Türkiyə dekabrın 1-dən Bosfor və Çanaqqala boğazlarından keçən tankerlərdən sığorta sənədi tələb etməyi planlaşdırır.

Oxu.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayılıb.

Məlumata görə, boğazlar vasitəsilə neft daşıyan gəmilərdən sığorta şirkətindən məktub təqdim etmələri tələb olunacaq. Məktubda sığortanın konkret olaraq bu yükə və reysə şamil olunduğu yazılmalıdır.

Qeyd edək ki, sığortanın təmin edilməsi tələbi Avropada anti-Rusiya sanksiyalarının qüvvəyə minməsinə bir neçə gün qalmış tətbiq edilir.

Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının lideri vəzifəsini tərk edir.

O, bu barədə qanunverici orqanın aşağı palatasının iclasındakı çıxışında bildirib.

“Fraksiyamıza böyük inamla mən növbəti Konqresdə yenidən Demokratlar Partiyasının lideri seçilməyə can atmayacağam. Çox hörmət etdiyim Demokratik fraksiyaya yeni nəslin rəhbərlik etməsi vaxtıdır. Çoxlarının bu böyük məsuliyyəti çiyninə götürməyə hazır olduqlarına görə minnətdaram” -deyə, o bildirib.

Buna baxmayaraq, o, təqaüdə çıxmır, ancaq ABŞ Konqresinin Aşağı Palatasında işləməyə davam edəcək.

Qeyd edək ki, 82 yaşlı siyasətçi ilk dəfə 2007-ci il yanvarın 4-də ABŞ Konqresinin Aşağı Palatasının (Nümayəndələr Palatası) sədri seçilib. Bununla da ABŞ tarixində Nümayəndələr Palatasına sədr seçilən ilk qadın olub. O, Prezident və vitse-prezidentdən sonra əhəmiyyətinə görə hakimiyyətdə üçüncü şəxsdir.

Demokratlar Partiyasının lideri, ABŞ Prezidenti Cozef Bayden kimi, onun da erməni lobbisinə və seçicilərinin səsinə olan sevgisinin əsasında anti-Türkiyə ruhu durur.(Report)

Kiyev hakimiyyəti Rusiyanın enerji infrastrukturu obyektlərinə raket zərbələrinin artacağını gözləyir və Qərbdən zədələnmiş obyektlərin təmiri üçün ehtiyat hissələrinin Ukraynaya təhvil verilməsini xahiş edir.

Bu barədə “Politico” Ukrayna və ABŞ rəsmilərinə istinadən yazır.

Nəşrin məlumatına görə, Kiyev Qərb tərəfdaşlarına dağılmış infrastrukturu bərpa etmək üçün kifayət qədər maddi-texniki bazaya malik olmadığını bildirib. Ukraynanın ehtiyac duyduğu ehtiyat hissələri arasında generatorlar, borular və klapanlar var.

Çatışmazlıq yaranarsa, ölkəni elektrik enerjisi və qaz qıtlığı dövrü gözləyir ki, bu da yerlərdə döyüşləri çətinləşdirəcək və mülki əhalinin didərgin düşməsinə səbəb olacaq, ərzaq istehsalı və maddi-texniki təchizatda problemlər yaradacaq.

“Bu, hazırda amerikalılar və avropalılarla müzakirə etdiyimiz ən vacib məsələlərdən biridir. Qış həqiqətən ağır olacaq”, - Ukrayna hökumətinin müşaviri nəşrə bildirib. Onun sözlərinə görə, enerji çatışmazlığı ölkə üçün ölümcül nəticələrə səbəb ola bilər.

Noyabrın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərdən Rusiyanın birbaşa danışıqlar aparmaq istəyi ilə bağlı siqnallar aldığını açıqlayıb. O, həmçinin əlavə edib ki, Moskva ilə “pərdəarxası” danışıqlar aparmaq istəmir və ictimai forma təklif edəcək.

Rusiya Xarici İşlər Nazirliyi İrlandiyaya qarşı sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya İrlandiyanın baş naziri Maykl Martin də daxil olmaqla 52 irlandiyalı daxil edilib.

