"Biz qurub-yaradanıq. Biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik. Bu rayonların bərpası ilə bağlı böyük planlarımız var. Artıq, bu planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

"Şuşaya yeni yolun çəkilişi artıq başlanmışdır. Sovet vaxtında Şuşaya getmək üçün bir yol var idi - Ağdamdan Xankəndiyə, oradan da Şuşaya. İndi biz Füzuli rayonundan yeni yol çəkirik. Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Amma biz bunu edəcəyik. Dəmir yollarını bərpa edəcəyik. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilmişdir. Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılmışdır. Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır. Yəni, bütün bu işlər planlı şəkildə aparılacaq və Azərbaycan vətəndaşları görüləcək işlərlə bağlı müntəzəm olaraq məlumatlandırılacaqdır. Bütün işləri biz planlı şəkildə etməliyik. Bir daha demək istəyirəm, ilk növbədə, dəymiş bütün ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanacaq. Ondan sonra məhkəmə iddiaları. Ondan sonra şəhərlərimizin, kəndlərimizin baş plan əsasında yenidən qurulması, kənd təsərrüfatı, digər infrastruktur layihələri, su, işıq ilə əlaqədar lazımi tədbirlər. Ondan sonra yollar. Biz düşməni Şuşadan qovanda oraya gedən su xəttini sıradan çıxarıb. İndi Şuşada su yoxdur. Bax, budur bu düşmən”, - deyə Prezident əlavə edib.

“Ölkəmizdə elan olunmuş hərbi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hələlik Milli Məclisin müzakirəsinə təqdim edilməməsi anlaşılandır”.
Bunu report-a eksklüziv açıqlamasında Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov deyib.

Ş.Şərifov 2021-ci il üzrə hazırlanmış dövlət büdcəsi layihəsində müəyyən düzəlişlərin ediləcəyini bildirib: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun əks- hücum əməliyyatı nəticəsində Ermənistanın məğlub edilməsi və onun təslimiyyət bəyanatını imzalamağa məcbur edilməsi nəticəsində ölkəmizin əzəli torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyuldu.

İşğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq”.

Maliyyə naziri bildirib ki, azad olunan rayonlarda ilk olaraq müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi vacib hesab olunur. Bu isə həmin ərazilərdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsini, minatəmizləmə tədbirlərinin təşkil olunmasını ön plana çıxarır. Qeyd olunan vəzifələrin həyata keçirilməsi ilə bağlı maliyyə təminatının yaradılması 2021-ci il üçün hazırlanmış dövlət büdcəsi layihəsində müvafiq düzəlişlərin edilməsini şərtləndirir.

“Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasına artıq başlanılıb. Prezidentin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Əhmədbəyli–Alxanlı–Füzuli–Şuşa avtomobil yolunun tikilməsinə ayrılmış 50 mln manatın maliyyələşdirilməsinə start verilib”, - deyə S.Şərifov qeyd edib.

“Ağdam-Xankəndi-Şuşa yolu müəyyən müddətə açılacaq”

“Füzulidən Şuşaya yol çəkilməsi üçün Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, gələn il əlavə vəsait ayrılacaq. Göstəriş vermişəm, bir neçə şirkət cəlb olunsun ki, vaxt itirmədən tez yolu çəkək”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, əvvəl Şuşaya gedən yol Ağdam-Xankəndi yolu ilə idi:

“İndi müvəqqəti olaraq belə deyil. Noyabrın 10-da imzalanan bəyanata əsasən bütün kommunikasiyalar bərpa ediləcək.

Ağdam-Xankəndi-Şuşa yolu müəyyən müddət sonra açılacaq”.

Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Sərəncamda deyilir ki, Qarabağ bölgəsində erməni təcavüzünə məruz qalmış bütün torpaqlarımız, o cümlədən Qarabağın tacı olan Şuşa 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsinin Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatması nəticəsində işğaldan azad edilib.

27 il müddətində işğal altında saxlanılan ərazilərimizdə yaşayış məntəqələrinin əksəriyyəti, orada həyat üçün zəruri olan sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi-mədəniyyət və dini abidələrimizə, ətraf mühitə ciddi ziyan vurulub, fərdi və çoxmənzilli yaşayış evləri yerlə-yeksan edilib.

Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılıb.

