![]() |
|
ABŞ Florida ştatının Tampa şəhərində sürücü avtomobili yüksək sürətlə dayanacağa çırpıb.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.
Onların arasında azyaşlılar da var.
Yaralıların xəstəxanaya yerləşdirildiyi deyilib.
Sürücü isə polis tərəfindən saxlanılıb.
İsrailin kəşfiyyat qurumu MOSSAD İranın beynəlxalq münasibətlərinə zərbə vurmaq üçün “saxta bayraq” əməliyyatları həyata keçirir.
Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“MOSSAD-ın pozğun və inadkar bir şəkildə “saxta bayraq” əməliyyatlarına davam etməsi sadəcə bizim dünya ilə qurucu münasibətlər barədəki qərarlılığımızı gücləndirir”, - nazir bildirib.
Əgər Moskvanın davranışı dəyişməsə, Rusiya buna görə çox ağır hesab ödəyəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Britaniya Xarici İşlər naziri Ceremi Hant deyib. Onun sözlərinə görə, Britaniya Rusiyanı beynəlxalq hüquq sisteminin bir hissəsi olaraq görmək istəyir, lakin buna Rusiyanın 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Krıma müdaxiləsi, kiberhücumları mane oldu:
“Biz Rusiyanı beynəlxalq sistemə geri döndərmək üçün imkan tapmaq istəyərdik. Əgər Moskvanın addımları bundan sonra da dayanmasa, Rusiya buna görə çox ağır hesab ödəyəcək”.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Cənubi Qafqaza hələ də müzakirə edilən və ciddi reaksiyalarla müşahidə olunan səfəri ilə bağlı tanınmış rusiyalı politoloq Qriqori Trofimçukun Axar.az-a müsahibəsi:
- Bolton Cənubi Qafqaz səfərinin hələ də müzakirə olunması təsadüfü hesab olunmur. Onun bu səfəri niyə bu qədər hay-küy yaratdı?
- Baş verənlər onu göstərir ki, ABŞ Cənubi Qafqaza xüsusi diqqət göstərir. Bu diqqət iki səbəblə bağlıdır: birinci, Rusiyanın təsirini özü ilə əvəz etmək, digəri isə regionu İrana qarşı təzyiqlərə hazırlamaq. Qarabağ faktoru burada strateji yox, taktiki, daha dəqiq desək, köməkçi rol oynayır. Ağ Ev Qarabağı müstəqil oyunçu, Bakı və İrəvana təsir vasitəsi kimi görür. Buna görə də Boltonu Ermənistan və Gürcüstandakı seçkilər maraqlandırdı. Əgər Nikol Paşinyan Ermənistanda öz parlamentini formalaşdıra bilsə, o zaman Cənubi Qafqazda erməni-gürcü cütlüyü yaranacaq ki, bunun da hesabına regionun bütün infrastrukturunu dəyişmək daha asan olacaq. Bununla həm də Azərbaycana ciddi təsir göstərmək mümkün olacaq. Bolton öz səfər turu çərçivəsində bununla məşğul oldu, Paşinyanı Amerika silahı almasıyla bağlı test etdi.
- Amma Boltonun Qarabağla bağlı Ermənistanda kifayət qədər rezonans doğuran açıqlaması oldu...
- Bir daha təkrar edirəm, Amerika nə Ermənistan, nə də Azərbaycanı dəstəkləyir. Ona yalnız öz maraqları önəmlidir. Heç kim Azərbaycana torpaqlarını vermək istəmir. Ona görə də Bolton hər iki tərəfə onların eşitmək istədiklərini söylədi. Unutmayın ki, Nikol Paşinyan baş nazir vəzifəsinə məhz Qarabağla başladı. Paşinyanın fikrincə, Qarabağ Ermənistan-Azərbaycan danışıqlarında ayrıca stula sahib olmalıdır. Düşünmürəm ki, o, bu məsələni öz qərarıyla aktuallaşdırıb. Qarabağın hesabına ABŞ tam şəkildə öz təsirini Cənubi Qafqazda gücləndirib, Rusiya üçün problemlər yarada bilər. Ona görə də Con Bolton və onun rəhbərlərinin Qarabağla bağlı aktiv maraqları Bakını rahatlaşdırmaq yerinə, daha diqqətli etməlidir. Lakin görünən odur ki, Bakı MDB-nin Düşənbə sammiti çərçivəsində baş tutan görüşdən sonra bir qədər rahatlaşıb.
- Boltonun səfəri zamanı İranla bağlı müzakirədə Cənubi Qafqaz ölkələrindən gözlənilənlər də fərqli oldu...
