![]() |
|
"Yaxın Şərqdəki müharibəni yalnız bir tərəf uddu - böyük güclər".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İsraillə "Hizbullah” arasında son razılaşmalar fonunda başa çatmaqda olan müharibədə hansı tərəfin üstünlük əldə etdiyi barədə suala cavabında deyib.
"Hizbullah"ın İsraillə son müharibəsi əslində bir məsələni ortaya qoydu. Assimetrik müharibə apara bilən güclər nizami orduları çıxılmaz vəziyyətə qoya bilirlər. İsrail hərbi məqsədlərini reallaşdıra bilmədi. "Hizbullah" İsrail qüvvələrinin hərbi məqsədlərinə nail olmasına maneə törədə bildi. Bu da öz növbəsində İsrailin Qəzzadakı hərbi məqsədləri qarşısında maneələr yaratdı. Beynəlxaq Cinayət Məhkəməsinin Benyamin Natanyahuya qarşı qərarı da İsrailin imicini zədələdi. Qəzzada bir humanitar fəlakət yaşandı", deyə Azər Hüseynov bildirib.
Müharibə nəticəsində hansı tərəfin gücləndiyinə gəlincə, həmsöhbətimizə görə, əslində bütün tərəflər müəyyən qədər tükəndilər:
"İsrail cəmiyyəti daxilində siyasi narazılıqlar başlandı. Müdafiə naziri Qallant istefa verdi. Digər tərəfdən, Livan və Qəzzada mülki insanlar zərər gördü, günahsız uşaqlar dünyasını dəyişdi. Əslində bu müharibə bölgəni tükəndirdi".
Azər Hüseynovun fikrincə, müharibədə udan tərəf yalnız böyük güclər oldu:
"Savaşı ABŞ qazandı. Çünki Yaxın Şərqdə proseslərə müdaxilə edə bilməsi üçün yenə əlində əsas yarandı. Bölgədə gedən müharibə proseslərdə oyunçuları artıra bilər. Bura Türkiyə, Rusiya da aiddir. İran onsuz da bölgədədir".
Qeyd edək ki, İsrail və "Hizbullah” ABŞ və Fransanın təklifilə 60 günlük atəşkəsə razılıq verib. Ona əsasən 2 ay ərzində İsrail Livanın cənubundakı ərazilərdən öz qoşunlarını çıxaracaq. Həmin ərazilərə nəzarət isə Livan hökumətinin rəsmi hərbi qüvvələrinə həvalə ediləcək. "Hizbullah” isə bu əraziləri tərk etməli olacaq.
Rusiyada Qurani-Kərimi təhqir edən şəxsə rekord cəza verilib.
Rusiya KİV xəbər verir ki, Rusiya məhkəməsi ötən il Qurani-Kərimi yandıran Nikita Juraveli "dövlətə xəyanət" ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə bəyan edib ki, müttəhim Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə Qurani-Kərimi yandırıb və bununla da Rusiyanın təhlükəsizliyini təhdid edib.
Volqoqrad Vilayət Məhkəməsinin mətbuat xidmətinin yaydığı bəyanatda Juravelin Rusiya ordusunun Ukraynadakı hərəkətlərinə qarşı çıxdığı da bildirilib.
Məlumatda həmçinin Juravelin barəsindəki ittihamları qəbul etdiyi də yer alıb.
Qeyd edək ki, Nikita Juravel 2023-cü ilin mayında Rusiyanın Volqoqrad şəhərində məscidin qarşısında Qurani-Kərimi yandırdığı üçün saxlanılaraq Çeçenistana göndərilib.
Rusiya Federasiyasının tərkibində olan Çeçenistan Respublikasının məhkəməsi fevralın 27-də Juravel-i “mənəvi dəyərləri təhqir etmək və ictimai nizamı pozmaq” ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edib.
ABŞ prezidenti Cozef Bayden Konqresə Ukraynaya hərbi dəstək üçün 24 milyard dollar vəsait ayrılması təklifini təqdim edib.
