![]() |
|
Türkiyənin Antalya bölgəsində zəlzələ baş verib.
Axar.az xəbər verir ki, 4.1 bal gücündəki zəlzələ Antalyanın sahil bölgəsində hiss olunub.
Zəlzələnin episentri Kumluca bölgəsində qeydə alınıb.
Qeyd edək ki, son iki gün ərzində Türkiyənin Təkirdağ mahalında 3.1 bal, Egey dənizi sahillərində 4.3 bal, Yalovanın Çınarcıq bölgəsinə 4.5 bal gücündə zəlzələlər baş verib.
Ermənistanın eks-prezidenti Robert Köçəryanın tərəfdarları Ermənistanın Moskvadakı səfirliyinin qarşısında mitinq keçirmək niyyətindədir.
Axar.az xəbər verir ki, bu məlumat Ermənistanın Rusiyadakı səfirliyinin Feysbuk səhifəsində yerləşdirilib. Səfirlik mitinqdə iştirak edəcək insanları Rusiya qanunvericiliyinin bütün tələblərinə tabe olmağa və yanlış hərəkətlər etməməyə çağırıb.
Mitinqin 22 dekabrda baş tutacağı vurğulanıb.
Kosova ordusunun yaradılması Belqrad və Priştina arasında siyasi kompromis imkanını istisna edir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
Onun sözlərinə görə, Kosova parlamentinin 14 dekabrda təhlükəsizlik qüvvələrinin silahlı qüvvələrə çevrilməsinə dair qəbul etdiyi qanun paketi BMT TŞ-nın 1244 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır.
“Kosova ordusu”nun yaradılması Kosova probleminin tənzimlənməsinə dair çoxillik beynəlxalq səylərin məhvinə səbəb olacaq”, - Lukaşeviç bildirib.
Qafqazı müharibəyə hazırlayırlar.
Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində İsrail eksperti Avram Şmuleviç paylaşıb.
“Kremlin planlarında III Çeçen müharibəsini daha geniş miqyasda - Stavropoldan Xəzər dənizinə qədər olan ərazidə başlatmaqdır”, – deyə o bildirib.
O, Putinin dünənki mətbuat konfransında “Pskov desantları” barədə nümunəni hədər yerə çəkmədiyini deyib. Şmuleviçin fikrincə, dövlət başçısının belə bir ifadəsi Kremlin ruslara qarşı mövqeyini ortaya qoyduğunu göstərib:
“Nə Putin, nə onun tabeliyində olanlar, nə də rusların böyük hissəsi çeçenləri özlərinin vətəndaşı kimi qəbul edirlər. Bu, Qafqazın artıq Rusiya olmamasıyla bağlı başqa bir sübutdur. Putinin “Pskov desantları” ilə bağlı dedikləri təsadüfi deyildi”.
Qeyd edək ki, Putin dünənki mətbuat konfransında gənclərin Pskov hərbi desant diviziyasının 6-cı alayını özlərinə nümunə götürməyə çağırıb. O, bu alayın vaxtilə 96 nəfərlə 2000 çeçenə qarşı savaşa girdiyini, 2 gün onlarla savaşıb cəmi 6-sının sağ qaldığını deyib.
Kamçatka sahillərində güclü zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Elmlər Akademiyasının Geofizika Xidmətinin yaydığı məlumatda bildirilib.
Zəlzələ 7,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 85 kilometr olub. Sunaminin baş vermə ehtimalının olduğu bildirilir.
ABŞ Hərbi Hava Qüvvələri Somalidə “Əş-Şəbab” radikal qruplaşmasının üzvlərinə qarşı iki aviazərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Komandanlığı (AFRİKOM) məlumat yayıb.
Terrorçuların Somalidə Afrika İttifaqının missiyasına silahlı hücumdan sonra bu əməliyyatın baş tutduğu deyilib:
“Qruplaşma üzvləri müdafiəyə keçib azad qüvvələrlə birləşdikdən sonra müdafiə məqsədilə aviazərbələr endirildi. Birinci aviazərbədə 8, digərində isə 3 döyüşçü məhv edildi”.
ABŞ Prezidenti Donald Trampla İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, telefon söhbətində liderlər Vaşinqtonun Suriyadan geri çəkilmə qərarı verməsini müzakirə edib.
Ağ Evdən verilən məlumata əsasən, tərəflər həmçinin İrana qarşı mübarizə və ölkələr arasındakı əməkdaşlığın artırılmasına yönəlik müzakirə aparıb.
Fransa qarşıdakı günlərdə Demokratik Suriya Qüvvələri (DSQ) də daxil olmaqla, ABŞ-ın bütün müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsi ilə yaxından maraqlanacaq.
Axar.az xəbər verir ki, bu sözləri Fransanın BMT-dəki daimi nümayəndəsi François Dellatre deyib.
O bildirib ki, Fransanın məqsədi İŞİD-i tamamən aradan qaldırmaq və regionda terrorizmin yenidən baş qaldırmasına imkan verməməkdir.
