![]() |
|
Çində çəkisi təxminən 17 min ton olan dünyanın ən böyük dəniz neft-qaz platformasının tikintisi başa çatıb.
Qaynarinfo CGTN-yə istinadən xəbər verir ki, platforma avqustun 12-də 34 aylıq tikintidən sonra rəsmi olaraq Çinin şərqindəki Şandun əyalətinin Qingdao şəhərinə təhvil verilib.
Bu ayın sonunda platforma böyük bir yük gəmisi ilə Səudiyyə Ərəbistanı sularında 6400 dəniz mili uzaqlıqda yerləşən quraşdırma yerinə daşınacaq. Platforma ilk növbədə dənizdə neft və qazın toplanması və emal üçün quruya daşınmasına cavabdehdir. O, boru kəmərlərinin təmizlənməsi, kimyəvi emal və performans monitorinqi üçün böyük manifoldlar kimi mürəkkəb avadanlıqdan ibarətdir.
Göyərtənin sahəsi 15 standart basketbol meydançasına bərabərdir və platformanın hündürlüyü 24 mərtəbəli yaşayış binasının hündürlüyünü üstələyir. Nəhəng struktur hər il 24 milyon ton xam neft və 7,4 milyard kubmetr qaz toplayıb nəql edə bilir. Platformanın miqyası, boru kəmərlərinin növləri və ölçüləri və sistemin mürəkkəbliyi oxşar qurğular arasında rekord qırır.
Platforma Mərcan neft yatağına hasilatı artırmağa kömək etmək üçün Səudiyyə Ərəbistanı sularında quraşdırılacaq. Mərcan neft yatağı tam istismara verildikdən sonra illik xam neft hasilatı 24 milyon tona çatacaq.
ABŞ hökuməti Venesuela Prezidenti Nikolas Maduroya vəzifədən getməsi qarşılığında təklif irəli sürüb.
Bu barədə “Wall Street Journal (WSJ)” qəzeti Ağ Evdəki etibarlı mənbələrinə istinadla yazıb.
Qeyd olunub ki, ABŞ Maduro və hökumətinə onlara qarşı irəli sürülən ittihamların bağışlanmasını təklif edib.
Qəzetə danışan mənbələrdən biri bildirib ki, Maduro və yüksək rütbəli hökumət rəsmilər gələcəkdə mühakimə olunacağı təqdirdə Venesueladan ekstradisiyaları tələb edilməyəcək.
Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Seçki Şurasının açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20% səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.
İyulun 29-da bəyanatla çıxış edən müxalifət saxta olduğunu iddia edib.
Ukraynanın paytaxtı Kiyevdə energetika nazirinin müavini Aleksandr Xeylo saxlanılıb.
“Qafqazinfo” Strana.ua-ya istinadən xəbər verir ki, bu barədə Milli Antikorrupsiya Bürosu məlumat yayıb.
O, yarım milyon dollar məbləğində rüşvət alarkən yaxalanıb.
Nazirlər Kabinetinin qərarı ilə isə Aleksandr Xeylo tutduğu vəzifədən azad olunub.
Hadisə yerindən görüntüləri təqdim edirik:
İstanbulun Arnavutköy səmtində küçənin ortasında 35 yaşlı Serpil Gül 40 yaşlı əri Harun Gül tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Film kimi o dəhşətli cinayət hadisəsinin baş verməsi kənardakılar tərəfindən anbaan lentə alınıb.
Hadisə İstanbulu Arnavutköy ərazisində Taşoluk Məhəlləsi Eşlem küçəsində günorta saatlarında baş verib. Videodanda göründüyü kimi tərəflər arasındakı söhbət qızğın mübahisəyə və davaya dönür. Qadın kişinin əlindən qurtulub qaçarkən onu arxadan tapança ilə başından vurur. Haruh Gül daha sonra yerə yıxılıb can verən Serpilin başına iki dəfə atəş açır. Açılan atəş nəticəsində qadın yerindəcə həyatını itirir.
Sonradan hadisə yerinə polis və tibb işçiləri, həmçinin qətlə yetirilən Serpilin də yaxınları gəlir. Bu zaman baş verən dava da atəş səsləri də eşidilir. Serpilin yaxınları Haruna güllə atmaq istəyir. Lakin polis buna imkan vermir və hadisəni törədən Harun Gülü saxlayaraq bölməyə aparıb.
