Rusiya prezidenti Vladimir Putin rejimini qorumaq üçün tənqidçilərinin fiziki məhvini davam etdirmək niyyətindədir.

Qaynarinfo xəbər verir ki, belə bir iddia ilə Böyük Britaniya mətbuatı çıxış edib. Məlumata görə, Putinin qətlə yetirmək istədiyi şəxslərin siyasında adları olan şəxslərdən altısı Böyük Britaniyada yaşayır. Qətlə yetirilməsi nəzərdə tutulan həmin şəxslər Kristofer Stil, Bill Brauder, Mixail Xordorkovski, Boris Karpiçkov, Yevgeny Çiçvarkin və Vladimir Aşurkovdur. 

Mİ6-nın sabiq əməkdaşı Kristofer Stil ABŞ-ın sabiq prezidenti Donald Trampla bağlı Rusiyanın kompramatlara malik olduğu haqqında səs-küylü iddianın müəllifidir. 

"Hermitage Capital Management" şirkətinin qurucusu və baş direktoru Bill Brauder məşhur Maqnitski aktının qəbul olunmasının əsas təşəbbüskarıdır. 
YUKOS neft şirkətinin sabiq sahibi Mixail Xordorkovski Rusiya müxalifətinin önəmli simalarından və Putin rejiminə qarşı sərt mövqeyi ilə seçilən "Açıq Rusiya” təşkilatının qurucusudur. 

KQB-nin sabiq zabiti Boris Karpiçkov Putinin əleyhidarlarından hesab olunur. 

İngiltərədə yaşayan iş adamı Yevgeny Çiçvarkin Rusiya müxalifətinin lideri Aleksey Navalnın yaxın dostu və ona maliyyə dəstəyi verən azsaylı biznesmenlərdən biridir. Aleksey Navalnı sui-qəsdə məruz qaldıqdan sonra Almaniyada aldığı müalicə xərclərinin bir hissəsi Çiçivarkin tərəfindən ödənilmişdi. 

Vladimir Aşurkov isə Aleksey Navalnın ən yaxın silahdaşlarından biri və "Korrupsiya ilə mübarizə Fondu”nun icracı direktorudur. 

Məlumatda qeyd olunur ki, bu xəbər dünya ictimaiyyətini Putinin yeni qətllər törətmək niyyəti barədə xəbərdar etmək istəyən Rusiya Federal Təhlükəsilik Xidmətinin zabiti tərəfindən verilib.

Putin koronavirus əleyhinə peyvənd edilib
Report xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, qeyd edib ki, dövlət başçısı özünü yaxşı hiss edir.

"Putin koronavirus əleyhinə peyvənd edildi. Özünü yaxşı hiss edir. Sabah onun mükəmməl iş günüdür", - Peskov deyib.

ABŞ-ın Suriyanın Deyr-ez-Zor əyalətindəki hərbi bazası raket atəşinə məruz qalıb.
Report xəbər verir ki, bu barədə " Al-Mayadeen" telekanalı xəbər verib.

Məlumata görə, atəş nəticəsində ABŞ-ın bir neçə hərbi qulluqçusu xəsarət alıb.

"Deyr-ez-Zorun şimalındakı Amerika bazasına naməlum istiqamətdən raketlər atılıb. Atəş Amerikanın bir neçə hərbçisinin xəsarət almasına səbəb olub", - telekanalın xəbərində deyilir.

Pentaqon hələlik bu məlumatı şərh etməyib.

"Azərbaycan Ukraynanın beynəlxalq arenada dostu və etibarlı tərəfdaşıdır".
Bu barədə "Report"a Ukrayna Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"2019-cu ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasında rəsmi səfərdə olarkən bildirib ki, dövlətlərimiz arasında münasibətlər zaman sınağından keçib.

Biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək verdiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq", - XİN-dən bildiriblər.

XİN-dən xatırladıblar ki, Azərbaycan ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa, Gürcüstan, Litva, Polşa və Türkiyə ilə yanaşı, Ukraynanın strateji tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğu ölkələrdəndir.

"Belə tərəfdaşlığın əsas məqsədləri dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi, regional təhlükəsizliyin və enerji müstəqilliyinin möhkəmləndirilməsi, nəqliyyat potensialının inkişafı, müxtəlif sahələrdə birgə miqyaslı layihələrin həyata keçirilməsi, eləcə də ölkələrimiz arasında iqtisadi və mədəni-humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsidir.

Bu kontekstdə Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı ayrıca qeyd etmək lazımdır. Bu əməkdaşlığın sayəsində Ukrayna öz enerji balansında Rusiya neftini Azərbaycan nefti ilə tamamilə əvəz edib.

Əməkdaşlığın digər perspektivli istiqamətləri arasında gömrük sahəsini, o cümlədən gömrük əməliyyatları sahəsində təcrübə və qabaqcıl texnologiyaların mübadiləsini göstərmək olar", - Ukrayna Xarici siyasət idarəsindən bildiriblər.

Artak Davtyan Ermənistan silahlı qüvvələrinin baş qərargahının rəisi təyin edilib.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

O bildirib ki, prezidentin baş nazir tərəfindən təqdim edilmiş təyinat haqqında fərman layihəsini imzalamadığını və Konstitusiya məhkəməsinə müraciət etmədiyini nəzərə alaraq, Artak Davtyan qanunla bu vəzifəyə seçilmiş sayılır.

Xatırladaq ki, martın 18-də vəkili Artur Ovannisyan Ermənistan İnzibati Məhkəməsi tərəfindən Onik Qasparyanın şikayətinin təmin olunduğunu və baş qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcəyini demişdi.

