|
ABŞ-da yaşayan FETÖ rəhbəri Fətullah Gülənə görə bu ölkənin Federal Təhqiqat Bürosu ilə Mərkəzi Kəşfiyyat İdarəsi arasında insident yaşanıb.
Axar.az xəbər verir ki, bu barədə türkiyəli yazar Batuxan Yaşar bildirilib. Yazar iddia edir ki, sentyabrın əvvəlində Gülənin Pensilvaniyadakı malikanəsində silah səsləri eşidildikdən sonra FTB olaya müdaxilə etmək üçün hadisə yerinə daxil olmaq istəyib, ancaq MKİ bunun qarşısını alıb və müdaxilə edib.
Bundan əlavə, məqalədə bildirilir ki, FTB FETÖ araşdırmasını 3 əsas başlıq altında bir araya gətirib: çirkli pulların yuyulması, dələduzluq və vergidən yayınma.
"FETÖ-nun Çikaqo imamı Kamal Öksüz barədə FTB qırmızı bülleten istəmişdi. O, sənədlərin saxtalaşdırılmasında, yalan bəyanat verməkdə və dələduzluqda ittiham edilir. Kamal Öksüz İrəvanda ələ keçirildi. Ermənistan isə ötən həftə onun ABŞ-a ekstradisiya ediləcəyini açıqlayıb. Öksüz aparılan istintaqın əsas fiqurlarındandır. ABŞ-dakı pul maşınını idarə edən şəxsdir. Türkiyə əleyhinə senatorlarla olan yaxın əlaqəsi onsuz da ictimaiyyətə bəllidir", - məqalədə bildirilib.
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar üzərində aktiv şəkildə çalışır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibinin köməkçisi Kristofer Ford deyib.
“Sanksiyalar üzərində aktiv şəkildə işləyirik. Bu, çətin məsələdir. Sanksiyaların ikinci mərhələsi “əjdaha qanunları” formasında olacaq”, – deyə o bildirib.
Böyük Britaniya hökuməti Breksitin şərtləri ilə bağlı Avropa İttifaqı ilə əldə edilən razılaşmanı təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Mey Nazirlər Kabinetinin üzvləri ilə görüşündən sonra mediaya məlumat verib.
“Qərar asanlıqla qəbul edilmədi. Lakin hökumət bəyanat layihəsini və siyasi deklarasiyanı dəstəkləmək qərarını verdi”, - deyə Mey bildirib.
Qeyd edək ki, dünən Brüsseldə Britaniya ilə Aİ arasında ayrılma şərtlərini müəyyənləşdirən müqavilənin müddəaları ilə bağlı texniki səviyyədə razılaşma əldə edilmişdi. Çərşənbə günü layihənin razılaşdırılması məqsədilə hökumət üzvlərinin iştirakı ilə keçirilən müşavirə 5 saatdan çox davam edib.
Növbəti prosedurda isə sənəd parlament tərəfindən nəzərdən keçirilməlidir və bu heç də sadə proses olmayacaq.
Əgər uğurlu nəticə əldə edilərsə, sənəd üzrə sonuncu səsvermə dekabr ayında baş tutacaq.
İsrailli jurnalist və politoloq Şimon Brimanın Axar.az-a müsahibəsi:
- İsrailin Müdafiə naziri Aviqdor Liberman istefa verdi. Bu, gözlənilən addım idi?
- Libermanın istefası hələ srağagündən gözlənilən idi. O, prinsipial fikirlərinə - sutka ərzində İsrailin cənubundakı şəhərlərə 400-dən artıq raket buraxılmasından sonra hökumətin Qəzza zolağında HƏMAS terrorçuları ilə sülh bağlaması qərarı ilə razılaşmadığı üçün istefaya getdi. Liberman Qəzza zolağındakı terrorçulara şiddətli zərbə endirilməsini təkid edirdi. Bundan əlavə, Liberman özünü Benyamin Netanyahuya qarşı daha qətiyyətli alternativ kimi göstərməklə sağçı elektoratın səsləri uğrunda mübarizədə ilk zərbə endirməyi seçdi. İstənilən halda seçkilər 2019-cu ilin sonunda keçirilməli idi və Liberman sadəcə bunu yarım il tezləşdirdi.
