![]() |
|
Belarus mətbuatı Prezident Aleksandr Lukaşenkonun dünən rusiyalı jurnalistlərə verdiyi müsahibənin daha bir hissəsini yayımlayıb.
Axar.az xəbər verir ki, Lukaşenko müsahibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Mən Rusiyaya təcili olaraq 900 milyon dollar qaytarmalı idim. Doğma qardaşlarım mən təzyiq etməyə başladılar. Qazı kəsdilər. Mən İlham Əliyevə zəng edib dedim ki, təcili mənə 900 milyon lazımdır. Mən öz maliyyə nazirimi, hökumət nümayəndələrimi göndərəcəm və onlar müqavilə imzalayacaqlar. Mənə pul sadəcə sabaha lazımdır, Putinə 900 milyon dollar verməliyəm. Bu hadisə 8 il əvvəl olub. Bu, düz sözümdür, o mənə sabahısı 900 milyon ayırdı. Mən ona söz verdim ki, bu pulu 3 həftə və ya bir ay sonra geri qaytaracağam, amma daha tez qaytardım. Qulaq asın, bu, çox dəyərli bir şeydir. Ona görə də mən ona çox yaxın insan kimi davranıram. Eyniylə də o mənə belə davranır”, – deyə o bildirib.
Gürcüstanın paytaxtı Tiflisdə II Beynəlxalq Tiflis Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumu (TISIFF-2018) keçirilir.
Axar.az xəbər verir ki, Azərbaycanı bu tədbirdə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təmsil edir.
Gürcüstan hökuməti, parlamenti və iqtisadi inkişaf üçün innovativ qrupun qlobal katibliyi ilə birgə təşkil olunan Forumda BMT-nin maliyyələşdirmə ilə məşğul olan milli və regional təşkilatlarının üzvləri, beynəlxalq inkişaf agentliklərinin və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.
Tədbirdə innovativ maliyyələşdirmənin təkmilləşdirilməsi, qlobal həmrəylik vergiləri və davamlı inkişaf məqsədlərinin maliyyələşdirilməsində mərkəzləşdirilməmiş məlumat bazalarının yeniləşdirilməsi məsələləri müzakirə olunub.
Ziyad Səmədzadə Forumda çıxış edərək müzakirə olunan məsələlərə münasibətini bildirib. O, Azərbaycanın BMT-nin təşkilatçılığı ilə həyata keçirilən layihədə iştirakı, dayanaqlı inkişafa nail olmaq üçün ölkəmizdə görülən işlər, Azərbaycan dövlətinin məqsədyönlü iqtisadi siyasətinin uğurlu nəticələri barədə məlumat verib.
Tədbirlə əlaqədar Ziyad Səmədzadə jurnalistlərə müsahibəsində deyib ki, qloballaşan dünyada bütün resurslardan səmərəli istifadə hər bir ölkə üçün çox vacibdir. Azərbaycanda bu məsələyə xüsusi diqqət yetirilir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, qeyri-neft sektorunun şaxələndirilməsi, insan kapitalından səmərəli istifadə ilə bağlı görülən işlər iqtisadi göstəricilərimizi daha da yaxşılaşdıracaq. Biz, Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacağıq. Artıq bir sıra istiqamətlərdə - yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması, dayanıqlı inkişafın sürətinin artırılması, dövlətlə sahibkarlar arasında münasibətlərin şəffaflığı və digər tədbirlər öz müsbət nəticələrini verir. Bu işdə biz beynəlxalq təcrübədən istifadə etməklə yanaşı, milli maraqlarımızı da nəzərə alırıq.
Rusiya və Qərb ölkələri Kosova ordusunun yaradılması səbəbindən BMT Təhlükəsizlik Şurasının keçirəcəyi iclasın formatı ilə bağlı aparılan qapalı məsləhətləşmələrdə razılığa gələ bilməyiblər.
Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
BMT Təhlükəsizlik Şurasında keçirilən iclasa Serbiya Prezidenti Aleksandr Vuçiçin də qatılacağı bildirilib.
“Əsas fikir ayrılığı iclasın formatıyla bağlıdır. Biz Qərbin indiki yanaşmasını hörmətsizlik sayırıq. Niyə çoxsaatlıq mövzular açıq formatda keçirilir, amma mövzu Serbiyaya aid olan kimi hər şey qapalı olur? Belə təəssürat yaranır ki, bizim Qərbdən olan tərəfdaşlarımız problemləri qapılar arxasında gizlətməyə çalışırlar”, - Vuçiç deyib.
Qeyd edək ki, Kosova bundan öncə ordu yaradılması barədə qərar qəbul edib. Ordunun yaradılmasına tanınmamış respublika 98 milyon avro xərcləmək niyyətindədir.