Bildirilib ki, sanksiyaların səbəbi Avropa İttifaqının Rusiya vətəndaşlarına viza verilməsini çətinləşdirən qərarları və ruslara müxtəlif məhdudiyyətləri tətbiq etməsidir.

Həmçinin, sanksiya siyahısına İrlandiya baş nazirinin müavini Leo Varadkar, İrlandiyanın ədliyyə naziri Helen MakEnti, İrlandiyanın maliyyə naziri Paschal Donohoe və İrlandiyanın müdafiə naziri və xarici işlər naziri Saymon Koveni daxildir.

76 yaşlı ABŞ-lı biznesmen Donald Tramp yenidən prezidentliyə namizədliyini verəcək.

Xarici KİV xəbər verir ki, o bu barədə Floridadakı möhtəşəm “Mar-a-Laqo” iqamətgahında çıxışı zamanı deyib.Tramp üçüncü dəfə namizd olmaq üçün sənədlərini təqdim etdikdən bir neçə dəqiqə sonra danışıb:

“Amerikanı yenidən böyük və şanlı etmək üçün mən bu axşam ABŞ prezidentliyinə namizədliyimi elan edirəm”- o söyləyib.

Bir saat davam edən qızğın nitqində Tramp ABŞ-ın 45-ci prezidenti kimi nailiyyətlərindən danışıb və və 2020-ci ildə onu məğlub edən demokrat Co Baydenə qarşı şifahi hücuma keçib:

“Bizim rəhbərliyimiz altında olanda böyük və şanlı bir xalq idik. Amma indi biz tənəzzülə uğrayan bir xalqıq".

2017-2021-ci illərdə prezident olan Tramp sözlərinə belə davam edib: "Bu, sadəcə bir kampaniya deyil, ölkəmizi xilas etmək axtarışıdır”.

Bayden administrasiyasının iki il ərzində ABŞ iqtisadiyyatını məhv etdiyini deyən Tramp qələbə ilə yenidən indiyə qədər mövcud olan ən böyük iqtisadiyyatı quracağını bildirib.

Qeyd edək ki, 2024-cü ildə ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

Terror təşkilatı PKK/YPG-nin Taksimdə İstiqlal küçəsində həyata keçirdiyi hücumla bağlı terrorçunun yeni görüntüləri üzə çıxıb.

 “TRT Haber”  xəbər verir ki, bomba yerləşdirən şübhəli qadının gəliş-gediş marşrutlarını qeydə alan 1200 təhlükəsizlik kamerası görüntüləri araşdırılıb.

Görüntülərdə qadının əvvəlcə Taksim meydanına doğru hərəkət etdiyi, mağazalardan birinin qarşısında skamekaya oturduğu, daha sonra isə bel çantasını orada qoyaraq ərazidən yeriyərək uzaqlaşması öz əksini tapıb.

Görüntülərdən həmçinin qadının partlayışdan dərhal sonra qaçmağa başladığı görünür.

Qeyd edək ki, sözügedən terror aktı nəticəsində 6 nəfər ölüb, 80-dən çox şəxs yaralanıb.

Həmin görüntüləri təqdim edirik:

 

Fransa Senatının erməni ekstremistləri tərəfindən sıxışdırılaraq Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə utancverici haldır.

Bunu Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brön məqaləsində deyib.

Məqalədə bildirilib ki, oktyabrın 3-də bir qrup senator anti-Azərbaycan qətnamə layihəsini Fransa senatına təqdim edib. Bu qətnamə noyabrın 15-də böyük səs çoxluğu ilə qəbul edilib.

Məqalədə müəllif qeyd edib ki, Senatın Fransanın xarici siyasəti üzərində heç bir səlahiyyəti yoxdur və bu halda bu qətnamə heç bir təsirə malik deyil.

Senatın iclasından əvvəl Fransada yaşayan azərbaycanlıların Lüksemburq sarayının qarşısında dinc nümayiş keçirdiyini də xatırladan fransız jurnalist vurğulayıb ki, bir neçə min nümayəndəsi ilə Fransadakı azərbaycanlı icması erməni lobbiçiləri ilə müqayisədə Fransa siyasətində az çəkiyə malikdir.