Bu günə qədər 77 Türkiyə firması tərəfindən İrana təxminən 1,5 milyard dollar həcmində investisiya yatırılıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşündə deyib.
"Sanksiyalara tabe olmayacaqlarını açıqlayan əksər ölkələrin şirkətləri İrandan çəkildi, ancaq bizim firmalar fəaliyyətini davam etdirir. Bütün iranlı rəsmilərdən sahibkarlarımızın rahatlığını təmin etmələrini xüsusilə tələb edirəm", - Ərdoğan vurğulayıb.
Mahiyyətindən asılı olmayaraq, əgər ABŞ öz istehsal etdiyi silahları Bolqarıstan üzərindən və yaxud Bolqarıstan öz silahlarını ABŞ-ın vasitəçiliyi ilə Ermənistana satırsa, bu, birbaşa Azərbaycanın və bölgənin təhlükəsizliyi üçün təhdiddir və araşdırılmalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Almaniyada fəaliyyət göstərən “Bonn İnternational Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index” məruzəsinə görə, Ermənistan Avropada ən çox silahlanmış dövlətdir:
“İkinci yerdə Rusiya, üçüncü yerdə isə Şimali Kiprdir. Bu silahlanma yarışına Ermənistan üç ildir ki, liderlik edir. Məruzə hazırlanarkən əhalinin hər min nəfərinə düşən hərbçi sayı, ümumdaxili məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb. Görünən odur ki, Ermənistan silahlanma yarışında liderliyi əldən vermək istəmir. Bunu Rusiyanın “EADaily” saytının Bolqarıstandan Ermənistana təxminən iki aydan çoxdur ki, İl-62 yük təyyarəsi ilə silahların göndərilməsi haqqında xəbər də təsdiq edir”.
Politoloq qeyd edib ki, Ermənistanın əsasən Rusiyadan silah satın aldığı məlumdur:
“Onun silah aldığı ölkələr siyahısında Bolqarıstanın adının yer alması isə Azərbaycanın milli maraqları baxımından mütləq araşdırılmalıdır. Bu xəbəri sensasiya edən nüans isə Bolqarıstanın Ermənistana silah satması üçün ABŞ-ın təşəbbüs göstərməsidir. Məsələyə ABŞ daxil olunca, əlbəttə, problemin məğzi də dəyişir. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaza səfəri zamanı Ermənistana silah sata biləcəklərini ifadə etməsindən aydın olur ki, artıq ABŞ Ermənistana silah satırmış və yaxud müasir silahların satılması üçün vasitəçilik edirmiş. Bolqarıstandan Ermənistana gətirilən silahların hansı ölkədə istehsal edildiyi də maraqlıdır. Bu silahlar ABŞ-da istehsal edilib, Bolqarıstan üzərindən, Bolqarıstan istehsalı kimi Ermənistana ötürülürsə, bu, çox ciddi problemdir”.
Politoloqun sözlərinə görə, hələlik Bolqarıstan üzərindən Ermənistana göndərilən silahların minaatan və ona aid sursatlar olduğu məlumdur:
“Əlbəttə, iki aydır Bolqarıstandan Ermənistana sadəcə minaatanların və sursatların daşındığı iddiasına heç kim inanmaz. Başqa növ silahların satılması ehtimalı da olduqca yüksəkdir. Rusiyanın “EADaily” saytının verdiyi məlumatda ABŞ-ın vasitəçiliyi ilə silahlarin satıldığı qeyd edilirsə, ABŞ-ın öz silahlarının Bolqarıstan üzərindən Ermənistana satılması ehtimalı üzərində durulmalı, məsələ geniş şəkildə araşdırılmalıdır”.
Politoloq vurğulayıb ki, Azərbaycan XİN-i məsələnin araşdırılması üçün lazımi tədbirləri görməlidir.
Qeyd edək ki, Rusiyanın “EADaily” saytının məlumatına görə, Bolqarıstandan Ermənistana iki aydan çoxdur ki, silahla dolu yüklər göndərilir. İl-62 yük təyyarəsi İrəvan-Burqas-İrəvan marşrutu ilə gündə bir dəfə uçaraq burada müvafiq yükün boşaldılmasını həyata keçirir.
Sayt silah satışının ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu və bunun Rusiya ilə Ermənistan arasındakı 100 milyon dollarlıq müqavilənin pozulması məqsədilə həyata keçirildiyini bildirir. Məlumatda son bir həftə ərzində Bolqarıstanın “Rada Airlines” hava şirkətinə məxsus İl-62 təyyarəsinin “EW-450TR” reqistrasiya nömrəsi altında Ermənistana uçduğu göstərilir.
Bundan əlavə, türkiyəli bloger Yürük İşıq da “Flightradar 24" naviqasiya proqramının köməyi ilə 8 gündə Burqasdan Ermənistana 8 təyyarənin uçduğunu xəbər edib.