Hələlik Kosovanı qərarına görə yalnız ABŞ-ın buradakı səfirliyi təbrik edib. NATO və AB isə rəsmən qərara qarşı çıxıb. Alyans həmçinin Kosova ilə münasibətlərini yenidən nəzərdən keçirəcəyini bildirib.
Serbiya rəhbərliyi məsələyə sərt münasibət bildirib. Ölkə Prezidenti Aleksandr Vuçiç Kosova ordusu haqqında qərarın ləğv edilməyəcəyi təqdirdə bu bölgənin işğal edilmiş ərazi olaraq qəbul ediləcəyini bildirib. Rəsmi Belqrad həmçinin Kosova ordusunun yaradılmasının ABŞ, Britaniya və Almaniyanın ortaq layihəsi olduğunu bildirib.
BMT TŞ-nin iclası Serbiya və Rusiyanın tələbiylə çağırılıb. Belə ki, tərəflər Priştinanın bu qərarının BMT TŞ-nin 1244 saylı qətnaməsi ilə ziddiyət təşkil etdiyini düşünürlər. Bu qətnaməyə əsasən, Kosovada yalnız beynəlxalq güclərin yaradılmasına izn verilir.
Türkiyə Suriyada yeni əməliyyatla “Cənub hərəkatı”na başlaması və ya bu əməliyyatlarla bağlı növbəti bəyanat verməsi təəccüblü deyil və gözlənilən bir şeydir.
Bu sözləri Axar.az-a Türkiyənin Suriyada yenidən əməliyyatlara başlamasına münasibət bildirən analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, bu məsələyə iki məqamı nəzərə almaqla yanaşmaq lazımdır:
“Birincisi, Türkiyə Suriyanın əsasən şimalında və mərkəzində apardığı hərbi əməliyyatları davam etdirəcəyi ilə bağlı hər zaman açıqlamalar verib. İkinci maraqlı və nəzərə alınmalı məqam odur ki, böyük 20-liyin sammitində Tramp və Ərdoğanın görüşü baş tutdu. Bu görüş hətta bir çox gözləntilərin əksinə olaraq, kifayət qədər isti keçdi. Yəni hiss olundu ki, uzun müddətdən sonra ABŞ və Türkiyə arasında dialoq atmosferi yaranıb. Bu mənada düşünürəm ki, ABŞ-ın Türkiyənin hazırkı məqamda hansısa əməliyyatlara başlamasına kəskin reaksiya verəcəyi gözlənilmir. Görünür, bu müzakirə predmeti də olub”.
Analitik qeyd edib ki, ABŞ burada prioritetlərin nəyi daha əsaslı şəkildə dəstəkləməyi məcbur etdiyini müəyyənləşdirməlidir: “Ümumiyyətlə, ABŞ Yaxın Şərq siyasətində artıq müəyyən seçimlər etmək məcburiyyətindədir. Yəni ABŞ Soyuq savaş dönəmindən indiyə qədər həm Qərbin, həm də ABŞ-ın sözün həqiqi mənasında prinsipial və strateji müttəfiqi, NATO, Qərb ailəsinin üzvü olan Türkiyəyə, yoxsa qeyri-müəyyənlik vəd edən, regionda əslində bir çox problemlərin kökündə duran terror təşkilatlarına və bölücü qruplaşmalara yardım etmək barədə qərar verməlidir. Doğrudur, ABŞ 70-ci illərdən bu yana Yaxın Şərq siyasətində hər zaman bölücü, terrorçu qruplaşmalardan yararlanıb. Amma bəlli bir dönəmlər var ki, həmin dönəmlərdə daha konkret addımlar atılmalıdır. Bu zaman ABŞ xarici siyasətində korrektələr etməyə məcbur olur. Bu da elə dönəmlərdən biridir”.
Analitik vurğulayıb ki, ABŞ artıq Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir: “Çünki burada İran, Rusiya faktoru var. Bu faktorlar nəzərə alınmalıdır. Digər tərəfdən bu gün Suriyanın özündə artıq kifayət qədər mövqeləri güclənmiş Əsəd iqtidarı mövcuddur. Hazırda ərəb ölkələrinin daxilində müəyyən böhranlar gedir. Qətərin OPEK-lə bağlı son bəyanatı bu cəhətdən xüsusilə diqqətçəkəndir. Səudiyyə Ərəbistanında vəliəhd yenilənməsi ilə bağlı versiyalar səsləndirilir. Qaşıqçı olayından sonra, ümumiyyətlə, baş verən proseslərin hamısı nəzərlərin yenə Türkiyəyə istiqamətlənməsini şərtləndirir”.
Ananlitikin sözlərinə görə, Türkiyənin oturuşmuş Yaxın Şərq siyasəti var:
“Bu siyasət yüzillərin təcrübəsinə dayanır. Bu da çox önəmli bir məqam, əhəmiyyətli faktordur. Türkiyənin bölgəni idarə etmək təcrübəsi kifayət qədər çoxdur. Bu anlamda ABŞ hazırki məqamda seçim etmək məcburiyyətində qalarsa, şübhəsiz ki, bu seçimin Türkiyənin xeyrinə olacaq”.
