|
Rusiya Şimal dəniz donanması Barens dənizində təlimlərə başlayıb.
Yaponiya Baş naziri Sindzo Abe Rusiya Prezidenti Vladimir Putinlə Sinqapurdakı görüşündə Yaponiyaya Xabomai və Şikotan adalarının veriləcəyi təqdirdə orada ABŞ hərbi bazasının yerləşdirilməyəcəyinə dair vəd verib.
Axar.az xəbər verir ki, bu məlumatı “Asaxi” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.
“Yaponiya ilə ABŞ arasındakı təhlükəsizlik razılaşmasına əsasən, ABŞ özünün hərbi bazalarını Yaponiyanın istənilən nöqtəsində yerləşdirmək haqqına sahibdir. Rusiya prezidentinin 2016-cı ildə Yaponiyaya səfərindən 1,5 ay öncə bu məsələ Rusiya və Yaponiya təhlükəsizlik şurasının katibləri arasında müzakirə edilib. Bu zaman Yaponiya tərəfi bu adalarda ABŞ bazasının yerləşdirilməməsi tələbinə yox cavabı vermişdi və nəticədə tərəflər arasında danışıqlar prosesi zəifləmişdi. Hazırda Yaponiya Rusiya ilə bərabər ABŞ-la da bu məsələ ətrafında danışıqlara başlayıb”, – deyə qəzet bildirib.
Qeyd edək ki, Yaponiya bundan öncə Rusiya ilə sülh müqaviləsi imzalamağa hazır olduğunu deyib. Rəsmi Tokio 1956-cı il SSRİ-Yaponiya Birgə Deklarasiyasısı əsasında sülh müqaviləsi imzalayacağını bildirib. Bu deklarasiyaya əsasən, tərəflər arasında sülh müqaviləsinin imzalanmasından sonra Xabomai və Şikotan adaları Yaponiyaya qaytarılacaq.
FETÖ şəbəkəsinin rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı qanuni yolların müəyyənləşdirilməsi üçün ABŞ Prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosu (FTB), Ədliyyə və Daxili Təhlükəsizlik nazirliklərinə təlimat verib.
Axar.az xəbər verir ki, bu barədə NBS Nyus məlumat yayıb.
Bildirilib ki, amerikalı və türkiyəli rəsmilər Gülənin Türkiyəyə təhvil verilməməsi durumunda Cənubi Afrikaya da göndəriləcəyini istisna etməyib.
Belə ki, ABŞ admintrasiyası bu addımla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Qaşıqçı cinayətindən dolayı Səudiyyə üzərindəki basqısını azaltmağı hədəfləyir.
Hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilmir.
ABŞ NOPEC qanun layihəsini qəbul etməklə, yəni neft qiymətlərinin ucuzlaşması yolu ilə həm İrana, həm də Rusiyaya ciddi zərbə vurmağı düşünür.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, NOPEC qanun layihəsi ABŞ-da həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənir:
“Konqresdə bununla bağlı demək olar ki, kifayət qədər fikir birliyi mövcuddur. Burada əsas məqsəd OPEK-in ləğv olunması deyil. Söhbət OPEK-ə qarşı ABŞ məhkəmələrində qiymət, kartel sövdələşməsinə görə iddia ərizələrinin qəbul edilməsi və iddia işlərinin qaldırılmasından gedir. Bu qanun layihəsinin yanvarda qəbul olunması gözlənilir. Qəbul olunarsa, o zaman ABŞ-da şirkətlər, hüquqi və fiziki şəxslər OPEK-in kartel sövdələşməsinə gedib, qiymət artırılması və bununla da onlara maddi ziyan vurduqlarını irəli sürərək iddia qaldıra biləcək. Bu da böyük təzminatların ödənilməsinə gətirib çıxaracaq. Məhz NOPEC layihəsinə görə Səudiyyə Ərəbistanından da ilkin qeyri-rəsmi bəyanatlar səsləndi ki, bu layihə qəbul olunsa, Səudiyyə özü bu təşkilatdan çıxacaq. Çünki OPEK-də ən çox təzminat ödəyəcək ölkə Səudiyyə Ərəbistanıdır. Bu qanun qəbul olunsa və Səudiyyə OPEK-dən çıxsa, bu təşkilat onsuz da avtomatik olaraq iflic vəziyyətinə düşəcək. Çünki Səudiyyənin OPEK-də hegemon gücü var”.
