![]() |
|
14 may seçkilərinin nəticələrini şərh edən Binəli Yıldırım ATA İttifaqının namizədi Sinan Oğanla bağlı telefon danışığı və onunla bağlı mövqeyini açıqlayıb.
“CNN Türk”də çıxış edən Binəli Yıldırım Sinan Oğanla ilk olaraq telefon danışığı haqqında danışıb.
“Sinan Oğanı təbrik etmək üçün zəng etdim. Dedim ki, sizin baxışlarınızla bizim baxışlarımız arasında cüzi fərq var”, - o qeyd edib.
Binəli Yıldırım daha sonra deyib: “Hazırda Sinan Oğanın çoxlu müştərisi var. Sinan bəylə görüşün olub-olmayacağını mən qərar verə bilmirəm. Sinan bəyin də özünü yuxarıdan aparmasına da ehtiyac yoxdur. Əgər səsinizi bazara çıxarmağa çalışıb, bunu biznesə çevirsəniz, bunu seçici heç də yaxşı qarşılamaz. Deyər ki, sən nə edirsən, qardaşım, mənim səsimi bazarlıq etmək haqqını sənə kim verib. Biz “Cümhur İttifaqı”yıq, bizim ittifaqda şəxsi maraqlar yoxdur. Biz mənfəət ittifaqı deyilik. Mənfəət ittifaqı qarşıdakıdır. Bunu rahatlıqla deyirəm. Dərə görmədən qaçırlar, hər kəsə kömək edirlər”.
“Millət ittifaqı”nı nəzərdə tutan Binəli Yıldırım deyib ki, həmin ittifaq dörd partiyaya heç bir xidməti olmadan deputat yeri paylayıb.
14 mayda Türkiyədə baş tutmuş seçkilərə ən maraqlı şərh verənlərdən biri də Maksim Şevçenkodur.
Türkiyə reallıqlarını bizim bəzi insanlarımızdan daha yaxşı, daha dərindən bilən bu rusiyalı jurnalist-politoloq 14 may prezident+parlament seçkilərinə heç kimin yanaşmadığı yönlərdən yanaşır, münasibət bildirir.
Şevçenko bu seçkiləri Demokratiyanın Triumfu, demokratiyanın böyük qələbəsi adlandırır.
Şevçenko bu seçkiləri Türkiyənin və konkret olaraq Rəcəb Tayyib Ərdoğanın Qərbə verdiyi dərs kimi qiymətləndirir, Türk-İslam demokratiyasının Avropa-Qərb demokratiyasından heç də geri qalmadığını bildirir.
Şevçenko bu seçkilərin demokratikliyinin Rusiya üçün, postsovet ölkələri üçün də müsbət örnək olacağını deyir.
Şevçenko 14 may seçkilərini Ərdoğanın İslam dəyərləri ilə Qərb demokratiyasını çox ustalıqla sintez etməsinin nəticəsi kimi qiymətləndirir.
Şevçenko bu seçkiləri İslam mentaliteti ilə müasir İT-texnologiyaların sintezinin nəticəsi kimi dəyərləndirir.
Şevçenko bu seçkiləri xalqın iradəsinin möhtəşəm nümayişi kimi, seçicilərin maksimum dərəcədə (98 faiz) fəallığının göstəricisi kimi təqdim edir. O deyir ki, biz belə bir seçici fəallığını indiyə qədər heç bir ölkədə görməmişdik. Dünyanın əksər ölkələrində, o cümlədən Avropada isə seçicilərin bir çoxu səsverməyə qatılmır.
Şevçenko bu seçkiləri türklərin bütün seçki qaydalarına, siyasi və hüquqi normalara, vətəndaş cəmiyyəti prosedurlarına əməl etməklə və eyni zamanda da emosional coşqu ilə mübarizə aparması kimi qiymətləndirir.
Şevçenko bu seçkiləri İslam dünyasının Qərblə mübarizəsinin uğurlu nəticəsi kimi dəyərləndirir. Bu seçkilərdə iki sivilizasiya, iki konsept - Kılıçdaroğlunun simasında Qərb liberalizmi ilə Ərdoğanın timsalında yeni İslam mübarizə aparırdı.