“Bir amili də xatırlatmaq lazımdır ki, Fransada erməni lobbinin əsas sözçüsü Jan-Mark Ara Toranyan 1980-ci illərdə Orli hava limanında 1983-cü ildə törədilmiş dəhşətli təxribatın arxasında duran ASALA-nın (Ermənistanın Azadlığı Naminə Gizli Erməni Ordusu) sözçüsü idi. Bu, onun bu gün Yelisey sarayında, Milli Assambleyada və Senatda dost kimi qəbul edilməsinə heç də mane olmur”.

Məqalədə həmçinin əlavə olunub ki, səsverməyə çıxarılan qətnamənin mətnində xüsusilə Fransa və Avropa hakimiyyət orqanlarından Azərbaycandan idxal olunan qaza embarqo tətbiq edilməsi və “Azərbaycanın Ermənistan ərazisindən dərhal çıxarılması” tələb olunur:

“Lakin bu sənəddə Ermənilərin bütün beynəlxalq qanunlara və BMT-nin 4 qətnaməsinə zidd olaraq Azərbaycan ərazisinin 20%-ni işğal etdiyi və son üçtərəfli bəyanatlara əsasən Qarabağdan erməni ünsürlərinin tam çıxarılması nədənsə ifadə olunmayib”.

Jurnalist vurğulayıb ki, son seçkilərdən sonra İtaliya kimi ağır iqtisadi vəziyyətdə olan digər Avropa ölkələrindən nümunə götürərək təsirini artıran Fransa siyasi sinfinin ən mühafizəkar hissəsi “Avropa kimliyi” fərziyyəsinin müdafiə olunmasını arqument kimi seçib və bu fərziyyə Qərbin xristian köklərinə əsaslanmalıdır:

“Avropanın, xüsusən də Fransanın çoxlu və müxtəlif köklərə sahib olduğu nəzərə alınmaqla, "milli kimliyi" müəyyən etmək mümkün olmadığından, identitarlar öz mövqelərini müəyyən etməyə çalışdıqları üçün bizim nə olmadığımızı nümayiş etdirməyə səy göstərirlər. Bizim olmadığımız isə təbii ki, müsəlman olmaqdır. Türkiyənin Avropa İttifaqına üzvlüyündən imtina edilməsinin əsas səbəblərindən biri də budur.

Bu, təbii ki, İbn Sinaya, İbn Xəldun və ya Nizamiyə, Müqəddəs Avqustinə və ya Foma Akvinaya borclu olan fransız mədəniyyətinin böyük bir hissəsinin müsəlman köklərini unutması deməkdir.

Bu cəhalət və ya korluq, əsasən, dünyəvi məktəbin atası, Avropa ərəb köklərinə dair bütün istinadları məktəb dərsliklərindən çıxarmaq qərarına gələn Jül Ferridən qaynaqlanır. Bu, həmvətənlərimizin bu məsələdə məlumatsızlığını ehtiva edir”.

“Bu, bu gün müsəlman inanclı fransızların hər gün bədəlini ödədiyi şiddətli islamafobiya kampaniyaları ilə özünü göstərir.

Əhalisinin əksəriyyəti müsəlman olsa da, bütün dinlərin öz fikirlərini azad şəkildə ifadə edə bildiyi tamamilə dünyəvi ölkə olan və regionda ən böyük yəhudi icmasına malik olan Azərbaycana niyə hücum edirsiniz?

Sadəcə olaraq, ona görə ki, erməniləri guya ki müsəlmanlar tərəfindən təhdid edilən "Şərq xristianları" kimi müdafiə etmək iddiasında olan fransız identifikatorları xristianlığı və bununla da "Avropa sivilizasiyası"nı qorumaq üçün yeni bir səlib yürüşünə girdiklərini hesab edirlər", - deyə məqalədə əlavə olunub.

