin rəqabətin önə çıxması ilə öz əhəmiyyətini itirə biləcək səviyyəyə enib. Üstəlik, bunun əsas səbəbkarı rolunda da məhz ABŞ çıxış edir. Və bu baxımdan, Türkiyə-ABŞ münasibətlərinin qopma həddində olmasına görə də elə məhz ABŞ siyasi məsuliyyət daşıyır.

Məsələ ondadır ki, rəsmi Ankara və Ağ Ev arasında kəskin ziddiyyətlər mövcuddur. Son illərdə isə ardıcıl maraq toqquşmaları bu ziddiyyətləri daha da dərinləşdirib. Ağ Ev rəsmi Ankaranın ABŞ-dan gələn təlimatlarla hərbi-siyasi qərarlar qəbul etməsini istəyir. Rəsmi Ankara isə 2000-ci illərin əvvəllərindən başlayaraq, Türkiyənin qlobal gücə çevrilməsi istiqamətində prinsipial addımlar atmaqda davam edir. Və Türkiyənin bu istiqamətdə qazandığı böyük uğurlar Ağ Evi nəinki məmnun etmir, əksinə, narahat edir.

Təbii ki, ABŞ və Türkiyə arasında hələ də həllini tapmamış "S-400" böhranı da elə Ağ Evin narahatlığından qaynaqlanan problem olaraq, qalmaqdadır. Belə ki, Türkiyə və ABŞ arasında "F-35" savaş təyyarələrinin ortaq istehsalı və satışı barədə rəsmi anlaşma mövcuddur. Ancaq Türkiyənin davamlı olaraq, güclənməsindən narahat olan ABŞ bu anlaşmanın icrasından yayınmağa çalışır. Yəni, Türkiyənin ehtiyacı olan "F-35" döyüş təyyarələrini bu ölkəyə satmaqdan imtina edir. Halbuki, rəsmi Ankara ortaq istehsal və idxal anlaşmasının şərtlərinə uyğun olaraq, satın alacağı "F-35"lərin dəyərini ABŞ-a artıq çoxdan ödəyib. Və hələ də nə döyüş təyyarələrini idxal edə, nə parasını geri ala bilmir.

Təbii ki, buna cavab olaraq, rəsmi Ankara Türkiyənin hava hücumundan müdafiə sisteminin ehtiyacı olduğu üçün Rusiyadan "S-400" zenit-raket kompleksləri alıb. Həmin vaxtdan üzübəri Ağ Ev rəsmi Ankaranı NATO standartlarına uyğun olmayan silah növü almaqda ittiham edir və bunun yolverilməz olduğunu bəyanlayır. Halbuki, rəsmi Ankara "S-400"lərin NATO analoqu olan "Patriot"ların alınmasına çalışsa da, bu silahın Türkiyəyə satılmasından imtina olunmuşdu. Digər tərəfdən, Türkiyə kimi, NATO üzvü olan Yunanıstan ordusunun arsenalında artıq uzun müddətdən bəri "S-300"lər mövcuddur. Və nə qədər qəribə də olsa, Ağ Ev Yunanıstana münasibətdə NATO standartlarını xatırlatmağa qətiyyən ehtiyac duymur.

Belə anlaşılır ki, Yunanıstana "S-300"lərin idxalı sərbəstdir, yalnız Türkiyənin "S-400"lərinə münasibətdə NATO standartları yada düşür. Üstəlik, Türkiyəyə NATO standartlarına uyğun olan "Patriot"ları da satmaq niyyətləri yoxdur. Ancaq ABŞ Türkiyə ilə ciddi hərbi-siyasi ziddiyyətləri olan Yunanıstana "F-35" döyüş təyyarələrini də satmaqda davam edir. Və bütün bunlar ABŞ-ın Türkiyəyə münasibətdə müttəfiqlik öhdəliklərinə əhəmiyyət vermədiyini birmənalı şəkildə təsdiqləyir.

Halbuki, Ağ Evin Türkiyə ilə müttəfiqlik münasibətlərinə sadiq olmadığını sübuta yetirən daha ciddi məqamlar da olmamış deyil. Belə ki, Türkiyə müasir dünyada beynəlxalq terrorizmdən ən çox zərbə alan dövlət hesab edilir. Hər halda, PKK terror təşkilatı onilliklər boyu Türkiyə ərazisində xaos yaratmaq üçün ardıcıl qanlı cinayətlər törədib. Üstəlik, o da məlumdur ki, PKK terror təşkilatının beynəlxalq himayədarları və sponsorları sırasında Türkiyənin NATO üzrə müvafiqləri də var. Halbuki, NATO Türkiyəyə PKK terror təşkilatı ilə mübarizədə fəal dəstək verməyə borcludur.