Şevçenko bu seçkiləri Xomeyninin 1979-cu ildə İrandakı qanlı islam inqilabından fərqli olaraq Ərdoğanın demokratik islami inqilabının göstəricisi kimi hesab edir.
Şevçenko deyir ki, bu seçkiləri müşahidə etdikdən sonra onun Türk xalqına və Türkiyəyə hörməti daha da artıb: "Mən seçkini izlədikcə həm həyəcanlanırdım, həm sevinirdim, həm də türklərə həsəd hissim artırdı. Türklər bizə, dünyaya nümunəvi seçki demokratiyası nümayiş etdirdilər".
Bir sözlə, Şevçenko vurğulayır ki, "bu seçkilər göstərdi ki, sən demə, dünyada təkcə Qərbdən ibarət olan yeganə sivilizasiya yox, bir çox başqa yetkin sivilizasiyalar da varmış. Və Ərdoğanın özü elə çoxqütblü dünya deməkdir. Bəli, Ərdoğan özü bir dünya qütbüdür".
P.S.
14 may seçkilərinin nəticələrinə və 28 mayda keçiriləcək ikinci tura hərdənbir öz gözümüzlə deyil, Maksim Şevçenko kimi şəxslərin üçüncü baxışı ilə, alternativ yanaşması ilə baxmaqda fayda var.
Bəybala Mirzəyev
ABŞ İsrailə İranın hərəkətlərinə cavab vermək üçün birgə hərbi planların hazırlanması ilə bağlı təşəşəbbüs irəli sürüb.
“Bu barədə “Axios” Amerika və İsrail hakimiyyət orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
“ABŞ Prezidenti Co Baydenin administrasiyası İsraili bir neçə həftə əvvəl İran üçün birgə hərbi planlaşdırma ideyası ilə tanış edib”, - portal yazır.
Amerika tərəfi vurğulayıb ki, bu, ABŞ və İsrail arasında hərbi əməkdaşlığın əhəmiyyətli inkişafına səbəb olacaq görünməmiş təklifdir. Bu fikirlər ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley və ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurillanın İsrailə son səfərləri zamanı İsrail tərəfinin diqqətinə çatdırılıb.
Nəşrin yazdığına görə, İsrail hakimiyyəti isə ABŞ-nin təşəbbüsünə şübhə ilə yanaşır.
İsrail hesab edirdi ki, Vaşinqton İsraili İrana qarşı, xüsusən də onun nüvə proqramına qarşı hərəkət etmək imkanından məhrum etməyə çalışır.
Nəticədə İsrail Vaşinqtonun planını rədd etməyib, aydınlıq gətirilməsini istəyib.
İsrailin Ağ Evin bu təşəbbüsünə olan şübhəli yanaşmasına Amerika rəsmisi “Axios”a açıqlamasında deyib ki, Amerika təşəbbüsü İsraili fəaliyyət azadlığından məhrum etmək deyil, onu dəstəkləmək məqsədi daşıyır.
Portal qeyd edir ki, iki həftə əvvəl ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunda çıxışı zamanı İsraili narahatlığa əsas olmadığına inandırmağa çalışıb.
“Biz açıq şəkildə bildirdik ki, İrana heç vaxt nüvə silahına sahib olmağa icazə verilməyəcək. ABŞ Prezidenti Co Baydenin dəfələrlə dediyi kimi, bu məqsədə çatmaq üçün lazımi tədbirləri görəcək”, - Sullivan bildirib.
Ermənistanda 44 günlük müharibədə ölən əsgərlərin valideynləri İrəvanın Arşakunyats prospektini bağlayıblar.
“Qafqazinfo” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, buna səbəb
Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı ölən hərbçinin anası Qayana Akopyanın saxlanılmasıdır.
Etirazçılar hərbçinin anası ilə bağlı qərar verəcək məhkəmə binasına girməyə cəhd ediblər, lakin polis buna imkan verməyib.
Xatırladaq ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbiristanlığa aparacaqlarını deyiblər. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin o, bir anlıq dayanan maşından düşə bilib. Bu zaman təşkilata məxsus digər bir avtomobil onu vurub. Nəticədə Paşinyanın oğlu ayağından zədə alıb. Hadisədən sonra Ermənistanda müharibə zamanı ölən hərbçilərdən birinin anası olan Q.Akopyan saxlanılıb.