Baş nazirin ofisindən isə bildirilmişdi ki, Qasparyanın məhkəmə tərəfindən şikayətinin təmin olunması onun vəzifədə qalmasını təmin etmir, çünki istefa proseduru ölkə konstitusiyası ilə tənzimlənir.oxu.az

Pakistanın Baş naziri İmran Xan koronavirusa yoluxub.

Bu barədə Baş nazirin köməkçisi Feysəl Sultan özünün “Twitter” səhifəsində məlumat verib.

O, qeyd edib ki, İmran Xanın COVID-19 testinin cavabı pozitiv çıxıb və Baş nazir özünü təcrid edib.

Xatırladaq ki, martın 18-də Pakistanın hökumət başçısı Çinin “Sinopharm” şirkətinin istehsalı olan koronavirusa qarşı vaksinlə peyvənd olunub.

Ölkənin Səhiyyə Nazirliyi bəyan edib ki, peyvənd dərhal təsir etmir. Onun orqanizmdə virusa qarşı immunitet yaratması üçün bir neçə həftə lazımdır.

 

 

 

Roma Papası Fransisk irqçiliyi daim mutasiya edən virusla müqayisə edib.

Bu barədə o, özünün tvitterdəki səhifəsində yazıb.

"İrqçilik - bu, qısa zamanda mutasiya edən və yox olması gözlənilərkən gizlənən bir virusdur", - deyə pontifik sosial şəbəkədə yazıb.

O, həmçinin irqçiliyin müasir cəmiyyətdəki təzahürlərini utancverici adlandırıb. Papanın sözlərinə görə, çünki bu, bəşəriyyətin iddia edilən sosial tərəqqisinin düşündüyümüz qədər real olmadığını göstərir.

 

 

 
 
 
ABŞ prezidenti Cozef Baydenin sözlərinə görə, Birləşmiş Ştatlarda qanunları elə dəyişdirmək lazımdır ki, onlar irqçilik və zorakılığı məhv etməyə imkan yaratsın.

"Hətta əgər Birləşmiş Ştatları çoxdan zəhərləyən sistemli irqçiliyi və ağ irqin üstünlüyünü eybəcər zəhər kimi etiraf etsək belə, bizi amerikalılar kimi birləşdirməli olan əsas dəyərlərdən və inamlardan biri nifrətlə və irqçiliklə mübarizədir. Biz ölkəmizdə diskriminasiyaya yol verən qanunları dəyişdirməliyik, ürəklərimizi dəyişdirməliyik", - prezidentin BMT-nin irqi ayrıseçkiliyin aradan qaldırılması üzrə Beynəlxalq Günlə bağlı bəyanatında deyilir.

Bayden əlavə edib ki, nifrət nə ABŞ-da, nə də dünyada "təhlükəsiz liman”a sahibi ola bilər. ABŞ rəhbəri vətəndaşları nifrətin qarşısını almaq üçün birləşməyə çağırıb.

Cozef Bayden ABŞ administrasiyanın dünyadakı irqi ayrıseçkiliyə, o cümlədən Myanmadakı Rohincaya və Çində uyğurlara qarşı dəhşətli davranışa qarşı çıxış edəcəyini qeyd edib.

"Rusiya ordusu Krım yarımadasındakı Sevastopol şəhərində nüvə silahlarından ibarət baza qurub".
Mətbuat.az xəbər verir ki, Krım Tatar Məclisinin sədri Refat Çubarov belə açıqlama verib. Onun iddiasına görə, Rusiya ordusu Liviya və Suriyada həyata keçirdiyi əməliyyatlarda Sevastopoldakı bazadan istifadə edib. Çubarov bildirib ki, bazada ən güclü raket sistemləri var. Son 7 ildə Krıma 500 min rusiyalı hərbçinin yerləşdirildiyini deyən sədr, bunun Cenevrə sazişinə ziddi olduğunu ifadə edib. Çubarov Krımdakı türklərə qarşı təzyiqlərin artdığını, bu məsələdə təkcə Türkiyəyə güvəndiklərini bildirib:

“Ruslar üçün Türkiyənin mövqeyi böyük önəm daşıyır. Ankaranın Krımın işğalına qarşı çıxması Moskvanı narahat edir”.

“Biz eyni zamanda yeddi iqlimdəki üç qitəyə sülhü, əmin-amanlığı, nəcabəti və sabitliyi aparan əcdadlarımızdan aldığımız ilhamla başda Azərbaycan və Liviya olmaqla könül coğrafiyamızda dost, müttəfiq, qardaş millətlərlə tapdalanan bütün insani dəyərlər üçün də mübarizə aparırıq”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar 18 Mart – Şəhidləri Anma Günü və Çanaqqala Dəniz Zəfərinin 106-cı ildönümünə həsr olunan tədbirdə söyləyib.

“Bu çərçivədə 500 illik qardaşlıq əlaqələrimiz olan Liviyada təlim, yardım və məşvərət fəaliyyətlərimizi davam etdiririk. Haqlı davalarında liviyalı qardaşlarımızla birgəyik. Məqsədimiz “Liviya liviyalılarından” anlayışı ilə ərazi bütövlüyünü və siyasi birliyini təmin etmiş, sülh və sabitlik içində yaşayan bir Liviyanın formalaşmasında töhfə verməkdir. Eyni şəkildə “iki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir və birlikdə olduğumuz can qardaşımız olan Azərbaycanın dünən olduğu kimi bu gün də haqlı davalarında yanlarında olacağımızı, olduğumuzu bir daha bildirmək istəyirəm”, - nazir bildirib.

Xəbər lenti