- Gürcüstanla hər şey aydındır. O, ABŞ-da istənilən prezidentin dövründə onun istədiyi istiqamətdə irəliləyəcək. Ermənistanda çox şey Paşinyanın bütün hakimiyyəti öz əlində necə cəmləyəcəyindən asılı olacaq. Əgər bacarsa, o zaman Ermənistan da İranla münasibətlərini pozmağa cəhd edəcək. Belə ki, iranlı müşahidəçilər artıq indidən ABŞ-ın Ermənistandakı bioloji laboratoriyalar məsələsini gündəmə gətirir və hətta bununla bağlı birgə yoxlamanın təşkil edilməsini təklif edirlər. Azərbaycanla bağlı isə vəziyyət çox çətindir. Bakının bütün məsələlər, o cümlədən yaxın qonşusu İranla bağlı müstəqil siyasəti və mövqeyi var və bu, Vaşinqtonun xoşuna gəlmir. Ona görə də Cənubi Qafqaz ölkələrinin hələlik İranla bağlı razılaşdırılmış mövqeyi ola bilməz.
- ABŞ-İran gərginliyinin Azərbaycan üçün dividentləri varmı?
- Vaşinqtonun heç bir “sosial partlayış” törətmədən və hətta Qarabağdan istifadə etmədən belə Azərbaycana qarşı təsir rıçaqları mövcuddur. Məsələn, əgər İranla bağlı nəsə baş versə, o zaman milyonlarla qaçqını şimala – Azərbaycana göndərmək asan olacaq və s. Ona görə də Azərbaycanı ələ almağı heç kim planlaşdırmır. Buna ümid etmək də sadəlövhlük olardı. Onu demək lazımdır ki, bu, ABŞ üçün kifayət qədər effektiv mexanizmdir. Sözsüz ki, əgər Azərbaycan belə müstəqil ölkə olmasaydı, Ağ Ev çoxdan bütün regional “siyasi yatırımını” ona etmişdi. İndi bunu Gürcüstan və Ermənistana etməyə məcbur olur.
- Ermənistan Avrasiya İttifaqı çərçivəsində İranla sərhəddə azad iqtisadi zonanın yaradılmasına izn verib. Ümumiyyətlə, İrəvan İrana qarşı gedə bilərmi?
- Əgər lazımlı siyasi formalaşmanı keçsə, Ermənistan İrana qarşı tam şəkildə çıxa bilər. Üstəlik, bayaq dediyim kim, İranın özünün daha çox Ermənistan-ABŞ layihəsi olan biolaboratoriyalar narahat edir. İranla qarşılıqlı fəaliyyət Serj Sərkisyan dönəmindəki Ermənistan üçün vacib idi. Digər tərəfdən, bu cütlüyün inteqrasiyası Rusiya üçün də faydalı idi. İndi isə bütün kartlar başqa cür paylanıla bilər. Tehran sürətli templərlə, Avrasiya İttifaqı, konkret olaraq, Rusiya ilə əməkdaşlığını birbaşa aktivləşdirir. Buna səbəb isə onun Ermənistanın gələcəyi ilə bağlı heç bir məlumatının olmamasıdır.
- ABŞ-ın Qafqaza marağının artmasından bəhs etdiniz. Rusiya buna necə cavab verəcək?
- Təbii ki, Rusiyanın ABŞ-ın Cənubi Qafqaza müdaxiləsinin güclənməsi xoşuna gəlmir. Rusiya hələlik buna heç bir müqavimət göstərmir, sadəcə səssiz şəkildə Gürcüstanı Saakaşvili dövrünün formatına geri döndərmə və Ermənistanda yeni siyasi sistemin formalaşdırılması cəhdlərini müşahidə edir. Rusiya silahlı yolla burada öz maraqlarını müdafiə etmək niyyətində deyil. Belə ki, bu, bütün regionu müharibəyə soxar.
- Bəs Qarabağda necə? Qarabağ konfliktində hansısa irəliləyiş gözləmək mümkündürmü?
- Qarabağ məsələsində irəliləyiş yalnız bir istiqamətdə - gərginliyin gücləndirilməsi məsələsində ola bilər. Hər şeyin yanğın formatında yüklənildiyi bir zamanda burada konfliktin sülh yoluyla həllini gözləmək sadəlövhlük olardı. Ümumdünya eskalasiyası Cənubi Qafqazda da özünü göstərəcək - hansı ki, burada eyni anda bütün bombalar partlaya bilər. Bu təkcə İranla, Qarabağla bağlı olan məsələlər, Yaxın Şərqdəki müharibənin nəfəsinin regiona yaxın olmasıyla bağlı deyil. Regiondakı etnik anklavları da unutmayın. Bölgədəki hər kəsi nəyəsə hazırlayırlar.
