Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU

Ermənistanda növbədənkənar seçkilər keçirilərsə, xalqın kimə etimad edəcəyi ilə bağlı sorğu keçirilib. Nə qədər qəribə olsa da, hətta erməni mediasına əsasən narazılıqlar geniş vüsət alsa da, sorğuların nəticəsinə görə, Paşinyanın komandası Ermənistanda ən yüksək reytinqə də sahibdir.

Mayın 15-də Ermənistanda “GALLUP Beynəlxalq Assosiasiyası”nın tamhüquqlu üzvü MPG MMC-nin direktoru Aram Navasardyan mətbuat konfransında mayın 13-14-də “Vətən üçün Tavuş” hərəkatı ilə bağlı keçirdiyi “Liderlik” sorğusunun nəticələri təqdim edib.

Qeyd olunub ki, “gələn bazar günü parlament seçkiləri olsa, hansı partiyaya və ya partiyaların ittifaqına səs verəcəksiniz?” sualına vətəndaşlar belə cavab veriblər:

Paşinyanın liderlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası - 12,8 %;
Keşiş Baqrat Srbazan - 3.9%;
Robert Köçəryanın lideri olduğu "Ermənistan" alyansı - 3,5%;
Vardan Qukasyan - 2.1%;
Serj Sarqsyanın "Respublika" partiyası - 0,9%;
"Daşnaksütun" - 0.6%;
"Mənim şərəfim" bloku - 0,5%;
Sabiq ombudsman Arman Tatoyan - 0.5%;
PAP - 0.5%;
Suren Petrosyan - 0,3%
Levon Şirinyan - 0,2%
NDB - 0.2%:
Digərləri - 1 % .
Bu onu göstərir ki, Ermənistanda xalq hakimiyyətdən nə qədər narazı olsa da, digərləri ilə müqayisədə yenə də Paşinyana etimad göstərirlər.

Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı

ABŞ Prezidenti Co Baydenlə Respublikaçılar partiyasından prezidentliyə real namizəd Donald Tramp arasında ilk üzbəüz debatın yeri və tarixi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, CNN iyunun 27-də yerli vaxtla saat 21:00-da Atlanta şəhərində yerləşən binasında debata ev sahibliyi edəcəyini bildirib. Debat telekanal vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu gün Co Bayden sosial media vasitəsilə müraciətində sabiq prezident Donald Trampı debata çağırıb, Tramp isə cavabında hazır olduğunu və bunu istədiyini bildirib. 

Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO

ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfəri çərçivəsində gecə klublarından birində olub. O nəinki gecə klubunda əylənib, eyni zamanda səhnəyə çıxaraq mahnı oxuyub və gitara çalıb. 

Mayın 14-də Blinkenin Ukrayna paytaxtına elan edilməmiş səfəri qeyri-adi proqramı ilə yadda qalıb.

Blinken Kiyevdə əvvəlcə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Donbasda döyüşmüş ukraynalı hərbi veteran Leonid Ostaltsev tərəfindən açılan “Kyiv Pizza Veterano” pizza evində işgüzar nahar edərək pizza yeyiblər.

Axşam isə gecə klubunda olub. Gecə klubunda olan Blinken səhnədə yer alaraq mahni ifa etməklə yanaşı, gitara da  çalıb.

Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi təhlükəsi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra təhlükəsizlik rəhbərləri ilə təcili toplantı keçirib.

Bu barədə "Türkiyə" qəzeti məlumat yayıb.

MHP lideri Baxçalının "Ayhan Bora Kaplan" cinayət təşkilatına qarşı istintaqda adı keçən 3 polis məmuru ilə bağlı xəbərdarlıqlarından sonra prezident Rəcəb Tayyib Ərdoğan MİT sədri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla görüşüb.

Beştəpədə keçirilən kritik zirvənin MHP lideri Baxçalının Ankara Polis İdarəsində baş verənlərlə bağlı xəbərdarlıqlarından sonra baş tutduğu iddia edilir. Bəzi iddialara görə, toplantıda kəşfiyyat və məhkəmə sahəsində məsələlər müzakirə olunub.

Nəşrin yazdığına görə, "Ayhan Bora Kaplan" cinayət təşkilatı ilə bağlı iddialarda adı keçən və Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan Ankara İl Polis İdarəsində baş verən hadisələr gündəmdə qalmaqda davam edir. Fəaliyyəti dayandırılmış 3 polis əməkdaşının evlərində rəqəmsal materialların götürülməsi üçün axtarış aparılıb.

