Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu Rusiyanın hava əlaqələrini məhdudlaşdırması qərarı barədə açıqlama verib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Qərarın mənfi təsirlərindən danışan nazir hava əlaqəsinin yenidən başlanması mövzusunda işlər aparıldığını bildirib.

“Qərarın arxasında siyasi səbəblər görmürəm”, - deyə Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, Rusiya Türkiyə ilə hava əlaqəsini məhdudlaşdırmağa hazırlaşır. Məlumata əsasən, aprelin 15-dən etibarən iki ölkə arasında mütəmadi və çarter reysləri dayandırılacaq. Kreml Rusiyadan uçuşların məhdudlaşdırılması qərarını Türkiyədə koronavirusa yoluxanların sayının kəskin şəkildə artması ilə əlaqələndirib.

Türkiyə “hava-hava” raketini uğurla sınaqdan keçirib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitter səhifəsində yazıb.

“Türkiyə “hava-hava” raket texnologiyasına sahib azsaylı ölkələrdən biri olmağı bacardı. Gənc texnoloqlarımız və mühəndislərimizin GÖKTUĞ layihəsi çərçivəsində inkişaf etdirdikləri “hava-hava” raketimiz BOZDOĞAN ilk atəşdə hədəfi tam vurdu”, - o deyib.

 

Küveytdən gələn İsrail gəmisi BƏƏ-nin Əl-Fuceyra adası yaxınlığında hücuma məruz qalıb.
Oxu.az məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb.

İsrailin “Kan” dövlət radiosu gəminin İran PUA-sından buraxılan raketlə vurulduğunu bildirib.

İsrailin müdafiə ordusu hadisəni şərh etməkdən boyun qaçırıb.

Ermənistanda Qarabağdakı məğlubiyyətdən sonra başlayan siyasi, iqtisadi, hərbi və sosial dalğalanmalar davam edir. Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan respublikanın prezidenti Armen Sarkisyanın Britaniyanın agenti olduğunu bildirib.
Oxu.az xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” xəbər yayıb.

Bildirilir ki, 53 erməni hüquqşünas ölkə prezidentini Böyük Britaniya vətəndaşlığına malik olmaqda və erməni xalqından bəzi şəxsi məlumatları gizlətməkdə ittiham edərək Ermənistanın Baş Prokurorluğuna şikayət veriblər.

Bu mövzuda fikirlərini bölüşən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan prezidenti Armen Sarkisyandan danışıb:

“Uzun illər Böyük Britaniyada yaşayıb. Britaniya kraliçası yanında xüsusi mövqeyi var. Böyük Britaniyaya sadiqdir və Birminqem Sarayında önəmli bir yer tutur”.

Zülfüqarov qeyd edib ki, Sarkisyan Ermənistanda ikili vətəndaşlıq faktını erməni xalqından gizlətməkdə ittiham olunur. O, həmçinin Londonun Sarkisyanı beynəlxalq aləmdə açıq və qətiyyətlə dəstəklədiyini vurğulayıb.

1993-1996-cı illərdə Ermənistanın baş naziri olmuş “Azadlıq” Partiyasının sədri Hrant Baqratyan Sarkisyanı “MI6 agenti” adlandırıb. Baqratyan Sarkisyanı Böyük Britaniyanın maraqlarına xidmət etməkdə, erməni xalqına xəyanət etməkdə günahlandırıb və təhlükəli antikonstitusion oyunlar oynadığını söyləyib.

53 erməni vəkili Sarkisyana qarşı analoji əsaslarla cinayət işinin başlanmasını istəyib.

İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın verdiyi canlı qüvvə itkisi 8.5 min nəfərə çata bilər.

Bu barədə “Yerevan Speaks” “Telegram” kanalı məlumat yayıb.

Kanal qeyri-müəyyən mənbəyə istinadən bildirib ki, son müharibə zamanı Ermənistan tərəfindən 8472 nəfər ölüb, 13 min nəfər yaralanıb, 3 nəfər itkin, 500 nəfər isə əsir düşüb.

Qeyd olunub ki, hələ 2020-ci ilin noyabr ayında Ermənistanın Vatikandakı səfiri Mikael Manukyan hərbi əməliyyatlarda 4750 nəfərin öldüyünü bildirmişdi.

Ölkənin Müdafiə Nazirliyinin martın 31-nə olan son məlumatında isə ölənlərin sayı 3049 nəfər göstərilib. Həmçinin 3723 cəsəd və qalıqların tibbi ekspertizasının başa çatdığı bildirilib.

Bu gün Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılacaq.
“Report” xəbər verir ki, müzakirələr “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ətrafında aparılacaq.

Komitənin iclasında deputatlar qarşısında məruzəçi qismində Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edən Şalva Lomidze çıxış edəcək.

Toplantının qapalı formatda keçiriləcəyi gözlənilir.

Bəzi aktiv maddələrlə hazırlanan qarqaraların COVID-19-un 99,1% nisbətində qarşısını aldığını təsdiqləyən klinik araşdırmalar var.

Medicina.az xəbər verir ki, bunu türk stomatoloq Aykan Onur Atilla deyib.