İqtisadçı qeyd edib ki, əslində neft istehsal edən ölkələr doğrudan da kartel sövdələşməsinə gedərək, hasilatı azaldaraq, bir neçə dəfə qiyməti artırmaqla məşğul olub:
“Bu da dünya ticarət qaydalarına görə iqtisadi cinayət sayılır. Bir anlıq təsəvvür edin ki, kakao istehsal edən ölkələr bu addımı atıb. Kakaodan şokolad istehsal olunur. Kakao istehsal edən ölkələrin də birliyi yaransa və sözü bir yerə qoyub kakao istehsalını azaldaraq qiyməti artırsa, şokoladın da dünyada qiyməti qalxar. Bu da dünya əhalisi tərəfindən çox hiddətlə qarşılanar və Ümumdünya Ticarət Təşkilatının məhkəmə sistemi işə düşə bilər. Bununla da həmin ölkələrə qarşı təzminat davaları açılar. Həmin məsələ elə neftə də aiddir. Uzun zamandır ki, bu məsələ ilə bağlı OPEK-ə güzəştə gedilirdi. İndi görünən odur ki, ABŞ tərəfindən bu həmlə OPEK-in kifayət qədər zəiflədilməsinə və neft qiymətlərinin formalaşdırılmasında OPEK-in rolunun azaldılmasına xidmət edir. Nəticə etibarı ilə bu addım qiymətlərin tənzimlənməsi, yəni aşağı düşməsinə hesablanıb. Çünki OPEK-in qiymət siyasəti neftin qiymətlərini 45-50 dollardan 85-90 dollara qədər qaldırmışdı. Bu da Rusiya və OPEK-in birgə fəaliyyətinin nəticəsi idi. Digər tərəfdən neft qiymətlərinin yüksəlməsi Rusiyaya ABŞ tərəfindən tətbiq olunan sanksiyaların effektini azaltmağa imkan verirdi”.
İqtisadçının sözlərinə görə, qanun layihəsi qəbul olunsa, neft qiymətlərində kəskin enmələr müşahidə ediləcək:
“Bu da neft istehsal edən ölkələr üçün iqtisadi cəhətdən problemlərin yaranmasına gətirib çıxara bilər”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının OPEK-in buraxılması imkanlarının öyrənilməsinə başladığı haqda məlumat yayılıb. Ər-Riyadın belə addım atmasına səbəb kimi ABŞ-ın qəbul edəcəyi NOPEC qanun layihəsi, eləcə də neftin gələcəkdə öz effektivliyini itirmək imkanları göstərilib.
Tanınmış rusiyalı politoloq Qriqori Trofimçukun Axar.az-a müsahibəsi:
- Makron avqustda bəyan etdi ki, Avropanın təhlükəsizlik arxitekturası Rusiya ilə birgə qurulmalıdır. Bir neçə gün öncə isə o, Avropanın təhlükəsizlik məsələsində Avropaya güvənməməli olduğunu və öz ordusunu formalaşdırması gərəkdiyini bəyan etdi. Bu vaxta qədər Jan Klod Yunker, Merkel və digər bəzi siyasətçilər Avropa ordusunu müdafiə ediblər. İndiki halda Avropanın ABŞ təsirini bitirmək potensialı varmı?
- Avropa artıq çoxdan öz ordusunu yaratmağa hazırlaşdığını bəyan edir. Bunu etmək istəyən danışmır, həyata keçirir. Avropada orduyla bağlı danışıqların hədəfi Vaşinqtonu uşaqcasına qorxutmaq və şantaj etmək cəhdidir. Yəni Avropa bununla Trampın AB üzvlərindən NATO üçün xərcləri artırmasıyla bağlı təzyiqlərini azaltmaq istəyir. Əgər bu gün Tramp AB-nin öz hərbi xərclərini ÜDM-lərinin 2%-i miqdarında artırması fikrindən imtina etsə, o zaman Avropa ordusuyla bağlı bütün danışıqların hamısı yox olacaq. Qərb demokratiyasının olduğu dünyada yekun tariflər və qiymətlər olmur. Ona görə də Paris, Berlin və onların bütün qonşuları anlayır ki, onlar NATO büdcəsinə ÜDM-lərinin 2%-i miqdarında ödəniş etdikləri təqdirdə Vaşinqton bununla kifayətlənməyəcək və daha 4% tələb edəcək. Avropa ABŞ-ın öz ərazisinə təsirini bitirmək iqtidarında deyil, çünki bunun üçün müharibə lazımdır. Məhz müharibə vasitəsilə ABŞ Avropanın öz ərazisindəki təsirinə son qoyub. Lakin indiki vəziyyətdə ABŞ asan şəkildə avronu dəstəkləməyi dayandırıb, AB-ni maliyyə baxımdan məhv edə bilər. AB-nin aparıcı ölkələrinin rəhbərləri bunu yaxşı anlayırlar, ona görə də ABŞ-ın ünvanına uşaqcasına təhdidlərə cəhd etməkdən başqa heç bir addım atmırlar. Makron Napoleon və ya Hitler olmadığına görə onu Ağ Evdə ciddi qəbul etmirlər. Üstəlik, orada Yunker kimi siyasətçiləri də ciddi qəbul etmirlər. Böyük ehtimalla, onların hamısı Amerikanın özünün dəstəklədiyi şəxslərdir, əks halda onların hakimiyyətə belə asan şəkildə gəlmələri mümkün deyildi. Amerika özünün icazəsi olmadan Avropada hakimiyyətə gələcək siyasətçilərdən qorxmalıdır.
- Avropa ordusunun formalaşması NATO-nun parçalanması prosesini başlada bilərmi?
- Amerika artıq əksər hallarda NATO-dan yan keçməklə özü təkbaşına hərəkət edir. Buna misal olaraq Gürcüstan və digər ölkələrlə əməkdaşlığı göstərə bilərik. Üstəlik, ABŞ-ın Avropa paytaxtları ilə hərbi-texniki məsələləri daimi olaraq razılaşdırılmasının özü Vaşinqtona yalnız mane olur. Birləşmiş Avropa ABŞ-a sadəcə postsovet məkanının tam yekunlaşdırılması üçün köməkçi kimi lazımdır. Belə müvəqqəti məcburiyyət haqqında bir zamanlar Bjezinski də danışırdı. ABŞ bundan sonra Avropanın özünü də atacaq, ona görə ki, o, artıq Amerikanı özünün “arvadyana” tələbləri və kaprizləri ilə çoxdan bezdirib. Tarix göstərir ki, Avropa ölkələri daimi olaraq öz aralarında vuruşublar. Məhz buna görə Vaşinqton bu klassik vəziyyətə onları yenidən buraxmağı arzu edir. Əlbəttə, hansısa Avropa dövləti ayrı-ayrılıqda daha təvazökar büdcə ilə dəstəklənəcək. Buna misal kimi Polşanı göstərmək olar.
- Makrona qədər daha çox millətçi siyasətçilər, məsələn, Marin Le Pen ABŞ-ın təsirinin azaldılması və Rusiya ilə əlaqələrin artırılmasını müdafiə edirdilər. Bu siyasətçilər AB-nin parçalanması ideyasını da irəli sürürdülər. Necə düşünürsünüz, Makronun aktivliyinə qarşı ABŞ Le Penə dəstək verə bilərmi?
- Fransa Prezidenti Makron Almaniyanın Avropa Birliyindəki liderlik mövqeyini yavaş-yavaş tərk etdiyi zamanda aktivləşməyə başlayıb. Bu aktivlik ən azından Berlində yeni kansler peyda olana qədər davam edəcək. Bu, Makrona imkan verir ki, demək olar ki, boş olan meydanda AB-nin qeyri-rəsmi lideri olsun. Belə ki, onun bu iş üçün xüsusi səy göstərməsinə ehtiyac yoxdur. ABŞ bundan sonra Marin Le Pen kimi fransız xadimləri ilə işləməyəcək. Onlar sadəcə olaraq belə şəxslərdən özlərinə sərf etdikləri halda taktiki planda istifadə etməyə çalışacaqlar. Makron əslində tam olaraq amerikayönlü siyasətçidir. Bunu Fransa Prezidentinin ABŞ Prezidenti Donald Trampla görüşündəki davranışları da göstərir. O, ABŞ-a qarşı getməyə cəhd etmir, əks təqdirdə heç kimə bəlli olmayan Makron ABŞ-ın yardımı olmadan Fransa prezidenti ola bilməzdi. Ona görə də Vaşinqtona indiki halda Rusiya ilə layihələrdən imtina etməyən Merkelin yerinə Makronun AB-nin qeyri-rəsmi lideri olması sərfəlidir.
- Makron hazırda Qərbi Avropada liberal dəyərlərə sahib çıxan yeganə nüfuzlu siyasətçi kimi görünür. O, demək olar ki, bütün çıxışlarında millətçiliyə qarşı aktiv mübarizədən bəhs edir. Merkeldən sonra Makronmu Avropanın yeni siması olacaq?
- Avropa Birliyi hələlik süqut etmədiyi üçün onun müdafiəsinə ehtiyac yoxdur. Əlbəttə, çoxları istəyir ki, Avropa Birliyi süqut etsin, amma bu yalnız bir halda - ABŞ-ın onu öz taleyi ilə baş-başa buraxacağı təqdirdə - baş tuta bilər. Belə olan halda AB-nin daxilində dərhal özünün blokları və maraqlar qrupu yaranacaq. Bu fonda hansısa güclü liderlər peyda olacaq. AB-nin ABŞ-a tabe olduğu zaman çərçivəsində belə liderlər peyda olmurlar. AB-nin daxilində fikir ayrılıqları Avropanın bundan sonra avtomatik olaraq Rusiya ilə dostlaşacağı anlamına da gəlmir. Əgər Avropa daha müstəqil olsa, o, Rusiyaya öz təzyiqlərini gücləndirə bilər. Belə vəziyyət bizim tariximizdə artıq bir neçə dəfə təkrarlanıb. Lakin Makron Olland və Sarkozi kimi elə bir miqyaslı fiqur deyil ki, üzərinə çox şey götürsün. AB daxilindəki millətçi cərəyanlara gəldikdə isə bu, daha çox miqrantlardan olan yorulma ilə əlaqədardır. Avropada yenidən, ikinci dəfə, yüz il əvvəl olduğu kimi, millətçi partiyalar ortaya çıxmayacaq. Heç nə və heç vaxt eyni formada təkrarlanmır.
- Əgər Avropa sizin dediyiniz kimi suveren oyunçuya çevrilsə, bu, Şərqi Avropa, xüsusilə də Cənubi Qafqazda özünü necə göstərəcək?
- Bu halda Avropa öz siyasətini həyata keçirməyə başlayacaq - hansı ki, böyük ehtimalla bu siyasət daha çox bu regionların özünə tabe etdirilməsinə yönələcək. ABŞ-ın köməyi olmadan Avropa bu istiqamətlərdə üç dəfə daha aktiv işləməyə başlayacaq, indikindən daha sərt şəkildə hərəkət edəcək. Qeyd etmək istərdim ki, biz bunun barəsində sadəcə nəzəri baxımdan mülahizələr irəli sürürük. Avropa hazırda Cənubi Qafqazla çox mehriban davranır, çünki Vaşinqton hər zaman onun sərt addımlarının qarşısını ala bilər. Əgər belə sərtlik yaransa, Cənubi Qafqaz ölkələri bütün dünyaya indiki Avropa mərkəzli bəyanatlarından fərqli olaraq Avropa ilə heç bir münasibətlərinin olmadığını və oraya doğru yönəlməyə can atmadıqlarını söyləyəcəklərini istisna etmirəm.