Rəsmi İrəvanın hərbi-siyasi təxribatlarının mümkün nəticələri Ermənistan cəmiyyətində də müəyyən təxminlərə yol açmağa başlayıb, baş verənlərə siyasi məntiq üzərindən yanaşanlar ölkənin əsas düşməninin kənarda olmadığını tədricən anlayırlar... Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın "11 min hərbçi fərarilik etmişdi" etirafına baxmayaraq, Ermənistan cəmiyyətində reallığa yaxınlaşma prosesi gecikərsə, erməni politoloqun bu ölkənin yox olacağı ilə bağlı son proqnozu doğrula bilər...

Cənubi Qafqaz olduqca təhlükəli tarixi mərhələdən keçir. Bu regionda dünya nəhənglərinin geopolitik maraqları kəskin şəkildə toqquşur. Belə qlobal qarşıdurma isə öz növbəsində regional hərbi-siyasi gərginliyin ən yüksək həddə çatmasına səbəb olub. Və dünya nəhənglərinin regional qarşıdurmasında "geopolitik alət" rolunda çıxış edən Ermənistanın hərbi təxribatları Cənubi Qafqazda yeni savaş təhlükəsini daha da artırır.

Maraqlıdır ki, "Fitch Ratings" agentliyi Cənubi Qafqazda yeni savaş ehtimalını qətiyyən istisna etmir. Agentlik hesab edir ki, Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşmalar tamamilə mümkün variantlardan biri kimi indi daha çox aktualdır. Bu qurumun qənaətinə görə, geopolitik situasiyanın savaşa doğru istiqamətlənməsi ötən ilin əvvəllərindən üzü bəri davam edir. Bununla belə, Fitch Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalana və münasibətlərin normallaşması üzərindən iqtisadi-ticari əməkdaşlığa yönələ biləcəyini də istisna etmir.

Təbii ki, hərbi-siyasi gərginliyin yüksəlməsində regionda maraqları olan beynəlxalq oyunçuların da inkaredilməz rolu olmamış deyil. Hər halda, Avropa Birliyinin mülki missiyasının Ermənistana gəlişindən sonra rəsmi İrəvanın daha çox hərbi təxribatlara əl atdığı və sülh prosesindən uzaqlaşmağa can atdığı da inkaredilməz reallıqdır. Hətta son vaxtlar Avropa Birliyinin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter də təxribatçı açıqlamalarla geopolitik vəziyyəti daha da gərginləşdirir.

376407

Məsələ ondadır ki, Markus Ritter “Azərbaycanın yaz aylarında hücuma hazırlaşdığının Ermənistan tərəfindən iddia edildiyini”, “belə bir hücum olmayacağı təqdirdə, bunun AB missiyasının uğuru olacağını” iddia etmişdi. Bu, avropalı müşahidəçilərin özlərini regionda sülhün qarantı, hətta Ermənistanın xilaskarı kimi təqdim etmək cəhdindən başqa bir şey deyil. Və regionda sülhün möhkəmlənməsinə deyil, əksinə, qarşılıqlı etimadın yoxa çıxmasına xidmət edir.

Avropa Birliyinin missiyası Ermənistanı Azərbaycandan qorumaq deyil. Bu missiya indiki situasiyada sülh prosesinin ön plana çıxmasına dəstək vermək üçün Ermənistana göndərilib. Ancaq müşahidələr göstərir ki, bu missiya daha çox rəsmi İrəvanın təqdim etdiyi yalan məlumatları öz fəaliyyətinin təməlinə yerləşdirib. Və bu baxımdan, sülhə deyil, yeni savaşın başlanmasına səbəb ola biləcək mövqedən çıxış edir.

Ancaq regionda yeni savaşın baş verəcəyi təqdirdə, Avropa Birliyi də daxil olmaqla, rəsmi İrəvanın heç bir xarici himayədarı Ermənistanı qoruya bilməz. Birincisi, rəsmi İrəvanın xarici himayədarlara güvənərək, regionda hərbi-siyasi təxribatlar törətməsinə uzun müddət səbr göstərilməz. Bu, əvvəl-axır müharibə ehtimalını reallığa çevirə bilər. Və Ermənistanı yeni hərbi toqquşmalardan qorumaq o qədər də asan olmayacaq.