"New York Post" qəzetinin "Politico Pro"ya istinadən verdiyi məlumata görə, bu məbləğ yaxın gələcəkdə Donald Trampın Ukraynaya qarşı edəcəyi dəstək kəsintisinin qarşısını almaq məqsədi daşıyır.
Baydenin təklifi 2 əsas istiqaməti əhatə edir:
• 8 milyard dollar Ukraynaya Təhlükəsizlik Dəstəyi Təşəbbüsünə ayrılacaq. Bu vəsait ABŞ şirkətləri ilə bağlanacaq müqavilələr vasitəsilə Kiyevə silah təchizatını maliyyələşdirəcək.
• 16 milyard dollar ABŞ-ın öz silah ehtiyatlarının bərpasına sərf ediləcək. Bu, Ukraynaya göndərilən hərbi yardımlardan sonra ABŞ-ın öz ehtiyatlarını gücləndirmək məqsədilə planlaşdırılır.
Mənbələr bildirir ki, Bayden administrasiyası bu təklifi 2024-cü ildə ABŞ-da prezident seçkilərinin nəticələrinə görə dəyişə biləcək siyasətə qarşı təminat kimi irəli sürüb. Bayden Konqresin dəstəyini qazanaraq Ukrayna siyasətinin sabit qalmasını və ABŞ-ın müttəfiqləri qarşısında öhdəliklərini qorumağı hədəfləyir.
Təklifin Konqresdə ciddi müzakirələrə səbəb olacağı gözlənilir. Xüsusilə də Respublikaçılar Partiyasının bəzi üzvlərinin Ukraynaya ayrılan yardımları tənqid etdiyi nəzərə alınarsa, bu, siyasi mübahisələrin daha da alovlanmasına səbəb ola bilər.
ABŞ-ın Ukraynaya hərbi dəstəyi Qərb dünyasının Rusiyaya qarşı strategiyasının əsas tərkib hissəsi olaraq qalır. Lakin bu təklifin qəbul olunub-olunmayacağı yaxın günlərdə Konqresdəki debatlardan sonra məlum olacaq.
Yeddilik Qrupu (G7) ölkələri Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırır.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında bildirib.
“Ötən həftə ABŞ Rusiyanın maliyyə sektoruna, o cümlədən “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib. Düşünürəm ki, biz G7 ölkələrindən də əlavə addımlar gözləyə bilərik”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərindən gələcək gəlirlərdən istifadə etməklə Ukraynaya 50 milyard dollarlıq kreditin köçürülməsi üçün hazırlığı yekunlaşdırır.
Yelisey Sarayı sentyabrda Baş nazir təyin edilmiş Mişel Barnyenin hökumətinin mümkün istefasına hazırlaşır.
“Bu barədə “Le Parisien” qəzeti mənbəyinə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa prezident administrasiyası Nazirlər Kabinetinə etimadsızlıq votumunu qaçılmaz hesab edir. Məsləkdaşlarının əhatəsində Makron ehtimal edib ki, yaxın günlərdə 2025-ci ilin dövlət büdcəsi layihəsinə səsvermə ilə əlaqədar hökumətə etimadsızlıq votumu elan oluna bilər.
“Prezident Barnye kabinetinin süqutunu gözləyir”, – nəşr mənbədən sitat gətirib.
Qəzet yazır ki, hazırkı Baş nazir və onun kabineti istefaya getsə, Fransa yenidən uzun müddət hökumətsiz qala bilər.
“Prezident düşərgəsində heç kim bu hadisənin təkrarını yaşamaq istəməz”, - qəzet prezident dairəsində hökm sürən rəylərdən sitat gətirib.
