![]() |
|
Almaniya kansleri Angela Merkel Xristian Demokrat İttifaqının sədrliyi üçün dekabrda keçiriləcək qurultayda namizədliyini irəli sürməyəcək.
Axar.az xəbər verir ki, bu iddia ilə “Röyter” hakim partiya mənbələrinə istinadla çıxış edib.
Kanslerin bu addımına səbəb kimi Hessen əyalətində keçirilən seçkilərdə partiyası və koalisiya ortağı Sosial Demokrat Partiyasının məğlubiyyətə uğraması göstərilib.
Qeyd edək ki, Angela Merkel Xristian Demokrat İttifaqına 18 ildir rəhbərlik edir.
Düşünürəm ki, erməni tərəfi Qarabağla bağlı hazırda mövcud olmayan kompleks və məqsədyönlü mövqe yaratmalıdır.
Axar.az xəbər verir ki, bu barədə “Lenta.ru” nəşrinə müsahibəsi zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryan danışıb.
“Mən yarımçıq bəyanatlar eşidirəm, münaqişənin tənzimlənəsinin müxtəlif elementləri ilə bağlı yarımçıq mövqelər görürəm, ancaq işlənmiş, ümumi bir mövqe hazırda yoxdur”, - Köçəryan bildirib.
Köçəryanın fikrincə, Nikol Paşinyan hələlik bu məsələ ilə bağlı qərarını verməyib.
“O, başa düşür ki, bu çox həssas mövzudur. Bəzi bəyanatlarında müəyyən dərəcədə problemdən uzaqlaşma, onu Qarabağ tərəfinə çəkmək cəhdlərini görürəm. Ancaq bu alınmayacaq – Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, Qarabağın təhlükəsizliyinin təmin edilməsi məsələsindəki iştirak dərəcəsi o qədər böyükdür ki, bundan yayınmaq mümkün olmayacaq. Heç kim – nə həmsədrlər, nə bəynəlxalq ictimaiyyət bunu ciddi qəbul etməyəcək. Buna görə də yaxşısı ümumi mövqe formalaşdırmaq, onu “dqr”lə razılaşdırmaq və ciddi şəkildə əməl etməkdir. Mövqe formalaşdıqdan sonra onun davamlılığı barədə danışmaq olar. Bu zaman onun əvvəlki hakimiyyətlərin mövqeyi ilə hansı dərəcədə uyğunlaşdığını görmək olar. Burada manevr üçün koridor var, ancaq o, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindən tamamilə kənarlaşmaq üçün kifayət qədər geniş deyil”, - Köçəryan bildirib.
Gürcüstanda prezidenti seçkisi böyük rəqabət şəraitində keçdi.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
“Ötən gün Gürcüstanda prezident kürsüsü uğrunda gedən rəqabətdə çoxlu gürcü siyasətçilər də iştirak etdilər. Təkcə seçkidə iştirak etmək istəyənlərin sayı 50-yə yaxın idi. MSK tərəfindən qeydə alınan 27 nəfərdən üçü – Zurabişvili, Vaşadze və Bakradze ən şanslı namizədlər sayılırdı. Ancaq seçkilərin ikinci turu keçiriləcək. Bu turda əsas mübarizəni Vaşadze və Zurabişvili davam etdirəcək. Hazırkı şərtlər indiki və köhnə hakimiyyətin təmsilçiləri arasında mübarizənin gərgin keçəcəyindən xəbər verir”, - ekspert bildirib.
Politoloq deyib ki, Zurabişvili birinci turda Vaşadzeyə qalib gələ bilməsə də, ikinci turda üstünlük qazanacaq:
“Hazırda Zurabişvilinin rəqibi də kifayət qədər güclüdür. Ayrı-ayrı partiyaları təmsil etmələrinə baxmayaraq, Bakadze Saakaşvilinin köhnə tərəfdarlarından sayılır və çox güman ki, ikinci turda səsini Vaşadzeyə verəcək. Bu prosesə ilk turda Zurabişviliyə uduzan digər namizədlər də qoşulacaq. Ancaq ikinci turda Saakaşvili əleydarlarının hökumətin dəstəklədiyi müstəqil namizədin xeyrinə daha da aktivləşəcəyini düşünürəm”.
Ekspert Zurabişvilinin qələbə ehtimalının mümkünlüyünü belə əsaslandırıb:
“Zurabişvilinin arxasında hakim partiya və hələ də Saakaşvilinin siyasətə qayıtmasını istəməyən böyük qüvvə durur. Əgər indiki iqtidarın dəstəyi olmasaydı, Zurabişvili heç qalib namizədlər sırasına da daxil ola bilməzdi. Çox güman ki, hakim partiya ikinci turda bütün səylərini və resurslarını öz müstəqil namizədinin qələbəsinə dəstək üçün səfərbər edəcək. Belə vəziyyətdə Zurabişvilinin mümkün qələbəsi qeyr-real görünmür”.
