Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.

Axar.az xəbər verir ki, Kreml rəhbəri həmkarı Donald Trampla noyabrın 11-də Parisdə görüşə biləcəyini Boltona bildirib.

Putin vurğulayıb ki, ABŞ və Rusiya arasında birbaşa təmaslar faydalı ola bilər:

“Təbii ki, ABŞ tərəfli bu kimi təmaslarda maraqlı olarsa...”.

Qeyd edək ki, C.Bolton Moskvada səfərdədir.

Camal Qaşıqçının öldürülməsi hər hansı bir səbəb göstərilə bilməyəcək qədər iyrənc bir səhvdir.

Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Enerji və Sənaye naziri Xalid əl-Falih deyib.

Nazir çətinləşən vəziyyətlə bağlı ölkəsinin böhrana sürükləndiyini qeyd edib.

Ermənistan parlamenti oktyabrın 23-də keçirilən iclasda vəkil Vaqe Qriqoryanı Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə seçə bilməyib.

Axar.az xəbər verir ki, Qriqoryanın seçilməsi üçün 63 səs lazım olsa da, səsvermədə cəmi 54 deputat iştirak edib. Bu da seçkinin keçirilməsi üçün yetərli olmayıb.

İclasda 67 deputat olsa da, onların hamısı səsvermədə iştirak etməyib.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinə sədrin seçilməsi cəhdi 3-cü dəfə uğursuzluğa uğrayır. Bundan əvvəl bu vəzifəyə Yelizaveta Danielyan və Emil Babayanın namizədliyi irəli sürülmüşdü.

Oktyabrın 25-dən 27-dək Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi, Qara dəniz sahillərində 4-5 ballıq qasırğa olacağı barədə əhaliyə və turistlərə ciddi xəbərdarlıq edilib.

Axar.az xəbər verir ki, məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Agentliyi yayıb.

Agentliyin məlumatında deyilir ki, oktyabrın 26-27-də ölkə ərazisində hava kəskin soyuyacaq, leysan yağışları, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü külək əsəcək, Qara dənizdə 4-5 ballıq qasırğa olacaq. Güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artacaq, sel suları yaranacaq, ayrı-ayrı ərazilərdə torpaq sürüşməsinin olacağı ehtimal edilir.

Agentlik həmin günlərdə dənizdə çimməyin, dağlara gəzintiyə getməyin təhlükəli olduğunu bildirir.

Pekin heç bir ölkənin şantajına səbir etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin danışıb.

“Dünən mən artıq Çinin mövqeyini ifadə eləmişəm. Bu müqavilə ABŞ və keçmiş SSRİ arasındadır. Yəni ikitərəfli müqavilədir”, - XİN rəsmisi bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Çinin Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında razılaşmaya qoşulmalı olduğunu açıqlamışdı.

ABŞ-ın Yaxın və Orta Mənzilli Raketlərin Ləğvi haqqında müqavilədən çıxması dünyanı daha təhlükəli etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton BBC-yə müsahibəsi zamanı deyib.

“Düşünürəm ki, bu sadəcə reallıqların dəyişdiyini təsdiq edəcək. Bizim müdafiə naziri Şoyqu ilə çox maraqlı söhbətimiz alındı”, - Bolton bildirib.

Ukrayna Ermənistanla bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.

Report xəbər verir ki, bu barədə ÜTT-nin hesabatında bildirilib.

Buna səbəb rəsmi İrəvanın Ukrayna istehsalı olan polad boruların müəyyən növləri üzrə anti-dempinq gömrük rüsumlarını artırmasıdır.

Ukrayna Ermənistanla yanaşı Qırğız Respublkasından da təşkilata şikayət edib.

Bildirilib ki, Avrasiya İqtisadi İttifqaının üzvü olan bu ölkələr verginin mərhələ-mərhələ azaltmalı idilər:

“Ancaq vergi artırılıb. Bu səhvdir və mövcud olmayan qərarlara əsaslanıb”.

Qeyd edək ki, artıq Ukrayna Avrasiya İqtisadi İttifaqını başqa bir üzvü, Qazaxıstanla bağlı da ÜTT-yə şikayət etmişdi.

13:35

Camal Qaşıqçının cinayəti Səudiyyə Ərəbistanında hazırlandı. O, evliliklə bağlı sənədləri hazırlamaq üçün konsulluğa getdiyi zaman cinayət komandasına əvvəlcədən xəbər verilib.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı deyib.

Ərdoğan çıxışında Qaşıqçının ailəsinə də başsağlığı verib.

Türkiyə prezidenti bildirib ki, Qaşıqçının öldürülməsi ilə bağlı 3 qrup təyin olunub:

"Əməliyyatdan bir gün əvvəl 16:30-da 3 nəfərlik bir qrup otelə yerləşdikdən sonra konsulluğa gedir. Baş bir qrup isə Belqrad meşəsi (İstanbul) və Yalovada kəşfiyyat aparır.

