![]() |
|
Türkiyədə prezident seçkilərinin ikinci turunda bəzi ölkələrdə səsvermə prosesi başa çatıb.
Ətraflı
“TRT Haber xəbər verir ki, bəzi ölkələrdə isə səsvermə mayın 24-ü axşama qədər davam edəcək.
Bildirilib ki, bu mərhələdə xaricdəki seçicilər siyahısında qeydə alınmış şəxslər səs veriblər. Bu səsvermədə iştirak edənlərin sayı isə 1 milyon 400 mini ötüb.
Türkiyənin “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğanın Azərbaycanda təsirli görüntüləri gündəm olub.
Onun İkinci Fəxri xiyabanda Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etdiyi görüntüləri paylaşılıb.
Biz ümid edirik ki, Azərbaycanla sülh sazişinin mətni üzrə ən qısa zamanda razılıq əldə edəcəyik və onu imzalayacağıq.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deiyb.
“Regionumuzda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Ermənistan hökuməti bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir”, - o qeyd edib.
Paşinyan əlavə edib ki, Azərbaycanla sülh sazişi və münasibətlərin qurulması ətrafında intensiv danışıqlar aparılır.
Milli fəallar Xordad qiyamının ildönümü ilə bağlı Qərbi Azərbaycanda müxtəlif məzmunlu çap məhsuları hazırlayaraq, onları divarlara yapışdırıb. Məqsədləri şəhidlərimizin əziz xatirəsini yad etmək və fars-molla rejiminə qarşı mübarizənin davam etdiyini nümayiş etdirməkdir.
Bu sözləri Axar.az-a güneyli milli fəal Qadir Cəliloğu Tehran rejimi ilə Azərbaycan milli hərakatının üzvləri arasında yaranan son gərginlikdən danışarkən deyib.
O, hökumətin Xordad qiyamında şəhid olanların xatirəsinin yad olunmasına imkan vermədiyini, lakin mili fəalların da geriyə çəkilməyəcəyini diqqətə çatdırıb:
“Azərbaycanda millətçilər bir vaxtlar səsini çıxartmaqdan qorxsalar da, indi minlərlə igidimiz Tehranın mərkəzində rejimə qarşı səslərini yüksətməkdən qorxmurlar. Bunu öz əməlləri və səsləndirdikləri şüarlarla sübut etməyə çalışırlar. Onlar 22 mayda hər kəsi meydanlara toplamaq üçün “Oyanışın başlanğıcı - Xordad qiyamı”, “Azadlıq, Ədalət, Milli Hökumət”, “Xordad 1, Şahidlər ölməz”, “1 Xordadda haqqını almağa ayağa qalx” məzmunlu sözlər yazaraq divarlara həkk ediblər. Xatırladım ki, Xordad üsyanının ildönümü Azərbaycanla yanaşı 20 may Almaniyanın Berlin şəhərində, Unter Der Linden meydanında da yad olundu”.
Milli fəalın sözlərinə görə, İran hökuməti qisas almaq və xalqımızın gözünü qorxutmaq üçün təzyiqləri çoxaltmağa çalışır:
“İgidlərimizin cəsarətindən qorxan və qəzəblənən molla rejimi artıq fəallarımızı həbsə atıb. Davud Şiri, Həmzə Vəlizadə, Ruhullah Əhmədinejad, Cavad Əhmədzadə, Əlirza Səbri, Hüseyn Amani Nadarlı hələ də zindanda saxlanılır. Bəhnam Şeyxi, Əkbər Azad, Əli Babalı, Həmid Mənfi, Rüstəm Kazımpur, Əziz Fərşi, Əlirza Fərşi, Mənsur Fəthi, Mahmud Ocaqlı isə Tehranın Baharistan məhkəməsinə çağırılıb”.
Xatırladaq ki, 2006-cı il mayın 12-də “İran” rəsmi qəzetində 35 milyondan çox Azərbaycan türkünü həşərat kimi təsvir edən təhqiramiz karikatura dərc edilib. Bu hadisə Güney Azərbaycanda kəskin etirazla qarşılanıb və azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə etiraz aksiyalarına başlayıblar.
Təhlükəsizlik qüvvələri Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, Sulduz və Mərənd şəhərlərində təşkil edilən nümayişlərə müdaxilə edib. Rəsmi məlumatlara görə, dinc aksiyaçılara atəş açılması nəticəsində az 30 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb.
Güney azərbaycanlı fəallar isə bildirirlər ki, hadisələr zamanı 5 mindən artıq etirazçı həbs edilərək, işgəncəyə məruz qalıb, 200 nəfərə yaxın şəxs öldürülüb və ya itkin düşüb.
Hər il azərbaycanlılar və xüsusilə də Güney Azərbaycan fəalları dünyanın hər yerində 1 Xordad (22 may) hadisələri zamanı həlak olanların xatirəsini yad edirlər.
