![]() |
|
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində ölkə ərazisindən keçəcək dəmir yolu xəttində sərnişin daşımalarının da həyata keçiriləcəyini və qatarların dayanacaqlarının olacağını bildirib. Bunu Mirzoyan Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasında TRIPP layihəsi ilə bağlı çərçivə sazişinin ratifikasiyası məsələsini təqdim edərkən deyib.
Onun sözlərinə görə, hər iki tərəf üçün faydalı olan TRIPP-in iqtisadi baxımdan artıq sülhün möhkəmlənməsinə müsbət təsiri var: “Əgər biz Azərbaycan ərazisindən keçməklə Çindən dəmir yolu ilə nəsə gətirə biliriksə, burada ironiya nədədir? Bəli, Azərbaycanın marağı var, Ermənistanın da marağı var. Bu, qarşılıqlı faydalı işdir”.
Qeyd edək ki, bir müddət öncə Ermənistanın baş diplomatı TRIPP layihəsi çərçivəsində nəzərdə tutulan bəzi infrastruktur xətlərinin, xüsusilə neft və qaz kəmərlərinin Sünik (Zəngəzur) vilayətindən keçməyə biləcəyini bəyan etmişdi. Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında çıxış edərkən demişdi ki, Araz çayı ilə qayalıqlar arasında yerləşən Mehri dəmir yolu boyunca olan sahə həddindən artıq dar olduğu üçün bütün infrastruktur obyektlərini eyni dar zolaqda yerləşdirmək texniki cəhətdən mümkünsüzdür.
XİN başçısı qeyd edib ki, həmin ərazidən yalnız dəmir yolu xətti və elektrik ötürücü xətlərin keçməsi planlaşdırılır. “Ola bilsin ki, neft kəməri Ermənistanın şimal ərazisindən keçsin. Dəqiq ərazi hələ müəyyənləşdirilmədiyi üçün mən TRIPP dəhlizinin ümumi eni barədə dəqiq rəqəm deyə bilmərəm”, - deyə Ermənistanın XİN rəhbəri vurğulamışdı.
Mirzoyanın açıqlamasında avtomobil yolunu ümumiyyətlə, “unutmuşdu”. Ancaq bu Bakı dəhlizdən danışarkən bu layihələri bir-birindən ayırmır və vahid orqanizm kimi yanaşır. Sonrakı günlərdə Azərbaycanın verdiyi reaksiyalar, dolayı xəbərdarlıqlar rəsmi İrəvanı mövqeyində müəyyən koorrektələr etməyə vadar etdi. Beləliklə, məlum olur ki, Zəngəzur dəhlizi ilə təkcə yüklər deyil, həm də sərnişin daşınacaq. Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin TRIPP layihəsi çərçivəsində ABŞ-la strateji əməkdaşlıq sazişinin ratifikasiyasına müsbət rəy verməsi regionun gələcəyi baxımından mühüm hadisədir. Lakin burada əsas məsələ layihənin nə vaxt başlanması deyil, hansı siyasi və hüquqi təminatlar əsasında həyata keçirilməsidir.
Ən əsası, iki ölkə arasında yekun sülh sazişi imzalanmadan TRIPP layihəsinin icrasına başlanması nə dərəcədə məqsədəuyğundur?
Deputat Sahib Alıyev Musavat.com-a bildirib ki, Zəngəzur dəhlizindən təkcə dəmir yolu xətti deyil, həm də avtomobil yolu keçməlidir və bu, qarşı tərəflə razılaşdırılmış məsələdir: “Eyni zamanda, həmin dəmir yolu ilə sərnişinlərin daşınacağı və onların maneəsiz daşınacağı da yenə də hər iki tərəfin öncədən razılaşdırdığı məsələdir. Yəni burada Ermənistanın xarici işlər naziri yeni açıqlaması ilə hansısa “Amerika kəşf” etmir, sadəcə, nələrisə dəbbələməyə çalışırdılar. Daha doğrusu, istəyirdilər ki, Zəngəzur dəhlizi ilə bağlı bəzi razılaşmaları pozsunlar. Baxırlar ki, alınmır”.
S.Alıyev digər məsələyə də diqqət çəkib: “Eyni zamanda, hələ konqresmen olarkən çox sıx ünsiyyətdə olduqları ABŞ dövlət katibinin Mərkəzi Asiyaya səfərindən də özləri üçün gərəkən nəticəni çıxarıblar. Bu səfərdə Transxəzər marşrutu ilə bağlı deyilənlər, bu marşrutun əhəmiyyətinin xüsusilə vurğulanması, həm də TRİPP-in istənilən halda, kimin nə düşünməsindən asılı olmayaraq, reallaşdırılacağı demək idi. Bunu Ermənistanda çox yaxşı görür və oxuyurlar. Burada Mərkəzi Asiya dövlətlərinin, ilk növbədə Özbəkistanın nə qədər maraqlı olduğu da qabarıq göründü. Məhz bu səbəbdən, İrandakı rejimin tapşırığı ilə həmin ölkənin dörd yerdə səfirliklərinin saytında guya C5+1-in XİN başçılarının ABŞ dövlət katibinin görüşlərinin keçirildiyi Səmərqənd İranın mədəni-tarixi irsi kimi təqdim olundu. Təbii ki, qardaş Özbəkistan onların cavabını verdi. Mən burada sadəcə bir faktı xatırlatmaq istəyirəm. Söhbət o Səmərqənddən gedir ki, onu Səmərqənd edən, indi özü də orada uyuyan Əmir Teymurdur. Söhbət o Əmir Teymurdan gedir ki, o, İranı ələ keçirəndə Firdovsinin məzarı önünə gedib, orada atını şahə qaldıraraq demişdi: “Ey Firdovsi, aşağıladığın o türk mənəm! Gəlmişəm, bax, axsaq ayağımla dünyanın yarısını fəth etdim. Gör, hər iki ayağım sağlam olsaydı, necə olardı?” Biz hazırda İranın hara yuvarlandığını da, Özbəkistanın necə yüksəldiyini də görürük. İrandakı “əmmaməli nijdelər” gələcəkdə heç arzulamadıqları və yuxularına da girməyən, onları sarsıdan daha böyük reallıqlarla üzləşəcəklər”.