- HƏMAS-ın İsrailə endirdiyi yeni zərbələrin və yeni gərginliyin səbəbi nədir?
- HƏMAS terror qruplaşmasıdır və istənilən terror qruplaşmasının fəaliyyətini proqnozlaşdırmaq mümkün deyil. Bu fəaliyyətin heç bir məntiqi əsası olmur. Əfsuslar olsun ki, bizim kədərli reallığımız dövlətimizin cənubunda İsrailin mövcudluq haqqını qəbul etməyən fanatik, terror qruplaşmasının olmasından ibarətdir. Bu dəfə HƏMAS-ın fəaliyyəti – dinc əhali arasında itkilərə səbəb olan İsrail şəhərlərinin atəşə tutulması - ola bilər ki, İrana və bu terror qruplaşmasının digər sponsorlarına onların əlini-qolunu sallayıb boş oturmadığını, onlara ayrılan bütün imkanlardan istifadə etdiklərini göstərmək arzusundan irəli gəlir.
- İsraildə HƏMAS-ın bombardmanlarına şiddətli cavab verilməsi barədə Libermanın fikirlərini dəstəkləyənlərin sayı nə qədərdir?
- Fikrimcə, Libermanın mövqeyini İsrail vətəndaşlarının yarıdan çoxu, xüsusən Qəzza sektorundan raket hücumlarından əziyyət çəkən ölkənin cənub hissəsinin sakinləri dəstəkləyir. Bir çox ekspert və politoloqun rəyinə görə, müdafiə naziri postundan istefa vermək qərarı Libermana çox ciddi elektoral uğur gətirəcək. Əgər parlament seçkiləri yaxın 3 ay ərzində keçirilsə, o zaman Bizim Evimiz İsrail Partiyası yeni səslər qazanmaqla özünün elektoral bazasını əhəmiyyətli dərəcədə artıra bilər.
- Libermanın bundan sonra karyerası necə olacaq? İsrailin yeni müdafiə naziri kim ola bilər?
- Aydın məsələdir ki, Liberman mümkün qədər çox mandat əldə etmək üçün öz partiyasını yeni parlament seçkilərinə hazırlayacaq. Mən heç də ekspertlərin proqnozlarının özünü doğruldacağını, Mənim Evim İsrail Partiyasının seçki nəticələrinə əsasən göstəricilərini yaxşılaşdıracağını istisna etmirəm. Hadisələrin belə bir inkişafı nəticəsində Liberman yenidən müdafiə naziri ola bilər. Müdafiə Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsinə gəldikdə isə Netanyahu bu postu özündə saxlaya da, koalisiyadakı başqa partiya nümayəndəsinə verə də bilər. Mən isə hələ də Netanyahunun baş nazir səlahiyyətləri ilə birgə müdafiə naziri səlahiyyətlərini də icra edəcəyi fikrinə inanıram.
- Hadisələr bundan sonra necə inkişaf edəcək? HƏMAS tərəfindən yeni hücumlar, teraktlarla bağlı təhlükə varmı?
- Yuxarıda qeyd etdiyim kimi, terrorçuların məntiqini proqnozlaşdırmaq və izah etmək çətindir. HƏMAS terror qruplaşmasının tərəfdarları İsrail və Misirlə sərhəddə yaşayan 1.5 milyon üzərində hakimiyyəti ələ keçiriblər. Onlar bizim ölkəmizə qarşı raket hücumlarını özləri üçün əhəmiyyətli hesab etdikləri istənilən səbəbə görə bərpa edə bilərlər. Onlar həmçinin İsrail ərazisində terakt törətməyə cəhdlər də edə bilərlər. Onlar üçün insan həyatının önəmi yoxdur. Bu, İsrailin hər gün mübarizə aparmağa məcbur olduğu dəhşətli reallıqdır.
- Dünya ictimaiyyətinin HƏMAS-ın bu fəaliyyətlərinə bir qədər ləng reaksiya verməsi fikri ilə razısınız?