- Rusiyanın prosesləri səssiz izlədiyini dediniz. Əgər Moskva Qafqazdan çıxarılsa, onun yerini kim tutacaq?
- Əgər baş verən hadisələr fonunda Rusiyanın Cənubi Qafqazda mövqeləri zəifləsə, onun yerini regionda ABŞ-dan başqa heç kim tuta bilməyəcək. Bu, təkcə Cənubi Qafqaz üçün olan monopoliya olmayacaq. Onun təsirləri avtomatik olaraq Xəzər dənizinə və Mərkəzi Asiyanın bir hissəsinə yönəldiləcək. Çin burada ABŞ-a hərbi-siyasi müqavimət göstərə bilməyəcək, təkcə iqtisadi layihələrlə isə o nəyisə müdafiə etmək gücündə olmayacaq. Bu, həmçinin, Çinin güclü yatırımlar etdiyi yerli infrastruktura da aid olacaq. Çin özünün xarici sərhədləri üçün vuruşmalı olacaq, amma o, buna nə indi, nə də gələcəkdə hazır olacaq.
Qanunsuz miqrant axınlarının qarşısının alınması üçün Meksika sərhədinə 15 minə yaxın hərbçi yerləşdiriləcək.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Söhbət miqrant karvanından gedirsə, bu, olduqca təhlükəlidir. Görürsünüz, nə baş verir. Hərbçilərimiz artıq hazırdırlar. Bizim 5 min hazır əsgərimiz var və 10-15 min olacaq. Sərhədçilər, miqrasiya xidməti də həmçinin... Heç kim qanunsuz ABŞ-a daxil ola bilməyəcək. Biz buna icazə vermərik”, - deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, bundan öncə Meksika sərhədinə 5 min amerikalı hərbçinin yerləşdirildiyi deyilmişdi.
Səudiyyə Ərəbistanı hakimiyyətinin ailəsi Camal Qaşıqçı cinayətinin əvəzini ödəməlidir və Səud quruluşu ortadan qaldırılmalıdır.
Axar.az xəbər verir ki, bunu Türkiyənin eks-nazirlərindən Bülənt Akarcalı bildirib.
"Bu cinayət ədəbsizliyin zirvəsidir. Bu cinayətlə dünyanı vecinə almadığını göstərdilər. Dünyanın heç bir yerində belə bir cinayət olmayıb. Bunu nə Hitler, nə də Stalin etdi. Dünya tarixində belə bir hadisə yoxdur", - Akarcalı qeyd edib.
Gürcüstanda yalnız Putin və Trampın obrazları savaşmır, həmçinin Avropa Birliyinin də bu seçkilərdə fəal rolunu görməkdəyik.
Bu sözləri Axar.az-a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib. Millət vəkili Gürcüstanda seçkilərin yalnız daxili hadisə olmadığını və bu ölkənin uzun onillər ərzində beynəlxalq güclərin qarşıdurma meydanı olaraq qalacağını bildirib:
“Əlbəttə, bu, mənfi haldır. Çünki ölkə özlüyündə xarici təsirləri neytrallaşdıra bilməyəndə yalnız milli iradə, seçici rəyi, təkcə partiyaların apardığı mübarizələr, vətəndaşların qayğıları və sosial durumu döyüşmür, əksinə, onun üzərinə gedən savaş daha böyük olur və nəticədə dövlət qeyd etdiyimiz 2-ci mərtəbədəki durumdan asılı vəziyyətə düşür. Həqiqət ondan ibarətdir ki, Gürcüstan həmin zolağın içərisinə 2003-cü ildən düşüb və hazırda da orada qalmaqdadır. Əlbəttə ki, bu məkanı demokratiya adasına çevirərək, onu bütün postsovet məkanı ölkələri üçün nümunəyə döndərməyə görə milyardlar xərclənib. Saakaşvili Şevardnadzeni hakimiyyətdən kənarlaşdıranda hər kəsə bəlli idi ki, burada yalnız bir xalqın sovetizmin mirasını ləğv edərək yerində Qərb tipli dövlət qurmaq istəyi hökmran deyil. Məsələ Corc Buşdan başlayan və sonra Obama dövründə də davam etdirilən demokratiyanın ixracı layihəsidir. O üzdən bu adanı nümunəvi etməli idilər ki, onu görk olaraq nəinki Rusiyaya, həm də Ukrayna, Moldova və digər dövlətlərə göstərsinlər. Eləcə də elə bu bölgə ilə sərhəd olan İrana, Asiya qitəsindəki digər ölkələrə barmaq işarələsinlər ki, bu dəyişikliklərin faydası nədən ibarətdir. Ona görə də Saakaşvili həqiqətən də uğur qazandı. İstər korrupsiyanın cilovlanması, effektiv idarəçilik, məmur sayının vətəndaşlarla mütənasibliyinin təmin olunması, şəffaflıq, hesabatlılıq və s. sahədə inqilabi işlər gördü. O üzdən hətta obrazlı bir yanaşma da mövcud idi ki, Saakaşviliyə olan ehtiram ikinci ölkələrdə daha çoxdur, nəinki Gürcüstanın daxilində. O, iqtidari tərk etməyə məcbur olanda belə mənzərə var idi ki, yeni hakimiyyət qüvvələri onun bütün mirasını darmadağın edəcəkləri təqdirdə Gürcüstanı təkrarən sovet formasiyasına qaytarmış olacaqdılar. O üzdən Bidzina İvanişvili də nə qədər Saakaşvilinin özünü və onun komanda üzvlərini düşmən elan etsə də, onun həyata keçirdiyi bütün tədbirlərin üzərindən xətt çəkmədi. İndi isə Saakaşvilinin kölgəsi, “kabusu” qalib gəlməkdədir”.