Qeyd edək ki, dünən Gürcüstanda prezident seçkisi keçirilib. Seçkinin son nəticələrinə əsasən, ilk yeri hökumətin dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,61 faiz səslə tutub. Ondan çox cüzi fərqlə müxalifətin namizədi Qriqol Vaşadze (37,72%) qərarlaşıb. Üçüncü yeri isə Saakaşvilinin keçmiş partiyadaşı, Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze 10,99% səslə tutub.
Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün seçkinin ikinci turunun keçirilməsi planlaşdırılıb. Avropa Gürcüstanı ikinci turda müxalifətin namizədini dəstəkləyəcəyini bəyan edib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalist Camal Qaşıqçı ilə bağlı növbəti açıqlamanı verib.
Axar.az xəbər verir ki, Çavuşoğlu aparılan gərgin axtarışlara baxmayaraq, Qaşqıçının cəsədinin tapılmadığını bildirib.
“Təhlükəsizlik və kəşfiyyat orqanlarımız gərgin iş aparır, ancaq cəsəd hələ də tapılmayıb”, - Çavuşoğlu bildirib.
Millət vəkili Qənirə Paşayeva Qırıqqala (Kırıkkale) bələdiyyə başqanı Məhmət Sayqılı ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı və qondarma erməni soyqırımı iddiaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı millət vəkilinin Qırıqqalada Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinin açılması təklifini bələdiyyə başqanı müsbət qarşılayıb.
Deputat Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşması məsələsinə də toxunub və Qırıqqalanı Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini deyib.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, özəlliklə gənc nəsillərə ortaq tarix və mədəniyyətin öyrədilməsi istiqamətində də müzakirələr aparılıb.
Q.Paşayeva eyni zamanda, Qırıqqala valisi İlkər Haqdanqaçmaz ilə də görüşüb.
Millət vəkili Azərbaycanla Qırıqqala arasında əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.
Millət vəkili görüşün sonunda Qırıqqala valisini Azərbaycana dəvət edib.
13:17
Ermənistanda Seçki Məcəlləsinə dəyişikliklər ikinci dəfə parlamentdə qəbul edilməyib.
Axar.az xəbər verir ki, parlamentdəki səsvermə zamanı dəyişikliyin lehinə 62 deputat səs verib. Layihənin əleyhinə cəmi iki deputat çıxış edib. Respublikaçılar Partiyasının digər üzvləri səsvermədə iştirakdan imtina ediblər. Nəticədə Məcəllədə dəyişikliklə bağlı qərarın qəbulu üçün 1 səs çatmayıb. Belə ki, Konstitusiyaya görə, Seçki Məcəlləsində dəyişiklik üçün millət vəkillərinin 5/3-nün lehinə səs verməsi lazımdır ki, bu da 63 səs edir.
Dəyişikliyi Çarukyan Bloku, Yelk Bloku və Daşnaksütyun Partiyası dəstəkləyib. Respublikaçılar Partiyası bunun tam əleyhinə çıxıb.
Seçki Məcəlləsində xüsusilə millət vəkilliyinə namizədlərin ərazi siyahılarının ləğv edilməsi istənilir. Bununla bərabər, parlamentə keçid üçün nəzərdə tutulan minimum keçid həddinin azaldılması təklif edilib. Belə ki, partiyalar üçün bu göstəricinin 5%-dən 4%-ə, bloklar üçün isə 7%-dən 6%-ə endirilməsi nəzərdə tutulub. Üstəlik, təklifə əsasən, parlamentdə mütləq şəkildə minimum dörd siyasi qüvvə təmsil olunmalı, müxalif deputatların sayı üçdə birdən az olmamalıdır.
Dəyişikliklər sırasında həmçinin pulsuz efir vaxtının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılıb.
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.
məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Gürcüstanda keçirilən prezident seçkilərində burada yaşayan azərbaycanlıların müxalifətin namizədinə səs verməsi keçmiş prezident Mixail Saakaşvilini sevindirib.
sosial şəbəkədə canlı yayıma çıxan Saakaşvili ölkədə seçki dairələri üzrə səsvermənin nəticələrini oxuyub. Qardabani rayonunda səs faizlərini deyən zaman o bu nəticələrdən sevindiyini gizlətməyib və soydaşlarımıza Azərbaycan dilində təşəkkür edib: “Azərbaycan, çox sağ ol. Sizlər dostumsunuz!”.