Qeyd edək ki, bundan əvvəl “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen büdcə layihəsini tənqid edib və qanun layihəsinə dəyişiklik edilməyəcəyi təqdirdə etimadsızlıq votumunu dəstəkləmək niyyəti barədə xəbərdarlıq edib.(Report)
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə başlaması ilə Ukraynaya yardımın sona çatacağı gözləntiləri Avropada narahatlıq yaradıb.
Fransanın “Le Monde” qəzeti İngiltərə və Fransanın bir sıra ölkələrlə koalisiya qüvvələri yaratmağı hədəflədiyini yazıb. Koalisiya üçün ən qaynar mövzu Ukraynaya quru qoşunlarının göndərilməsidir. Belə ki, İngiltərə və Fransa Rusiyaya qarşı döyüşən Ukraynaya hərbi hissələr göndərilməsini müzakirə edir.
Qəzetin Britaniya və Fransa hərbi mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Paris və London Ukraynada başçılıq edəcəkləri koalisiya qüvvələrinin yaradılması variantını da müzakirə ediblər. Bu addımlara səbəb ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə qayıtmasıdır. Koalisiyaya Polşa və Baltikyanı ölkələrin də qoşulmaq istədiyi bildirilir.
Noyabrın 11-də Fransanın paytaxtı Parisə gedən İngiltərə baş naziri Keir Starmerin Fransa prezidenti Emmanuel Makronla Ukraynaya hərbi dəstək məsələsini müzakirə etdiyi də iddia edilib. Bu səfərdən sonra Fransanın xarici işlər naziri Jan-Noel Barrotun Londona səfəri baş tutub. Bildirilib ki, noyabrın 22-də İngiltərəyə gedən xarici işlər naziri iki ölkənin Ukraynaya qarşı atacağı addımları müzakirə edib. Lakin hələlik rəsmi bəyannamə dərc olunmayıb.
İki ölkə bu məsələləri müzakirə etsə də, digər Avropa ölkələrinin, xüsusən də Almaniyanın nə deyəcəyi maraq doğurur. Rusiyaya qarşı Ukraynanın yanında yer alacaq bu koalisiyanın liderinin kim olacağı da müzakirələr sırasındadır.
Rusiya Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu qadağan edən qanun layihəsinin müzakirəsinə başlayıb.
Təklif olunan qanun layihəsinə əsasən, miqrant uşaqlarının ümumi təhsil müəssisələrinə qəbulundan əvvəl onların rus dili biliyi yoxlanılacaq.
Bu məqsədlə xüsusi dil imtahanlarının keçirilməsi planlaşdırılır.
Bundan əlavə, miqrant uşaqların valideynlərinin Rusiya Federasiyasında qanuni əsaslarla yaşayıb-yaşamadığı da araşdırılacaq.
Qeyd olunur ki, bu qanun layihəsi qəbul olunsa, təhsil hüququnun həyata keçirilməsində miqrant ailələri üçün ciddi maneələr yarana bilər. Rusiya hökuməti bu tədbirləri milli təhlükəsizliyi və mədəni inteqrasiyanı təmin etmək məqsədi ilə əsaslandırsa da, hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar bu addımın insan hüquqlarına zidd ola biləcəyini bildirirlər.
Miqrant uşaqların rus dilini bilməməsi onların cəmiyyətə inteqrasiyasını çətinləşdirən əsas problemlərdən biri kimi təqdim olunur. Eyni zamanda, valideynlərin qanuni statusunun yoxlanılması, ailələrin daimi yaşama şəraitinə təsir edə və müəyyən sosial narazılıqlara səbəb ola bilər.
Layihə hələ ilkin müzakirə mərhələsində olsa da, bu mövzu artıq cəmiyyətdə geniş rezonans doğurub. Təklifin tərəfdarları hesab edir ki, bu, təhsil sisteminin yükünü azaldacaq və yerli uşaqlar üçün daha əlverişli şərait yaradacaq. Əleyhdarlar isə bu təşəbbüsün ayrı-seçkilik xarakteri daşıdığını, miqrant ailələr üçün əlavə çətinliklər yaradacağını iddia edirlər.