Məsələ ondadır ki, Ermənistanı müdafiə etmək üçün onun əvəzindən döyüş meydanında savaşmaq lazımdır. Ermənistan ordusu savaşmaq qabiliyyətində deyil. Çünki bu ölkənin ordusunun hərbçiləri savaş meydanından qaçmağa daha vərdişlidirlər. Rəsmi İrəvan da müttəfiqliyi və tərəfdaşlığı yalnız başqa ölkələrin Ermənistanın əvəzinə savaşmasının vacibliyi ilə paralelləşdirir.

376408

Vaxtilə Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük savaş dövründə Ermənistan ordusundan 10 min nəfərdən çox hərbçinin döyüş meydanından qaçaraq, fərrarilik etdiyini vurğulamışdı. Rəsmi Bakı Ermənistan ordusunda olan vəziyyəti, əhval-ruhiyyəni, onu döyüş qabiliyyətini bu ölkənin hərbi-siyasi rəhbərliyindən daha yaxşı bilir. Son vaxtlar Ermənistan ordusuna qadınların cəlb edilməsi də bu ölkənin yeni hərbi əməliyyatlara duruş gətirmək potensialının hansı səviyyədə olduğunu göstərir.

Nəhayət, Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın açıqlamaları növbəti savaşın nəticələrini əvvəlcədən təxmin etmək imkanları verir: “Biz reallığı gizlədərək yüksək pafoslu sözlər deməyi sevirik, amma reallıq budur ki, 44 günlük müharibədə 11 min nəfər fərrarimiz vardı. Mən bir qadın olaraq, özüm dəstə yaratmaq qərarına gəldim ki, kişilər buna böyük ehtiyac olduğunu görsünlər. Görsünlər ki, silahlı dəstələr yaradıb, öz vəzifələrini yerinə yetirməyə gedənlər qadınlardır. Kişilərin buna reaksiyası yaxşı olmadı, kişilərimiz buna qoşulmadı".

Ermənistan cəmiyyəti erməni baş nazirin həyat yoldaşının dediklərinə diqqətlə yanaşmalıdır. Çünki bu, Azərbaycanın siyasi dairələrindən verilən açıqlama deyil. Ermənistanda ən məlumatlı siyasi persona hesab edilən baş nazir Nikol Paşinyanın xanımıdır. Yəqin ki, o, bu məlumatı öz ərindən eşidib və Ermənistan Anna Akopyanın dediklərinə tamamilə etibar edə bilərlər. Halbuki, bu məlumatlar rəsmi Bakının iddialarını eynilə təsdiq edir.

Ona görə də, rəsmi İrəvanın hazırda hərbi-siyasi təxribatlar törətməsi, regionda dünya nəhənglərinin maraqları arasında geopolitik alətə çevrilməsi əslində, Ermənistana qarşı real təhlükədir. Çünki Ermənistan ordusu ölkəni qorumaq qabiliyyətindən çox-çox uzaqdır. Xarici himayədarlar Ermənistan ordusunun əvəzindən savaşmaq niyyətində deyil. Və belə vəziyyətdə yeni savaşa səbəb vermək Ermənistanın mövcudluğunu riskə atmaq deməkdir.

376409

Bu reallığı Ermənistanda anlayanlar isə az da olsa, mövcuddur. Erməni politoloq Alen Qevondyan hesab edir ki, Ermənistan ərazisi qonşu ölkələr arasında bölüşdürülə bilər. Onun fikrincə, rəsmi İrəvan Ermənistanı region dövlətlərinə qarşı alətə çevirib. Belə vəziyyət isə Ermənistanın gələcək perspektivləri yalnız ən təhlükəli proqnozlara əsas verir. Və belə davam edərsə, Ermənistanın mövcudluğu yaxın gələcəkdə ciddi suallar doğuracaq.

Erməni politoloq hesab edir ki, məhz rəsmi İrəvanın davranışları regiondakı ölkələri Ermənistanın real düşməninə çevirir: "İndi regionda ciddi problemlər yaradan Ermənistanın mövcudluğu qonşu ölkələrin milli təhlükəsizlik maraqlarına ziddir. Ona görə də, böyük ehtimalla Ermənistan siyasi anlamda, hətta ərazi baxımından belə, qonşu ölkələr arasında bölüşdürülə bilər. Qərb və Rusiya isə Ermənistana yardım etməyəcək, vəziyyəti gərginləşdirib, kənara çəkiləcək".

Erməni politoloq Alen Qevondyan rəsmi İrəvan reallıqdan uzaq maksimalizmdən əl çəkməsə, bütün bunlar qaçılmaz olacaq: "Ehtimal edirəm ki, Ermənistanın bəzi bölgələri region dövlətlərinin ortaq idarəçiliyi altına düşəcək. Ermənistan adlı dövlətdən demək olar ki, heç nə qalmayacaq. Bütün bunlar rəsmi İrəvanın yürütdüyü təhlükəli daxili və xarici siyasətin doğurduğu nəticələrdir".

Göründüyü kimi, rəsmi İrəvanın hərbi-siyasi təxribatlarının mümkün nəticələri Ermənistan cəmiyyətində müəyyən təxminlərə yol açmağa başlayıb. Baş verənlərə siyasi məntiq üzərindən yanaşanlar Ermənistanın əsas düşməninin kənarda olmadığını tədricən anlayırlar. Və belə vəziyyətdə Ermənistan cəmiyyətində reallığa yaxınlaşma prosesi gecikərsə, erməni politoloqun proqnozu doğrula bilər.

Musavat.com

Bakı-Tehran xəttindəki gərginlik və İranın atdığı addımlar Təbrizdəki konsulluğumuzun təhlükədə olduğu məsələsini aktuallaşdırır.

Hələ səfirliyimizə edilən terror aktından sonra İran ekspert cameəsi üzərindən “Təbrizdəki konsulluğun ziyanlı hərəkətlərinin təfərrüatlarını bilirik” iddiasını gündəmə gətirir, bununla Bakının Arazın o tayındakı soydaşlarımıza bu platformada dəstək verdiyinə işarə vururdu.

Azərbaycanın İsraildə səfirlik açmasından sonra konsulluğumuz yenidən hədəfə götürüldü: rəsmi Bakının bu addımına etiraz olaraq, Tehran rejimi Təbirzdəki konsulluğun qarşısında “bağlansın” tələbi ilə aksiya təşkil etdi; ekspertlərinin dili ilə konsulluğu “şeytan yuvası” adlandırdı (Reza Abbasi “Şeytan yuvasını bağlayın...” çağırışı edib);

Aksiyanın məqsədi “Azərbaycanı Təbrizdə də istəmirlər” görüntüsü yaratmaqdır. Lakin burada digər səbəbi də var: konsulluğu Cənubi Azərbaycandakı soydaşlarımızla rəsmi Bakı arasında qeyri-rəsmi “bağ” olaraq görürlər və bunu qoparmaq istəyirlər;

Tehran rejimi konsulluğu bağlamaq məqsədilə hansı addımı ata bilər?

Birincisi, səfirliymizə qarşı törədilən terror ssenarisinin təkrarlana biləcəyi istisna edilməməlidir;
İkincisi, konsulluğumuzu “xarici qüvvələrin İranda iğtişaşlar törətmək planının icrası üçün istifadə edilən mərkəz” kimi təqdim edə bilərlər: ekspertlər üzərindən “şeytan yuvası” adlandırılması da bu ehtimalı ön plana çıxarır və İran bundan Arazın o tayındakı soydaşlarımız arasında “Azərbaycanı düşmən kimi” göstərmək, eləcə də bu addımına legitimlik qazandırmaq üçün istifadə edə bilər;

Baş verənlər Təbrizdəki konsulluğumuzun təhlükəsizlikdə olmadığını deməyə əsas verir.

“Azərbaycanlılar Paşinyan hökumətinin bir ildə edə bilmədiklərini bir gündə etdilər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Zəngəzurda Dığ (Tex) kəndinin sakinləri Ermənistan mətbuatına bildiriblər.

Müxbirlə yerli sakinlərin dialoqunu sizə təqdim edirik:

Yerli sakin: Bəli, biz sərhəddə dayanmışdıq, qarşılarını kəsmişdik. Burdan yaxşı görə bilərsiniz, gedin baxın. Baxırsan ki, bu “KamAZ”ların hamısı türklərindir (azərbaycanlıları nəzərdə tutur).