2020-ci ilin mövsümündə Azərbaycanda 300 min tondan çox pambıq yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, bu il də pambıqçılıqda yüksək məhsuldarlıq göstəriciləri əldə olunub.

Məlumatda qeyd olunub ki, ötən il sahələrdən 295 min ton pambıq yığılıbsa, bu il fermerlər məntəqələrə 300 min tondan artıq pambıq təhvil veriblər. 2020-ci ildə pambıq üzrə orta məhsuldarlıq 30 sentneri keçib. Bu, Azərbaycanın pambıqçılıq tarixində qeydə alınan ən yüksək göstəricilərdən biridir.

Hazırda sahələrdə pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.

2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyədək ən yüksək orta məhsuldarlıq Salyan, Neftçala, Yevlax, Beyləqan, Sabirabad, Saatlı, Ağcabədi və Goranboy rayonlarında qeydə alınıb.

2020-ci ildə ən çox pambıq əkini Saatlı, Ağcabədi, Bərdə, Biləsuvar, Sabirabad və Beyləqan rayonlarında aparılıb.

Bu il 40-cı dəfə təşkil olunacaq TÜYAP İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycan "Karabakh is Azerbaijan" (Qarabağ Azərbaycandır) stendi ilə təmsil olunacaq.

Report xəbər verir ki, sərgi noyabrın 18-21-də İstanbul Fuar və Konqres Mərkəzində açılacaq.

Hər il olduğu kimi, bu il də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sərgidə ölkənin qədim tarixinin, zəngin mədəniyyətinin, Qarabağ həqiqətlərinin təbliğ olunduğu kitablar nümayiş etdiriləcək.

Xatırladaq ki, İstanbulda hər il təşkil olunan ənənəvi kitab sərgisinə dünyanın əksər ölkələrindən çoxsaylı iştirakçılar qatılır. Nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması baxımından sərgi mühüm əhəmiyyət daşıyır.

Asiyada Çin, Avstraliya, Yaponiya və Asiya-Sakit okean regionunun digər 12 ölkəsi dünyanın ən böyük sərbəst ticarət zonasını yaradıb.

Oxu.az xəbər verir ki, saziş Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) onlayn sammiti çərçivəsində Çin və Yaponiya daxil olmaqla, Asiya-Sakit okean bölgəsinin 15 ölkəsi tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, azaldılmış ticarət rüsumları tətbiq ediləcək.

Söhbət “Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq” (RCEP) azad ticarət zonasının yaradılması barədə razılaşmadan gedir.

Saziş on ASEAN üzvü olan ölkənin (Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tayland, Filippin) nümayəndələri ilə yanaşı, Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın nümayəndələri tərəfindən də imzalanıb.

Bu, Yaponiyanın Çin və Cənubi Koreya ilə eyni vaxtda bağladığı ilk sərbəst ticarət müqaviləsidir.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkədə 58 milyard 469,5 milyon manat həcmində ümumi daxili məhsul istehsal edilib.

"Ölkə.Az"ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz azdır.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,3 faiz, neft-qaz sektorunda isə 6,3 faiz azalıb.

ÜDM istehsalının 34,2 faizi sənaye, 11,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi tikinti, 2 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 861,6 manata bərabər olub.

“Naxçıvan Muxtar Respublikasına quru yolla birbaşa reyslərin açılması gediş-gəlişi iki-üç dəfəyə qədər artıra bilər”.
Bunu oxu.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

“Azərbaycan vətəndaşları İranın ərazisindən keçməklə Naxçıvana gedirdilər. Bu zaman onlar dörd dəfəyə yaxın gömrük yoxlanışından keçirdilər. Bu zaman onlar Naxçıvana 12 saata çatırdılar.

Bunun qarşısını almaq üçün Azərbaycan lokal təkliflər verirdi. Nəticədə, 2019-cu ildə gömrük yoxlanışları iki dəfəyə qədər azaldı və bu yol səkkiz saata kimi azaldıldı. Təsəvvür edin, Azərbaycaın öz ərazisindən Naxçıvana gediş-gəliş olarsa, bu müddət qat-qat aşağı olacaq”.

Qeyd edək ki, 2019-cü ildə Bakı-Naxçıvan avtobus reysləri ilə 41 min 379 sərnişin daşınıb.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,04 ABŞ dolları, yaxud 2,54% azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 39,94 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər lenti