![]() |
|
Donald Tramp ABŞ-ın daxili siyasətinə həyəcan və dinamika gətirib.
Axar.az xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, sırf bu həyəcan dalğası səbəbi ilə də Donal Tramp ikinci dəfə prezident seçilə bilər:
“Vaşinqtondakı elitanın əsas hissəsi onu sevməsə də, xüsusən medianın narazı olduğunu düşünmürəm. Trampa qədər ABŞ mediası ABŞ-ın ənənəvi daxili siyasətinə uyğun davranan prezidentlərin sönük fəaliyyətini izah edirdi. Əsasən də qarışqadan fil düzəltməklə məşğul idi. İndi isə ortalama hər həftə, hətta bəzən hər gün Ağ Evdə hadisə var. Ən azı bir faktı qeyd etmək yerinə düşər ki, ayda bir dəfə də olsa, ABŞ-da nazir dəyişir. Başda CNN olmaqla bütün media əməlli başlı reytinq yığır. Mettisin istefa xəbəri isə mediada böyük əks-səda doğurub”.
ABŞ ordusunun Yaxın Şərqdə mövcudluğu əvvəldən səhv idi.
Axar.az xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi paylaşıb.
“ABŞ qoşunlarının regionda olması əvvəldən səhv, irrasional, gərginlik yaradan, qeyri-stabillik formalaşdıran addımlardan biri idi”, – deyə o bildirib.
Qeyd edək ki, Tramp ABŞ qoşunlarının Suriyadan çıxarılması haqqında qərar qəbul edib.
Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin ögey qardaşı şahzadə Talal bin Əbdüləziz vəfat edib.
Axar.az xəbər verir ki, “Əl Ərəbiyyə” televiziyası şahzadənin 87 yaşında dünyasını dəyişdiyini bildirib.
Xatırladaq ki, şahzadə Talal kral ailəsində islahatları ən çox dəstəkləyənlərdən biri olub. O, 2011-ci ildə Biət heyətindən istefa verərək 4 qardaşı ilə birgə Azad Şahzadələr Hərəkatını yaradıb. Səudiyyə krallığının konstitusiya və parlament sisteminə keçməsi üçün çağırış edən Talal Səud ailəsinin hakimiyyətdən əl çəkməsi fikrini müdafiə edib.
Onu da qeyd edək ki, şahzadə Talalın oğullarından milyarder Valid bin Talal ötən il rüşvətxorluqda ittiham edilərək saxlanılanlardan biri idi.
ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan danışığın detalları məlum olub.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Görüş zamanı Ərdoğan ABŞ ordusunun kürdləri niyə dəstəklədiyini anlamadığını deyib. O, daha sonra İŞİD-in məğlubiyyətinə rəğmən niyə hələ də bölgədə 2 min amerikalı hərbçinin qalmasıyla bağlı Trampa sual ünvanlayıb.
Ərdoğanı dinləyən Tramp ona “Bilirsən nə var? Götür. Mən gedirəm” cavabını verib.
Ukrayna Prezidenti Pyotr Poroşenko həqiqətən uğursuzluğa imza atıb.
Axar.az xəbər verir ki, bu sözləri "Rossiya 24" televiziyasına açıqlamasında Rusiya Ortodoks Kilsəsinin Xarici İşlər İdarəsinin rəhbəri Metropolit Hilarion deyib. O, Ukrayna kilsələrinin birləşdirilməsi əvəzinə ölkədə iki kilsə yaradıldığını söyləyib:
“Bu kilsələrdən biri qanuni və ortodoks dünyasında tanınır, digəri isə qeyri-qanunidir və tanınmır. Ukraynalı ortodoks kilsəsinə inanaların və yepiskopların çoxu bu şurada təmsil olunmayıb. Poroşenkonun inananları yeni kilsəyə getməyə məcbur etməyəcəkləri barədə açıqlamasına inanmaqda çətinlik çəkirəm”.
Qeyd edək ki, bir müddət bundan əvvəl Ukrayna Prezidenti Pyotr Poroşenko Ukraynada müstəqil Ortodoks Kilsəsi yaradıldığını elan edib. Ukrayna kilsəsinə müstəqillik statusunun verilməsi ortadoks kilsəsində son bir ildə yaşanan ən böyük ayrılıq kimi qiymətləndirilir.
Egey dənizi, Aralıq dənizi və Kiprdə təşkil edilən provokasiyaların təsirinin olmayacağını hər kəs bilməlidir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.
“Hər kəs təhriklər, provokasiyalardan uzaq durmalıdır. Əks təqdirdə bunun qarşılığı çox ağır olacaq. Hər kəs ağıllı olub, hansısa macəraya səbəb yaratmamalıdır. Bunları təşkil edənlərə ən səmimi və ciddi tövsiyələrimiz bunlardır”, – deyə o bildirib.
Qeyd edək ki, son günlər Cənubi Kipr və Yunanıstanla Türkiyənin münasibətləri həddən artıq pisləşib. Buna səbəb yunanların Türkiyəyə aid olan adalara iddialar səsləndirməsi, üstəlik, Kipr yaxınlığında geoloji kəşfiyyat işləri aparmasıdır.
Ermənistan KTMT-nin baş katibi vəzifəsini qoruyub saxlaya bilməyəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni politoloq Suren Sərkisyan deyib.
