Erməni blogerdən rusların İrəvanla Bakı arasında sülh sazişini pozub, yeni müharibənin başladılması istiqamətində həyata keçirdiyi planlarını ifşa edib.

Erməni bloger Roman Baqrasaryan öz “Youtube” kanalında bunun şok detallarını açıqlayıb.

Rusiyanın sülh planlarını pozması haqqında danıqşan Roman Baqrasarayan deyib ki, ruslar Nikol Paşinyanın son mətbuat konfransında Qarabağı Azərbaycanın tərkib hissəsi tanıması bəyanatından sonra Xankəndidəki separatçıları İrəvana qarşı sərt formada çıxaraq, aktiv informasiya müharibəsinin başlamasını tələb ediblər. Rusların tələbinə əsasən Xankəndidəki separatçılar Paşinyanı və onun komandasını xəyanətdə və satqınçılıqda ittiham etmək tapşırılıb. Məqsəd Ermənistanın Azərbaycanla sülh sazişinin imzalanmasının qarşısını almaqdır. Çünki Moskva sülh sazişin imzalanmasının əleyhinədir və bunun üçün də Xankəndidəki separatçılardan istifadə edir.

Baqrasaryanın sözlərinə görə, Rusiyanın sülh prosesinin pozması ilə bağlı hətta ona Xankəndidən “parlamentin” bir "deputat" zəng edib.

“O mənə deyir ki, son iki ayda rusların Xankəndidə fəallaşıblar. Bildirir ki, əgər sülh sazişi imzalanarsa, Azərbaycan sepratçıların rəhbərlərini, komandirləri, hərbçilərini həbs edəcək. Ruslar bu yolla onları qorxudaraq sülhə qarşı çıxardır və ölənədək mübarizəyə çağırırlar”,- Baqrasaryan deyib.

O eyni zamanda əlavə edib ki, son günlərdə ruslar təkcə Xankəndidə deyil, Ermənistanda da aktivləşiblər. Ermənistanda yaşayan ruslar saxta profillərlə sülhə qarşı çıxış edərək, Azərbaycana qarşı düşmənçiliyi qızışdırırlar.

Erməni blogerin fikrincə, ruslaırn əsas hədəfi Ermənistanı Rusiyanın tərkibinə daxil etməkdir.

O iddia edib ki, ruslar sülhü pozub, Ermənistanı Azərbaycanla minlərlə erməninin ölümünə səbəb olacaq yeni müharibəyə sürükləyir. Bunun üçün ruslar Qarabağdakı hərbçiləri Azərbaycana qarşı hərbi təxribatlar törətməyə və buna cavab olaraq Azərbaycanın hərbi əməliyyatlara başlamasına şərait yaratmağa çalışır.

Baqrasaryan əlavə edib ki, əgər yeni müharibə başlayarsa, Azərbaycan Zəngəzurun bir qismini ələ keçirə bilər.

Bloger deyib ki, son günlərdə İrəvanda övladları müharibədə ölən valideynlərin keçirdiyi aksiyanın arxasında da Rusiya dayanır: “Onların niyyəti nə olursa olsun, Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə mane olmaqdır”.

Yevgeni Priqojin “vaqner”çilərin Baxmutu tərk edərək şəhəri orduya təhvil verdiyini bəyan edib.
 
“O, “vaqner”çilərin Baxmutdən geri çəkilməsi prosesi ilə bağlı videopaylaşım edib.

Hərbi geyimli insanların yanında poza verən Priqojin deyib ki, geri çəkilirik, bir az dincəlmək lazımdır.

“Arxa bölgəyə gedirik...  Hər şeyi orduya təhvili verib, arxaya çəkilirik.  İyunun 1-nə qədər hamımız istirahət edib toparlanacağıq, Baxmut hərbçilərə təhvil veriləcək. Sadəcə, iki adamımızı saxlayacağıq.

Bunlar “Biber” və “Dolik”dir. Lazım olanda onlar orduya yardımçı olacaqlar”, - o qeyd edib.

Priqojin onu da bildirib ki, iyunun 1-dən sonra tapşırığa uyğun başqa yerdə tapşırığı icra edəcəklər.

Qeyd edək ki, “Vaqner” Baxmutda gedən döyüşlərdə  20 000 itki verib. 

Türkiyədə dünən xarici ölkələrin nümayəndəliklərində xarici seçicilər siyahısında qeydə alınmış şəxslərin səsvermə prosesi başa çatıb.

Türkiyə Mərkəzi Seçki Kseomissiyasının (YSK) məlumatına görə, mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turu üçün xarici ölkələrdəki seçici siyahılarında qeydə alınan seçicilərin sayı 1 895 430 nəfərə çatıb.

