Çin lideri Makronu belə alçaldıb

Çin Prezidenti Si Szinpin Parisdəki görüş zamanı Fransa lideri Emmanuel Makronu alçaldıb.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Fransa “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippot X sosial şəbəkəsində çıxış edib.

O bildirib ki, Çin prezidenti Fransaya səfəri zamanı Emmanuel Makrona məhəl qoymayıb və Avropa Komissiyasının (AK) Prezidenti Ursula von der Leyenlə daha çox ünsiyyət quraraq onu alçaldıb.

“Makron alçaldıldı və məsxərəyə qoyuldu. O, Ursula fon der Leyeni ölkəyə dəvət etməklə öz tabeçilik mövqeyini sərgilədi. Çin lideri isə əsl rəhbərin kim olduğunu müəyyənləşdirdi və onunla daha çox ünsiyyət qurdu. Nəticədə Makrona məhəl qoymadı”, – deyə Filippot vurğulayıb.

Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!

Çinin Böyük Britaniyanın Müdafiə Nazirliyinə qarşı kiberhücumlarda iştirakı ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bu barədə Çinin Londondakı səfirliyinin bəyanatında deyilir.

"Britaniya mətbuatının sözügedən ittihamı uydurma və qərəzli böhtandan başqa bir şey deyil. Bu, son dərəcə absurd və aciz ittihamdır. Biz bu böhtanı qətiyyətlə pisləyirik. Çin hər zaman qanun çərçivəsində kiberhücumlarla mübarizə aparıb. Siyasi motivlərə görə Çinə qarşı hər hansı əsassız ittihamlara qəti şəkildə qarşıyıq. Biz Britaniya tərəfini dezinformasiya yaymağı dayandırmağa və bu səhnələşdirilmiş siyasi oyuna son qoymağa çağırırıq”, - deyə bildirilib.

Qeyd edək ki, “Skay Nyus” çinli hakerlərin Britaniya Müdafiə Nazirliyinin rəsmi saytına kiberhücum təşkil etməsi barədə məlumat yaymışdı.

Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır

Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır.

“Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

O, rusların bu sosial şəbəkədə sistemli işə başladıqlarını, platformadan uğurla istifadə etdiklərini qeyd edib:

“Zelenskinin prezidentliyinin legitimliyini şübhə altına almaq və ukraynalıların mənəviyyatını sarsıtmaq üçün sosial şəbəkədən istifadəni genişləndirirlər”, - o deyib.

Qəzzada həftələrdir davam edən intensiv diplomatik fəaliyyətlər nəticəsində atəşkəs əldə olunmasa, faciə baş verəcək.

Bunu BMT Baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlamasında deyib.

Baş katib Yaxın Şərqdə davam edən müharibənin pik həddə çatmasından dərin narahalığını bildirib:

"İsrail Müdafiə Qüvvələrinin Rəfahda yenidən hərbi fəaliyyət göstərməsi məni narahat edir. Rəfah Qəzzada humanitar əməliyyatların mərkəzidir. Həm Rəfah, həm də Şalom keçidlərinin bağlanması onsuz da ağır olan humanitar vəziyyəti daha da çətinləşdirir".

A.Quttereş tərəfləri danışıqlara çağırıb: "Beynəlxalq humanitar hüquqa hər iki tərəf hörmət etməlidir, mülki şəxslər müdafiə olunmalıdır. Qan tökülməsi dayandırlmalı, girovlar azad olunmalıdır. Qəzza xalqının, girovların və onların ailələrinin dözülməz iztirablarını dayandırmaq üçün İsrail hökuməti ilə HƏMAS rəhbərliyi arasında razılaşma vacibdir. Bir daha hər iki tərəfə müraciət edirəm ki, siyasi cəsarət göstərsinlər və razılaşmanın əldə olunması üçün səylərini əsirgəməsinlər".

Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏAzərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya-demarkasiya üzrə komissiyaların razılaşmasına əsasən Qazaxla Tavuş istiqamətində sərhədlərin dəqiqləşdirilməsi prosesi davam edir. Qazaxın işğalda olan 4 kəndinin qaytarılması və demarkasiya işləri üçün sərhəd erməni istehkamçılar tərəfindən minalardan təmizlənir. Artıq 45 sərhəd dirəyinin quraşdırılması da həyata keçirilib.

Sözügedən proseslə paralel olaraq Ermənistanda delimitasiya-demarkasiya işlərinə və Qazaxın işğaldakı kəndlərinin qaytarılmasına qarşı etiraz aksiyaları keçirilir. Erməni müxalifətinin və Qriqoriyan Kilsəsinin təşkilatçılığı ilə sərhəd kəndlərdə yaşayan ermənilər aksiyalar keçirirlər, yolları bağlayırlar. Etiraz aksiyaları Ermənistanda kütləvi hal almasa da, miqyasın böyüyə biləcəyi və bunun sərhədlərin dəqiqləşməsi prosesinə mənfi təsir edə biləcəyi ehtimalı var.

Hərbi-siyasi ekspert Elxan Şıxəliyev isə etirazların kəndlərin qaytarılması prosesinə ciddi təsir etməyəcəyi qənaətindədir. Şıxəliyev AYNA-ya müsahibəsində deyib ki, Ermənistanın delimitasiya-demarkasiyada qərarlı olması barədə Baş nazir Nikol Paşinyan bir neçə dəfə bəyanat verib:

- Baş verən proseslər də məhz bununla bağlıdır, konkret desək, kəndlərin qaytarılmasına görədir. Əslində erməni müxalifəti də, kilsə də kəndlərin Azərbaycana qaytarılması prosesindən Paşinyana qarşı silah kimi istifadə edir. Niyyət odur ki, etirazlar geniş vüsət alsın, qarşısıalınmaz proseslər baş versin və nəticədə Paşinyan devrilsin. Baş verənlərdə həm daxili, həm də xarici qüvvələrin maraqları var.

- Ermənistandakı etirazlar kəndlərin qaytarılması və delimitasiya-demarkasiya prosesini poza bilərmi?

- Bu aksiyalar kəndlərin Azərbaycana qaytarılması prosesinə hansısa təsir göstərməyəcək. Rəsmi İrəvanın 4 kəndi Azərbaycana qaytarmaqda qərarlı olduğunu müşahidə edirik. Faktiki olaraq sərhəd dirəkləri basdırılıb, minatəmizləmə işləri aparılıb. Eyni zamanda, Ermənistan DİN-in xüsusi təyinatlıları əraziyə yeridilib. Onlar əsasən aksiyanın qarşısını almaq, bağlanan yolların açılmasını təmin etmək və minatəmizləməyə etirazçıların müdaxiləsinin qarşısını almaq funksiyasını həyata keçirirlər.

Ciddi proses getməkdədir ki, bunun qarşısının alınması mümkünsüz görünür. Delimitasiya-demarkasiya işlərinin davam etməsi, 45 sərhəd dirəyinin artıq basdırılması onu göstərir ki, qoyulan vaxtadək proseslər yekunlaşsın. Eyni zamanda, Paşinyan bildirdi ki, narazı kütlə istəsə də, istəməsə də, bu proses bitirilməlidir. Demək istəyir ki, əgər kəndlər Azərbaycana qaytarılmasa, vəziyyət Ermənistan üçün heç də yaxşı deyil.

- Hansı mənada yaxşı deyil?

- Əgər Ermənistan tərəfi kəndlərin qaytarılması ilə bağlı komissiyaların razılaşmasını yerinə yetirməsə, o zaman Azərbaycan tərəfi bunu birtərəfli qaydada həll edəcək. Bunun üçün Azərbaycanın hüquqi əsası var. Həmin kəndlər Azərbaycana aiddir və işğaldan azad edilməlidir. Xoşluqla olmasa, dinc yolla qaytarmasalar, o zaman hərbi variant gündəmə gəlir ki, Paşinyanın etirazçılara dediyi də məhz budur.