2018.12.14, 22:52
Bütün Fransa ərazisində “Sarı jiletlilər” hərəkatının bu günə gözlənilən mitinqi ilə əlaqədar asayişin qorunmasına 69 min polis cəlb edilib.
Axar.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik polis qüvvələrinin bir hissəsini Parisdən Bordo və Tuluza şəhərlərinə göndərməyi planlaşdırır.
Aksiyadan öncə artıq 6 nəfər həbs edilib. Aksiyanın keçiriləcəyi yerə DİN rəhbəri Kristof Kastaner gəlib.
Qeyd edək ki, bundan öncə 8 dekabrda keçirilən aksiyaya DİN 89 min polis əməkdaşını cəlb etmişdi.
***
Parisdə "Sarı jiletlilər" aksiyasında həbs edilənlərin sayı 58-ə çatıb.
Bu barədə BFM televiziyası məlumat yayıb.
Bildirilib ki, Paris küçələrinə çıxan etirazçıların sayı 2000-dən çox olub.
Qətər iqtisadiyyatı inkişaf etdirmək üçün ən yaxşı addımlar atır və hər gün buna nail olur.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Doha Forumunda qətərli jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, bu il keçirilən forumun olduqca əhəmiyyətli olduğunu bildirərək Qətərin iqtisadi inkişafından bəhs edib:
“Doha Forumu dünyanın ən önəmli forumlarından biridir. Forumda beynəlxalq iştirakçıların sayı çox yüksək səviyyədədir. Bu, onun necə etibarli olmasını göstərir. Bəzən uğursuz bir cəhd min nəsihətdən yaxşıdır. Qətər qlobal dünyada aktivdir, iqtisadiyyatı böyüyür və ölkə güclənir. Bu, süni böhrandır. Sanksiyalar qəbuledilməzdir. Ortadakı məsələ nə olur olsun, biz sanksiyaların hamısına qarşıyıq”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla, bir neçə ərəb ölkəsi Qətərə sanksiya tətbiq edib.
Ukrayna ordusuna məxsus Su-27 tipli hərbi təyyarə qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, Ukrayna ordusu təyyarənin enməyə çalışarkən qəzaya düşdüyünü açıqlayıb.
Qəza nəticəsində təyyarənin pilotu həlak olub.
Hadisənin səbəbləri araşdırılır.
Son 20 il ərzində Arktikadakı vəhşi şimal marallarının sayı 2 dəfəyə qədər azalıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Milli İdarəsinin hesabatında qeyd olunub.
Hesabata əsasən, şimal marallarının sayı 5 milyondan 2,1 milyona düşüb. Buna əsas səbəb kimi onlar üçün qlobal istiləşmə ilə əlaqədar qida tapılmaması göstərilib.
Uzunmüddətli iqtisadi durğunluq Rusiyanın rifahı üçün 10 təhdid yaradır.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Yabloko Partiyasının sədri Qriqori Yavlinski deyib.
“Qarşıda bizi 20 il durğunluq gözləyir. İqtisadiyyatımızda son beş ildə baş verənlər sayəsində ən yaxşı halda 20 illik durğunluq bizi gözləyir. Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatındaa sürətlə geri qalır. Belə durğunluq ölkə əhalisi üçün ciddi təhdidlər yaradır. Bu təhdidlər əhalinin gəlirlərinin azalması, yerli şirkətlərin sayının azalması, vətəndaşların borclarının artması, vergi təzyiqi artımının davam etməsi, dollarla hesablaşmanın dayandırılması, qiymət artımı, iqtisadi artım keyfiyyətinin pis olması, investisiyanın ölkədən qaçması neft qiymətlərinin ucuzlaşmasının davamı və sanksiyalardır. Sanksiyalar getdikcə daha çox güclənir. Bu siyasət sayəsində Rusiya artıq hər kəsin sanksiya tətbiq edə biləcəyi ölkəyə çevrilib. Bu isə iqtisadiyyatı dağıdır, rifahı məhv edir və bizdən gələcəyimizi alır” – deyə o bildirib.
Yeni formalaşan Kosova ordusunun arxasında ABŞ, Almaniya və Böyük Britaniya dayanır.
Axar.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Bu gün tam aydındır ki, albanlar və onların sponsorları heç vaxt kompromis istəmirlər. Məlum məsələdir ki, ABŞ, Britaniya və Almaniya Kosova ordusu ilə bağlı cərəyan edən proseslərin arxasında dayanır. Biz bu faktdan dolayı narahatıq. Lakin bu bizim üçün xəbər deyil”, - deyə Vuçiç bildirib.
Qeyd edək ki, Kosova ordusu barədə parlament qərarından NATO da ciddi narahatlıq keçirdiyini açıqlamışdı.