Müxbir: Sağ tərəfdə?

Yerli sakin: Bəli, ancaq türk maşını var, erməni maşını yoxdur. Yalnız onlardır.

Yerli sakin: Bax, oradək “Həsən”in postudur. Türklər ordan gəlir, lap aydın görünür. Lap çoxdurlar. Onlar əsgərdir, yoxsa zabit? Sayı çoxdur.

Müxbir: Texnika da gətirirlər?

Yerli sakin: Hərbi texnikanı görməmişəm, deyə bilmərəm Ancaq onlar bir gündə o qədər iş gördülər ki. Bizim hökumət bir ildə bu qədər iş görə bilməz. Mən düşməni tərifləməyəcəyəm. Amma belədir. Bu bizim torpağımızdır, babalarımızın torpağı olub. İndi “Ural”lar bizim torpaqlarımızda dayanır.

Müxbir: “Ural”lar onlara məxsusdur?

Yerli sakin: Qarabağa gedən yol onların sol tərəfindədir. Amma hər şey onlara məxsus deyil, bizim orada 8 hektar torpağımız var. Bu bizim ata-babalarımızın torpaqlarıdır. Bunlar bizim buğda sahələrimizdir. Bunlar insanların öz torpaqlarıdır, əkin sahələridir. “Ural”lar gəldi və hər şeyi məhv etdi. Onların ekskavatorları səngər qazır. Bilmirəm səngər qazır, yoxsa bunker. Amma bura tamamilə bizim torpağımızdır. Nikolun adamları deməsinlər ki, bura bizim deyil.

Müxbir: Deyirlər ki, bu kənd Nikolun tərəfdarıdır.

Kişi: Fərqi yoxdur, Nikolun və ya Köçəryanın tərəfdarıdır. Bura bizim kəndin torpaqlarıdır. Söhbət kəndimizin torpaqlarından gedir. Və yolları dəyişik salmasınlar. Yol Kornidzordan, Laçından keçir, bura nə dəxli var? Bunlar bizim torpaqlarımızdır.

Ermənistan parlamentində deputatlar arasında dava düşüb.

“Ermənistan” blokundan olan müxalifətçi deputat Mqer Saakyan və hakim “Vətəndaş sazişi” Partiyasından olan deputat Vladimir Vardanyan arasında əlbəyaxa dava baş verib.

İnsident parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasının qapalı iclasında baş verib.

Məlumata görə, Saakyan Vardanyandan səsini yüksəltməməsini tələb edib. “Kimə istəsəm qışqıraram, nə istəsəm, onu da edərəm”, - deyə Vardanyan cavab verib.
Nəticədə hər iki deputat yerlərindən sıçrayaraq bir-birilərinin üzərlərinə atılıblar və zərbələr endirməyə başlayıblar.

Hadisə yerinə dərhal polis gəlib və Saakyan dindirilmək üçün polis idarəsinə aparılıb.

Vardanyan bədən xəsarətləri alıb və xəstəxanaya göndərilib.

ABŞ ermənilərin Rusiyaya Ukraynadakı müharibədə yardım məqsədi ilə Şimali Koreyadan silah tədarük etməsi faktını aşkar edib.

BBC xəbər verir ki, ABŞ Şimalı Koreyadan Rusiyaya silah tədarükündə şübhəli bilinən 56 yaşlı Aşot Mkrtıçevə qarşı sanksiyalar tətbiq edib.

Bu erməni Slovakiya vətəndaşılığı daşıyır və Bratislavada yaşayır. ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən Aşot Mkrtıçev 2022-ci ilin və 2023-cü ilin əvvəlində Rusiya ilə Şimali Koreya arasında iyirmi növdən çox silah və sursatın satışı və barterinin təşkilində iştirak edib.

Məlumatda qeyd olunur ki, Rusiyaya silah müqabilində Şimali Koreya tərəfi ən müxtəlif əşyalar, sərnişin təyyarələrindən tutmuş xammal və məhsullar alıb.

“İrəvandakı reytinqimiz heç 30 faizə çatmır”.

“Report” Ermənistanın “İravunk” nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bu səbəbdən də sentyabrda mer seçkiləri keçirilməyəcək: “Vitse-mer Tiqran Avinyanın səylərinə baxmayaraq, sentyabrda şəhər seçkiləri olmayacaq. Çünki indi erkən seçkilər intihara bənzəyir”.

Qeyd edək ki, bu il martın 17-də İrəvan şəhərinin meri Qraçi Sarkisyan istefa verib.

Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra minlərlə rusiyalı Ukrayna tərəfdən Rusiyaya qarşı döyüşlərdə iştirak edir.

“Lenta.ru” xəbər verir ki, hərbi əməliyyatlar başladıqdan sonra minlərlə rusiyalı könüllü olaraq Ukrayna tərəfinə keçərək ruslara qarşı savaşmaqdadır.

Nəşrin yazdığına görə, Ukrayna tərəfdən döyüşən rusiyalıların ideologiyası və etnik tərkibi müxtəlifdir.

“Bura müstəqil İçkeriya (yəni Çeçenistan) tərəfdarlarından tutmuş rus neonasist qruplarınadək daxildir. Çox vaxt Ukrayna komandanlığı onları Rusiya daxilində təxribat fəaliyyətinə cəlb edir. Onlar təkcə terror aktları və təxribatlar törətmir, həmçinin kəşfiyyat məlumatları toplayır, hətta Ukrayna ordusunun maliyyələşdirilməsi üçün vəsait axtarışında olurlar”, - Lenta yazır.

Nəşrin yazdığına görə, Rusiya kəşfiyyat orqanları xeyli sayda belə insanı saxlayıb və dindirib. Dindirilmələr zamanı saxlanılanlar tez-tez etiraf ediblər ki, onlar xaricdə gizlənən və Rusiya daxilində hökumət əleyhinə hərəkatlara rəhbərlik edən şəxslərin dəvəti ilə Ukrayna ordusunun sıralarında döyüşmək qərarına gəliblər.

Ukrayna tərəfindən döyüşən qruplardan ən məşhuru Rusiya vətəndaşlarından formalaşan mühacirət siyasi həyatı yaşayan “Rusiyanın azadlığı” legionudur. Legiona Rusiya Dövlət Dumasının qaçaq deputatı İlya Ponomarevin rəhbərlik etdiyi “Silahlı Rusiya Müxalifətinin Siyasi Mərkəzi” də qoşulub. Onların əsas məqsədlərindən biri də Rusiyada hakimiyyəti devirməkdir.

Növbəti silahlı qruplaşma “Rusiya könüllülər korpusu”dur. Bu radikal qruplaşma mart ayında Rusiyanın Bryansk vilayətinin sərhədində kəndlərə hücumlar təşkil edib.

“Rusiya könüllülər korpusu”, “Rusiyanın azadlığı” kimi, Ukrayna Silahlı Qüvvələrinin Beynəlxalq legionunun bir hissəsidir.

Korpusun lideri və təsisçisi Denis Kapustindir. “Rusiya könüllülər korpusu” özünün mövcudluğunu 2022-ci ilin avqustunda rəsmən elan edib. Burada döyüşənlər etnik ruslardan ibarətdir.


Ukraynada döyüşən digər hərbi qruplaşma “İçkeriya Çeçenistan Respublikası” qrupudur. Qrupun siyasi lideri 2003-cü ildə Londonda siyasi sığınacaq alan, Cövhər Dudayev hökumətində mədəniyyət naziri vəzifəsində çalışmış Əhməd Zakayevdir. Zakayev Ukraynaya döyüşlərdə dəstək vermək üçün prezident Zelenskiyə müraciət edib. Bu məqsədlə 2022-ci ilin may ayında Kiyevə rəsmi səfər edən Zakayev Ukrayna Silahlı Qüvvələrinin komandanlığının qanadı altında yeni çeçen birləşmələrinin yaradılması ilə bağlı müqavilə də imzalayıb.

Zakayevin əsas hədəfi Rusiyanın Ukraynada məğlubiyyətinə nail olub Çeçenistanın müstəqilliyini əldə etməkdir.O bununla bağlı fikrini də açıqca bəyan edib: “Rusiya Ukraynaya uduzsa, Çeçenistanın işğaldan azad edilməsi, bir neçə günün işidir. Mən buna tam əminəm”.

Məlumatlara görə, 2500-dək çeçen Zakayevin liderliyi altında Ukraynada Rusiyaya qarşı savaşır.

Bundan əlavə olaraq çeçen hərbi birləşmələrinin formal lideri radikal sələfi ideoloqu, terror hücumlarının təşkilatçısı və suriyalı cihadçıların liderlərindən biri kimi tanınan Abdul-Hakim Şişanidir (əsl adı Ruslan Ajiyevdir-red). Şişanı İkinci Çeçenistan müharibəsi zamanı Qafqazda rus bölmələri ilə döyüşlərdə xüsusi qəddarlığı ilə məşhurlaşıb.

“France 24” telekanalının məlumatına görə, yanvarın əvvəlində Ruslan Acıyev (Şişani) Baxmut yaxınlığında döyüşüb. Bir ay əvvəl o, Ukrayna vətəndaşlığını və İçkeriya Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini vəzifəsinə təyin olunub.

“Bizim üçün savaş yaşamaq məsələsidir. Nə qədər ki, Rusiya var, biz sülh içində yaşaya bilmərik” -“İçkeriya” Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Ruslan Acıyev (Şişani) deyib.

Ermənistan parlamentində müzakirə zamanı ölkənin xarici işlər naziri Mirzoyan deputatlardan birinə yaxın vaxtlarda Moskvada azərbaycanlı və rusiyalı həmkarları Bayramov və Lavrovla üçtərəfli görüş keçiriləcəyini deyib.

Axar.az xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Qəzetin mənbəsinin sözlərinə görə, bu epizod təkcə deputatlar üçün deyil, hətta Paşinyan üçün də sürpriz olub:

“Söhbət görüşün özündən yox, bunun parlamentdə elan olunmasından gedir. Üstəlik, Paşinyan bu barədə ictimaiyyətə məlumat verdiyinə görə Mirzoyanı qınayıb. Lakin Mirzoyan geri çəkilməyib və bu addımının düzgün olduğunu qeyd edib.

Yeri gəlmişkən, Moskva görüşündə hakimiyyət prosesə yekun aydınlıq gətirməyə hazırlaşır. Qarşıdan gələn görüşdə Mirzoyan Rusiya tərəfinə Qərbin təklif etdiyi paket üzrə danışıqları davam etdirməyə hazırlaşdıqlarını və Qərbin Ermənistan-Azərbaycan sülh müqaviləsi üçün danışıqlar platforması olduğunu bəyan edəcək”.

Fransada bir qadın Prezident Emmanuel Makronu təhqir etmək şübhəsiylə saxlanılıb.

“France 24” xəbər verir ki, hadisə Saint-Omer bölgəsində baş verib.

Fransa polisi “sarı jiletlilər” hərəkətinin nümayəndələrindən olan qadını işlətdiyi “murdar” sözünə görə evindən aparıb.

Yerli televiziyalardan BFMTV-nin xəbərinə görə, qadın qubernatorun şikayəti ilə saxlanılıb.

Qadının Makronun pensiya islahatı ilə bağlı 22 martda xalqa müraciətdən bir gün əvvəl feysbukda paylaşım etdiyi məlum olub.

"Bu murdar saat 13:00-da sizə müraciət edəcək. Biz bu murdarı həmişə televiziyada görürük",- deyə o yazıb.

İttihamlarla bağlı danışan qadın başqa bir söz yazmaq istədiyini, lakin "klaviatura qurbanı olduğunu"  deyib.

Məlumata görə, 20 iyunda “prezidenti təhqir etmək" ittihamı ilə hakim qarşısına çıxarılacaq qadın təqsirli bilinərsə, 6 ilədək azadlıqdan məhrumetmə və 22 550 avroya qədər cərimə ilə cəzalandırıla bilər.

 

 
  •  

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) seçkilərdə qələbə qazanacağı halda müharibələrə qatılmamaq, ailə institutunun qorunması və Suriyadan olan miqrasiya axınının qarşısını almaq kimi üç ana xətt üzrə hərəkət edəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “A-Haber” kanalına müsahibəsində bildirib.

Ərdoğan, həmçinin əlavə edib ki, son iki il ərzində Qərb ölkələri Türkiyəni Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyirdi, lakin AK Parti bunun qarşısını alıb.

Xəbər lenti