Cəmi 15 nəfərdən ibarət olan bu qrup gəlib konsulluqda görüşür. Əvvəlvə konsulluğun kameralarının hard diskindəki görüntülər çıxarılır. Axşam saat 17:50-də ölkəmizin rəsmi qurumlarına Qaşıqçının zorla saxlanıldığına dair məlumatlar gəlir".

Ərdoğanın sözlərinə görə, araşdırma və istintaq genişləndikcə 15 səudiyyəli və həkim-ekspertin müxtəlif təyyarələrlə Türkiyəyə gəldiyi və ölkədən ayrıldığı məlum olur:

“Ər-Riyad əvvəlcə iddiaları tamamilə rədd etdi. Baş konsul da “Röyter”in müxbirinə verdiyi müsahbəsində özünü müdafiə etməyə çalışıb. Hadisə günü konsulluqda işləyən işçilərin bir hissəsi təftiş bəhanəsi ilə bir otaqda saxlanılır. Digərləri isə evə buraxılır.

Bu hadisə İstanbulda baş verib, istintaqı da aparmaq bizim haqqımızdır. Heç kimi şübhə altında buraxmamaq üçün araşdırmaların nəticəsini gözlədik”.

 

Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində ABŞ üçün maraqlı olan məsələləri müzakirə edəcək. Bu gün ABŞ üçün bölgədə əsas məsələ - İrana qarşı sanksiyalar, Türkiyə-Rusiya münasibətləri və bölgə ölkələrinin bu 3 ölkə ilə əlaqələridir.

Bu sözləri Axar.az-a açıqlamasında professor Toğrul İsmayıl deyib. O bildirib ki, bu, Boltonun ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri kimi Moskvaya ikinci səfəridir:

“Burada əsas etibarı ilə orta və yaxın mənzilli raketlərlə bağlı razılaşma müzakirə olundu. Eyni zamanda Suriyadakı, Ukraynadakı vəziyyət, Rusiyanın Suriyaya S-300 sistemlərini satması, Rusiyanın Şimali Koreya, Türkiyə, İran, İsraillə olan münasibətlərinə də toxunuldu”.

Toğrul İsmayıl vurğulayıb ki, Rusiya və ABŞ arasında vəziyyət o qədər gərgindir ki, onların uzlaşması inandırıcı görünmür:

“Bunu istər rus, istərsə də amerikalı mütəxəssislər qeyd edirlər. Mən də Boltonun bu səfərindən yeni bir şey gözləmirəm.

İki ölkə arasındakı vəziyyət sadəcə bugünkü şərtlərlə dəyərləndirilməməlidir. 6 noyabrdan etibarən Konqresin qəbul etdiyi qərara görə ABŞ Prezident Adminstrasiyası Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq etməlidir. Bu mövzu da müzakirələrin bir qolu ola bilər. Boltonun Rusiyaya səfəri zamanı müxtəlif səviyyələrdə görüşlər keçiriləcək. Rusiya Prezidenti Vladimir Putinlə, Rusiya Xarici İşlər naziri Sergey Lavrovla da Boltonun görüşü gözlənilir”.

Professor qeyd edib ki, Moskvadakı görüşlərdən sonra Boltonun Cənubi Qafqaza səfəri başlayacaq:

“Burada Bolton əsas etibarı ilə xarici işlər nazirləri ilə görüşəcək. Bolton açıqlamalarından birində bildirmişdi ki, bu səfərdə əsas məqsəd ABŞ üçün geopolitik - Türkiyə, İran və Rusiya ilə olan hədəfləri müəyyənləşdirməkdir. Səfər zamanı da bu məsələlər gündəmə gələcək. Onun hər hansı təkliflə gələcəyini düşünmürəm. Qarabağ məsələsinin gündəmə gələcəyini və oradakı vəziyyətin dəyişməsi ilə bağlı yeni proqram təklifinin olacağını çox da ehtimal etmirəm. Çünki bu gün bölgədə ABŞ üçün status-kvonun dəyişməməsi vacib kimi görünür”.

Qeyd edək ki, Bolton hazırda Rusiyadadır və onun sabah Cənubi Qafqaza səfəri başlayır.

ABŞ Prezidentinin kibertəhlükəsizlik müşaviri Rudolf Culiani Ermənistan Müdafiə naziri David Tonoyanla görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Tonoyan Culianiyə Ermənistan ətrafında yaranan vəziyyətlə əlaqədar məlumatları təqdim edib. Tərəflər xüsusilə ABŞ-dakı erməni icmasının ölkənin ictimai-siyasi həyatındakı rolu barədə məsələni müzakirə ediblər.

Qeyd edək ki, Culiani Ermənistana Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın dəvəti ilə gəlib.

Xəbər lenti