İran Ali Təhlükəsizlik Şurası rəhbəri Əli Şamxani istefaya göndərdiyi bildirilir.
“Bununla bağlı Ali Təhlükəsizlik Şurasına yaxın "Noornews" nəşri tərəfindən qısa şərhlə dərc edilib.
Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin tviterdə şəxsi səhifəsində Möhtşəm Kaşaninin şeirindən bir beyt paylaşması, onun tutuduğu vəzifədən istefa verməsinin təsdiqi kimi qiymətləndirilib.
Paylaşılan beyt belədir: “Pərdə arxasında deyilən və eşidilən söz.
Nəhayət, rəmz və eyhamla deyildi, dinlədi və getdi”.
Belarus Ukrayna ilə sərhəddə müdafiə istehkamları tikməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Belaruski Qayun" məlumat yayıb.
Məlum olub ki, Qomel şəhərindən 10 km aralıda "əjdaha dişləri" kimi tanınan beton tank əleyhinə çuxurlar tapılıb. Onların quraşdırıldığı yerdən Ukrayna ilə sərhədə qədər olan məsafə 20 kilometrə yaxındır.
"Yəqin ki, “əjdaha dişləri”nin salındığı yerdən çox uzaqda istehkamlar tikilir”, - qəzet yazır.
Belarus ərazisində “əjdaha dişləri”nin quraşdırılmasına nəyin səbəb olduğu məlum deyil.
“Qomeldə ərazi müdafiəsi üzrə təlimlər keçirilir”, - nəşr xatırladıb.
Məlumat üçün bildirək ki, "əjdaha dişləri" dəmir-betondan hazırlanmış kvadrat-piramidal istehkamlardır. Bir "diş"in hündürlüyü 90 ilə 120 sm arasındadır.
Belə istehkamlardan Birinci Dünya Müharibəsi zamanı tankların və piyadaların hərəkətini əngəlləmək üçün istifadə olunurdu.
Onların əsas vəzifəsi zirehli texnikanın sürətini azaltmaq və onları zədələnmiş ərazilərə yönəltməkdir.
Ermənistan hökumət binası yaxınlığında 44 günlük müharibədə ölən hərbçilərin valideynlərinin oturaq aksiyası davam edir.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Onlar ölən əsgər Jora Martirosyanın anası Qayane Akopyanın azadlığa buraxılması tələbi ilə müddətsiz oturaq tətil elan ediblər.
Xatırladaq ki, 44 günlük müharibədə ölən Jora Martirosyanın anası Qayane Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamaqda ittiham olunaraq bir ay müddətinə nəzarətə götürülüb.
14 mayda Türkiyədə keçirilən seçkilərin ikinci tura keçəcəyini və namizədlərin səs nisbətlərini proqnozlaşdıran “Sonar Araşdırma”nın rəhbəri Hakan Bayrakçı ikinci turla bağlı açıqlamalar verib.
Hakan Bayrakçı prezident seçkilərinin ikinci turu ilə bağlı Sinan Oğanın səslərinin 3 ssenari üzrə bölüşdürülməsi təxminini paylaşıb.
Bayrakçı deyib ki, ikinci turda Oğanın səsləri aşağıdakı 3 ssenari üzrə bölünəcək:
Birincisi, Sinan Oğan tərəfsiz qalarsa, səslərin 1,8 faizi Kamal Kılıçdaroğluna,1,8 faizi Rəcəb Tayyib Ərdoğana gedəcək, 1,6 faiz seçici isə seçkiyə getməyəcək.
İkincisi, Sinan Oğan Kılıçdaroğlunu dəstəkləməyə qərar verdiyini açıqlasa, o zaman 2,2 faizi Kamal Kılıçdaroğluna,1 faizi Rəcəb Tayyib Ərdoğana gedəcək, 2 faizi isə seçkiyə getməyəcək.
Üçüncüsü, Sinan Oğan Ərdoğanı dəstəkləməyə qərar verdiyini açıqlasa, o zaman 1,8 Kamal Kılıçdaroğluna, 2 faizi Rəcəb Tayyib Ərdoğana səs verəcək, 1,4 faizi isə seçkiyə getməyəcək.
Bayrakçı onu da deyib ki, ikinci turda Ərdoğan səslərin 52,1 faizini, Kılıçdaroğlu 47,9 faiz səs qazana biləcək.
14 may seçkilərinin nəticələrini şərh edən Binəli Yıldırım ATA İttifaqının namizədi Sinan Oğanla bağlı telefon danışığı və onunla bağlı mövqeyini açıqlayıb.
“CNN Türk”də çıxış edən Binəli Yıldırım Sinan Oğanla ilk olaraq telefon danışığı haqqında danışıb.
“Sinan Oğanı təbrik etmək üçün zəng etdim. Dedim ki, sizin baxışlarınızla bizim baxışlarımız arasında cüzi fərq var”, - o qeyd edib.