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın qaçırılması ilə bağlı həbslərə yerli müxalifət sərt təpki göstərir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın keçmiş təhsil naziri, hazırda müxalifətdə olan Respublika Partiyasının sədr müavini Armen Aşotyan hətta ondan şikayət ərizəsini götürməyi tələb edib. Armen Aşotyan kiçik Paşinyanı qaçırmaq istəyənlərə rəğbətini də gizlətməyib.
“5 min erməninin ölümünə səbəb olan Nikolun atan olması sənin günahın deyil. Baş nazirin oğlu olaraq müharibə zamanı sağ qalman, minlərlə valideynin övladları ölməsi də sənin günahın deyil. Ancaq əminəm ki, şübhə qurdu səni də bitirir. Həmin qurdlar daha sonra əjdahaya, cinə, hidraya çevriləcək. “Günahkar” damğası əbədi olaraq alnına yapışacaq.
Sən bu şikayəti geri götürməyə borclusan, çünki ailən mənim xalqıma bağışlanmaz əzab verib və verməkdə davam edir. Sən məcbursan, çünki Nikolun oğlusan.
Məcbursan, çünki sağ qalmısan, amma atana görə ölən, səndən daha parlaq gənclər artıq həyatda yoxdur”,-deyə Aşotyan yazıb.
“Mayın 29-na qələbə ilə girməliyik”.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı bildirib.
“14 Mayda millətimizin bizə göstərdiyi lütf seçki qutusunda 27 milyonu aşan rekord səslərdir. Bu, bizim ikinci dövrə ən böyük zəmanətimizdir. Mayın 29-na qələbə ilə girməliyik. Amma bunların hamısının ilkin şərti öz səsimizi qorumaqdır. Bunun üçün təşkilatlarımız və bələdiyyə sədrlərimiz seçkinin nəticələri açıqlanana qədər fasiləsiz işləməli, ən kiçik boşluq və ya özündənrazılığa yol verməməlidir. İnşallah ikinci turda həm səs, həm də nisbətlər baxımından tarixi bir nəticə əldə edərək ölkəmizə daha 5 il xidmət etmək şərəfinə nail olacağıq. Mən sizə güvənir və inanıram", - deyə Ərdoğan qeyd edib.
ABŞ-da nəşr olunan "Newsweek" jurnalı Türkiyədə ikinci tura qalan prezident seçkiləri barədə təhlil yayımlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, suriyalı jurnalist Əsəd Sam Hannanın qonaq yazar qismində yazdığı məqalədə aşağıdakı fikirlərə yer verilib:
Yazıda daha əvvəl də Ərdoğana qarşı qarayaxma kampaniyalarının aparıldığı və bəzi qavrayışa yönəlmiş ifadələrin işlədildiyi bildirilib.
Suriyalı jurnalist Qərb mediasının Türkiyədə keçirilən seçkilərə inanmadığını xatırladıb:
“Halbuki Ərdoğan demokratik yolla seçilmiş prezidentdir”, - o yazıb.
Jurnalist bildirib ki, nəticənin nə olmasından asılı olmayaraq qalib qalibdir:
"Diktaturada seçkilərin nəticələrini səbirsizliklə gözləyən insanlara rast gələ bilməzsiniz. Azad seçkilər istənilən demokratiyada vacibdir. Amma bu seçkilərin nəticələrini tanımaq demokratik prosesin qorunmasının ən vacib hissəsidir. Nəticəni bəyənsək də, bəyənməsək də, qalibi dəstəkləsək də, dəstəkməsək də, qalib yenə də qalibdir. Nəticəni pisləmək və xarici müdaxiləni günahlandırmaq sistemdə yalnız şübhə toxumu səpir və siyasi parçalanmanı artırır”.
Səsvermənin ikinci turunun günlər sonra keçiriləcəyini qeyd edən Hanna fikrini bu sözlərlə yekunlaşdırıb:
"Qazanmaq üçün Ərdoğana əlavə 1% səs lazımdır. Müxalifətin qalib gəlməsi üçün 5%-dən çox səs lazımdır.