Millət vəkili bildirib ki, Gürcüstan seçki məsələsi yalnız Vaşadze və Zurabişvilinin döyüşü ilə bitmir:
“Gürcüstanda yalnız Putin və Trampın obrazları savaşmır, həmçinin Avropa Birliyinin də bu seçkilərdə fəal rolunu görməkdəyik. Ona görə ki, ən azı vizasız gediş-gəliş bərqərar olub və hazırkı hakimiyyətin düşmənləri marixuanalı demokratiya ibarələrindən istifadə edirlər. Zurabişvili də personası o qədər hamar qəbul olunacaq bir sima deyil, bu, yalnız seçki zamanı azərbaycanlılarla əlaqədar ifadələri, öz rəqiblərini Türkiyənin agentləri adlandırması və s. məsələsi də deyil. Zurabişvili daha çox Fransada karyera uğurları əldə edib, o, milli dilini də bilmir və mənşəcə gürcü olmasına baxmayaraq, bir sıra məsələlərdə yad, fərqli mentallığa malikdir. Rəqibləri Zurabişvili ilə əlaqədar məsələlərin hamısını toplu halında çox uğurla istifadə etdilər. Həmçinin bilirsiniz ki, İvanişvilinin hazırkı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə münasibətləri çox pis səviyyəyə gəlib çatıb. O üzdən xalqın bir çox gözləntiləri özünü doğrultmadı. Hamıda belə illuziyalar var idi ki, İvanişvili malik olduğu milyardları xalqa ərmağan edəcək, demokratiyanın üstündə böyük rifaha qovuşan gürcü xalqı meydana çıxacaq. Xəyalların çoxu puç olanda insanlar avtomatik olaraq nostalji hissindən dərhal Saakaşvilini xatırlamağa başladılar. Bu əlbəttə ki, indiki iqtidarın böyük yanlışlarıdır”.
Millət vəkili hesab edir ki, Gürcüstan hazırkı reallıqda böyük bir qeyri-sabitlik zolağına düşə bilər:
“İndiki halda Britaniya şahzadəsi ibarəsi ilə qiymətləndirilən Gürcüstan prezidentliyi məsələsinə gəlincə, Marqvelaşvili səlahiyyətləri həddindən artıq məhdud, yalnız hakimiyyəti təcəssüm etdirən bir simvoldur. Ancaq o biri yandan hamı təhtəlşüurunda dərk edir ki, bu, qarşıdakı seçki mübarizəsinin ən həlledici bir mərhələsidir. Çünki burada mövqelərini itirmək avtomatik olaraq gələcəkdə parlamenti və beləliklə hökuməti itirməklə nəticələnə bilər. Təbii ki, “Rustavi-2”-yə qarşı yürüş və sərt tədbirlər də buradan qaynaqlanır. Əminəm ki, qarşıdakı həftədə mübarizənin qanunsuzluq müstəvisinə yuvarlanması daha da artacaq. Vaşadzenin qalibiyyəti hazırkı reallıqda çox böyükdür, ancaq müxtəlif resurslar onların əleyhinə işlədiləcək”.
