“Alınan mallar geri qaytarılmır” yazan sahibkarlar 900 manatadək cərimələnəcək.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumatda qeyd edilib.

Bildirilib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, istehlakçı aldığı malda zəmanət müddəti ərzində qüsur, saxtalaşdırma aşkar edərsə, satıcıdan aşağıdakılardan birini tələb edə bilər:

- lazımi keyfiyyətli mala dəyişdirməyi;

- satış qiymətini uyğun məbləğdə azaltmağı;

- malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

- malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

- müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

Satıcı istehlakçının sadalanan tələblərindən birini yerinə yetirməyə borcludur.

Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə, həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

Satılan mal barədə yanlış və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, bu zaman onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.

Lazımi keyfiyyətli qeyri-ərzaq malı (qanunvericiliklə qaytarılması və dəyişdirilməsi qadağan olunan mallar - qızıl və qızıl məmulatları, şəxsi gigiyena əşyaları, uşaq oyuncaqları, parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları və s. istisna olmaqla) öz formasına, ölçüsünə, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçı həmin malı alınma günü sayılmamaq şərtilə, 14 gün ərzində digər lazımi keyfiyyətli uyğun mala dəyişdirmək hüququna malikdir.

Bu zaman mal əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı alındığı kimi saxlanılmaqla, həmçinin, kassa çeki və ya mal alınan zaman verilən digər sənədlərlə birlikdə təqdim olunmalıdır.

Mal dəyişdirilən vaxt satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa malı almaq, qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək və ya satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.

Dövlət Xidməti mağaza sahiblərini qanunvericiliyin tələblərinə əməl etməyə, istehlakçıların qanunvericiliklə qorunan hüquqlarını pozmamağa çağırır.

Belə hallar müəyyən ediləcəyi təqdirdə, onlara qarşı qanunvericiliyə uyğun olaraq ciddi məsuliyyət tədbirlərinin həyata keçiriləcəyini bildirir.

İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Nardaran və Zabrat qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 8,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri və dolların zəifləməsi səbəbindən ərzaq bahalaşmağa davam edir.

Dünyada ərzağ bahalaşması Azərbaycanda qiymətlərə necə təsir edəcək?

Baku Tv dünyanı cənginə alan COVİD-19 bir sıra sahələrə mənfi təsir göstərdi və bu özünü qiymətlərdə də əks etdirib.

Belə ki, Dünyada ərzaq qiymətləri ümumilikdə 5% bahalaşıb. Bitki yağları, şəkər və süd məhsullarının qiymətləri nisbətən artıb, bununla da qlobal taxıl məhsullarının qiymətləri illik rekord göstəricisinə çatmağa davam edir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yayımladığı hesabata əsasən, qlobal ərzaq qiymətləri, güclü tələbin və dolların zəifləməsi səbəbindən ardıcıl olaraq üçüncü aydır ki, avqust ayında da artmaqda davam edib. Həmçinin ərzaq qiymətlərinin bahalaşmağının səbəblərində biri də pandemiya ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan dünyada bahalaşan ərzaq məhsullarını idxal edirsə, bu, bizim bazarda da qiymətlərə təsir ötüşməyəcək. Çünki İdxal olunan malların qiymətləri qalxan kimi bu özünü yerli bazarlarda da göstərəcək.

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,9 milyon  manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi barədə 21 avqust 2020-ci il tarixli qərarı bu gündən qüvvəyə minir.

Qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Bundan başqa, 2 ildən az olmayaraq diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət etmiş, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3 000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. İndiyə qədər bu məsələlərdə limit olmayıb. /Yeni Sabah/

SOCAR hökumətə yeni strategiya təqdim edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “McKinsey” şirkəti ilə birlikdə SOCAR-ın 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlayıb və bütün təfərrüatı ilə hökumətə təqdim ediləcək.

Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilib.

R.Abdullayev qeyd edib ki, strategiyanın əsas prinsipləri sırasında şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarəetmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin artırılması, ölkənin yanacaq-enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı borclanmanın idarə olunması da mühüm yer tutur.

“Şirkətin idarəetmə modelinin təkmilləşdirilməsi, funksional idarəetmənin mərkəzləşdirilməsi, biznes əməliyyatlarının çevikliyinə nail olunması, bürokratik maneələrin aradan qaldırılması, idarəçilik proseslərinin sadələşdirilməsi bu məqsədlə nəzərdə tutulan mütləq şərtlərdəndir”,-deyə R.Abdullayev yazıb.

Onun sözlərinə görə, “2035-ci ilə kimi Korporativ Strategiya” SOCAR-ın qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirir.