Fransız jurnalist məqalədə onu da xatırladıb ki, haqqında bəhs olunan qətnamədə ərazisinin bir hissəsinin işğal olunduğunu və dağıdılmasını, torpaqlarının minalandığını, əhalisinin etnik təmizləməyə məruz qaldığını görən Azərbaycan xalqının 26 illik iztirablarına məhəl qoyulmur:

"Bu qətnamə, azərbaycanlılardan "Ermənistan ərazisini tərk etmələrini" tələb edərək, məsuliyyəti bilərəkdən təhrif edir və digərinin üzərinə atır. Bu qətnamə erməni əsirlərin ölkələrinə qaytarılmasını tələb edərək, erməni diversantlarının davamlı hücumlarına, Ermənistan hökumətinin Azərbaycan torpaqlarında basdırılmış minaların xəritələrini verməkdən imtina etməsinə məhəl qoymur, münaqişələr zamanı itkin düşmüş 4 min azərbaycanlının taleyinin müəyyən edilməsini nəzərə almır. Ukraynanı dəstəkləmək və eyni zamanda Rusiya qoşunları ilə çiyin-çiyinə döyüşən Ermənistanın tərəfini tutmaq paradoksu ilə də narahat deyil, baxmayaraq ki, Azərbaycan münaqişənin başlanğıcından Kiyevi dəstəkləyib və ona yardım göstərib“.

Müəllif yekun olaraq bildirib ki, Fransa parlamentarilərini bu acınacaqlı maskarada sürükləməyi bacaran erməni ekstremistlərinin istehzalı reklamı olan Senat epizodu, özünün islamofob daxili siyasəti, habelə Qafqaz və Mərkəzi Asiya dövlətlərinə qarşı aşağılayıcı xarici siyasət aparan və bununla da getdikcə siyasi, mədəni və hətta linqvistik baxımdan xalqlar arasında nüfuzunu itirən Fransanın öz fundamental prinsiplərindən üz döndərməsinin əksidir. "Əfsuslar olsun !”.

Polşaya düşən raketləri atan tərəf Rusiya olmaya bilər.

Bunu ABŞ Prezidenti Co Bayden deyib. O, hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verib:

“Biz (liderlərlə) Ukrayna sərhədində Polşa torpaqlarında baş verən partlayışın araşdırılmasında Polşaya dəstək verməyə razılaşdıq. İstintaq davam etdikcə, biz də birgə çalışaraq növbəti addımımızı müəyyən edəcəyik”.

ABŞ lideri Balidə keçirilən G20 Sammiti zamanı belə Rusiyanın Ukraynanın kritik infrastrukturuna hücum etməsinə diqqət çəkib:

“Rusiyanın etdikləri tamamilə vicdansızlıqdır", - deyə o söyləyib.

Jurnalistlərdən biri Baydenə “Raketin Rusiyadan buraxıldığını söyləmək hələ tezdirmi” sualını verib.

“Əlimizdə olan ilk məlumatlar bu nəticəni vermir. Araşdırmalar tamamlanana qədər dəqiq deyə bilmərəm, lakin raketin Rusiyadan atıldığı ehtimalı az görünür", - deyə Bayden cavab verib.

Qeyd edək ki, Polşa ərazisinə düşən naməlum raket 2 kəndlinin ölümünə səbəb olub. Bundan sonra Polşa Milli Təhlükəsizlik Komitəsi təcili toplanıb və hərbi hissələrin döyüş hazırlığının artırılması qərara alınıb.

"İstiqlal küçəsində baş verən terror aktından sonra başsağlığı və keçmiş olsun diləklərini çatdıran bütün dostlarımıza təşəkkür edirəm".

“Milliyet” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bu alçaq hücum terrorun qanlı və çirkin üzünü bir daha göstərdi. Terror təşkilatına dəstək verənlər tökülən hər qana ortaqdır. Terrorçular kimin arxasında gizlənirsə gizlənsin, onları gözləyən aqibətdən qurtula bilməyəcəklər”,- deyə Türkiyə lideri əlavə edib.

"Rusiyanın açıqlamasına hörmət etməliyəm. Rusiyanın "Bu işin bizimlə heç bir əlaqəsi yoxdur" deməsi, bizim üçün önəmlidir".

Bunu Polşaya düşən raketlərlə bağlı danışan Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan G20 sammiti zamanı jurnalistlərə deyib.

"Baydenin raketlərin Rusiya istehsalı olmadığını deməsi onun ruslarla heç bir əlaqəsi olmadığını göstərir. Araşdırma vacibdir. Biz Rusiya və Ukraynanı eyni masa ətrafına yığmağa çalışdığımız zaman müharibənin üçüncü iştirakçısını tapıb çıxarmağa ehtiyac yoxdur”, - deyə Ərdoğan söyləyib.

Xəbər lenti