1 783 107 səs yalnız xarici nümayəndəliklərdə verilib.

Gömrük-keçid məntəqələrində səsvermə 28 may bazar günü saat 17:00-a qədər davam edəcək.//oxu.az

Türkiyədə fevral ayında baş verən dəhşətli zəlzələ nəticəsində evləri ağır və orta dərəcədə ziyan çəkən sakinlərin elektrik enerjisi və təbii qaz borcları silinib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı “Resmi Gazete”də dərc olunub.

Qərara görə, bu tarixdən əvvəlki təbii qaz və elektrik enerjisi borcları sakinlərdən alınmayacaq.

Qərarın icra ediləcəyi vilayətlər Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniye, Malatya, Adıyaman, Adana, Diyarbəkir, Kilis və Şanlıurfadır.//oxu.az

Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu Babala TV proqramının tamaşaçısının İpək Yolunun Azərbaycandan yan keçdiyi qalmaqallı xəritə ilə bağlı sualını cavablandırıb.

 Kılıçdaroğlu prezident olacağı təqdirdə ilk xaricə səfərinin KKTC-yə, ikinci səfərinin isə Azərbaycana olacağını bildirib. Türkiyəli siyasətçi İstanbulla Bakı arasında heç bir fərq görmür və deyir ki, Türkiyə ilə Azərbaycan arasında möhkəm münasibətlərə heç bir tərəf şübhə edə bilməz. Kılıçdaroğlu qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı problemlər var və Türkiyənin həm İrana, həm də Ermənistana bu layihələrin onlar üçün də faydalı olduğunu göstərmək vəzifəsi var. Ona görə də hesab edir ki, yolları genişləndirmək lazımdır.

Onun bu cavabına isə sosial media istifadəçiləri birmənalı reaksiya verməyib.

Belə ki, onlardan biri şərhində yazır: "İndi o, sırf hakimiyyətə gəlmək üçün hər şeyi deyəcək, sonra başlayacaq ki, bunu nəzərdə tutmayıb. Qərb həmişə Türkiyəni zəiflətməyə, onu Rusiyaya qarşı sıxışdırmağa çalışıb. Əgər Qərb Ərdoğanın əleyhinədirsə, deməli, o, hər şeyi düzgün edir və Türkiyə onunla daha böyük uğurlara imza atacaq. Əminəm ki, Türkiyə bunu bilir və mayın 28-də düzgün seçim edəcək".

Digəri isə belə reaksiya verib: "Tamaşaçı deyir ki, bizim Azərbaycana dəmir yolumuz var, bu axmaq deyir ki, Zəngəzur dəhlizində problemlər var".

İstifadəçilərdən bir başqası qeyd edir ki, verilən suallara əhəmiyyətli və təbii olaraq konkret cavablar eşidilmədi.

Gələn rəylər arasında həmçinin bildirilib: "Salonda ancaq onun tərəfdarları var. Amma hətta onların arasında sualı alqışlayanlar da oldu. Bu, azərbaycanlılarla qardaşlıq münasibətlərinin türklər üçün nə qədər önəmli olduğunu göstərir".

“Biz elə bir yerdə yaşayırıq ki, bu torpaq üçün kadastr şəhadətnaməmiz yoxdur”. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu mayın 24-də parlamentin iclasında baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsi imzalansa, Ermənistan belə kadastr sənədini əldə edə biləcək.

Azatutyunun yazdığına görə Paşinyan çıxışında müxalifətin - Yerevanın Bakının Qarabağa və anklavlara dair bütün tələblərini yerinə yetirməsi və əvəzində heç nə almaması barədə tənqidini qəbul etdiyini bildirib, amma deyib ki, Ermənistan “de jure” öz torpağının sahibi olmaq şansı qazana bilər:

“Biz hamımızmı başa düşürük ki, 30 ildir sevimli vətənimizdə kadastr şəhadətnaməsi olmadan yaşayırıq, Erməni dövləti də özünün çoxminillik tarixində heç vaxt kadastr sertifikatına malik olmayıb? Əgər biz istədiyimizi edə bilsək, tariximizdə ilk dəfə olaraq kadastr sertifikatı əldə edəcəyik və torpağımızın təkcə “de facto” yox, həm də “de jure” sahibi olacağıq”.

Bunun ardınca baş nazir fikirlərini daha sadə dildə izah etməyə çalışıb:

“Biz dünyanın elə bir yerində yaşayırıq ki, burada belə düşünən azı bir neçə ölkə var ki, istəsələr bizə deyə bilərlər: yığışın və burdan rədd olun. Onda biz deyə bilməyəcəyik ki, bir dəqiqə gözləyin, kadastr şəhadətnaməmizi göstərək...”