“Sabah” qəzetinin xəbər koordinatoru Əbdürrəhman Şimşəkin iddialarına görə, Ərdoğan bu məsələni müzakirə etmək üçün MİT sədri İbrahim Kalın və ədliyyə naziri Yılmaz Tunçla görüşüb. Məsələ ilə bağlı mühüm addımların atılacağı iddia edilir.

"Türkiyə" qəzetinin digər "Qaranlıq plan fəaliyyətdədir. Yeni 17/25 dekabrın hədəfi Cümhur İttifaqıdır" məqaləsində isə MHP sədri Dövlət Baxçalı partiyasının qrup toplantısındakı çıxışından sitat gətirərək yazıb: "Biz davam edən bütün qeyri-qanuni təmas və əlaqə şəbəkələrindən xəbərdarıq. Bir neçə polis rəisinin vəzifədən uzaqlaşdırılması ilə aradan qaldırıla bilməyən bir sui-qəsd planı ortadadır. Əslində hədəf MHP, AK Parti, Cümhur İttifaqı və Türkiyədir”.

Nəşr yazır ki, "Ayhan Bora Kaplan" istintaqı ilə əlaqədar hökumətə qarşı əməliyyata hazırlaşan polis rəisləri vəzifəsindən azad edilərkən MİT çevriliş iddiaları üçün işə qarışdı. Son hadisələrin 17-25-ə bənzər bir sui-qəsd olduğu və yeni təşəbbüslərin polis, MİT, məhkəmə və Türkiyə Silahlı Qüvvələrindən gələ biləcəyi iddia edilir.
Nəşr onu da yazıb ki, admiral Cihat Yaycı 21 fevral 2024-cü il tarixli qəzetə açıqlamasında belə xəbərdarlıq etmişdi: “Hədəf ən gec 2026-cı ildir... MOSSAD-ın nəzarətində olan FETÖ xainləri və işbirliyində olanlar yeni çevrilişə hazırlaşır".

Admiral Yaycı bunları deyib: "Onların məhkəmə bürokratiyasındakı əvvəlki güclərini bərpa etmək zaman məsələsi deyil. Bu dəfə çox fərqli bir taktikaya əl atıblar. Türkiyəni hərbi yolla deyil, iqtisadi, siyasi və regional proseslərdə tarazlığı pozmağı planlaşdırırlar. Bunun üçün də əsas hədəfləri Ərdoğandır və hökumətin ölkəni idarə edə bilməyəcəyi təəssüratı yaratmaq istəyirlər. Geniş iştirakdan bəhs etdiyimiz çox ciddi bir məlumat axınımız var ki, bu, iqtisadiyyatı və milli bütövlüyünü iflic edəcək hər cür imkanları qiymətləndirir. Təəssüf ki, onlar da qala qapılarını saxlayırlar".

Prezident Ərdoğanın AK Partiya Qrup Toplantısında mövzu ilə bağlı mühüm açıqlamalar verəcəyi gözlənilir.

Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO

Məlum olduğu kimi, İrəvanda aksiyalar davam etməkdədir.

 Ermənistan polisi ictimai asayişi pozanları saxlayır.

Bu dəfə onlar arasında Bakıda keçirilən I Avropa Oyunlarında iştirak etmiş Sose Balasanyan da olub.

O, Azərbaycanın paytaxtında uğursuz nəticəsi ilə yadda qalıb.

Görünür, uğursuzluğu onun taleyinə yazılıb, necə deyərlər, işğalçı düşüncəsinə qarşılıq olaraq həyat ona ədalətli cavab verib.

Xatırladaq ki, bu aksiyalarda bir qrup təxribatçı erməni Azərbaycan-Ermənistan sülhünə mane olmağa çalışır, qarşılıqlı razılaşmaların həyata keçməsinə mane olur.

Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar

ABŞ prezidenti Co Bayden Çindən gələn elektrikli avtomobillər, günəş panelləri və polad da daxil olmaqla bir sıra məhsullara əlavə gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb.

ABŞ Çini texnologiya transferi, əqli mülkiyyət hüquqları və sahibkarlıq ilə bağlı ədalətsiz kommersiya təcrübələrində və süni şəkildə aşağı salınmış məhsullarla qlobal bazarları zəbt etməkdə ittiham edib.

Belə ki, bu il ABŞ Çindən gələn elektrik avtomobilləri üçün gömrük rüsumunu 25%-dən 100%-ə, günəş panelləri üçün vergini 25%-dən 50%-ə, bəzi alüminium və polad məhsullarına rüsumları isə 7,5%-dən 25%-ə qaldıracaq.

