|
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,4% artaraq 709,8 mln manat təşkil edib. Yol-xeber.az-ın DSK-ya istinadən verdiyi məlumata görə, bu ilin 11 ayında ölkədə 3 165,8 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,6% azdır. Bu ilin yanvar-noyabr aylarında ölkədə 360,2 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 34,2% çoxdur. Bu ilin yanvar-noyabr aylarında tikinti kərpicinin istehsalı 38,1% artaraq 390,3 min kubmetr təşkil edib.
Tikinti gipsinin istehsalı 66,5% azalaraq 13,5 min ton olub. Yanvar-noyabr aylarında tikinti əhənginin istehsalı 48,5% artaraq 40,6 min ton təşkil edib.
Yanvar-noyabr ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 79,8 min ton olaraq, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 26,8% artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 53,3% azalaraq 38,9 min kubmetr təşkil edib.
Ötən 11 ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 13,5% artaraq 34 457,4 ton təşkil edib. Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı da 28,1% artaraq 1 668,7 min ton təşkil edib.
Azərbaycanda son illərdə “dəmir yolu” bumunun başlanmasının şahidinə çevrilmişik. Köhnə vaqonları, gözümüzün uzun illər öyrəşdiyi bələdçiləri müasir qatarlar, gənc və gülərüz personal əvəz etməyə başlayıb. Yollarımızda müxtəlif dövlətlərin bayraqları əks edilmiş çoxlu yük vaqonları şütüyür.
Azərbaycan Şimaldan-Cənuba, Şərqdən Qərbə doğru gedən qatarların görüş yerinə – tranzit qovşağına çevrilməkdədir.
Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdə qərarlaşıb. Nəqliyyat infrastrukturunun səviyyəsinə görə isə Azərbaycan dünyada 31-ci yerdədir.
Davos Forumunun 2019-cu il üçün tərtib etdiyi “Qlobal Rəqabətlilik Hesabatı”na görə isə Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi üzrə MDB ölkələri arasında 1-ci olub. Azərbaycan 70,8 bal toplayaraq MDB-də lider, indeksin əhatə etdiyi 141 ölkə arasında isə 11-ci olub.
Bəs neft dövlətinin tranzit ölkəsinə çevrilməsində hansı şərtlər rol oynayıb? Azərbaycan bu çağırışların öhdəsindən gələ bilirmi?
Bu gün dünyada beynəlxalq ticarətin sürətlə artması nəticəsində dəmir yolu daşımaları prioritet məsələ hesab olunur. Dövlətlər arasında yük daşımalarının həcminin artması dəmiryolu qovşaqlarının inkişafına təsir edən prosesə çevrilib. Konteyner yük daşımalarının həcminin yüksək artımı dövlətləri beynəlxalq dəmir yolu şəbəkələrinə çıxışına həvəsləndirib, belə layihələrə böyük həcmdə investisiya qoymasına stimul verib. Ölkələr yerləşdikləri ərazidəki dəniz, quru yolu, dəmir yolu daşımalarında logistika mərkəzləri yaradaraq iqtisadi faydaları əldə etməyə çalışırlar.
Azərbaycan qədim zamanlardan müxtəlif ölkələrin tacirlərinin mal daşıdığı ticarət qovşağı olub. Tarixi “İpək yolu” üzərində yerləşən ölkəmiz ticarət üçün etibarlı və rahat yol sayılıb. Azərbaycanın coğrafi mövqeyi ölkəmizin yenə belə beynəlxalq qovşaq kimi çıxış etməsinə imkan verir.
Bu baxımdan ölkənin dəmir yolu şəbəkəsinin yenidən qurulması Prezident İlham Əliyevin əsas hədəflərindəndir. Çünki belə beynəlxalq şəbəkə ölkənin regional və beynəlxalq ticarətdə rolunun artmasına təkan verir, həm Şərq-Qərb dəhlizi, həm də Şimal-Cənub dəhlizi üzərindən tranzit ticarətindən, idxal-ixrac əməliyyatlarından pay əldə etmək imkanı yaradır.
Azərbaycan ərazisindən beynəlxalq daşımalar, əsasən dəmir yolu vasitəsilə həyata keçirilir. Son illərdə bu istiqamətdə aparılan dövlət siyasəti ciddi uğurlar əldə etməyə imkan verib.