Paşinyan əlavə edib ki, əgər Azərbaycanla sülh müqaviləsi imzalansa, Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə dair danışıqlar da təsisatlanmış prosesə çevrilər:

“Biz, hamımız, Ermənistan Respublikasının parlamenti öz sakin statusumuzu gücləndirərək kadastr sertifikatı əldə etmək istəyirik və bunun adı beynəlxalq aləmdə tanınan delimitasiyalı və demarkasiyalı sərhədləri olan dövlətdir”.

Azatutyun yazır ki, mayın 24-də Ermənistanın baş naziri Azərbaycanın Qarabağ da daxil 86 min 600 kvadrat kilometrlik sahədə ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. Paşinyan çıxışında bu barədə deyib:

“Azərbaycanın çox dəqiq diskursu var. O deyir: əgər siz bizim ərazi bütövlüyümüzü tanımasanız, biz də sizin ərazi bütövlüyünüzü tanımayacağıq və bu söhbət beynəlxalq icmanın qarşısında baş verir. Biz indi qərar qəbul etməliyik. Yaxşı, deyə bilərik ki, biz Azərbaycanın 86.6 min kvadrat kilometrini tanımırıq və bizim fikrimizcə, Azərbaycan 86.6 min kvadrat kilometr yox, 45.7 kvadrat kilometrdir. Onlar da deyəcəklər: lap yaxşı, bizim fikrimizcə də Ermənistan 29.8 min kvadrat kilometr yox, 8 min 700 kvadrat kilometrdir”.

Paşinyanın fikrincə, məsələ belə mübahisəli qalsa, kimin nə qədər əraziyə malik olması “həmin gün KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) hansı əhvalın hökm sürməsindən asılı olacaq”.

Paşinyan çıxışında anklavlar məsələsinə də toxunub. Azatutyunun yazdığına görə o deyib ki, bu məsələnin “psixoloji qavranması dəyişdirilməlidir”. Onun firkincə bu, sülh şəraitində sırf texniki məsələdir:

“Əgər biz həqiqətən də sülhdən danışırıqsa, bu, böyük strateji dərinliyi olmayan yalnız texniki, təşkilati məsələdir. Amma biz əgər müharibədən danışırıqsa, bu, çox kəskin məsələdir”.

Baş nazir bildirib ki, bu barədə Azərbaycan prezidenti ilə Münhendə və Brüsseldə söhbətləri olub və bu məsələnin siyasi-hüquqi aspektləri var. Paşinyan bildirib ki, bu məsələ ətrafında hələ heç bir razılaşma əldə olunmayıb:

“İki həll variantı var. Variantlardan biri: sərhədin o tayında olan anklav o ölkənin ərazisi kimi qalır, bu tərəfdə olan anklav bu ölkənin. Və əgər tərəflərdən biri razılaşmasa, bu da bir məsələdir və hələ heç nə həll olunmayıb, amma əgər, məsələn, Azərbaycanla dəqiq razılaşma olsa, mən gəlib deyəcəyəm ki, biz bu məsələnin həllində dəqiq razılığa gəlmişik. Amma bu mövzuda yekun razılaşma yoxdur, müxtəlif fikirlər, ideyalar var və yeri gəlmişkən, bunların heç biri rədd edilməyib”.

Türkiyədə seçkilərə ATA ittifaqının tərkibində qatılan Zəfər Partiyasının sədri Ümit Özdağ ikinci turda hansı namizədi dsətəkləyəcəyini açıqlayıb.

“Həm “Cümhur ittifaqı”, həm də “Millət İttifaqı” ilə danışıqların sonu olaraq Zəfər Partiyasının sədri Ümit Özdağ ikinci turda keçiriləcək seçkilərdə HDP-nin dəstəklədiyi 6 partiyalı masanın prezidentliyə namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəklərini açıqlayıb.

Kılıçdaroğlu ilə Özdağ təxminən 50 dəqiqə danışıb.

Türkiyədə pandemiya zamanı maska taxmayanların cərimələri geri qaytarılacaq.

APA "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə “Resmi Gazete”də məlumat dərc olunub.

Qeyd edilib ki, koronavirus dövründə maska taxma qaydasının pozulmasına görə cəzalar ötən il ləğv olunub, lakin cəriməni ödəyənlərin pulu geri qaytarılmayıb.

Pandemiya dövründə çıxarılan cəzaların bərpası üçün Konstitusiya Məhkəməsinə edilən müraciətin nəticəsi olaraq, bu gün “Rəsmi Qəzet”də dərc olunan qərarla ödənilən cərimələrin geri qaytarılması mümkün olacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötəngünkü mətbuat konfransı bir sıra maraqlı məqamlarla yadda qalıb.

Belə ki, erməni nazirin Qarabağla bağlı konkret mövqe sərgiləməsi, habelə Azərbaycanın 86.6 kv.km. ərazi bütövlüyü daxilinə Qarabağı da daxil etməsi ona qarşı hücumlara rəvac verib.

Hökumət başçısını bu çıxışından sonra onu "Vətən xaini", "satqın" adlandıranların sırası daha da genişlənib. Hətta separatçı rejimin “parlamenti” ötən gün “bəyanat” yayaraq, Baş nazirin bu açıqlamasını qəbul etməyəcəklərini açıqlayıb.

27 oktyabr 1997-ci il Ermənistan parlamentinə hücum faktını nəzərə alsaq, Paşinyan bugünkü reallıqda ona qarşı olan hücumları, habelə təzyiqləri dəf edə bilərmi? Onun kompromisə getməyi hakimiyyətini laxlada bilərmi? Baş nazirin həyatı üçün təhlükə varmı?

Yenisabah.az-ın suallarını cavablayan politoloq Elşən Manafov söyləyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın belə açıqlama ilə çıxış edəcəyi gözlənilirdi:

“Çünki Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutmuş məlum görüşdən sonra ittifaqın prezidenti Şarl Mişel bəyan etdi ki, danışıqlarda əldə edilmiş ciddi uğur ondan ibarətdir ki, Ermənistan Azərbaycanın 86.6 kv.km, Azərbaycan isə Ermənistanın 29.800 kv.km-ə malik olması ilə bağlı ərazi bütövlüyünü tanıyıb. Bu açıqlamadan sonra Paşinyanın belə bir bəyanat verəcəyi gözlənilən idi”.

“O ki qaldı Paşinyana yönəlmiş hücumlara, aydın məsələdir ki, bu hücumlar erməni müxalifəti tərəfindən istiqamətləndirilir. Erməni müxalifətinin bu məsələdəki mövqeyi onun daha çox konyunktura maraqlarından irəli gəlir. Bəllidir ki, Paşinyan Azərbaycan-Ermənistan müharibəsinin Ermənistan üçün doğurmuş olduğu reallıqlardan çıxış edərək belə bir mövqe sərgiləyir. Ona görə də erməni müxalifətinin bu bəyanatı populizmdən başqa bir şey deyil”, - o, əlavə edib.

Analitik fikrincə, müxalifətin bu bəyanatının arxasında geosiyasi sifarişin olması da istisna deyil:

“Çünki həmin müxalifət daha çox Rusiyaya bağlılığı ilə seçilir. Əslində, bu bəyanatların arxasında Ermənistanda Qərb və Rusiya maraqlarının toqquşması ilə bağlı məqamları görmək lazımdır. Yəni burada konyunktur ilə yanaşı geosiyasi qarşıdurmanın yaratmış 0lduğu reallıqları nəzərə almaq lazımdır”.

Baş nazirin həyatında təhlükə yaradacaq sui-qəsdin olub-olmayacağı məsələsinə gəldikdə müsahibimiz qeyd edib ki, bu bəyanatı verən dövlət başçısı, yəqin ki, bunun doğura biləcəyi reallıqları da nəzərə alar:

“Təbii ki, Baş nazirin mühafizəsi də müvafiq qurumlar tərəfindən həyata keçirilir. Aydın məsələdir ki, heç kəs heç nədən sığortalanmayıb, lakin belə bir bəyanatdan sonra Paşinyanın həyatına Ermənistandakı millətçi dairələrin təmsilçiləri tərəfindən sui-qəsd də ola bilər. Nəzərə alsaq ki, Ermənistan terror və sui-qəsdin həyata keçirilməsində xüsusi təcrübəyə malikdir, - xüsusilə də millətçilər və “Daşnaksütyun” Partiyası – o zaman bu da istisna edilə bilməz”.

30 illik işğaldan sonra biz Can Azərbaycanla birlikdə Qarabağı azadlığına qovuşdurduq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitterdə yazıb.

O bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) qurulması ilə Ankaranın Türk dövlətləri ilə əlaqələr daha da möhkəmlənib:

“Ortaq tarix, dil, inanc və mədəniyyətə sahib olduğumuz ölkələrlə yenidən qucaqlaşdıq. Biz “harada bir vətəndaşımız varsa, oradayıq” prinsipi ilə Rumelidən Qafqaza qədər heç bir qardaşımızı boynu bükük qoymadıq. Türkiyə çərkəzlər, tatarlar, qaqauzlar, türkmənlər, ahıskalılar, özbəklər və uyğurlar da daxil olmaq tarix boyunca dara düşən hər qardaşına dəstək olub”.

Xəbər lenti