Elmi fantastikanın getdikcə reallığa çevrildiyi bir dünyada Çin tədqiqatçıları heyrətamiz bir inkişafı təqdim ediblər.
Qaynarinfo xəbər verir ki, onlar, kult "Ulduz müharibələri" seriyasındakı "Ölüm ulduzu” kimi, bir neçə güclü mikrodalğa şüasını bir məhvedici nöqtəyə cəmləşdirə bilən bir silah yaratdıqlarını iddia edirlər.
Yeni silah sistemi, mikrodalğalar yayan bir neçə nəqliyyat vasitəsindən ibarət mürəkkəb bir kompleksdir. Lazımi dəqiqlik və gücə nail olmaq üçün bir çox texniki problemləri həll etmək lazım olub. Alimlər şüa yayıcılarının son dərəcə dəqiq sinxronizasiyasını təmin etməli, xarici amillərin təsirini minimuma endirməli və güclü enerji mənbəyi yaratmalı olublar.
Lakin laboratoriya şəraitində əldə edilən təsirli nəticələrə baxmayaraq, belə bir silahın real döyüş şəraitində nə qədər effektiv olacağı sual altındadır. Atmosfer maneələri, təsir məsafəsi və digər amillər onun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Bundan əlavə, belə dağıdıcı texnologiyaların yaradılması ilə bağlı etik məsələlər də ortaya çıxır.
Beləliklə, Çin alimlərinin inkişaf etdirdiyi bu texnologiya enerji silahları sahəsində əhəmiyyətli bir irəliləyiş olsa da, real "Ölüm ulduzu"nun yaradılmasına hələ çox var. Gələcək göstərəcək ki, bu ixtira praktik tətbiq tapacaq, yoxsa sadəcə maraqlı bir elmi eksperiment kimi qalacaq.
İlon Maskın hökumətdə yer alacağı açıqlandıqdan sonra sosial medianın müstəqilliyi yenidən gündəmə gəlib.
News24.az xəbər verir ki, sosial media platformalarının neytrallığı və dövlətlərlə əlaqələri xüsusilə İlon Maskın "X" platformasında etdiyi dəyişikliklərlə yenidən gündəm mövzusu olub.
Sosial media platformalarının neytrallığı və onların dövlətlə münasibətləri son illərin ən mübahisəli məsələlərindən birinə çevrilib. İstanbul Medipol Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin müəllimi Faiq Tanrıkulu sosial medianın həm sosial transformasiyada hərəkətverici qüvvə, həm də xaosa katalizator ola biləcəyini vurğulayaraq, platformaların tərəfsizlik prinsiplərinə əməl etməkdə çətinlik çəkdiyini bildirib.
Eyni zamanda, o, sosial platformalara Trampın şəxsən nəzarət edəcəyini də iddia edib.
Böyük ehtimalla rəsmi Tiflis hazırda ciddi ehtiyac duyduğu Azərbaycanla strateji tərəfdaşlığın Türkiyənin tam dəstəyinə yol aça biləcəyini də nəzərə alır... Həm rəsmi Bakının, həm də Azərbaycanın hərbi müttəfiqi və NATO ölkəsi olan Türkiyənin ortaq dəstəyi indi Gürcüstan üçün taleyüklü xaraker daşıya bilər...