Z.Oruc Bidzina İvanişvilinin və onun çevrəsində olan qüvvələrin hakimiyyəti çox sakitliklə əldən verməyəcəyini bildirib:
“Bu, çox vacib bir məsələdir. Çünki “porker” oyunlar müəyyənləşəcək. Vaşadze və onun çevrəsində olan qüvvələr arasındakı ixtilaflar gücləndirilə, yaxud da Saakaşvili ilə bağlı mövqelər dəyişə bilər. Ancaq demokratiyanın hazırkı kövrək xarakterinə görə, vəziyyət elə bir həddə çata bilər ki, Gürcüstan dövlətçiliyi yenidən sınaq qarşısına düşə bilər. Bunu heç vaxt arzulamırıq və Azərbaycana sabit Gürcüstan lazımdır. Ona görə ki, ötən illər ərzində bütün Qərb və avroatlantik məkanla siyasətimiz bu dövlət üzərindən qurulub. Hətta açıq demək lazımdır ki, gürcü dövləti siyasi ayaqda qalmasına görə Azərbaycana borcludur. Ancaq bəzən əks davranışları görməkdəyik və onlar Ermənistanla ixtilafımızdan maksimum dərəcədə bəhrələnməkdədirlər, hətta əleyhimizə mövqe tutmaqdadırlar. İvanişvili də hakimiyyətinin ilk günlərində bunu hiss etdirirdi, ancaq sonradan Azərbaycanla münasibətlərin mütləqliyini, bunun gürcü dövlətçiliyinin varlığı üçün həlledici və əvəzsiz olması reallığını Bakının müdrik davranışları ilə başa düşərək, başqa hərəkətlərə yol vermədi.
Ona görə də əgər müxalif partiyaların birliyi prezident seçkilərində qalib gəlsə belə, Qərbdəki kimi çəkindirmə və balans funksiyasının burada işlək olacağını gözləmək olmaz. Bu, Almaniyada, yaxud başqa ölkələrdə işləyir, sistemdə böhran yaranmır. Ancaq yeni demokratiyalarda - keçmiş postsovet düşərgəsinə daxil olan ölkələrdə bu nəzəriyyə xalqın gözləntilərini uğurla doğrulda bilmir. Ona görə də pafosla dilə gətirilən ilk demokratiya adasında elə hadisələr baş verə bilər ki, yenidən qanlı savaşlar görə bilərik. Bu, xalqın prosesləri nə dərəcədə öz iradəsi altına ala biləcəyindən asılı olacaq. Burada Rusiyanın rolu isə maksimum dərəcədə Saakaşvilinin gəlişini əngəlləməkdən ibarət olacaq. Çünki bu, təkrarən qeyri-sabit Qafqaz, yaxud da onların əleyhinə olan ritorikalı bir fiqurun yenidən uğur qazanması demək olacaq. Bu isə Ermənistandan sonra daha mənfi nəticələr doğurmuş olur və iki dövlətin büsbütün Kremlin orbitindən çıxması avtomatik bu regionda qüvvələr nisbətinin tamamilə Qərbin xeyrinə dəyişməsi demək olar. Bu isə yenə də bölgədə ciddi hadisələrin getməsi, Rusiya yönümlü qüvvələrin təkrar prosesə müdaxiləsi, bəlkə də hərbi vasitələrlə həll edilməsi, yaxud da münaqişə bölgələrində toqquşmalarla meydana çıxa bilər. Qərb isə indi Trampın liderliyi altında bölünmüş bir durumdadır. Avropa Birliyi fərqli bir siyasət aparır. Ağ Evdən tamam ayrı direktivlər verilir. Ona görə “Con Bolton gəldi və sabah hakimiyyət Saakaşvilinin iradəsinə qayıdacaq və bununla da proses bitəcək”, hətta “Paşinyan da dekabrda uduş əldə edəcək” kimi reallıqlar həqiqətən də bu regionu yenidən ağır və sarsıntılı hadisələrin tunelinə çevirir. Azərbaycan isə bunda qətiyyən maraqlı deyil, ölkəmiz daxildə sabit bir sistem qurub. Mənim aləmimdə Qafqazlarda ən güclü iqtidar İlham Əliyevin liderliyi altında məhz Azərbaycandadır. Bu, özlüyündə bölgəyə təhlükəsizlik baxımından müsbət təsir edir, xarici siyasət kursunda mühüm bir nizam yaradır. Bu baxımdan da Azərbaycan nəyisə korreksiya etməli deyil, əksinə qarşı tərəfdən Bakının mövqeyinə uyğun addımlar atılmalıdır. Qərbin isə Rusiya ilə Gürcüstanda davanı nə formada bitirəcəyi artıq gələcəyin söhbətidir”.