![]() |
|
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə əvvəlcədən yazılmış və razılaşdırılmış bir inqilab planının olduğunu və bu planın həyata keçirilməsinə xarici maliyyə yardımı alındığını qeyd edib.
"Report"un yerli bürosu xəbər verir ki, Baş nazir bu barədə yeni hökumətin ilk iclasında deyib.
Onun sözlərinə görə, Gürcüstanda "Maidan" heç vaxt keçirilməyib və keçirilməyəcək.
"Biz görürük ki, razılaşdırılmış və əvvəlcədən yazılmış bir plan var və bu plana xarici maliyyə dəstəyi cəlb edilib. Bu planın həyata keçirilməsi məqsədilə bəzi insanlar qanun qəbul edilməsi zamanı şəffaflıqdan qaçmaq istəyirdilər. Beləliklə, inqilabi ssenarilər qeyri-müəyyən şəkildə maliyyələşdirildi. Son 4 ildə 3 inqilabi cəhd gördük. Biz bu prosesi xarici maliyyə dəstəyi ilə müşahidə etdik", - İ.Kobaxidze qeyd edib.
O əlavə edib ki, Gürcüstan ləyaqətli ölkədir:
"Müstəqilliyimiz və suverenliyimizlə qürur duyuruq və əlbəttə ki, sona qədər ehtiyatlı olacağıq. Heç kimə müstəqilliyimizi və suverenliyimizi xarici müdaxilə yolu ilə zədələməyə imkan verməyəcəyik”.
"Suriyadakı müxalif qüvvələr illərdir onları basqı altında saxlayan üç aktora - İran, Rusiya, Hizbullaha baxdılar. Onları əvvəlkindən daha zəif, müdafiəsiz gördülər və bundan faydalanmağa çalışdılar"
Bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Hələbin ələ keçirilməsi ilə bağlı vəziyyəti şərh edərkən deyib.
“Düşünürəm ki, bu hücumun sürəti Suriya hökumətini və regiondakı digər maraqlı gücləri çox təəccübləndirdi”, - qeyd edən Sallivan əlavə edib ki, bu həm də Ukraynadakı hazırkı vəziyyətlə əlaqədar olaraq Rusiya və İranın daha zəif strateji mövqedə olmasının təbii nəticəsidir: "Bu isə bölgədə qüvvələrin tarazlıq münasibətinin dəyişməsidir".
Hələb və İdlibdə baş verən hadisələrin ABŞ-nin bölgədəki qüvvələri üçün risk olub-olmamasına gəldikdə Sallivan qeyd edib ki, Suriyadakı qüvvələri hücumun baş verdiyi ərazidən fərqli bir yerdə olduqları üçün qaçılmaz risk altında deyil: "Onlar hələ də İran, İraq və Suriyadakı şiə milis qrupları tərəfindən təhdid altındadırlar".
Hakimiyyətdən getməyə hazırlaşan ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynanı NATO-ya dəvət etməyə vaxt tapacaq və alyans liderləri də bu siqnalı müsbət qəbul edəcək.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski Avropa qurumlarının yeni rəhbərliyi ilə görüşdən sonra bəyan edib.
Onun sözlərinə görə, NATO-ya üzvlüklə bağlı illüziyalar olmasa da, müəyyən müsbət meyillər müşahidə olunmaqdadır.
O əlavə edib ki, bununla bağlı yalnız ümumi siqnal bütün NATO liderləri tərəfindən müsbət qəbul edilə bilər. "Önümüzdəki həftə Ukrayna üçün son fürsət olmasa da, növbəti addımlara ümid etmək lazımdır.
İndiki ABŞ hökumətinin iki ayı var. O, bir neçə avropalı skeptik üzərində təsir gücünə malikdir. Mənim kimi əksər ölkələri də Ukraynanın Alyansa üzvlüyünün müsbət gələcəyi ilə bağlı tövsiyələrin risklərini görmürlər”, - Zelenski qeyd edib.
