|
Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
“Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı Azərbaycanda ilk dəfə olaraq ölkəmizin dəmir yollarında sərnişinlərin gediş haqlarının bank kartları ilə təmassız ödənişi sisteminin yaradılmasına dair birgə addımlar atır.
Təmassız bank kartları və ödəniş üzüklərinin köməyi ilə ödənişlərin sınaqlarına artıq başlanılıb. Texniki sınaqlar başa çatdıqdan sonra belə ödənişlər Abşeron dairəvi dəmir yolu xətti üzrə bir neçə stansiyada mümkün olacaq. İlkin mərhələdə ödənişlər yalnız Azərbaycan Beynəlxalq Bankının Visa təmassız kartları və ödəniş üzükləri ilə aparılacaq. Layihənin növbəti mərhələlərində bu sistemin bütün bankların təmassız ödəniş alətləri vasitəsilə istifadəsi mümkün olacaq və Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında tətbiq ediləcək. Hazırda Abşeron dairəvi dəmir yolu xəttinin sərnişinləri gediş haqlarını gediş kartları və ya biletlər vasitəsilə ödəyə bilərlər.
Layihə “Azərbaycan Dəmir Yolları” QSC, Visa, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankı arasında 2020-ci ilin mart ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində icra olunur. Memorandum dəmir yollarında təmassız ödənişlərin inkişafına və ümumiyyətlə, nəqliyyat sektorunda nağdsız əməliyyatların genişləndirilməsinə yönəlmiş bir sıra tədbirləri nəzərdə tutur.
«Visa şirkəti və bizim strateji tərəfdaşlarımız kütləvi daşınmalar sisteminin və ictimai nəqliyyatda ödənişlər prosesinin optimallaşdırılmasına önəmli töhfə vermək üzrədir. Biz sərnişinlər üçün problemsiz gediş təcrübəsi yaratmaq məqsədilə sərnişin nəqliyyatı operatorları tərəfindən rahat nəqliyyat həllərinin işlənilməsi səylərini dəstəkləyirik. VISA-nın vəzifəsi öz təcrübə və ödəniş texnologiyalarını təklif etməklə Azərbaycanın kütləvi daşınma operatorlarına nağd pul, kağız biletlər və müddətli gediş kartlarından təmassız ödənişlərə keçiddə yardım etməkdir. Anlaşma memorandumu ölkədə nağdsız iqtisadiyyatın artmasına yönəlmiş tədbirlərə dair bizim ümumi baxışımızı əks etdirir», - Visa-nın Qafqaz regionu üzrə meneceri Kristina Doroş qeyd edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Vüsal Aslanov məsələni şərh edərək bildirib: “Biz dəmir yollarında innovasiyaların tətbiq edilməsinə səy göstəririk. Qeyd olunan əməkdaşlıq da bu istiqamətdə atdığımız mühüm addımlardan biridir. İnanırıq ki, bu yenilik sərnişinlərin rahatlığına xidmət edəcək, gediş haqlarının çox asan, sürətli və təhlükəsiz şəkildə ödənişinə imkan yaradacaq”.
Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Fərid Osmanov həmçinin bildirib: “Ölkəmizdə ödəniş ekosisteminin rəqəmsallaşdırılması və nağdsız ödənişlərin inkişafı məqsədilə Mərkəzi Bank tərəfindən "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində genişmiqyaslı dövlət proqramı reallaşdırılır. Bu layihə üzrə həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 2018-ci il ilə müqayisədə ölkəmizdə ödəniş kartlarının sayı 37% artaraq 9,1 milyona, təmassız kartların sayı isə 3,6 dəfə artmaqla 2,4 milyona çatıb. Artım dinamikası və nağdsız ödənişlərə yüksək bazar tələbatını nəzərə alaraq, təmassız kartların funksional imkanlarının tam həcmdə istifadəsi məqsədəuyğundur. Əminəm ki, dəmiryolu nəqliyyatında nağdsız ödəniş sisteminin tətbiqi layihəsinin uğurla həyata keçirilməsi, bu həllin ölkəmizdəki digər nəqliyyat növlərində də tətbiqinə əlverişli şərait yaradacaq".
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev qeyd edib: “Azərbaycan Beynəlxalq Bankı bir çox meyarlara görə Cənubi Qafqaz regionunun ən böyük maliyyə təşkilatlarından biridir. Bank Azərbaycanda və regionda nağdsız ödəniş infrastrukturunun inkişafına davamlı dəstək verir. Ölkəmizdə əksər innovativ bankçılıq texnologiyalarının tətbiqi məhz Azərbaycan Beynəlxalq Bankının adı ilə bağlıdır. Bank bu gün də müasir dünyanın yeni çağırışlarına cavab verən müştəri təcrübəsinin formalaşması məqsədi ilə innovasiyalara ciddi yatırımların qoyulmasına davam edir. Dəmir yolu nəqliyyatında təmassız bank kartlarından istifadə də tərəfdaşlarımızla birgə yaratdığımız uğurlu təcrübələrdən biri olacaq və müştərilərimizin rahatlığı və məmnuniyyətinə xidmət edəcək”.
“Report”un məlumatına görə, yeni məntəqə xarici turistlərin və yerli sakinlərin daha çox səfər etdiyi, ölkənin əsas turizm mərkəzlərindən biri olan Sibiu regionunda açılıb. Sözügedən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 3-cü YDM-dir.
SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, Rumıniyada investisiya layihələrini uğurla həyata keçirən SOCAR YDM şəbəkəsini genişləndirməkdə davam edir.