Serpil Gülün böyük qardaşı Cihan Yılmaz bildirib ki, hadisə planlaşdırılmış şəkildə həyata keçirilib. Onun sözlərinə görə, iki ildən artıqdır onlar ayrı yaşayır, boşanma ərəfəsində idilər. Harun Serpili övladları sünnət ediləcək deyərək onu aldadaraq çağırıb və orada da qətlə yetirib.
O eyni zamanda əlavə edib ki, günün günorta çağı küçənin ortasında qadını vəhşicəsinə qətlə yetirən Harun Gül 4-5 il həbs cəzası ilə məsələni bitirməyə çalışır, ona görə də başqalarına dərs olsun deyə, ona ağır cəza verilməlidir: “Dövlətimdən bu hadisənin həllini xahiş edirəm ki, başqa Serpillar gənc yaşda ölməsin”.
Pentaqon rəhbəri Lloyd Austin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında ABŞ-ın dəstəyini təsdiqləyib və Amerika qrupunun Yaxın Şərqdə güclənməsindən danışıb. O, idarə olunan raketlərlə təchiz edilmiş “Georgia” atom sualtı qayığının bölgəyə yerləşdirilməsinə göstəriş verib.
Pentaqon rəhbəri həmçinin "Abraham Linkoln" aviadaşıyıcısı ilə aviadaşıyan zərbə qrupunun Mərkəzi Komandanlığın məsuliyyət zonasına keçidinin sürətləndirilməsini əmr edib. Onun artıq regionda olan təyyarədaşıyıcı qrupunun "Teodor Ruzvelt" təyyarədaşıyıcı gəmisinin imkanlarını tamamlayacağı ehtimal olunur.
Amerikalı nazir daha əvvəl bildirilmişdi ki, təyyarədaşıyan "Abraham Linkoln" gəmisi "Teodor Ruzvelt" təyyarədaşıyıcı gəmisini əvəz edəcək.
Avropa diplomatiyasının rəhbəri Cosef Borrel İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qviri Qəzza zolağının əhalisinə yardımı dayandırmağa çağırdığına görə tənqid edib.
Borrel eyni zamanda israilli nazirə qarşı sanksiyalar tətbiq edilməsinin zəruriliyini qeyd edib.
“Bütün dünya Qəzzada atəşkəs üçün səy göstərərkən, nazir Ben-Qvir yanacaq tədarükünün və mülki şəxslərə yardımın kəsilməsinə çağırır... Bu, müharibə cinayətlərinə çağırışdır. Sanksiyalar Aİ-nin gündəmində olmalıdır”, - avropalı diplomat X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Rusiyanın Ukraynadan ilhaq etdiyi Avropanın ən böyük atom elektrik stansiyası (AES) olan Zaporojyada yanğın baş verib.
Xarici KİV xəbər verir ki, Rusiya Ukrayna ordusunun hücumu nəticəsində AES-də yanğın baş verdiyini açıqlayıb.
Ukraynanın hücumu nəticəsində Zaporojya AES-in soyutma sistemində yanğın baş verdiyi və stansiyanın fəaliyyəti ilə bağlı hər hansı təhlükənin olmadığı bildirilib.
Zaporojya vilayətinin qubernatoru Yevgeni Balitskiy elektrik stansiyasında və onun yerləşdiyi şəhərdə radiasiyanın normal səviyyədə olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Ukrayna Prezidenti Vladimir Zelenski isə yanğına görə Rusiya tərəfini ittiham edib.
Ukraynanın Nikopol vilayətinin Hərbi Administrasiyasının rəhbəri Yevgeni Yevtuşenko bildirib ki, elektrik stansiyasının ərazisində yanğın baş versə də, bu, Zaporojya AES-in fəaliyyətinə təhlükə yaratmayıb.
Ukrayna ərəfin rusların təxribat törətmək və panika yaratmaq məqsədilə yanğın törətdiyini bildirib.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojya AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Elektrik stansiyası 2022-ci ilin martında ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları olsa da, Ukrayna və Rusiya hücumlarda bir-birini günahlandırır.
Avqustun 12-nə keçən gecə Moskva yaxınlığındakı hərbi aerodromuna PUA hücumu olub.
Rusiya Teleqram kanallarının məlumatına görə, PUA-nın hədəfi Moskvadan 31 km şimal-şərqdə yerləşən "Çkalovski" hərbi aerodromu ola bilər. Kanallardan birinin məlumatına görə, PUA-lar aviabazanın ərazisində məhv edilib.
Şelkovo şəhərinin sakinləri bildiriblər ki, şəhərdə hava hücumu xəbərdarlığı səslənib.
UNIAN-ın verdiyi məlumata görə, Lipetsk vilayətindəki hərbi aerodrom ərazisində əvvəllər güclü partlayışlar eşidilib . Yanğınla əlaqədar yerli hakimiyyət orqanları dörd yaşayış məntəqəsinin sakinlərini təxliyə etməli olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Su-34, Su-35 və MiQ-31 təyyarələrinin yerləşdiyi Lipetsk hərbi aerodromuna hücumu təsdiqləyib.
Hərbçilər bildiriblər ki, hücum zamanı onlar idarə olunan bombalarla anbarları və hava limanı ərazisindəki bir sıra digər obyektləri vura biliblər.
“Kurska hücum Putin rejiminin fəlakətə doğru irəliləməsinin ilk addımı idi”.
Bunu rusiyalı politoloq Dmitri Oreşkin deyib.
“Putin rejiminin ideologiyası budur: “O, bizi qoruyan yeganə şəxsdir”. İndi aydın olur ki, o, yalnız özünü və siyasi ambisiyalarını qoruyur. Bu fikir artıq Rusiyanın ictimai fikrində özünə yer etməyə başlayır. Hətta hökumətin blogerləri belə soruşurlar ki, KTMT qoşunları haradadır?
İnsanları öyrədirdilər ki, biz İkinci Dünya müharibəsində qalib gəlmişik və indi də qalib gələcəyik. Əslində isə belə deyil. Ona görə ki, müharibədə biz yox, antihitler koalisiyası qalib gəlmişdi. Ora isə ABŞ da daxil olmaqla 20 ölkə üzv idi. İndi isə qalib gəlmək alınmayanda ictimai fikir günahkar axtarır”, – o bildirib.
Oreşkinin sözlərinə görə, Rusiya dövləti fəlakətlə üz-üzə qala bilər:
“Bütün sərkərdələr görürlər ki, çeçenlər döyüşmürlər. Onlar əsgərləri geridə qoyub qaçırlar. Niyə? Çünki Ramzan Kadırov onları Putindən sonrakı vətəndaş müharibəsində iştirak üçün qoruyur. Bu, Rusiyanın ərazisinin bölünməyə başlamasının göstəricisidir. Putin nə vaxtsa yox olacaq, bu uşaqlar isə qalıb döyüşəcəklər ki, kimin başçı olduğunu aydınlaşdırsınlar. Situasiya 1915-1916-cı illərə yaxındır”. (globalinfo.az)
Son 24 saat ərzində 8 mindən çox insan Kursk vilayətinin sərhəd rayonlarını tərk edib.
APA bildirir ki, bu barədə bazar günü Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.
Məlumata görə, müvəqqəti yerləşdirmə mərkəzlərində 6 minə yaxın insan var. Onlarla Rusiya Fövqəladə Hallar Nazirliyinin Təcili Psixoloji Yardım Mərkəzinin və agentliyin regional şöbəsinin mütəxəssisləri işləyir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional əməliyyat qərargahındakı rəsmi nümayəndəsi Kurskda keçirilən brifinqdə qeyd edib ki, sərhəd sakinləri "müstəqil və mütəşəkkil kolonnalarda" oradan ayrılıblar. Onun sözlərinə görə, bölgəyə davamlı olaraq humanitar yardımlar daxil olur: Rusiya Fövqəladə Hallar Nazirliyinin növbəti kolonnaları dünən gecə gəlib: "Bu gün daha beş humanitar yardım karvanının gəlməsi planlaşdırılır ki, onlar çadırlar, yataq dəstləri, həmçinin müvəqqəti yerləşdirmə məntəqələri üçün lazım olan digər avadanlıqlardır".