"Pandemiya zamanı insanlar ağız sağlamlığına laqeyd yanaşmamalıdır. Diş klinikalarında lazımi tədbirlər görülür və xəstələrə bununla bağlı müdaxilələr edilir. Diş həkimi olaraq öyrəndiyimiz ən vacib məsələ özümüzü və xəstələrimizi yoluxucu xəstəliklərdən qorumaqdır. Bu səbəblə pandemiya dövründə ağız boşluğumuzun qeydinə qalmalıyıq. Bunun üçün hansı tədbirlərin görülməsinin lazım olduğu məlumdur", - stomatoloq bildirib.

A.O.Atilla əlavə edib ki, 30 saniyə ərzində bəzi aktiv maddələrlə ağız boşluğunun qarqara edilməsinin koronavirusun qarşısını aldığını göstərən klinik araşdırmalar var:

"Povidon yod, hidrogen peroksid, xlorgeksidin kimi ilk müdafiə vasitələri ilə virusun ağciyərlərimizə daxil olmasını dayandıra bilərik".

Stomotoloq pandemiya dönəmində xəstələrin daha çox diş sıxılması şikayətləri ilə müraciət etdiklərini deyib:

"Son vaxtlar, əsasən, diş sıxılması və çənə-oynaq narahatlığı ilə klinikamıza müraciət edirlər. Virusun yaratdığı təzyiq insanların dişlərinin sıxılmasına, qulağın ön hissəsində ağrıya səbəb olub. Stomatoloq olaraq bunun üçün müxtəlif tədbirlər görürük. Çənə oynağının sağlamlığı vacib şərtdir, geri dönülməz bir xəstəlikdir. Bu, stressdən yaranır. Müalicəsi var, önəmli olan müalicəni gecikdirməməkdir".

Myanmada təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölən mülki şəxslərin sayı 701-ə çatıb.

Siyasi Məhbuslara Yardım Təşkilatının yaydığı gündəlik hesabata əsasən, hazırda etirazlarda iştirak edən 3012 nəfər tutularaq saxlanılıb.

Onlardan 656 nəfərə həbs hökmü verilib.

Qeyd edək ki, fevralın 1-də Myanmadakı hərbi çevrilişdən sonra ölkədə etirazlar səngimək bilmir. 

Bu gün, 10 aprel tarixində Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfər edəcək, daha sonra Ukrayna Baş nazirinin müavini, Müvəqqəti İşğal olunmuş Ərazilər naziri Aleksey Reznikov Azərbaycana yola düşəcək.

Ukrayna Ali Radasının deputatı, Ukrayna Parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Dövlət Təhlükəsizliyi və Müdafiə Alt Komitəsinin rəhbəri İrina Vereşuk Caliber.Az-a Ukraynanın şərqində davam edən kəskinləşmə fonunda Kiyevin “Türkiyə istiqaməti”ndəki diplomatik fəaliyyətini şərh edib.

O əvvəlcə Azərbaycanla bağlı uzunmüddətli əlaqələrdən danışıb:

“Uzun müddətdir davam edən sabit siyasi, iqtisadi və mədəni əlaqələrimiz var. Ukraynadakı Azərbaycan diasporunun sayı 50 mindən çoxdur (söhbət Azərbaycan vətəndaşlarından gedir - red.). Ukrayna və Azərbaycan bir-birinin müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Son illərdə həm Ukrayna, həm də Azərbaycan yerli silahlı qarşıdurmalarda iştirak etmək məcburiyyətində qaldı. Azərbaycandan öyrəndiyimiz şeylər var. Yəqin ki, Azərbaycan da bizdən nəsə öyrənir”.

Vereşuk Ukrayna Prezident Vladimir Zelenskinin Türkiyədə bu gün başlayan səfərindən də bəhs edib:

“Bildiyim qədər Ukrayna və Türkiyə liderləri iqtisadi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Parlamentin milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü olaraq təbii ki, müdafiə sahəsində əməkdaşlıq mənə daha çox maraqlıdır. Hərbi gəmi və PUA-ların inşası ilə bağlı ciddi əməkdaşlıq perspektivləri var. Krımla bağlı qarşılıqlı anlaşma var. Ona görə də Türkiyə istiqaməti ilə bağlı nikbinəm”.

Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.
Kremlinin Mətbuat xidməti xəbər verir ki, tərəflər Qarabağ məsələsini müzakirə ediblər.

R.T.Ərdoğan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların mərhələli şəkildə həyata keçirilməsi, bölgədə sabitliyin bərqərar olması istiqamətində Rusiya tərəfinin səylərini yüksək dəyərləndirib.

Həmçinin V.Putin Ermənistan və Azərbaycan liderləri ilə son danışıqları barədə Türkiyə prezidentini məlumatlandırıb. Tərəflər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası yönündə işləri sürətləndirməyin vacib olmasına dair birgə rəy ifadə ediblər.

Bununla yanaşı, söhbət zamanı İstanbul kanalı layihəsi və s. məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.report

Xəbər lenti