Hətta Paşinyan bir neçə dəfə Tavuşa gəlib, orada sərhəd kəndlərinin sakinləri ilə görüşüb, onlara İrəvanın mövqeyini çatdırıb. Görüşlərdə Paşinyan kənd sakinlərini xəbərdar edib ki, ya Azərbaycana aid kəndlər qaytarılmalıdır, ya da ki, hərbi vəziyyət yaranacaq.

- Bu halda, etirazların yenə də davam etməsi qorxmamaqla bağlıdır, yoxsa...

- Məsələ qorxmamaq deyil. Ümumiyyətlə, o kəndlərin sakinlərinin çoxu etirazçılar arasında deyil. Əsasən kənardan məqsədli şəkildə göndərilən şəxslər vəziyyəti gərginləşdirirlər, qızışdırıcılıqla məşğuldurlar. Yenə də deyirəm, erməni müxalifəti və kilsə xaricdən aldıqları təlimat əsasında etirazı körükləyir. Paşinyan da bunu bilir, etirazların haradan təşkil olunduğunu, məqsədin nə olduğunu, etirazın miqyasını bilir. Anlayır ki, bu etirazlar onun hökumətinin devrilməsi ilə nəticələnməyəcək. Ona görə də, hətta etirazlara lağ da edir. Məsələn, Paşinyandan soruşuldu ki, kəndlər qaytarılandan sonra erməni kənliləri başlarının üzərində Azərbaycan əsgərini görəcəklər, Baş nazir cavabında dedi ki, görməmələri üçün sərhəd xəttinə ağac əkiləcək. Demək istədiyim odur ki, müxaliflərin də, etirazçı kəsimin də potensialını, gücünü Paşinyan bilir. Nikol anlayır ki, xalqın müxaliflərə etimadı yoxdur. Bu səbəbdən də düşünürəm ki, bu etirazlar Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olmayacaq.

- Aksiyaların xarici qüvvələr tərəfindən təşkil edildiyini bildirdiniz. Bu xarici qüvvə Rusiyadır?

- Təbii ki, etirazlarda Rusiya “barmağı” görünür. Baxın, Paşinyanı devirmək və hakimiyyətə gəlmək istəyən qüvvələr kimlərdir – Ermənistanın keçmiş rəhbərlərinin başçılıq etdiyi siyasi qüvvələr. Bu qüvvələrin də Rusiyaya bağlılıqları sirr deyil.

Eyni zamanda, kilsənin də Paşinyanla problemi var. Paşinyan hakimiyyətə gəldikdən bu yanadır ki, kilsə onun qərarlarına sərt reaksiya verir. Kilsə də düşünür ki, necə etsinlər ki, kəndlərin Azərbaycana qaytarılmasına xalqın ümumi etirazı baş versin. Amma bu baş vermir. Onu da deyim ki, müxaliflərdən fərqli olaraq, kilsə təkcə Rusiyaya yox, bir çox xarici dairələrə, xüsusilə, xaricdəki erməni lobbisinə bağlıdır. Demək olar ki, marağı olan bütün qüvvələr çalışır ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırsınlar. Amma erməni cəmiyyətinin əsas hissəsi Paşinyanın siyasətinə dəstək verirlər. Bu səbəbdən də müxaliflərin və kilsənin planları baş tutmur.
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı

Avropa İttifaqının Rusiyaya qarşı 14-cü sanksiya paketi 6 istiqaməti əhatə edir.

Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Avropa İttifaqı 14-cü sanksiyalar paketində öz ölkələrinə SWIFT-i əvəz edən Rusiya Bankının Maliyyə Mesajlarının Ötürülməsi Sistemindən (SPFS) istifadə etməyi qadağan etmək niyyətindədir. Agentlik qeyd edib ki, 2024-cü ilin yanvarına olan məlumata görə, bu sistem artıq Ermənistan, Belarus, Qazaxıstan və Tacikistan da daxil olmaqla 20 ölkədə fəaliyyət göstərir və bu, Aİ-nin sanksiyalarına baxmayaraq, Rusiyaya bank əməliyyatlarını fasiləsiz həyata keçirməyə imkan verir.

Avropa İttifaqı dörd rus mediasının Aİ-də yayımını, həmçinin Avropa partiyalarına və ictimai təşkilatlarına Rusiya ilə bağlı “hər cür maliyyə vəsaiti almağı” qadağan etmək niyyətindədir.

Aİ həmçinin “Rusiyadan helium, manqan filizi və nadir torpaq elementlərinin idxalına” qadağa tətbiq etməyi düşünür.

Bundan əlavə, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən olan onlarla şirkətin, eləcə də fiziki şəxslərin “qara siyahıya” salınması gözlənilir.

Agentlik qeyd edib ki, Avropa İttifaqı Rusiyanın sanksiyalar blokadasını yarmaq səylərində iştirak edən 11 Rusiya gəmisinin öz limanlarına çıxışını qadağan etməyə hazırlaşır. Agentlik həmçinin qeyd edir ki, Aİ Rusiya maye qazının Aİ limanları vasitəsilə təkrar ixracına və üçüncü ölkələrə tədarük üçün daşınması əməliyyatlarına qadağa qoyulması imkanlarını nəzərdən keçirir.

Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək

Mayın 9-da Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək xarici ölkə başçılarının siyahısı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Uşakov qeyd edib ki, hərbi paradı izləyənlər arasında Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Laos, Kuba və Qvineya-Bisau liderləri də olacaq.

HƏMAS İsraillə atəşkəsə razılaşdı

HƏMAS İsraillə atəşkəsə razılaşıb.

Bu barədə hərəkatın teleqram kanalı məlumat yayıb.

HƏMAS lideri Qətər və Misirə hərəkatın atəşkəs təklifini təsdiqlədiyi barədə məlumat verib.

Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var

Ukrayna ordusuna məxsus PUA-ların Belqorod vilayətində Rusiyanın ən böyük donuzçuluq kompleksindən biri "Aqro-Belqorye" Şirkətlər Qrupunun avtomobillərinə hücum etməsi nəticəsində xeyli sayda adam ölüb və yaralanıb.

Vilayətin qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, PUA hücumu iki "QAZelle" avtomobilinin işçiləri müəssisəyə aparan baş verib.

Hücum zamanı 6 nəfər ölüb, 2-si uşaq olmaqla daha 35 nəfər isə yaralanıb. Yaralıların birinin vəziyyəti ağırdır.

İsrail ordusu Qəzzadan geri çəkilir

İsrail ordusu Qəzza zolağının cənubunda 1 milyondan çox köçkün fələstinlinin sığındığı Rəfah şəhərinin bəzi ərazilərindən geri çəkilməyə başlayıb.

Bu barədə İsrail Dövlət Televiziyası KAN məlumat yayıb.

"Times of Israel" qəzeti isə yazır ki, İsrail ordusu Rəfah sərhədinin şərqindəki məhəllələrdə yaşayan fələstinliləri əl-Məvasi və Xan Yunisdəki humanitar bölgələrə getmək barədə çağırış edib.

7 oktyabr 2023-cü ildən sonra HƏMAS-İsrail qarşıdurması nəticəsində təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,9 milyon insan didərgin düşüb. Fələstinlilərin çoxu İsrailin daha əvvəl “təhlükəsiz zona” kimi tanıdığı Misirlə sərhəddə yerləşən Rəfah şəhərinə sığınıb.

Xəbər lenti