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqaz uğrunda mübarizə artıq amansız xarakter almağa başlayıb. Belə ki, dünya nəhəngləri bu regiondakı ölkələrə nəzarət etmək üçün malik olduqları bütün təsir mexanizmlərini işə salmağa çalışırlar. Dünya nəhəngləri arasındakı geopolitik qarşıdurmanın zaman keçdikcə daha da kəskinləşməsi Cənubi Qafqazın artmaqda olan strateji əhəmiyyətinin real əlaməti də sayıla bilər. Və bu baxımdan, Cənubi Qafqazın dünya nəhəngləri arasında “nifaq alması”na çevrilməsi qətiyyən təəccüblü deyil.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Rusiya ilə başlatdığı geopolitik savaşın mütləq qalibinin olmayacağı da artıq əvvəlcədən məlumdur. Çünki Cənubi Qafqazın lider dövləti olan Azərbaycana nəzarət etmək üçün ABŞ və Qərbin, eləcə də, Rusiyanın əlində elə bir ciddi təsir mexanizmi mövcud deyil. Xüsusilə də, 44 günlük savaşda tam tarixi zəfər Azərbaycanın müstəqil xarici və daxili siyasət yürütmək imkanlarını maksimum səviyyədə artırıb. Və bu baxımdan, Azərbaycanı dünya nəhəngləri üçün müəyyən mənada, artıq əlçatmaz da hesab etmək olar.
Məsələ ondadır ki, “Dağlıq Qarabağ” problemi müstəqillik dövründə Azərbaycana qarşı əsas təzyiq mexanizmi rolunu oynayırdı. Xüsusilə də, ATƏT-in Minsk Qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransa bu qondarma problemdən rəsmi Bakıya təsir göstərmək məqsədilə, eyni zamanda, Cənubi Qafqazda geopolitik manevrlər etmək üçün istifadə etməyə cəhd göstərirdilər. Və rəsmi Bakı bu problemi həm təməlindən, həm də birdəfəlik həll etməklə, regiondan kənar qüvvələrin Azərbaycana qarşı təsir faktorlarını sıradan çıxartmış oldu.
Ona görə də, ABŞ və Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda mübarizəsində əsas ağırlıq mərkəzi məhz Ermənistan üzərində indeksləşdirildi. ABŞ və Qərb Ermənistanda “məxməri inqilab” törətməklə, baş nazir Nikol Paşinyan və onun yaxın ətrafını hakimiyyətə gətirərək, bu ölkədə Rusiya qarşısında müəyyən üstünlük qazanmağa nail oldu. Çünki Paşinyan hakimiyyəti çox tezliklə Ermənistanın hərbi müttəfiqi Rusiyaya xəyanət kursu tutaraq, ABŞ və Qərbin “geopolitik alət”inə çevrilmək məcburiyyəti ilə barışdı. Və belə vəziyyətdə dünya nəhənglərinin regional savaşında demək olar ki, “pat vəziyyəti”nə bərabər balans yaranmış oldu.
Təbii ki, bu situasiyanın nisbətən dəyişməsi üçün daha bir region ölkəsinə nəzarətin ələ keçirilməsinə ehtiyac olmamış deyildi. Azərbaycan əlçatmaz olduğundan balansın pozulmasında istifadə edilə biləcək region ölkəsi kimi geriyə yalnız Gürcüstan qalırdı. Yəni, ABŞ və Qərb Gürcüstana nəzarət edə bilərdisə, Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb, çıxarılması baş tuta bilərdi. Və Qərb Cənubi Qafqazda nisbi üstünlüyü ələ keçirmiş olardı.
Maraqlıdır ki, ABŞ və Qərb bu baxımdan, Gürcüstanda keçirilmiş növbəti parlament seçkilərini əsas siyasi mexanizm olaraq, seçmişdi. Çünki məhz seçkilərdən sonra Gürcüstan əhalisinin müəyyən qisminin etiraz dalğasını təşkil etməklə, bu ölkədə dövlət çevrilişini reallaşdırmaq mümkün ola bilərdi. Əslində, “xarici agentlər” barədə qanunun qəbuluna etirazla gələcək dövlət çevrilişi ilk mərhələdə sınaqdan da keçirilmişdi. Və seçkilərin bitməsindən sonra saxtakarlıq bəhanəsi ilə yeni kütləvi etiraz dalğasının yaradılması əvvəlcədən hazırlanmış planın baş tutmasına imkan verə bilərdi.