“Əsəd rejiminin devrilməsi ehtimalı bütün regionun sabitliyi üçün çox problemlidir. Bu, İsrail üçün böyük risk yaradacaq. “Təhrir əş-Şam” və digər sələfi təşkilatları İsrail sərhədinə gələ bilər və Qolanda İsrailə qarşı fəaliyyət göstərən dördüncü cəbhə yarana bilər”.
Bunu İsrailin istefada olan general-mayoru Yisrael Ziv bildirib.
“Suriyanın dağılması İsrailin təhlükəsizliyi üçün pis xəbərdir. Çünki Əsəd qatil diktator və xalqı üçün dəhşətli olsa da, İsrailin təhlükəsizlik maraqları baxımından daha yaxşı nəzarət qabiliyyətinə malikdir", - israilli zabit qeyd edib.
General Zin onu da əlavə edib ki, İsrail, ABŞ, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri regional koalisiya formalaşdıraraq Əsəd rejimini gücləndirməlidir.
Suriyada Əsəd rejiminə qarşı müxaliflərin Hələb şəhərini ələ keçirməsindən 76 il sonra bir ilk hadisə baş verib.
Müxaliflər Hələbdə nəzarəti ələ keçirdikdən sonra Hələb qalasında Türkiyə bayrağı dalğalandırılıb. Türkiyə bayrağı sonuncu dəfə Hələb qalasında 1948-ci ildə asılıb.
"76 il əvvəl 1948-ci ildə Türkiyəyə qoşulmağı tələb edən Hələblilər əllərində türk bayraqları ilə şəhərin küçələrində yürüş keçiriblər.
Hələblilər Hələb qalasına qalxaraq Türkiyə bayrağını dalğalandıraraq “Bizi rahat yaşada bilən ancaq Türkiyə rəhbərliyi ola bilər” kimi şüarlar səsləndiriblər.
Təxminən 400 il Osmanlı himayəsində qalan şəhərin ən böyük simvollarından biri olan Hələb qalasında bu gün Türkiyə bayrağı dalğalanıb", - Türkiyə mediası yazır.
Avropa İttifaqı dekabr ayında Ukraynaya büdcəyə yardım üçün 4,2 milyard avro köçürməyi və 2025-ci ilin yanvarından Kiyevi iqtisadi transformasiyalar müqabilində ayda 1,5 milyard avro səviyyəsində maliyyələşdirməyi vəd edib.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antoniu Koşta bəyan edib.
Onun sözlərinə görə, yanvar ayından etibarən Brüssel Ukraynaya Rusiya aktivlərindən ekspropriasiya olunmuş gəlirdən maliyyələşən G7 kredit proqramı çərçivəsində il ərzində ayda 1,5 milyard avro vermək niyyətindədir.
Söhbət 2025-ci il üçün 18 milyard avro dəyərində maliyyə yardımı proqramından gedir, onun həyata keçirilməsinə dair Aİ noyabrın 28-də Ukrayna hökuməti ilə memorandum imzalayıb. Bu memorandumun bir hissəsi kimi Kiyev Aİ-nin iqtisadi və siyasi tələblərini yerinə yetirməyi və Brüsselin təkid etdiyi islahatları həyata keçirməyi öhdəsinə götürüb.
“Volkswagen” avtomobil konserninin işçiləri Almaniyada iş yerlərinin ixtisarına qarşı bazar ertəsi, dekabrın 2-də tətil edəcəklər.
“Report” xəbər verir ki, bu barədə “IG Metall” sənaye həmkarlar ittifaqının Aşağı Saksoniyadakı nümayəndəsi Torsten Qröqer məlumat verib.
“Bazar ertəsi bütün fabriklərdə xəbərdarlıq tətilləri olacaq”, - deyə o qeyd edib. Torsten Qröqer əlavə məlumat verməyib.
Almaniyanın “Volkswagen” avtomobil konserni qənaət tədbirləri çərçivəsində azı üç zavodunu bağlamaq və bununla da on minlərlə iş yerini ixtisar etmək niyyətindədir. Almaniyada şirkətin on zavodunda 120 minə yaxın işçi çalışır. Konsern daxilində qənaət tədbirlərinin tərəfdarları 30 minə qədər işçini ixtisar etmək istəyirlər.
