![]() |
|
"Düşünürəm ki, dünyada çox şey dəyişib və mövcud olan dünya artıq yoxdur. Ermənistan isə Azərbaycan Prezidentinin nə dediyini və nəyə işarə etdiyini anlamırlar".
Bunu politoloq Stepan Danielyan Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsini şərh edərkən deyib.
Ekspertin fikrincə, Azərbaycan Prezidenti siyasi vəziyyətin dəyişdiyini, geosiyasi dəyişikliklərin baş verdiyini, köhnə dünya nizamının artıq olmadığını deyəndə bütün bunların mənası Ermənistanda çox zəif başa düşülür.
“Baxın, Ukraynada münaqişə var, Rusiya bəyan edib ki, Krım və Ukrayna ərazilərinin bir hissəsi Rusiya Federasiyasının ərazisi hesab olunur.
ABŞ prezidenti Danimarkaya ərazi iddiaları irəli sürür, Qrenlandiyaya ehtiyacları olduğunu deyir. O, Kanadanı 51-ci ştat elan edir, Panamanın öz nəzarətinə qaytarılması ilə bağlı bəyanatlar verir. İsrail Suriyadan torpaq alır, Türkiyə Suriyaya girdi. Biz görürük ki, dünya artıq dəyişib. Yəni 1945-ci ildən sonra ərazi bütövlüyü və insan hüquqları kimi iki əsas prinsip üzərində formalaşan dünya artıq yoxdur. Azərbaycan Prezidenti məhz bu barədə danışıb”, - Stepan Danielyan izah edib.
Politoloq Azərbaycan Prezidentinin belə bir bəyanatlarla çıxış etməsini təsadüfi hesab etmir.
“Yəni dünya dəyişib. İndi yeni bir şey baş verir. Rusiya prezidenti çoxqütblü dünyadan danışır, bu nə deməkdir? Bu o deməkdir ki, bir neçə əsas oyunçu olacaq. Yəni biz imperiyalara qayıdırıq və kiçik ölkələr ya yox olacaq, ya yeni ölkələr yaranacaq, ya da hansısa böyük ölkənin müştərisi olmalıdır. Yeni nizam hələ ortaya çıxmayıb. Və belə bir məqamda Azərbaycan da buna bənzər bəyanatlar verir və deyir ki, Ermənistanda bunu anlamırlar. Bir neçə dəfə dedi ki, dünya dəyişib, amma siz başa düşmürsünüz.
Lakin Ermənistanın baş naziri reallıqdan kənara çıxıb, nə baş verdiyini anlamır. Və bu vəziyyətdə, sizin geosiyasi təlimatlarınız olmalı və bəzi komandalara qoşulmalısınız. İşləyəcək, ya yox? Azərbaycan bir neçə istiqamətdə oynayır. Onun həm Rusiya, həm də Türkiyə ilə dərin anlaşmaları var və indi bəyan edir ki, o, ABŞ-nin strateji tərəfdaşı olmağa çalışır”, - Stepan Danielyan bildirib.
Gələcəkdə İsraillə Türkiyə arasında hərbi münaqişə ehtimalı var və bu da regionda dəhşətli bir mənzərə yaradacaq.
Bunu in Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti Efrat Aviv "The Media Line"a açıqlamasında deyib.
Bölgədə mümkün Türkiyə-İsrail qarşıdurmasına toxunan Avivin fikrincə, bu qarşıdurmanın qəsdən olub-olmamasından asılı olmayaraq, Türkiyə ilə İsrail arasında hərbi münaqişə indiyədək bənzəri olmayan dəhşətli bir vəziyyət yaradacaq.
“Hələ də müharibənin ortasında olan və HƏMAS-ın sarsıdıcı sərhəd hücumundan travma alan İsrail digər sərhədlərdə də oxşar sürprizlərin mümkünlüyünə daha az dözümlü olub”, - ekspert qeyd edib.
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığındakı Pasifik Palisades bölgəsində başlayan meşə yanğını quru və güclü küləklər səbəbindən sürətlə böyüyərək yaşayış məntəqələrinə də keçib. Bu səbəbdən Los-Anceles hazırda cəhənnəmi xatırladır.
Yanğın yollarda tıxaclara səbəb olub və bəzi insanlar avtomobillərini yolun ortasında qoyaraq canlarını qurtarmaq üçün qaçıblar.
Meşə yanğınları artıq lüks malikanələrin tikildiyi əraziyə keçdiyindən Los-Anceles Xilasetmə İdarəsi təxminən 10 min evdən 30 min insanı təxliyə edib.
Yanğın nəticəsində Los-Ancelesin Santa Monika və Malibu məhəllələri arasında 510 hektarlıq ərazi yanıb, səmaya güclü tüstü yayılıb.
Artıq evlərin xarabalığa çevrildiyi Pasifik Palisades Kris Prett, Riz Uizerspun və Maylz Teller kimi Hollivud məşhurlarının yaşadığı məşhur yaşayış sahəsidir.
Bölgədə dəyəri milyonlarla dollar olan çoxsaylı malikanələr var.
Yanan ərazidə "Polis Akademiyası" komediya filmi ilə dünyaca məşhurlaşan aktyor Stiv Quttenberq, amerikalı teatr və kino aktyoru Ceyms Vuds, Spenser Pratt və Heydi Montaq, Endryu Hayrz və digərlərinin malikanələri var.