Ancaq ABŞ və Qərbin Gürcüstanda növbəti “məxməri inqilab” planı bu dəfə iflasa uğramaq üzrədir. Böyük ehtimalla vaxtilə “qızılgül inqilabı” ilə hakimiyyətə gətirilmiş keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin sonradan başına gətirilənlər hələ unudulmayıb. Hər halda, Mixail Saakaşvilinin hakimiyyəti tərk etdikdən sonra ABŞ və Qərbə qətiyyən lazım olmadığı və onun indi taleyin ümidinə, yəni dəstəksiz buraxılması olduqca ciddi ictimai örnək faktorudur. Və bu, Qərbin planlarında iştirakın olduqca böyük risk olduğunu göstərir.
Düzdür, ABŞ və Qərb seçkisonrası kütləvi etiraz aksiyalarına liderliyi Gürcüstanın Fransa agenti olduğu bildirilən prezidenti Salome Zurabişviliyə həvalə etmişdi. Ancaq paytaxt Tiflisdə keçirilən kütləvi etiraz aksiyalarının iğtişaşlara çevrilmək əvəzinə hər ötən gün daha da zəifləməsi xanım prezidentin verilən tapşırığın öhdəsindən gələ bilmədiyini göstərir. Yəni, belə anlaşılır ki, ABŞ və Qərbin Gürcüstanda “məxməri inqilab” planları pozulmaq üzrədir. Və bu baxımdan, Cənubi Qafqaz uğrunda mübarizədə Gürcüstanın da Ermənistanla yanaşı, “geopolitik alət” kimi istifadə olunması hələlik baş tutmayacaq.
Halbuki, bütün bunları hakimiyyətini qorumağa nail olmuş “Gürcü arzusu” Partiyası üçün ən yaxşı halda, yalnız müvəqqəti siyasi uğur hesab etmək olar. Çünki Gürcüstanın indiki durumunda rəsmi Tiflisin ABŞ və Qərbə, eləcə də, Rusiyaya uzun müddət müqavimət göstərə biləcəyi o qədər də inandırıcı görünmür. Yəni, siyasi böhranla yanaşı, həm də sosial-iqtisadi problemlərlə də qarşılaşan rəsmi Tiflisin əvvəl-axır dünya nəhənglərindən hansınasa təslim olma ehtimalı qətiyyən istisna deyil. Və bu, Qərbin, yaxud Rusiyanın təsir dairəsinə düşməsindən asılı olmayaraq, Gürcüstanın suverenliyinin böyük ölçüdə məhdudlaşaraq, Ermənistan ardınca Cənubi Qafqazda növbəti “geopolitik müstəmləkə”yə çevrilməsi anlamı daşıya bilər.
Maraqlıdır ki, rəsmi Tiflis bu təhlükənin olduqca real olduğunu artıq qəbul etməyə başlayıb. Ona görə də, Gürcüstanın rəsmi dairələri son vaxtlar Azərbaycanla daha yaxın münasibətlər quraraq, strateji tərəfdaşlığa hazır olduqlarını xüsusi olaraq, vurğulayırlar. Belə anlaşılır ki, rəsmi Tiflis Gürcüstanın yaxınlaşan təhlükədən xilası üçün Azərbaycanın dəstəyinə ehtiyac duyduğunu biruzə verir.
Böyük ehtimalla rəsmi Tiflis Azərbaycanla strateji tərəfdaşlığın Türkiyənin tam dəstəyinə yol aça biləcəyini də mütləq nəzərə alır. Həm rəsmi Bakının, həm də Azərbaycanın hərbi müttəfiqi və NATO ölkəsi olan Türkiyənin ortaq dəstəyi indi Gürcüstan üçün taleyüklü xaraker daşıyır. Və bu, o deməkdir ki, Gürcüstanın “geopolitik müstəmləkə”yə çevrilmə təhlükəsindən yayınmaq üçün rəsmi Tiflis Türk İttifaqına sığınmaq variantının ön plana keçirilməsinə məcbur qalıb.