Rusiya ilə müharibə başlasa, bu, Avropa Birliyi məkanında daxili düşmənçiliklərin yenidən alovlanmasına münbit şərait yarada bilər... Avropada "üstü örtülmüş" tarixi milli-etnik ziddiyyətlər isə yaxın gələcəkdə "qoca qitə" ölkələrinə həm də dağıdıcı vətəndaş müharibələri də vəd edir...
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşının inkişaf istiqamətləri qlobal müharibə əlamətləri ilə yüklənməyə başlayıb. Hər halda, hazırda beynəlxalq siyasi iradə mərkəzləri bu savaş poliqonu ətrafında yaranmış situasiyanın artıq nəzarətdən çıxmaq üzrə olduğunu açıq şəkildə etiraf edirlər. Xüsusilə də, Bayden administrasiyası öz səlahiyyətlərinin sona çatmaq üzrə olduğu bir mərhələdə atdığı yolverilməz addımlarla bəşəriyyəti üçüncü dünya müharibəsinə maksimum səviyyədə yaxınlaşdırdığı qətiyyən şübhə doğurmur. Və bu baxımdan, dünyanın üzləşə biləcəyi yeni hərbi-siyasi fəlakətlərə görə məhz Bayden administrasiyasının məsuliyyət daşıdığını birmənalı şəkildə iddia etmək mümkündür.
Onu da qeyd etmək lazımdır ki, indi əksər beynəlxalq siyasi iradə mərkəzləri üçüncü dünya müharibəsini inkaredilməz reallıq hesab edirlər. Onların fikrincə, Rusiyanın Şimali Koreyadan həm hərbi canlı qüvvə, həm də silah-sursat dəstəyi alması qlobal savaşın real əlamətləri sırasına daxildir. Eyni zamanda, bu əlamətlərin sırasına Çinin Kremlə siyasi dəstəyi, İranın isə Rusiyaya hərbi texnika yardımları da əlavə oluna bilər. Və bütün bunlar Qərb ölkələrinin analoji davranışlarına paralellik təşkil edir.
Məsələ ondadır ki, Ukrayna savaşının başlandığı ilk gündən kollektiv Qərb rəsmi Kiyevə bütün istiqamətlər üzrə dəstək verir. NATO ölkələri Ukrayna ordusunu müasir silah-sursat və hərbi texnika ilə təchiz edir. Avropa Birliyi Rusiyaya qarşı çoxsaylı iqtisadi sanksiyalar tətbiq edir. ABŞ prezidenti Co Bayden isə hakimiyyəti Donald administrasiyasına təhvil verəcəyi ərəfədə Ukraynaya Rusiyanın dərinliklərinə raket zərbəsi endirilməsinə yönəlik qadağanı aradan qaldırır. Və bu, kollektiv Qərbin də Ukrayna ilə yanaşı, Rusiyaya qarşı savaşda iştirak etdiyini təsdiq edən məqamlardır.
Ancaq Ukrayna savaşında hər iki tərəfin dəstəkçiləri arasında üçüncü dünya müharibəsinin aktiv fazaya keçməsini istəməyən dövlətlər də olmamış deyil. Xüsusilə də, Avropa ölkələri yeni dünya savaşında maraqlı olmadıqlarını qətiyyən gizlətmirlər. Çünki tam dəqiqliyi ilə anlayırlar ki, üçüncü dünya müharibəsinin aktiv fazaya daxil olması Ukrayna savaşının daha geniş areala yayılaraq, Avropa məkanına keçirilməsi anlamı daşıyır. Və bu, o deməkdir ki, üçüncü dünya müharibəsi üçün əsas savaş poliqonu məhz "qoca qitə" məkanı olacaq.