Yanğın nəticəsində ABŞ prezidenti Co Baydenin açılışına qatılacağı Cennifer Lopezin yeni “Dayandırılmaz”(Unstoppable) filminin premyera tədbirləri ləğv edilib.
Avropa İttifaqı (Aİ) digər ölkələrin onun suveren sərhədlərinə hücum etməsinə icazə verməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-Noel Barro ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Qrenlandiyanın Amerikaya birləşdirilməsi ilə bağlı şərhlərinə cavab verərkən deyib.
Barro ABŞ-nin təxminən 600 ildir Danimarkanın tərkibində olan adanı işğal edəcəyinə inanmadığını da bildirib.
“Avropa İttifaqının kimliyindən asılı olmayaraq dünyanın digər ölkələrinin öz suveren sərhədlərinə hücum etməsinə icazə verməyəcəyi bəllidir. Biz güclü qitəyik”, - fransalı nazir qeyd edib.
Barro vurğulayıb ki, Aİ qorxmamalı və ya narahat olmamalı, əksinə ayılmalı və mövqelərini gücləndirməlidir.
Terrorsuz Türkiyə hədəfimizə çatacağıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında çıxışında deyib.
O bildirib ki, Suriyadakı hakimiyyət dəyişikliyi nəticəsində həm Türkiyənin, həm də regionun gələcəyi üçün yeni fürsətlər yaranıb: "Suriya ilə bağlı öhdəmizə düşəni edəcəyik. Suriyalı qardaşlarımızın əlindən tutmağa davam edəcəyik".
Ərdoğanın sözlərinə görə, Suriyada baş verən hadisələr Türkiyəni yaxından maraqlandırır: "Suriyanın yenidən bərpası üçün vaxta ehtiyac var. Bu məlumdur. Beynəlxalq ictimaiyyət həmin prosesə töhfə verməlidir. Türkiyə olaraq biz də bütün planlarımızı bu reallıqlara uyğun qururuq".
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin qarşıdakı altı ay ərzində bitə biləcəyini deyib.
Xarici xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
"Ümid edirəm ki, yarım il ərzində buna nail olacağam", - siyasətçi bildirib.
Tramp Rusiya-Ukrayna müharibəsinə ABŞ-nin hazırkı Prezidenti Cozef Baydeni təqsirləndirib: "Müharibənin təqsirkarı Baydendir. Müharibəyə onun administrasiyasının səriştəsizliyi ilə təhrik edilib".
Respublikaçıların lideri onu da söyləyib ki, Qərb Ukraynanın NATO-ya daxil olmasının mümkünsüzlüyünü etiraf edir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla dost olduğunu deyib.
O, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
Tramp Ərdoğana hörmət etdiyini vurğulayıb: "Onun da mənə hörmət etdiyini düşünürəm".
Respublikaçıların lideri Ərdoğanın çox güclü və ağıllı lider olduğunu diqqətə çatdırıb.
Kiyev mövcud reallıqlar əsasında münaqişəni həll edərkən ərazi məsələlərini müzakirə etməlidir.
Bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Fransa səfirlərinin Parisdə keçirilən konfransında çıxış edən Makron Ukrayna münaqişəsinin gələcəyi ilə bağlı bunları deyib: “Ukrayna ərazi məsələləri ilə bağlı real müzakirələr aparmalı olacaq. Münaqişənin həlli üçün Ukrayna yalnız bu məsələləri müzakirə edə bilər”.
Fransa prezidenti eyni zamanda onu da qeyd edib ki, Ukraynada nizamlanma sadə və asan ola bilməz. “Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı sülh təşəbbüsləri ola bilməz və Avropanın iştirakı olmadan Avropanın təhlükəsizliyi təmin edilə bilməz”, - Makron vurğulayıb.
"Terrorsuz Türkiyəyə nail olmaq bizim ən mühüm prioritetlərimizdən biridir. Məqsədə nail olmaq üçün terror və terrorçunu dəstəkləməklə yürüdülən siyasətə yer yoxdur. Dünyanın heç bir ölkəsi buna icazə vermir. Separatçı təşkilat üçün dairə daralır".
Belə bir bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
O bildirib ki, Türkiyə Suriyanın parçalanmasına və onun unitar strukturunun məhv edilməsinə razı deyil: "Əgər bununla bağlı risk görsək, tez bir zamanda lazımi addımları atacağıq. Türkiyə varlığını qorumaq üçün barışmaz iradəyə malik olduğunu dəfələrlə göstərdi. Əgər o həddə çatarsa, bir gecə qəfildən yenidən gələ bilərik. Necə ki, o səngərlərdə kantonizm arxasınca gedənləri qazdıqları səngərlərlə basdırdıq, bu gün də eyni niyyətdə olanlar ortaya çıxsa, ikiqat cavabını verəcəyik. Terrorizmi və zorakılığı seçənləri gözləyən yeganə yol silahları ilə birlikdə torpağa basdırmaqdır. Açıq şəkildə bəyan edirəm ki, bu yolda heç bir güc bizə mane ola bilməz".
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
Məlumata görə, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
***
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində 53 nəfər həlak olub, 62 nəfər yaralanıb.
Bu barədə “Xinhua” məlumat yayıb.
***
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb, 38 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.