Ancaq bütün bunlara baxmayaraq, Ağ Ev Suriya ərazisindən Türkiyəyə qarşı ardıcıl terror hücumları edən PKK/PYD-ni ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqləri sırasına daxil edib. Yəni, Türkiyəyə qarşı terror aktları törədən bir cinayətkar qruplaşma ABŞ-ın müttəfiqidir. Ağ Ev PKK/PYD-ni müasir hərbi texnika və silah-sursatla təchiz edir. ABŞ hərbi mütəxəssisləri PKK üzvlərinə təlim keçirlər. Bu isə o deməkdir ki, PKK/PYD-nin Türkiyəyə qarşı törətdiyi terror cinayətlərinə əslində, elə ABŞ da ortaqdır və birbaşa siyasi məsuliyyət daşıyır. Və bu baxımdan, rəsmi Ankaranın Ağ Evi beynəlxalq terrorizmi dəstəkləməkdə qınaması qətiyyən yersiz deyil.

Maraqlıdır ki, Ağ Evin rəsmi Ankaraya qarşı PKK-dan istifadə etməyə çalışdığı hətta ABŞ hərbçiləri tərəfindən belə, etiraf olunur. Belə ki, amerikalı hərbi ekspert, ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor bu barədə bəzi məlumatları ictimailəşdirib. Onun iddialarına görə, rəsmi Ankaranın NATO üzrə müttəfiqi olan ABŞ PKK/PYD terror qruplaşmasını Türkiyəyə qarşı hücuma hazırlayır. Amerikalı hərbi ekspert onu da vurğulayıb ki, Türkiyədə ABŞ-ın bu xəyanətkar davranışları barədə məlumatlıdırlar və məyus olduqlarını da qətiyyən gizlətmirlər. Və onun fikrincə, ABŞ bundan əvvəl də PKK-dan Türkiyəyə qarşı dəfələrlə istifadə etdiyi üçün rəsmi Ankara əslində, gözlənilməz situasiya ilə üzləşməyib.

Belə anlaşılır ki, Ağ Ev Türkiyəni növbəti dəfə arxadan vurmaq niyyətinə düşüb. Rəsmi Ankaranın bütün bunlardan məlumatlı olduğunu nəzərə alsaq, ABŞ-ın davranışlarının cavabsız qalmayacağını da düşünmək olar. Üstəlik, rəsmi Ankara PKK terror təşkilatına qarşı qətiyyətli mübarizə mövqeyində olduğundan Türkiyənin cavab reaksiyası ABŞ-la münasibətləri tamamilə korlaya da bilər. Və əgər, bu, baş verərsə, siyasi məsuliyyət birbaşa ABŞ-ın üzərinə düşəcək.(Yeni Müsavat)

Ukraynanın Rusiyaya qarşı PUA "qasırğası"

Ukrayna ordusu avqustun 14-nə keçən gecə Rusiya ərazisinə kütləvi PUA hücumu edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Ukrayna tərəfinə məxsus 117 PUA-nı və 4 “Toçka-U” taktiki raketini zərərsizləşdirib.

PUA və taktiki raketlər əsasən Kursk, Voronej, Belqorod, Nijni Novqorod, Volqoqrad, Bryansk, Oryol və Rostov vilayətlərinə atılıb.

Tramp yenidən prezident seçilərsə... - Bayden

Donald Tramp yenidən prezident seçilərsə, onun andiçmə mərasimində iştirak edəcəm.

Bu barədə ABŞ Prezidenti Co Bayden jurnalistlərin sualına cavabında deyib.

“Mən onun kimi deyiləm, daha yaxşı maneralara malikəm”, - deyə Bayden bildirib.

Qeyd edək ki, Donald Tramp 2021-ci ildə Co Baydenin andiçmə mərasiminə qatılmayıb.(axar.az)

Tehranda növbəti sui-qəsd - SEPAH komandiri öldürüldü

İsrailin İranın paytaxtı Tehranda HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qətlə yetirməsinin əks-sədası bütün dünyada davam edərkən Tehranda daha bir dəhşətli sui-qəsd törədilib.

Tehranda növbəti sui-qəsd qurbanı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat komandanı Bəhmən Mərəndi olub.

SEPAH-ın kəşfiyyat komandanı Bəhmən Mərəndi şəxsiyyəti məlum olmayan şəxslərin idarə etdiyi avtomobillə vurularaq öldürülüb.

Hadisə ilə bağlı İran tərəfi hələlik heç bir açıqlama verməyib.

Digər tərəfdən, İranın Haniyənin öldürülməsinə görə İsraildən qisas alacağı gözlənildiyi halda, Tehranda yüksək səviyyəli kəşfiyyat komandirinin öldürülməsi sosial mediada tənqidlərə səbəb olub.

Ukrayna münaqişəsi erməni xalqı üçün dərs olmalıdır - İranlı diplomat

Üçüncü dövlətlər Ermənistanı geosiyasi döyüş meydanına çevirməyə çalışırlar.

Bunu İranın Qafandakı baş konsulu Morteza Abedin Varamin "Sputnik Ermənistan"a müsahibəsində deyib.