Maraqlıdır ki, Avropa məkanı indiyə qədər artıq iki dəfə dünya müharibələrində savaş poliqonuna çevrilib. Hər iki dünya müharibəsində Avropa ölkələri dağıdıcı nəticələrlə üzləşiblər. Yəni, iki dünya müharibəsinin törədilməsi səbəb olmuş Avropa ölkələri bunun üçüncü dəfə təkrarlanmasının "qoca qitə"yə hansı fəlakətləri vəd etdiyini hamıdan yaxşı bilirlər. Və bu səbəbdən də, Avropa Birliyi ölkələri istənilən savaşın məhz "qoca qitə"dən kənarda baş verməsində maraqlıdır.
Məsələ ondadır ki, hazırda siyasi-iqtisadi böhran keçirən Avropa Birliyi ölkələri ən müasir silahlarla üçüncü dünya müharibəsinin hansı dağıdıcı nəticələrə yol açacağını tam dəqiqliyi ilə bilirlər. Üstəlik, Avropa ölkələri üzun illər ərzində dünyanın başqa regionlarında baş verən hərbi münasibətlərdən maksimum səviyyədə mənfəət əldə etməyə vərdişidirlər. Və bu müddətdə təhlükənin uzaqda olduğuna əmin olmaqla yanaşı, həm də NATO-nun "təhlükəsizlik çətiri"nə arxayın olaraq, hərbi sahəyə maliyyə vəsaiti xərcləməyə ehtiyac duymayıblar.
Ona görə də, indi üçüncü dünya savaşında aktiv fazaya keçid ərəfəsində müharibəyə qətiyyən hazır deyillər. Məcburi hazırlıq mərhələsi üçün isə ən azından 8-10 illik bir zaman İntervalına ehtiyac duyurlar. Yəni, yeni qlobal təhlükəsi Avropa Birliyi ölkələrini gözləmədikləri bir məqamda yaxalayıb. Hər halda, Ukrayna savaşı başlayarkən, Qərbdə bu hərbi münaqişənin Avropa məkanını real müharibə təhlükəsi ilə təhdid edəcəyini gözləmirdi. Və bu baxımdan, indi maliyyə-iqtisadi problemlərlə üzləşmiş Avropa Birliyi ölkələri yaxınlaşan müharibəyə hazırlıq üçün də əlavə resurslar axtarmaq məcburiyyətində qalıblar.
Göründüyü kimi, situasiya kifayət qədər qəliz xarakter daşıyır. Yəni, Qərb siyasi dairələri üçüncü dünya müharibəsinin aktiv fazasından yayınmaq şansının zaman keçdikcə, ciddi şəkildə əldən verilərək, azaldığının artıq fərqindədirlər. Eyni zamanda, bu savaşa uzun müddət davam gətirmək imkanlarının məhdud olduğunu da anlayırlar. Nəticədə Avropa məkanına aid olan dövlətlərin kollaps vəziyyətinə düçar olduğu qətiyyən şübhə doğurmur. Və üstəlik, mövcud situasiyadan çıxış yolları da əslində, o qədər də çox deyil.
Digər tərəfdən, Qərb siyasi dairələrini narahat edən təhlükələrin sırası da kifayət qədər genişdir. Belə ki, ilk növbədə Rusiyanın raket zərbələrinə Avropanın əsas hədəf olacağından şübhə edilmir. Digər tərəfdən, Avropa Birliyinin tərkibində arxa plana keçirilmiş tarixi problemlər də yenidən aktuallaşa bilər. Belə ki, Avropa Birliyi ölkələri arasında tarixən mövcud olan ziddiyyətlər mövcuddur. Üçüncü dünya müharibəsinin aktiv fazaya keçməsi müəyyən mərhələdə həmin ziddiyyətləri də yenidən qabarıq şəkildə ön plana keçirə bilər. Və nəticədə Rusiya ilə yanaşı, Avropa ölkələri arasında da hərbi münaqişələrin baş vermə ehtimalı qətiyyən istisna deyil.