Binəli Yıldırım daha sonra deyib: “Hazırda Sinan Oğanın çoxlu müştərisi var. Sinan bəylə görüşün olub-olmayacağını mən qərar verə bilmirəm. Sinan bəyin də özünü yuxarıdan aparmasına da ehtiyac yoxdur. Əgər səsinizi bazara çıxarmağa çalışıb, bunu biznesə çevirsəniz, bunu seçici heç də yaxşı qarşılamaz. Deyər ki, sən nə edirsən, qardaşım, mənim səsimi bazarlıq etmək haqqını sənə kim verib. Biz “Cümhur İttifaqı”yıq, bizim ittifaqda şəxsi maraqlar yoxdur. Biz mənfəət ittifaqı deyilik. Mənfəət ittifaqı qarşıdakıdır. Bunu rahatlıqla deyirəm. Dərə görmədən qaçırlar, hər kəsə kömək edirlər”.
“Millət ittifaqı”nı nəzərdə tutan Binəli Yıldırım deyib ki, həmin ittifaq dörd partiyaya heç bir xidməti olmadan deputat yeri paylayıb.
14 mayda Türkiyədə baş tutmuş seçkilərə ən maraqlı şərh verənlərdən biri də Maksim Şevçenkodur.
Türkiyə reallıqlarını bizim bəzi insanlarımızdan daha yaxşı, daha dərindən bilən bu rusiyalı jurnalist-politoloq 14 may prezident+parlament seçkilərinə heç kimin yanaşmadığı yönlərdən yanaşır, münasibət bildirir.
Şevçenko bu seçkiləri Demokratiyanın Triumfu, demokratiyanın böyük qələbəsi adlandırır.
Şevçenko bu seçkiləri Türkiyənin və konkret olaraq Rəcəb Tayyib Ərdoğanın Qərbə verdiyi dərs kimi qiymətləndirir, Türk-İslam demokratiyasının Avropa-Qərb demokratiyasından heç də geri qalmadığını bildirir.
Şevçenko bu seçkilərin demokratikliyinin Rusiya üçün, postsovet ölkələri üçün də müsbət örnək olacağını deyir.
Şevçenko 14 may seçkilərini Ərdoğanın İslam dəyərləri ilə Qərb demokratiyasını çox ustalıqla sintez etməsinin nəticəsi kimi qiymətləndirir.
Şevçenko bu seçkiləri İslam mentaliteti ilə müasir İT-texnologiyaların sintezinin nəticəsi kimi dəyərləndirir.
Şevçenko bu seçkiləri xalqın iradəsinin möhtəşəm nümayişi kimi, seçicilərin maksimum dərəcədə (98 faiz) fəallığının göstəricisi kimi təqdim edir. O deyir ki, biz belə bir seçici fəallığını indiyə qədər heç bir ölkədə görməmişdik. Dünyanın əksər ölkələrində, o cümlədən Avropada isə seçicilərin bir çoxu səsverməyə qatılmır.
Şevçenko bu seçkiləri türklərin bütün seçki qaydalarına, siyasi və hüquqi normalara, vətəndaş cəmiyyəti prosedurlarına əməl etməklə və eyni zamanda da emosional coşqu ilə mübarizə aparması kimi qiymətləndirir.
Şevçenko bu seçkiləri İslam dünyasının Qərblə mübarizəsinin uğurlu nəticəsi kimi dəyərləndirir. Bu seçkilərdə iki sivilizasiya, iki konsept - Kılıçdaroğlunun simasında Qərb liberalizmi ilə Ərdoğanın timsalında yeni İslam mübarizə aparırdı.
Şevçenko bu seçkiləri Xomeyninin 1979-cu ildə İrandakı qanlı islam inqilabından fərqli olaraq Ərdoğanın demokratik islami inqilabının göstəricisi kimi hesab edir.
Şevçenko deyir ki, bu seçkiləri müşahidə etdikdən sonra onun Türk xalqına və Türkiyəyə hörməti daha da artıb: "Mən seçkini izlədikcə həm həyəcanlanırdım, həm sevinirdim, həm də türklərə həsəd hissim artırdı. Türklər bizə, dünyaya nümunəvi seçki demokratiyası nümayiş etdirdilər".
Bir sözlə, Şevçenko vurğulayır ki, "bu seçkilər göstərdi ki, sən demə, dünyada təkcə Qərbdən ibarət olan yeganə sivilizasiya yox, bir çox başqa yetkin sivilizasiyalar da varmış. Və Ərdoğanın özü elə çoxqütblü dünya deməkdir. Bəli, Ərdoğan özü bir dünya qütbüdür".
P.S.
14 may seçkilərinin nəticələrinə və 28 mayda keçiriləcək ikinci tura hərdənbir öz gözümüzlə deyil, Maksim Şevçenko kimi şəxslərin üçüncü baxışı ilə, alternativ yanaşması ilə baxmaqda fayda var.
Bəybala Mirzəyev