ABŞ həmçinin 2025-ci ilə qədər yarımkeçiricilərə vergini 25%-dən 50%-ə yüksəldəcək. Çindən gətirilən elektrik avtomobillərinin akkumulyatorlarına, çiplərinə və tibbi məhsullara oxşar tariflərlə əlavə gömrük rüsumları tətbiq ediləcək.

Qərar Baydenin Ağ Ev yarışında rəqibi olan keçmiş prezident Donald Trampın Çin istehsalı olan elektrikli avtomobillərin ABŞ avtomobil sənayesini məhv edəcəyi ilə bağlı aylarla tənqid etməsindən sonra verilib.

Ağ Evin dərc etdiyi açıqlamada planın Çindən 18 milyard dollarlıq idxalı əhatə edəcəyi bildirilib.

Müəmma: Ermənistan

Sosial şəbəkələrdə Ermənistana məxsus hərbi texnikanın daşındığını əks etdirən görüntülər yayılıb.

Bu barədə məlumat yayan "Bez tormozov" videonun yeni olduğundan əmindir.

Ermənistan teleqram kanalları isə görüntülərin köhnə olduğunu bildirir və israrla bunun üzərində dururlar.

Onlar videonun geniş yayıldığı üçün həyacanlandıqlarını da hiss etdirirlər. Belə ki, "görüntüləri yaymayın" çağırışları edirlər.

Hərbi texnikaların isə hansı istiqamətə daşındığı məlum deyil.

Hitlerin səhvini Rusiya edir - Feldman 

Andrey Belousovun təyinatı Ukraynaya radikal şəkildə kömək edə bilər.

Axar.az bildirir ki, bunu "Redaksiya Germaniya" qəzetinin redaktoru Boris Feldman deyib.

Onun sözlərinə görə, yeni nazirin gəlişi ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyində ordunun idarə olunmasına təsir edəcək təmizləmələr qaçılmazdır:

"Belousov Zelenskini yox, Şoyqunu məğlub etmək üçün gəldi. Qanı tökülən, lakin eyni zamanda irəliləyən Rusiya ordusu bu gün müdafiə nazirinə tabedir. Bu ordunun mayın ortalarından yayın ortalarına - ABŞ-ın hərbi yardımı və F-16-ların ilk eskadrilyası gələnə qədər hücum etmək kimi unikal imkan pəncərəsi var. Əgər bu pəncərə yeni nazirin Şoyqunun komandasını Müdafiə Nazirliyindən qovması nəticəsində itirilsə, onda bu, Ukraynanı ərazi və insan itkilərindən xilas edəcək", - Feldman bildirib.

Feldman buna misal olaraq Hitlerin 1941-ci ilin yazında Yuqoslaviyaya hücum səbəbindən SSRİ-yə qarşı əməliyyatları maydan iyuna keçirməsini göstərib:

"Nəticədə soyuq havalar başlamazdan əvvəl alman ordusunun Moskvaya çatmağa vaxtı olmadı, bu da şəhər uğrunda gedən döyüşdə Vermaxtın məğlubiyyətinin səbəblərindən biri idi. Beləliklə, mümkündür ki, bu əsrin ikinci yarısının tarixçiləri Avropadakı son böyük müharibəsinin ən kritik anlarından birində "Belousov faktoru"nu xilasedici təsadüf kimi təqdim etməli olacaqlar".

Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”

Rusiya Dövlət Dumasının deputatı Aleksey Qovırin NEWS.ru ilə söhbətində Ermənistanın Avropa İttifaqına qəbul ediləcəyinə şübhə ilə yanaşıb.

Deputat əmindir ki, hipotetik olaraq Aİ-yə daxil olmaq ölkə iqtisadiyyatına heç bir təsir göstərməyəcək.

O əlavə edib ki, Rusiya birbaşa və ya gizli şəkildə Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər.