- Dünya ictimaiyyətinin bu mövqeyi bizi qəzəbləndirsə də, təəccübləndirmir. Beynəlxalq ictimaiyyət Qəzza sektoru sakinlərinin əzablarının onun vecinə belə olmadığını göstərir. Qərb mətbuatının abırsızlığı CNN və BBC kimi böyük telekanalların aparıcılarının “HƏMAS-ın İsrail şəhərlərinə endirdiyi zərbələr zamanı ölənlərin sayının İsrailin terrorçuların mövqelərinə endirdiyi cavab zərbələri zamanı ölənlərin sayından az olması ədalətsizlikdir” kimi bir ifadəni səsləndirməsində özünü göstərir. Bir çox aparıcı Qərb kütləvi informasiya vasitəsinin əsl üzü belədir. Bizi bununla təəccübləndirə bilməzlər. Biz İsrailin sadəcə özünə arxayın ola biləcəyi fikrinə artıq öyrəşmişik.
ABŞ NATO-nu zəiflədən istənilən addıma qarşıdır.
Axar.az xəbər verir ki, bunu Avropa ordusunun yaradılması ideyasını şərh edən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.
“Bu, NATO, ABŞ hökuməti və digər bir çox dövlətlər üçün çox vacibdir. Biz hesab edirik ki, heç bir səbəb NATO-nu öz fəaliyyət prinsiplərindən uzaqlaşdırmamalıdır. NATO dayanıqlı təşkilatdır. ABŞ və digər dövlətlər uzun illərdir onu dəstəkləyiblər, ona görə də zəifləməyini istəmirik.
Bizim fikrimizcə, NATO bütün üzvlərinin üzərinə böyük məsuliyyət götürəcəyi halda güclü olacaq”, – deyə o bildirib.
ABŞ Konqresi Türkiyəni hədəfə alan sanksiyaların təsirlərini aradan qaldırmaq üçün səy göstərir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
“ABŞ-la münasibətlərimiz, NATO üzvlüyümüz və Avropa Birliyinə üzvlük prosesimiz xarici siyasətimiz baxımından əsas və strateji prioritetlərimiz arasındadır. ABŞ-la münasibətlərimizi 2019-cu ildə normal vəziyyətə qaytarmaq iradəsinə sahibik. Tutarlı mövqeyimizdə qarşılıq görəcəyi ölçüdə irəliləyiş əldə edəcəyik”, - Çavuşoğlu bildirib.
Biz səsimizin həlledici olmayacağı siyasi koalisiya formalaşdırmayacağıq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının parlament fraksiyasının rəhbəri Armen Rüstəmyan deyib.
“Biz Daşnaksütyun Partiyası olmadan qərarların qəbul edildiyi koalisiyalara bir daha daxil olmayacağıq. Bu bizim keçdiyimiz yolun əsas dəyərləndirməsidir. Məhz bu səbəb ucbatından biz qarşıya qoyulan hədəflərimizə çata bilmədik, amma artıq belə şey olmayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Daşnaksütyun Partiyası Respublikaçılar Partiyasıyla koalisiya hökuməti yaradıb. Respublikaçıların hakimiyyətdən getməsinə qarşı olan daşnaklar indiyə qədər bu qərarın onların iştirakı olmadan verildiyini iddia edirlər.
14:26
İsrail Müdafiə naziri Aviqdor Liberman istefaya gedəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı İsrailin “9-cu kanal”ı yayıb. Libermanın istefasına səbəb kimi onun hökumətin HƏMAS-la bağlı siyasətindən narazı olması göstərilib.
Onun istefaya gedəcəyi halda İsrail hökumətinin dağılacağı və nəticədə parlamentin buraxılacağı iddia edilib.
***
İsrailin Müdafiə naziri Aviqdor Liberman keçirdiyi xüsusi mətbuat konfransında istefa xəbərini təsdiqləyib.
Qeyd edək ki, Liberman İsrailin əsas ideya, fikir adamı və strateqi sayılır. Eyni zamanda, Azərbaycanın İsrail hakimiyyətindəki əsas dəstəkçilərindən biri, ölkəmizin dostudur.