İki ölkə arasındakı dostluq münasibətlərinin tarixi kökləri olduğunu qeyd edən iranlı diplomat bildirib ki, dünyada ölkələr və liderlər arasında onlardakı kimi sıx dialoqun nümunələri çox azdır: "Bu, Ermənistanın bizim üçün əhəmiyyətini göstərir".

İranın yeni rəhbərliyinin Ermənistana münasibətinə gəldikdə isə iranlı diplomat deyib: "İran qanunvericiliyi elə qurulub ki, prezidentin dəyişməsi heç nəyi dəyişməyəcək. Prezident Pezeşkian və cənab Paşinyan da söhbət zamanı bu mövzuya toxundular".

İran-İsrail eskalasiyası, Yaxın Şərqdə böyük müharibə təhlükəsinin İranın Cənubi Qafqaza diqqətinin zəifləməsinə gəldikdə isə konsul bildirib ki, müxtəlif ölkələr İranın diqqətini yayındırmağa çalışırlar. "Üstəlik, elə ölkələr var ki, bu regiondan minlərlə kilometr aralıda yerləşsələr də, yerli proseslərə müdaxilə edərək Ermənistanı strateji qarşıdurma zonasına çevirməyə çalışırlar. Bu ölkələr və bu insanlar burada olmamalıdır. Xamenei düşmənlərin olduğunu deyəndə bunu da nəzərdə tuturdu.

Biz bu ölkələrə deyirik ki, Ermənistana işinə qarışmayın, imkan verin öz yolu ilə getsin. Heç kim Ermənistana kiminlə dostluq qurmalı və kiminlə dostluq etməməli olduğunu deməməlidir. Ermənistan isə öz yolu ilə getməlidir. Ukrayna münaqişəsi həqiqətən də erməni xalqı üçün bir növ dərs olmalıdır", - o qeyd edib.

Ağ Evdən Türkiyəyə dəstək və təşəkkür bəyanatı

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla HƏMAS-ın avqustun 15-də Qəzzada dərhal və davamlı atəşkəsə nail olmaq və bütün girovların azad edilməsini təmin etmək üçün çərçivəni yekunlaşdırmaq üçün danışıqlara qayıtmasının əhəmiyyətindən danışıb.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patelin bəyanatında deyilir.

“Dövlət katibi Blinken avqustun 1-də saxlanılan ABŞ vətəndaşlarının azadlığının təmin edilməsində tərəfdaşlığına və Qəzza zolağında atəşkəs danışıqlarının bərpasına çağıran ABŞ-Misir-Qətər birgə bəyanatına verdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib", -bəyanatda deyilir.

Həmçinin qeyd edilir ki, ABŞ dövlət katibi və Türkiyə xarici işlər naziri ölkə daxilində tezliklə Sudanda zorakılığa son qoyulmasının aktuallığını və avqustun 14-də Sudan Silahlı Qüvvələri ilə Çevik Hücum Qüvvələrinin İsveçrədə baş tutacaq danışıqların vacibliyini müzakirə ediblər.

"Dövlət katibi Blinken həmçinin Türkiyənin Efiopiya və Somali arasındakı münasibətlərdə vasitəçiliyinə dəstəyini ifadə edib", - ABŞ Dövlət Departamentinin sözçüsü açıqlamasında deyilir.

Ermənistana silah daşıyan ABŞ təyyarələrinin görüntüləri - VİDEO

Avqustun 2-i və 3-də ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsi İrəvanın Zavrtnots hava limanına enib.

Bu barədə avqustun əvvəllərində "Caliber" eksklüziv məlumat yayıb. Eyniadlı "YouTube" kanalında bu axşam yayımlanan süjetdə isə həmin təyyarələrin görüntüləri əks olunub.

Bildirilib ki, "Boing C17" təyyarələri hərbi yüklə yanaşı Ermənistana ABŞ ordusunun şəxsi heyətini də gətirib. Hərbçilərin çoxu ABŞ Silahlı Qüvvələrində xidmət edən erməni əsilli şəxslərdir. Diqqəti cəlb etməmək üçün onlar Ermənistan ordusunun geyimləri ilə təchiz olunublar.

Daha ətraflı "Caliber"in yeni videomaterialında:

Donald Tramp bir ildən sonra ilk dəfə “X”da paylaşım edib

ABŞ-ın keçmiş prezidenti və bu posta yenidən namizəd olan Donald Tramp bir ildən sonra ilk dəfə “X” sosial şəbəkəsində paylaşım edib.

“Report” xəbər verir ki, o, təşviqat kampaniyası ilə bağlı video paylaşıb.

Qeyd edək ki, onun platformanın sahibi İlon Maskla müsahibəsi gözlənilir.

Xatırladaq ki, Donald Trampın "X"dakı səhifəsi 2022-ci ildə sahibkar İlon Maskın siyasətçinin bu sosial şəbəkədəki hesabının blokdan çıxarılmasını elan etməsindən dərhal sonra bərpa olunub.

Xəbər lenti