“Brent” 67 dollardan satılır

Dünya bazarında neftin qiymətləri bahalaşıb.

“Brent” markalı neft 1,16% bahalaşaraq bir barrelə görə 67,83 dollar olub.

Qeyd edək ki, “Brent” sonuncu dəfə martın 18-də 66 dollardan baha satılıb.

“WTI” markalı neft isə 1,10% bahalaşma ilə bir barrelə görə 64,08 dollar olub.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev işğaldan azad olunan ərazilərdə görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.

 "Report" xəbərinə görə, aprelin 19-da dövlət başçısı Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyev: Qarabağda işlər necə gedir?

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev: Çox gözəl gedir, Şuşa hazırdır. Açılışa da hazırdır. Mən məruzə etmişdim ki, iki nömrəli xətt hazırdır.

Prezident İlham Əliyev: Bilirəm, xətti çəkmisiniz.

Baba Rzayev: Şükürbəyli də hazırdır, Şuşa da hazırdır. Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq.

Prezident İlham Əliyev: Bəs ermənilərin dağıtdıqları o su elektrik stansiyalarının vəziyyəti necədir? İşlər gedir orada?

Baba Rzayev: Cənab Prezident, “Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir.

Prezident İlham Əliyev: Bəs, Kəlbəcər rayonunda?

Baba Rzayev: Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir.

Prezident İlham Əliyev: İndi hava şəraiti yaxşılaşıb. Yəqin ki, may ayından oraya getmək daha asan olacaq.

Baba Rzayev: Biz oraya Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xətt çəkəcəyik, onun artıq 100-ü qoyulub. Ən ağır yeri keçmişik.

Prezident İlham Əliyev: Bəs orada, azad edilmiş torpaqlarda xidmət edən hərbçilərin elektrik təchizatı normaldır?

Baba Rzayev: Hər yerə verilib.

Prezident İlham Əliyev: Şuşada da heç bir problem yoxdur.

Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliklə sərəncama aşağıdakı kimi yeni bənd əlavə edilib.

. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsini Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin etsin/

Azərbaycanda bəzi tikinti materiallarının qiymətində artım müşahidə olunur.

Tikintidə ən çox istifadə olunan daş, qum, çınqıl, sement ötən aylar ilə müqayisədə bahalaşıb.

Tikinti bazarında mişar daşları isə alıcılara fərqli qiymətlərə təqdim olunur. Bir maşın daş 450-500 manatdır.

Satıcılar deyirlər ki, bahalaşmanın əsas səbəbi də daş karxanalarının qiyməti qaldırmasıdır.

“Əvvəl daşın qiyməti 40 qəpik idi, indi ediblər 55 qəpik. Yanacağın qiyməti də qalxıb, əvvəl bir maşına 30 manatlıq yanacaq işlədirdik, 45-50 manat edir”.

2021-ci ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,8 milyon kVt-saat artaraq 2 milyard 364,3 milyon kVt-saat olub.

Energetika Nazirliyindən verilən məlumata əsasən, ay ərzində elektrik enerjisinin ixracı 175,1 milyon kVt-saat, idxalı isə 11 milyon kVt-saat təşkil edib.

Yanvar-mart aylarında isə respublikada elektrik enerjisinin istehsalı 6 milyard 924,9 milyon kVt-saat olub. Hesabat dövründə ötən ilin üç ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 59,1 milyon kVt-saat azalaraq 6 milyard 604 milyon kVt-saat, SES-lərdə 15,69 milyon kVt-saat artaraq 236,09 milyon kVt-saat, digər mənbələr üzrə isə 4,7 milyon kVt-saat azalaraq 84,9 milyon kVt-saat olub.

 

Bu dövrdə külək elektrik stansiyalarında 22,56 milyon kVt-saat, günəş elektrik stansiyalarında 9,2 milyon kVt-saat, bərk məişət tullantılarının yandırılması zavodunda 53,14 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.

Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6 milyard 257,2 milyon kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 81,64 milyon kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 569,8 milyon kVt-saat, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 16,24 milyon kVt-saat təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 32,1 milyon kVt-saat olub. İrandan 8,2 milyon kVt-saat, Rusiyadan 15,3 milyon kVt-saat, Gürcüstandan isə 8,6 milyon kVt-saat elektrik enerjisi idxal edilib.

2021-ci ilin üç ayı ərzində elektrik enerjisinin ixracı 509 milyon kVt-saat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,9 milyon kVt-saat artıb. İrana 8,3 milyon kVt-saat, Türkiyəyə 12,7 milyon kVt-saat, Rusiyaya 23,1 milyon kVt-saat, Gürcüstana isə 464,9 milyon kVt-saat elektrik enerjisi ixrac edilib.

 

 
 

Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar artıq işlərə başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var.
Azərtac xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.

Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin yüksəldiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Biz 28-ci yerdəyik. Beləliklə, biznes iqlimi inkişaf edir. Bizim ideyaları yaradan, gələcəyə ümid olan təhsilli insanlarımız və gənc nəslimiz var. Müharibə zamanı dediyim kimi, mən hakimiyyətə gələrkən müharibənin ən böyük yükü uşaqların çiyinlərində idi. Beləliklə, bizim iqtisadiyyatımızı əlavə ehtiyyatlarla qidalandıracaq əsas neft və qaz boru kəmərlərini başa çatdırmağa kömək edə bildik. Biz xarici yardımdan asılı deyilik. Bizim xarici borclarımız ÜDM-in təqribən 18 faizidir. Qarşıya dünyada ən yaxşı nəticələrdən birini – xarici borcu ÜDM-in 10 faizinədək azaltmağı hədəf qoymuşam. Bizim yoxsulluq ilə bağlı çox aşağı göstəricilərimiz var. Təqribən 5 faizdir. Mən bu vəzifəyə gələrkən 49 faiz idi. Beləliklə, biz strateji baxışla bağlı bütün planlarımızı həyata keçirə biləcəyik”.

“İtaliya bizim üçün yaxın dost və tərəfdaşdır.”
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

“İtaliyaya, bildiyimiz kimi, xüsusilə Ermənistanı dəstəkləyən qüvvələrin olduğu Avropa İttifaqı ailəsində münaqişənin həlli ilə bağlı ifadə edilməsi heç də həmişə asan olmayan bir yanaşmanı ifadə etdiyinə görə minnətdarıq. Siyasi əlaqələrimiz əla səviyyədədir. Münaqişədən sonrakı dövrdə İtaliya nümayəndə heyətinin azad edilmiş ərazilərə səfəri tərəfimizdən daha bir dəstək əlaməti olaraq qəbul edilir. Azad edilmiş ərazilərin yenidən qurulması planlarının ilk günündən biz İtaliya şirkətlərini səfirlik vasitəsilə iştirak etməyə dəvət etdik”, - dövlət başçısı deyib.

O, İtaliyanın əvvəllər də Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirdiyini qeyd edib: “Biz İtaliya şirkətlərinin Azərbaycanda iştirakını artırmaq istəyirik”.

Onun sözlərinə görə, İtaliya şirkətləri artıq muzeylərin və müharibə memoriallarının təşkili layihəsində iştirak etməyə dəvət olunublar, başqa bir sahə də elektrik enerjisi istehsalı olacaq.

Neft ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,51 % azalaraq 62,63 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,49% ucuzlaşaraq 59,03 dollar təşkil edib.



Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalını genişləndirmək, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluq səviyyəsini artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. iki ay müddətində:

1.1.1. “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) Sumqayıt istehsalat sahəsinin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi, 1 ünvanındakı 67.35 hektar və Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8.05 hektar olmaqla, ümumilikdə 75.4 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.2. Cəmiyyətin kreditor borclarının tənzimlənməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla, məbləğin və həmin ödəncin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin müasir sənaye istehsalı üçün yararsız olan, fiziki və mənəvi cəhətdən köhnəlmiş əmlakının satışını təşkil etsin və əldə edilən vəsaitin Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənclər, işçilərin əməkhaqqı, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə yaranmış borcların, habelə Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin bu Sərəncam qüvvəyə mindiyi günədək olan digər borclarının (ödənişinə möhlət verilmiş borclar istisna olmaqla) ödənilməsinə yönəldilməsini təmin etsin;

2.2. bu Sərəncamın 2.1-ci bəndində göstərilən borclar ödənildikdən sonra Cəmiyyətin Sumqayıt istehsalat sahəsinin istifadəsindəki əmlakın satışından əldə olunmuş vəsaitin qalan hissəsini özəlləşdirmədən daxilolmalara aid edilməklə dövlət büdcəsinə köçürülməsini təmin etsin;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Müəyyən edilsin ki, Cəmiyyətin ləğvi və yenidən təşkili ilə bağlı ümumi yığıncağın səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlər isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.

4. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə:

4.1. Cəmiyyətin restrukturizasiyasını və sağlamlaşdırılmasını (borcların silinməsi daxil olmaqla), habelə yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaqla alüminium sənayesini inkişaf etdirmək, alüminium istehsalını artırmaq, bu sahənin rəqabət qabiliyyətini və ixrac imkanlarını genişləndirmək üçün dövlət-özəl tərəfdaşlığı əsasında investisiyaların cəlb edilməsi üçün təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

4.2. bu Sərəncamın 2.1-ci və 4.1-ci bəndləri nəzərə alınmaqla, Cəmiyyətin nizamnamə kapitalının miqdarının müəyyən edilməsi ilə bağlı tədbirlər görsün.

5. Sumqayıt Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



"Bu ildən İcbari Tibbi Sığorta yığımlarının tətbiqinə başlanıb".

Bunu Mikayıl Cabbarov bildirib.

"1-ci rübdə daxilolmalar 112,3 mln manatdan çox olub (nəzərdə tutulandan 25,5 mln manat artıq). İcbari tibbi sığorta sistemi əhalinin etibarlı və keyfiyyətli tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq", - o qeyd edib.

Xəbər lenti