Aydındır ki, Qərb hökumətləri və onların mediası türk xalqının iradəsinə baxmayaraq, Türkiyə müxalifəti hakimiyyətə gələnə qədər Türkiyə seçkilərini “saxta” adlandırmağa davam edəcək. Bu, əsassız iddiadır”.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.
ABŞ-ın Montana ştatında "TikTok" onlayn platformasının fəaliyyəti dayandırılıb.
Xarici KİV xəbər verir ki, bununla da Montana "TikTok"u ölkədə ilk qadağan edən ştat olub.
Ştatın qubernatoru Qreq Gianforte montanalıların şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün belə bir qərar verdiyini deyib.
"Çin Kommunist Partiyası "TikTok"dan amerikalılara qarşı casusluq etmək və onların şəxsi məlumatlarını toplamaq üçün istifadə edir", - deyə qubernator söyləyib.
"TikTok" sözçüsü Bruk Obrvettə isə açıqlamasında qərarı "qanunsuz" adlandırıb.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin qərarı ilə federal qurumlara aid cihazlarda "TikTok" istifadəsi qadağan edilib.
Ukraynanın NATO-ya qəbulu Avropa ölkələrinə onun üzərində nəzarəti həyata keçirməyə və bütövlükdə Avropanı Ukrayna hökumətinin düşünülməmiş hərəkətlərindən qorumağa imkan verəcək.
Bunu ABŞ-nin sabiq dövlət katibi və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Henri Kissincer “The Economist”ə müsahibəsində deyib.
O hesab edir ki, Ukraynanın alyansa daxil olmasında təkcə Kiyev deyil, Moskva da maraqlıdır,
“Çünki bu, Ukrayna hakimiyyətinin gələcəkdə ərazi mübahisələrini həll etmək üçün hərbi yoldan istifadə etməyəcəyinə zəmanət olardı”, - siyasətçi qeyd edib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar başa çatsa belə, münaqişə tərəfləri nəticə ilə razı olmayacaq və bu da yeni qarşıdurmanın başlanacağını əvvəlcədən müəyyən edə bilər.
“İndi avropalıların Ukraynanın alyansa daxil olması perspektivləri haqqında dedikləri, məncə, olduqca təhlükəlidir. Çünki avropalılar deyirlər: “Biz onları NATO-da istəmirik, çünki onlar çox risklidirlər”. Beləliklə, biz onları lazımi səviyyədə silahlandıracağıq və onlara ən müasir silahları verəcəyik. İndi biz Ukraynanı o qədər silahlandırmışıq ki, sonda bu ölkə Avropanın ən yaxşı silahlanmış, strateji baxımdan ən təcrübəsiz rəhbərliyinə malik ölkəsinə çevriləcək”, - sabiq dövlət katibi bildirib.
Onun fikrincə, Ukraynanın hərbi bloka üzvlük təşəbbüsü ən azı onunla əsaslandırılır ki, Kiyev ərazi iddiaları ilə bağlı məsələləri müstəqil həll etmək imkanını itirəcək.
Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Meteorologiya Təşkilatı (WMO) dünyada rekord hava istiliyinin müşahidə oluna biləcəyi tarixi açıqlayıb.
Ümumdünya Meteorologiya Təşkilatının hesabatında 2023-2027-ci illərdən ən azı birinin ən isti il olacağı vurğulanıb.
Bu 5 ilin hamısının qlobal temperaturun rekord səviyyələrə çatdığı dövr olacağı ehtimalının 98% olduğu bildirilib.
Hesabatda havanın temperaturunun dünyanın müxtəlif yerlərində yağışlara təsir göstərə və yağışların regional miqyasda artıb azala biləcəyi qeyd edilib.
Bildirilib ki, istixana qazı emissiyaları okeanların istiləşməsinə və turşulaşmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına və ekstremal hava hadisələrinə də səbəb olur.
Ümumdünya Ticarət Təşkilatının baş katibi Petteri Taalas qeyd edib ki, rekord temperaturlar sağlamlıq, qida təhlükəsizliyi, su idarəçiliyi və ətraf mühit üçün geniş nəticələrə səbəb olacaq.