“Bu vəzifəni artıq itirmişik. Belarus nümayəndəsi artıq KTMT üzvləri ilə görüşlər keçirir və dövlət başçıları da onu rahatlıqla qəbul edirlər. Məncə, onlar öz mövqelərini artıq müəyyən ediblər. Belarusun namizədinin seçimi Ermənistanın ona qarşı veto haqqından istifadə edib-etməyəcəyindən asılı olacaq. Əgər yanvar ayında planlaşdırılan KTMT liderlərinin görüşündə məsələ həll edilməsə, o zaman Rusiya Ermənistanın sədrlik vaxtı bitənə qədər təşkilata rəhbərlik etməyə davam edəcək”, – deyə o bildirib.
Tacikistan Prezidenti İmaməli Rəhman Stanislav Zasın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına namizədliyini dəstəkləyib.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Tacikistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsti Vafo Niyatbekzadə deyib. O, Rəhmanın Zasın KTMT rəhbəri təyin olunmasıyla bağlı qərar layihəsinə də imza atdığını bildirib.
Xatırladaq ki, İmaməli Rəhman Zası dəstəkləyəcəyini dekabrın 14-də onunla Düşənbədəki görüşü zamanı bildirmişdi.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Stanislav Zasın KTMT rəhbəri olmasıyla bağlı qərar layihəsini təsdiqləyib.
2018.12.21, 22:54
Ermənistanın Eçmiədzin şəhərində səhər saatlarından etibarən etiraz aksiyaları start götürüb.
Axar.az xəbər verir ki, buna səbəb general Manvel Qriqoryanın həbsdən azad edilməsi olub. Etirazçılar Eçmiədzinin mərkəzi yollarını bağlayaraq, Qriqoryanın təcili həbsə göndərilməsini tələb ediblər.
Qeyd edək ki, Qarabağ müharibəsinin ən amansız simalarından biri olan və çoxlu sayda azərbaycanlının ölümündə təqsirkar olan Manvel Qriqoryan dünən 25 milyon dram qarşılığında həbsdən azadlığa buraxılıb.
Eçmiədzin Serj Sərkisyanın dövründə Qriqoryanın “mənzil qərargahı” funksiyasını yerinə yetirib. Onun oğlu və əsas aktivləri məhz bu şəhərdə cəmləşib.
ABŞ Prezidenti Donald Trampın Suriyadan qoşunlarını çıxartması və Türkiyəyə “Patriot” raketlərinin tədarükünə izn verməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün xoş xəbərdir. ABŞ ordusunun Suriyadan çıxarılmasından sonra Türkiyə Suriyanın şimal-şərqindəki kürd dəstələrinə qarşı hücuma keçə bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə “Blumberq” agentliyi çıxış edib. İddiaya görə, ABŞ ordusunun Suriyadan çıxarılmasından sonra Türkiyənin regional oyunçularla Suriyaya təsirlə bağlı apardığı üçtərəfli rəqabət çərçivəsində mövqeləri zəifləyə bilər:
“Rusiya və İran Ərdoğanın istədiklərinə qarşıdırlar. Vaşinqtonun Ankaraya “Patriot” raketlərini təqdim etməyə razılıq verməsi, Türkiyəni ABŞ və Rusiya raket sistemləri arasında seçim etməyə məcbur edir. Ankara bu raket sistemlərindən birinə "yox" deyəcəyi təqdirdə neqativ nəticələrlə üz-üzə qala bilər. ABŞ hərbçilərinin bölgədən gedişi Suriya kürdlərinin mövqelərini həqiqətən zəiflədəcək, amma bu, Türkiyənin kürdlər üzərinə hücumunun uğurlu olacağına da zəmanət vermir”.
Agentliyə açıqlama verən Yaxın Şərqin Demokratikləşməsi Layihəsinin elmi əməkdaşı Hovard Eyssenstat Türkiyənin YPG-nin Suriyada tam ləğv etmək gücündə olduğunu, amma bu qruplaşmanın yenidən qeyri-ənənəvi döyüş metodlarından istifadəyə başlamasının ona müəyyən zərər yetirəcəyini bildirib:
“Afrin əməliyyatı göstərdi ki, qiyam böyük nizami ordunun iştirakıyla ənənəvi konfliktə daxil olanda qiyamçılar uduzurlar. Lakin PKK hər zaman qeyri-ənənəvi müharibə tətbiqinə qayıda bilər. Tarix göstərir ki, türk ordusuna qələbə rahatlıqla verilməyəcək. Bununla bərabər Türkiyə iqtisadiyyatında ağır situasiya, borclar və inflyasiya səviyyəsinin artması Ankaranın burada uzun müddətli əməliyyatlar aparmasına və ya müharibədən sonrakı milli quruculuq işlərində iştirakına imkan verməyə bilər”.
Türkiyə parlamentinin keçmiş deputatı, Oksford Universitetinin Yaxın Şərq Mərkəzinin əməkdaşı Suat Qınıqlıoğlu isə regional oyunçuların Türkiyənin Suriyanın şimal-şərqinə hücumuna asanlıqla izn verəcəklərinə inanmadığını deyib:
“Rusiya və İran Türkiyənin Suriyada nəzarət etdiyi bölgələrin sayını artırmasında maraqlı deyil. Onlar çalışır ki, bütün Suriya ərazisini Əsədin tabeliyinə qaytarsınlar. Bununla belə Türkiyə və ABŞ israr edir ki, Əsəd hakimiyyətdən getsin. Amerikanın bölgədən çıxması Moskva və Tehranın özünü daha əmin hiss etməsinə şərait yaradacaq”.