Bütün bunları nəzərə aldıqda, Rusiya ilə müharibə, buna paralel olaraq, Avropa məkanında daxili düşmənçiliklərin yenidən alovlanmasına münbit şərait yarada bilər. Yəni, bu gün ortaq iqtisadi maraqların birləşdirdiyi Avropa ölkələrinin tezliklə düşmənə çevrilib, bir-birinə qarşı savaş açma ehtimalı da var. Eyni zamanda, əksər Avropa ölkələrində "üstü örtülmüş" milli-etnik zəmində ziddiyyətlər də mövcuddur. Və bu, yaxın gələcəkdə Avropa Birliyi ölkələrinə həm dağıdıcı vətəndaş müharibələri də vəd edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürə bilər.
"Unikal" xəbər verir ki, bunu Türkiyə liderinin baş müşaviri Mehmet Uçum deyib.
Parlament 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Türkiyə prezidenti üçüncü dəfə dövlət başçısı postuna namizəd ola bilər. Konstitusiyaya görə, parlament hazırkı prezidentin ikinci müddətində növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edərsə, o zaman prezident konstitusiyanın 116/3-cü maddəsinə uyğun olaraq yenidən namizəd ola bilər", - deyə Uçum "X"də yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenski, Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınması şərti ilə münaqişənin qaynar fazasını dayandırmağa hazır olduqlarını bəyan edib. O, "Sky News" kanalına verdiyi müsahibəsində danışıb.
Zelenski, Ukraynanın NATO üzvü olması üçün öz nəzarətində olan əraziləri birləşdirməyin vacibliyini vurğulayıb: "Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimizdə olan ərazini NATO çətiri altına almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır".
Prezidentin sözlərinə görə, NATO üzvlüyü münaqişənin səngiməsi üçün ən uyğun həll yoludur. Bundan sonra isə Zelenski, münaqişə bölgəsində diplomatik danışıqlar apararaq işğal altında olan ərazilərin qaytarılması üzərində işləmək niyyətində olduğunu bildirib. O qeyd edib ki, əvvəlki dövrlərdə belə bir təklifin yalnız rəsmi şəkildə irəli sürülmədiyi üçün bu məsələni nəzərdən keçirməyiblər.
Zelenskinin bu bəyanatı, Ukraynada geniş müzakirələrə səbəb olub. "Strana" nəşri, bu ifadələrin Ukrayna Prezidenti tərəfindən 2022-ci ilin fevralından bəri işğal edilən əraziləri geri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu ilə bağlı ilk açıq bəyanat olduğunu vurğulayıb.
29-30 noyabr tarixlərində Tbilisidə keçirilən etiraz aksiyalarında 107 nəfər saxlanılıb. Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qurumun məlumatında bildirilib ki, etirazçılar Rustaveli prospektində keçirilən aksiya zamanı polisə müxtəlif əşyalar, daş, pirotexniki vasitələr, şüşə butulkalar, metal əşyalar atıblar. Nəticədə aksiya zamanı 10 polis əməkdaşı yaralanıb. Yayılan qeyri-rəsmi xəbərlərdə deyilir ki, Gürcüstan Müdafiə Nazirliyi də etirazçılara qoşulub.
“Suriya rejiminin bu qədər tez geri çəkilməsi bizi şoka saldı”. Bunu Suriyada müxalif general Əhməd Rahal deyib. O bildirib ki, rejim İranın dəstəyi ilə ayaqda qalır: “Bütün Hələbin Hizbullahın nəzarətində olduğunu bilirik və ümid edirik ki, bu əməliyyatlar genişlənərək Əl-Zəhra bölgəsinə doğru irəliləyəcək. Eyni zamanda, əməliyyatın Tel Rifat bölgəsində davam etməsini istəyirik.
Çünki o dəhliz YPG qruplaşmasından xilas olunmalıdır. Fikirləşirik ki, Suriyada Əsəd rejimi və Hizbullahın sürətlə süqutu tez bir zamanda YPG-nin xüsusilə Mənbic və Tel Rifat, eyni zamanda ətraf bölgələrdə sürətlə dağılmasına mütləq təsir edəcək. Bundan sonra Suriyada müxalif qüvvələr rahat nəfəs ala bilər. Eyni zamanda Türkiyədəki miqrantlar da asan şəkildə evlərinə qayıda bilərlər”.