“Ermənistan Aİ-yə qəbul edilməyəcək. Əgər bu mövzuda spekulyasiya etsək, o zaman Aİ-yə daxil olmağın özü belə, heç bir fayda verməyəcək. Əgər buna görə Rusiya birbaşa və ya gizli şəkildə Ermənistana sanksiyalar tətbiq etsə, İrəvan zərbə alacaq. Bundan əlavə, xəritəyə baxsanız, hətta coğrafi baxımdan Ermənistan Avropa deyil”, - Qovırin izah edib.
O hesab edir ki, Ermənistan Avropa İttifaqına uyğun olan heç nə təklif edə bilməz. Qovırinin sözlərinə görə, Aİ nümayəndələri İrəvana sadəcə olaraq “bir gün arzu edilən statusu almaq üçün nəyi yenidən düzəltmək, dəyişdirmək və islahat etmək lazım olduğuna dair ətraflı göstərişlər verəcəklər”. O aydınlaşdırıb ki, bu tövsiyələri tam şəkildə həyata keçirmək demək olar ki, mümkün deyil.

“Beləliklə, Ermənistanın maksimum qazancı əbədi gözləyən ölkə statusudur”, - deyə Qovırin yekunlaşdırıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl ölkənin 2024-cü ildə Avropa Birliyinə üzv olmasını arzuladığını bildirib.

Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi

"Bu gün İrəvanın qarşısında duran əsas vəzifə Azərbaycana Ermənistan ərazisindən Naxçıvanla təmas qurmaq üçün yol açılmasına şərait yaratmasıdır. Bu olarsa, qalan proseslərə ehtiyac qalmayacaq. Ona görə də birinci məsələ yoldur və oradan başlamalıyıq, qalanı öz-özünə həll ediləcək".

Bunu Qarabağdan olan Samvel Babayan deyib.

Onun sözlərinə görə, bu gün əsas məsələ demarkasiya yox, yol məsələsidir. "Bu gün 4 kəndi, sonra anklavları qaytarmaq, konstitusiyanı, gerbi dəyişdirmək və sair məsələlər ortaya çıxacaq. Sonda isə yenə də yol vermək faktı ilə qarşılaşacağıq. Ona görə də deyirəm ki, Azərbaycan Ermənistanın suveren ərazisi vasitəsilə Naxçıvanla təmas qurulmasına imkan verilsin. Qalan proseslərə ehtiyac yoxdur", - Babayan qeyd edib.

O hesab edir ki, Azərbaycanla danışıqlar aparıb həll yollarını tapmaq lazımdır: "Onsuz da Türkiyə və Azərbaycan hər iki tərəfə yol çəkir, İran Ermənistan ərazisindən yol açmağın onlar üçün qırmızı xətt olduğunu deyir. Biz sərhədi dəyişmirik, biz Kalininqrad variantından istifadə edirik... Onun çərçivəsində Azərbaycanla danışıqlar aparıb həll yollarını tapmaq lazımdır. Birinci məsələ yoldur, oradan başlamalıyıq, qalanı özü həll edəcək".

Jurnalistin Azərbaycan “Zəngəzur dəhlizi” istəyir sualına sərt reaksiya verən Babayan deyib: "Yalan deyirsiniz, götürün Azərbaycan Prezidentinin köməkçisinin noyabr bəyanatını, orada deyir ki, Kalininqrad variantını müzakirə etməyə hazırdırlar və bu, dəhliz demək deyil".

Babayan əlavə edib ki, Ermənistanın baş nazirinin dediyi kimi, iqtisadi və logistik ölkəyə çevrilməlidirlər: "Bunlar Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Orta Asiyanı birləşdirən yollardır. Rusiyadan qurtuluruq, azad yaşayırıq. İran buna qarşıdır, siz deyirsiniz ki, əleyhinə deyil. Vəziyyət o həddə çatana qədər gözləyək, görəcəksiniz. Onda deyəcəksən ki, barışmaq istəyirdik, olmadı. Biz başa düşməliyik ki, strategiyamız nədir. Biz İran, Gürcüstan üzərindən çıxış əldə edirik, yoxsa Türkiyə ilə Qərbə, Azərbaycanla Orta Asiyaya çıxış əldə edirik. Qərb bizdən bunu istəyir. Sən bunu demirsən, camaatı aldadırsan".

Keşiş Baqrat Srabazanın liderliyi altında başlanan aksiyaya gəldikdə Babayan müxalifətin bu aksiyasının gələcəyinə inanmadığını bildirib. "Hələ noyabr ayında demişəm ki, müxalifət mandatı yerə qoymursa, deməli, müxalifət yoxdur. Hamısı bir komandadır.

Onsuz da bu gün müxalifətin Nikol Paşinyanın qərarlarına heç bir təsiri yoxdur. Sadəcə olaraq, hakim gücün bütün hərəkətlərini qanuniləşdirirlər", - Babayan qeyd edib.

Xəbər lenti