Məqalədə qeyd edilir ki, strategiya neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən edir:

“Sənaye 4.0 tələblərinə uyğun olaraq hazırlanmış sənəddə istehsal tsiklinin rəqəmsallaşmasına, innovasiya və vençur layihələrinə ayrılan investisiya həcmlərinin artırılmasına, kadr potensialının ixtisasdəyişmə və ixtisasartırma proqramları vasitəsi ilə optimallaşdırılmasına xüsusi yer ayrılıb ki, bununla da şirkətimizin sosial məşğulluq üzrə öhdəliklərinin daha dayanıqlı şəkildə yerinə yetirilməsinə nail olunacaqdır. Yeni strategiya əsasında investisiya portfelimizi təkrar nəzərdən keçirərək, biznesimizin dayanıqlığını təmin etmək, habelə şirkətin əməliyyat modelinin səmərəliliyini artırmaq əzmindəyik”.

SOCAR prezidenti yazıb ki, respublikanın neftə, qaza, emal və kimya məhsullarına olan daxili tələbatını tam təmin etməklə, regional və qlobal enerji təhlükəsizliyində Azərbaycanın payını durmadan artırmaq həmişə olduğu kimi, başlıca strateji hədəflərimizdən biridir:

“Bu gün bütün dünyada üstünlük bərpa olunan enerjiyə verilir və bu istiqamətdə gedən transformasiya prosesləri dəstəklənir. Bu kursun perspektivi nəzərə alınaraq, gələcək illərdə aşağı karbon emissiyalı biznesin, sirkulyar iqtisadiyyatın və ekoloji cəhətdən daha təmiz əməliyyatların stimullaşdırılmasını qarşıya vacib məqsədlər kimi qoymuşuq. İnanırıq ki, “SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası” bizi bu məqsədlərə daha da yaxınlaşdıracaq və nəticə etibarilə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına mühüm töhfə verəcək”.

SOCAR-dan Aİ-92 benzini ilə bağlı

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) planlı təmiri müddətində Azərbaycanda daxili tələbatın qarşılanması üçün kifayət qədər Aİ-92 benzin ehtiyatı var.
Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, pandemiyanın vurduğu ziyana baxmayaraq, SOCAR yaranmış vəziyyətdən faydalana bildi:
“Ölkədəki qapanma nəticəsində mart-aprel ayından başlayaraq yanacağa tələbat səviyyəsi əhəmiyyətli dərəcədə azaldı ki, bu da zavodun fəaliyyətinin dayandığı müddətdə ehtiyat toplamağa, eləcə də müəyyən hissəni ixrac etməyə imkan verdi. Aİ-92 benzininin toplanmış ehtiyatlarının proqnozlaşdırılan istehlak səviyyəsinə əsasən demək olar ki, NEZ-in planlı təmiri müddətində benzin ehtiyatları daxili tələbat üçün kifayət edəcək və bu il bu növ yanacağın idxalına zərurət yaranmayacaq”.

İ.Əhmədov bildirib ki, Azərbaycan sonuncu dəfə Aİ-92 benzinini 2014-cü ilin dekabr ayında ixrac edib:

“2015-ci ildən başlayaraq, yəni beş ildən çoxdur ki, biz benzini ixrac etmirik, çünki bütün istehsal həcmi son onillikdə əhəmiyyətli dərəcədə artmış daxili tələbata yönəlir. Bu il qapanma dövründə daxili bazarda benzinə tələbat azaldığı üçün biz ixracı bərpa etdik. Amma tələb səviyyəsi artıq əvvəlki həddə yaxınlaşmaqdadır”.

Zabrat-Pirşağı dəmir yolu tunelində işlər nə yerdədir?  - Açıqlama

Zabrat-Pirşağı dəmir yolu tunelində tikinti işlərinin böyük qismi yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunub ki, bu günədək Abşeron dairəvi dəmir yolu boyunca 10 yerdə avtomobil yolları ilə dəmir yollarının eynisəviyyəli kəsişməsi ləğv edilib:

"Həmin ərazilərdə yeraltı tunel tipli avtomobil keçidləri inşa olunub. Hazırda inşası davam etdirilən əlavə 2 tuneldən birində işlər yekunlaşmaq üzrədir. Digəri isə Zabrat-Pirşağı dəmir yolu tunelidir ki, burada tikinti zamanı 70-dən çox ağacın köçürülməsi zərurəti yaranmışdı. Yaxın vaxtlarda həmin ağacların mövsümi köçürülməsinə başlanılacaq. Onu da qeyd edək ki, Zabrat-Pirşağı dəmir yolu tunelində aparılan tikinti işlərinin böyük qismi yekunlaşmaq üzrədir. Ağaclar köçürüldükdən sonra bu istiqamətdə işlər daha da sürətlənəcək". (Trend) 

Qusarda doqquz subartezian quyusu qazılacaq — SƏRƏNCAM Prezident İlham Əliyev Qusar rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Qusar rayonunun əhalisi 8999 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 9 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 630 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
FED uçot dərəcəsini sabit saxladı
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini sabit saxlayıb.

Qafqazinfo xəbər verir ki, bu barədə maliyyə nizamlayıcısının rəhbərliyinin iclasının yekunlarına dair məlumatında deyilir.

“Açıq bazar əməliyyatları üzrə Komitə federal fond üzrə hədəf aralığını 0-0,25% səviyyəsində saxlamaq qərarına gəldi”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti