“Putin öz iradəsini güc yolu ilə Kiyevin iradəsini sındırmaqla istəyinə nail olmaq istəyir. Bunun nəticəsidir ki, Ukraynanın bir çox uğurlu əks-hücumları indiyədək Putini məqbul şərtlərlə danışıqlar aparmağa inandırmaq üçün kifayət etməyib. Müharibələrin nəticələri çox vaxt döyüş meydanında yalnız hərbi reallıqları təsdiqləyən danışıqlar yolu ilə müəyyən edilir. Ola bilsin ki, Putin də İkinci Dünya Müharibəsinin təcrübəsinə əsaslanaraq belə addım atır”.

Bu barədə ISW-nin hesabatında qeyd olunub.

Sənəddə qeyd olunur ki, Putin hazırkı müharibəni başlatdığı üçün məqsədlərinə hərbi güclə nail ola bilməyəcəyinə qərar verməlidir: “Çünki münaqişənin danışıqlar yolu ilə həlli ilə məşğul olmalı olan əsas aktor odur”.

Lakin ISW-nin analitikləri hesab edirlər ki, Putin ukraynalıların Qərbin onları tərk etdikdən sonra döyüşərək və ya döyüş iradəsini qıranadək müharibəni davam etdirmək niyyətindədir:

“Putin bu qış böyük hərbi səylərinin uğursuzluğa düçar olmasına baxmayaraq, hələ də bu qənaətə gəlmədiyini sözdə və əməldə açıq şəkildə bəyan edir. Onun qışda Ukrayna və Avropanı dondurmaq cəhdləri heç bir nəticə vermədi. Rusiyanın Luqansk və Donetsk vilayətlərinin sərhədlərinin təhlükəsizliyini təmin etmək adı altında həyata keçirdiyi qış-yaz hücum əməliyyatları kulminasiya nöqtəsinə çatır. Bu səylərin nəticələri heç də ürəkaçan deyil”.

Sənəddə qeyd olunur ki, Putin üçün Rusiyanın Ukraynaya güc yolu ilə öz iradəsini tətbiq edə bilməyəcəyi ən yaxşı variant olardı, lakin o hələ bu qənaətə gəlməyib:

“Ukrayna ordusu Rusiyanın hərbi gücünü o qədər zəiflətməlidirlər ki, Putinə və bu müharibədə onu dəstəkləyən yaxın çevrəyə döyüş yolu ilə müharibənin nəticəsini dəyişməyin mümkün olmayacağı aydın olsun. O zaman Putin hərbi yoldan imtina edib, münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verər. Ukrayna ordusunun əks-hücum vasitəsilə faktiki uğur qazana biləcəyini gözləməyə isə əsas var.

Lakin Putinin bu hərbi reallıqları nə vaxtsa qəbul edib-etməyəcəyi bəlli deyil. O, bütün məqsədlərinə çatmaq üçün lazım olduğu qədər fasilə ilə və ya fasiləsiz mübarizəni davam etdirməyə qərar verə bilər. Onun ritorikası və hərəkətləri, eləcə də keçmiş nümunələri, şübhəsiz ki, belə bir ehtimaldan xəbər verir. Ona görə də danışıqlar yolu ilə həll mümkün olmaya bilər. Çünki Putin əslində Ukraynanı fəth edə bilməyəcəyi reallığını qəbul etməyəcək”.

İsrail prezidenti İshak Hersoq hökuməti məhkəmə sistemində islahatları dərhal dayandırmağa çağırıb.

Bu barədə İsrail Prezidenti İshak Hersoq bazar ertəsi öz tviter səhifəsində yazıb.

“İsrail xalqının birliyi naminə, məsuliyyət naminə sizi qanunvericilik prosesini (islahatın qəbulu -red) dayandırmağa çağırıram”, - dövlət başçısı yazıb.

Prezident etirazlar fonunda nümayişçilərlə polis arasında toqquşmalar fonunda ölkədə son dərəcə gərgin ictimai-siyasi vəziyyətin olduğunu qeyd edib.

“Millət dərin narahatlıq içindədir. Milli təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət - hər şey təhdid altındadır”, - Prezident qeyd edib.

İsraildə martın 26-da axşam saatlarında başlayan kortəbii etirazların səbəbi baş nazir Benyamin Netanyahunun elan etdiyi müdafiə naziri Yoav Qalantın istefası olub. Qalant açıq şəkildə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olan məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu deyib. Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə icra hakimiyyətinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. Netanyahu israr edir ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.

İsrailin müdafiə naziri Yoav Qallant ölkədə məhkəmə islahatları planlarına son qoymağa çağırdıqdan sonra o baş nazir Benyamin Netanyahu tərəfindən vəzifəsindən azad edilib.

BBC xəbər verir ki, Netanyahu Qallantı görüşə çağırıb və ona müdafiə naziri olaraq artıq inanmadığını deyib.

Qallant İsrail ordusunda baş verən iğtişaşlardan narahatlığını ifadə edib və bunun ölkənin təhlükəsizliyinə təhdid yaratdığını bildirib. Müxalifətlə dialoqa ehtiyac olduğunu əsas gətirən Qallant Netanyahunun koalisiyasından Ali Məhkəməni zəiflətmək istiqamətindəki planını gələn ay tətildən sonra parlamentin toplantısına qədər gözləməyi xahiş edib.

"İsrailin təhlükəsizliyi naminə, oğul və qızlarımızın xatirinə qanunvericilik prosesi hələlik dayandırılmalıdır", - Qallant deyib.

Hökumətin məhkəmə sistemi üzərində nəzarətini artırmaq planı İsrail tarixində ən böyük etiraz hərəkatına və hətta prezidentin vətəndaş müharibəsi xəbərdarlığı da daxil olmaqla böyük milli böhrana səbəb olub.

Rusiya ordusunun general-polkovniki Rüstəm Muradov Ukraynadakı Rusiya qoşunlarının “Şərq” qrupunun komandanı vəzifəsindən kənarlaşdırılıb.

Oxu.az verdiyi məlumata görə, “Şərq” qruplaşması Uqledar istiqamətində hücum əməliyyatları zamanı böyük problemlər yaşayıb.

Məlumat hələ rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, 50 yaşlı R.Muradov 2020-ci ilin noyabrından 2021-ci ilin sentyabrınadək Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinə komandirlik edib.

Katoliklərin ruhani lideri Papa Fransiskin geyimi sosial mediada ən çox müzakirə edilən paylaşımlardan birinə çevrilib.

Qafqazinfo xəbər verir ki, xüsusilə xarici mətbuatda etdiyi və dedikləri ilə daim danışılan Papa Fransisk bu dəfə gödəkçəsi ilə gündəm olub.

Bəzi sosial media istifadəçiləri ağ gödəkçənin "moda nümayişlərindən ilham alaraq hazırlandığını" şərh ediblər.

 

 

 

ABŞ-ın Suriyanın şimal-şərqindəki bazası raket hücumuna məruz qalıb.

Report xəbər verir ki, bu barədə “The Hill” ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi mayor Con Mura istinadən xəbər verib.

O qeyd edib ki, Əl-Ömər yatağının ərazisində yerləşən bazanın atəşə tutulması nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ silahlı qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) Suriyadakı obyektlərinə bir sıra hava zərbələri endirib.

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, martın 23-də Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının Suriyanın şimal-şərqindəki bazasına pilotsuz uçuş aparatının hücumu nəticəsində “bir amerikalı müqaviləli hərbçi ölüb, beş hərbi qulluqçu və bir amerikalı müqaviləli hərbçi yaralanıb”.

Rusiya ordusu Ukrayna münaqişəsində Azərbaycan hərbçilərinin müharibədəki (ikinci Qarabağ müharibəsi-red) təcrübəsindən yararlana bilərdi.

“Report” xəbər verir ki, bu, “Forbes”in Rusiya ordusu barədə analitik yazısında yer alıb.

Məqalədə qeyd edilir ki, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında bir aydan çox davam edən müharibədə Azərbaycan hərbçiləri azı onlarla T-55 tankının olduğu bölüyü Ağdam rayonu yaxınlığında haubitsa kimi yerləşdirib. Onlardan daha yeni T-72 tankları ermənilərin mövqelərinə birbaşa hücumları reallaşdırdı:

“Rusiyanın köhnə T-55 tankları artilleriyaya çevrilə bilər. Amma bu, yaxşı artilleriya olmayacaq.

Rusiya ordusunun uzun müddət anbarda saxladıqdan sonra Ukraynada cəbhə xəttində istifadəyə çevirmək üçün çıxardığı 70 yaşlı T-54 və T-55 tankları, ehtimal ki, Ukrayna ordusunun öz tankları ilə birbaşa döyüşdə tab gətirə bilməyəcək”.

Lakin dörd ekipaj üzvü, 800 at gücünə qədər mühərrikləri və 100 mm-lik topu olan 40 tonluq T-54/55-lər tanklarının döyüşü Rusiya hərbçilərinin düşündüyü kimi olmaya bilər:

“Rusiya ordusu qədim tanklardan tank kimi deyil, artilleriya kimi istifadə edə bilərdi. T-55 tankdan iki dəfə uzaq, daha dəqiq, daha sürətli və daha uzun atəş aça bilən xüsusi haubitsa üçün zəif əvəzedicidir”. Qeyd edilir ki, Ukrayna müharibəsində və digər münaqişələrdə tanklardan artilleriya kimi istifadə edilməsinə dair çoxlu presedentlər var. Ukrayna ordusu yerli istehsal olan T-64 tanklarının üç nəfərlik heyətlərində atəş üsulları tətbiq etməklə haubitsa çatışmazlığını kompensasiya edib. Rusiya ordusu da son vaxtlar, hətta ən yaxşı T-90-ları ilə də belə etdi.

“Yadda saxlamaq lazımdır ki, tank, əslində, zirehə bükülmüş və şassi üzərində hərəkət edən, fırlanan böyük bir topdur. T-54/55 tanklarına gəlincə, bunlar 1944-cü ildə sovet ordusu tərəfindən qəbul edilmiş D-10 tank əleyhinə silahın törəməsi olan D-10T topudur”, - məqalədə qeyd edilir.

Türkiyənin yerli istehsalı olan ilk əsas döyüş tankı “Altay” aprelin 23-də ölkənin milli suverenlik günü münasibətilə Silahlı Qüvvələrə təhvil veriləcək.

Bu barədə Türkiyənin aparıcı zirehli nəqliyyat istehsalçısı BMC-nin rəhbəri Murat Yalçıntaş məlumat verib.

O, qeyd edib ki, hazırda tankların Koreya istehsalı olan enerji blokları quraşdırılır. Bu elementin yerli analoqu isə 2026-cı ilə qədər hazır olacaq.

Yalçıntaş zirehli texnikanın Türkiyəyə dost ölkələrə ixracı perspektivini də istisna etməyib.

Qeyd edək ki, 65 tonluq döyüş maşını tank əleyhinə raket sistemləri və yeni nəsil aktiv müdafiə sistemi ilə təchiz edilir. Tank atəşinə nəzarət kompüter sistemindən istifadə etməklə həyata keçirilir.
İlk mərhələdə 250 tankın istehsalı nəzərdə tutulur. Ümumilikdə, Ankara 1000 belə döyüş maşınını istehsal etməyi planlaşdırır. Gələcəkdə tankın pilotsuz versiyaları da buraxılacaq.

“Altay” Türkiyə Silahlı Qüvvələrində xidmətdə olan Alman “Leopard”ları və ABŞ M60 tanklarını əvəz edəcək.(oxu.az)

"SEPAH (İran İnqilab Keşikçiləri Qvardiyası) üzvlərinin arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, İranda İslam dininin siyasi alətə çevrilməsi, onun bir qrup rejim üzvü tərəfindən xalqı istismar etmək üçün vasitə kimi istifadə etməsi haqlı olaraq qonşu ölkənin vətəndaşları arasında böyük və kütləvi narazılıqlara səbəb olur: "Artıq aylardır ki, xalqın haqlı tələbləri və etirazları İran mollakratiyası tərəfindən göz ardı edilir. Mömin insanlar din adı altında siyasi şantaja məruz qalaraq adi insani haqlarını əldə edə bilmirlər. Hələ bu azmış kimi təqiblərə, ən müxtəlif və ağlasığmaz işgəncələrə məruz qalırlar.

Ona görə də hazırda İranda olduqca ciddi vətəndaş-mollakratiya qarşıdurması var və nə qədər ki, İran hakimiyyəti öz xalqına rifah, azad düşüncə, adi insan hüquqları təmin etməyəcək bir o qədər də bu qarşıdurma daha da dərinləşəcək" .

Deputat vurğulayıb ki, hazırda iş o yerə gəlib çatıb ki, İranda islam dəyərlərini və inqilabını qoruma ilə mükəlləf olan SEPAH (İran İnqilabı Keşikçiləri Qvardiyası) da rejimin törətdiyi qanunsuzluqlardan və cinayətlərdən zinhara gəliblər: "Onlar da başa düşür ki, SEPAH-ın vəzifəsi həqiqi teokratik hakimiyyəti qorumaq olsa da bu gün teokratiya adı altında bir qrup mollakratiya İranın bütün sərvətlərini talayır, İran xalqı sanksiyaların dərin məhrumiyyətləri içərisində yaşamağa məhkum edilir. Ona görə də SEPAH üzvlərinin arasında da İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır.

Belə vəziyyətdə qarşımızdakı mərhələdə İranın ən etibarlı mühafizləri sayılan SEPAH da bu qəddar və antiislam və antimüsəlman rejimi qorumaqdan imtina edəcəklər. Elə İran mollakratiyasının Azərbaycana olan münasibətinə baxmaqla bu rejimin islam düşməni olmasını çox aydın görmək olar. Müsəlman dini mirasını barbarcasına məhv edən Ermənistana İranın necə dəstək verməsi də bunun bariz göstəricilərindən biridir. Belə olanda SEPAH da, İran xalqı da bu rejimdən xilas olmaq üçün əlindən gələni edəcək" .

“Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”.

"Bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində qeyd olunub.

Bildirilib ki, martın 17-dən 21-dək yaralı rus hərbçilərinin əksəriyyəti ölüb: “Bu, qarşı tərəfin tibb xidmətinin zəif olduğunu göstərir. Görünür, tibb işçiləri kifayət qədər peşəkar deyillər”.

Məlumata görə, Rusiya komandanlığı Luqansk vilayətinin müvəqqəti ələ keçirdiyi ərazidə fəaliyyət göstərən mövcud xəstəxanalarda çarpayıların sayını artırmaq qərarına gəlib: “Həmçinin Troitske qəsəbəsindəki hərbi hospitalda çarpayıların sayı iki dəfə artırılaraq 200-dən 400-ə çatdırılıb. Ərazidəki yaralı zabitlər Rusiyaya təxliyə edilib”.

Baş Qərargahın informasiyasına əsasən, son 24 saat ərzində Ukrayna aviasiyası qarşı tərəfin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 12 zərbə endirib: “Son sutkada, həmçinin Rusiya Silahlı Qüvvələrinin 2 “Kh-59” hava raketi və 4 müxtəlif tipli PUA-sı məhv edilib. Raket qoşunlarının bölmələri və artilleriya bölmələri eyni zamanda düşmənin canlı qüvvəsi, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi əraziyə və 2 yanacaq-sürtkü materialı anbarına zərbələr endirib”.

Xəbər lenti