“Bu ilin sonunadək Rumıniyada SOCAR yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırmağı planlaşdırırıq. Bildiyiniz kimi, cari ildə bütün dünya koronavirus pandemiyasından əziyyət çəkir. COVID-19 virusu dünya, o cümlədən, Rumıniya iqtisadiyyatına təsirsiz ötüşməyib. Amma buna baxmayaraq SOCAR Rumıniyada cari ilin ilk 6 ayını mənfəətlə başa vurub, 2020-ci il üçün qarşıya qoyulan strateji inkişaf planını da 100 faiz həyata keçirib” - deyə H. Kərimov əlavə edib.
“SOCAR Petroleum SA”nın İnkişaf departamentinin müdiri Dan Dumitraçe isə bildirib ki, hər bir YDM-də olduğu kimi, bu məntəqədə də müştərilərə benzin və dizel yanacaqları, həmçinin məntəqənin ərazisindəki "Nar" kafedə yerli və Azərbaycandan gətirilən məhsulların satışı həyata keçirilməkdədir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliği istiqamətindəki siyasətinə uyğun olaraq məntəqələrdə Azərbaycan guşəsi yaradılıb: “SOCAR-ın ölkə üzrə bütün məntəqələrində quraşdırılan monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar da nümayiş olunur. Hazırda SOCAR Rumıniyanın 24 regionunda “SOCAR” brendli məntəqəyə malikdir”.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.
Dünya birjalarında neft markalarının qiymətləri cüzi bahalaşıb.
“Qafqazinfo” xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0.23 % artaraq bir barrelə görə 39.92 dollar olub.
WTI markalı neft isə 0.48 % bahalaşma ilə bir barrelə görə 37.51 dollardan satılır.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,50 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (122 km)–Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (122 km)–Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,5 milyon (üç milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Qazax rayonu, Y-35-06 (13 km) – Fərəhli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon manat ayrılıb.
“Bankların fəaliyyəti ilə bağlı böyük qanun paketi hazırlanır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili məlumat verib.
O qeyd edib ki, bu məsələ pandemiya dövrünə düşüb: “Məsələ bizə daxil olan kimi onun müzakirəsini keçirəcəyik”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir. Həmin bənddə bildirilir ki, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Həmçinin qanuna aşağıdakı dəyişikliklər də təklif edilir:
- Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;
- Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;
- Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun (10 manat) müəyyən edilməsi.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol
infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə dövlət
başçısının sərəncamına əsasən , 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci km-dən başlanğıcını götürən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azəryolelmitədqiqatlayihə” İnstitutu
tərəfindən hazırlanan layihə əsasında İsmayıllı rayonunun 11 yaşayış məntəüəsini birləşdirəcək
yeni yol 4 istiqamət üzrə inşa edilir. Bu Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə–Kürdüvan–Xankəndi–Mücü və Sərsurə–Kələzeyvə–Sulut kəndləri istiqamətləridir ki, sözügedən istiqamətdə yolların torpaq əsaslı və çınqıl örtüklü olması gediş-gəliş üçün problemlər yaradırdı. Xüsusən də payıq-qış mövsümündə gediş-gəliş çətinləşirdi. Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədi ilə agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla yenidənqurma işlərinin aparılmasına başlanılıb. Yenidənqurma zamanı torpaq və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Aparılan işlər bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Belə ki, yollar boyu yararsız qrunt qazılıb kənarlaşdırılır, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunur, zəruri yerlərdə torpaq yatağı layihə hündürlüyünə
qaldırılır.
Torpaq işlərinə paralel olaraq yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri
kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların
ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif
diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik
dəmir-beton dairəvi suötürücü borular quraşdırılması və izolyasiyası, həmçinin körpülərin təmiri
layihə üzrə həyata keçirilir.
Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton
örtüyünün döşənməsi işləri aparılacaq, avtobus dayanacaqları inşa ediləcək. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr
quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da yeni yol müasir görkəmdə
vətəndaşların istifadəsinə veriləcək.
Yolun yenidən qurulması nəinki gediş-gəlişin rahatlaşmasına, sözsüz ki, adları çəkilən tarixi və
füsunkar kəndlərimizin inkişafına müsbət təsir göstərəcək. Çünki tarix və mədəniyyəti,
əsrarəngiz təbiəti ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan sənətkarlıq
mərkəzlərindəndir. Basqal Azərbaycanda orta əsr şəhər mədəniyyəti elementlərini bu günə
qədər də özündə yaşadan və vahid memarlıq prinsipləri əsasında salınan nadir ərazilərdəndir.
Azərbaycan mədəniyyətinin nümunələrindən sayılan ”Azərbaycan kəlağayısı sənəti” 2014-cü
ildə UNESCO-nun qeyri maddi-mədəni irsinin Reprezentativ siyahısına məhz Basqal
kəlağayısının timsalında daxil edilmişdir.
Ümumiyyətlə isə sözügedən avtomobil yolunun inşası ilə Böyük Qafqazın cənub ətəklərində, səfalı İsmayıllı ərazisində yerləşən, Azərbaycanın hələ XII əsr xəritələrində adı çəkilən, ilk insan məskənlərindən biri sayılan Sulut, qədim kəndlərimizdən sayılan Qıçatan, səfalı bulaqları ilə tanınan Sərsurə, tarixi abidələri, türbələri, ibadətgahları ilə bilinən Kələzeyvə və digər kəndlərdə təsərrüfat və turizmin inkişafına gətirib çıxarmaqla yanaşı, yol boyu yaşayan əhalinin sosial rifah halına da müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...