Ölkədə 2015-ci ilə qədər tranzit yükdaşımaların həcmi aşağı idi. 2015-ci ildə Azərbaycanda dəmir yolları ilə cəmi 17,1 milyon ton yük daşınmışdı. Onun23,4 faizi (4 milyon ton) daxili yükdaşımanın, 32,2 faizi (5,5 milyon ton) idxal yüklərinin, 21,4 faizi (3,7 milyon ton) ixrac yüklərinin və 23 faizi (3,9 milyon ton) tranzit yüklərin payına düşüb. 2015-ci ildə Azərbaycanın ərazisindən dəmir yolu ilə daşınan yüklərin ümumi həcmində tranzit yüklərin payı cəmi 23 faiz olub. Halbuki, həmin dövrdə Gürcüstanda dəmir yolları ilə daşınan yüklərin 71 faizini tranzit yüklər təşkil edib.
Beynəlxalq tranzitdə vacib həlqə
Prezident İlham Əliyev “Azərbaycan Dəmir yolları” QSC-yə 2015-ci ildə təyin etdiyi yeni rəhbərliyinin qarşısında əsas məsələ kimi beynəlxalq yükdaşımalar üçün tranzit qovşağın yaradılması və daxili yolların dünya standartlarına çatdırılması qoyulmuşdu.
Bu baxımdan son 4 ildə Cavid Qurbanov QSC-nin fəaliyyətini yeni çağırışlara kökləyə bilib. Yürüdülən siyasətin zəruri rıçaqını təşkil edən “ADY” QSC ölkədə aparılan islahatların önündə gedən dövlət qurumuna çevrilib. Prezident İlham Əliyev Pirşağı stansiyasının açılışı zamanı ADY-nin bununla bağlı fəaliyyətinə toxunaraq dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində böyük irəliləyişlər olduğunu bəyan etmişdi. Dövlət başçısı Cavid Qurbanovun fəaliyyətini qeyd etməklə aparılan proses nəticəsində Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrildiyini demişdi.
Bu gün demək olar ki, ADY-nin rəhbərlik etdiyi böyük miqyaslı nəqliyyat layihələri ölkənin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Azərbaycanın qoşulduğu və vacib tərəfdaşa çevrildiyi beynəlxalq tranzit yolların qurulması vacib həlqə təşkil edib. Bu sırada 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu çox mühüm layihə olaraq dənizə çıxışı olmayan Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək şansı yaradıb. Açıqlanan rəsmi məlumatlara görə, təkcə ötən il bu yolla 300 min tona yaxın yük daşınıb.
Digər tranzit layihələri olan “Şimal-Cənub”, “Şimal-Qərb” nəqliyyat dəhlizi də ölkəmizə tranzit dövlət kimi uğur gətirir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələri üçün əla şərait yaradıb.
Rəsmi rəqəmlərə görə, 2018-ci ildə “Şimal-Cənub” dəhlizi ilə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artıb. Rusiyadan, İrandan gələn yüklər Azərbaycandan keçməklə “Şimal-Qərb” dəhlizi ilə Qərb istiqamətinə daşınır. Ərazimizdən Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər gedir. Azərbaycanın bu nəqliyyat dəhlizlərinin iştirakçısı olmaqla unikal tranzit imkanlarını nümayiş etdirir.
Bölgədə təhlükəsizliyi möhkəmləndirən əməkdaşlıq
Dəmir yolu nəqliyyatı sahəsindəki əməkdaşlıq eyni zamanda bölgədə təhlükəsizliyi möhkəmləndirir. Azərbyacan böyük dövlətlərin tranzit dəhlizlərində əsas qovşağa çevrilməklə həm də regionda özünün siyasi maraqlarının ardıcıl müdafiə etmək imkanı qazanır. Odur ki, “tranzit siyasəti” dövlətimizin xarici siyasətinin mühüm komponenti kimi çıxış edir. Aparılan bu siyasətin nəticəsidir ki, düşmən Ermənistan bütün cidd-cəhdlərinə baxmayaraq regiondakı nəqliyyatla bağlı böyük layihələrdən kənarda saxlanılıb. Ayrı-ayrı qitələri təmsil edən ölkələrin Azərbaycanla fəal əməkdaşlığa can atması bu siyasətin uğurunu təsdiq edən amildir.
Məsələn, “Şərq-Qərb dəhlizi”nə baxaq: Bu dəhlizə düşən Azərbaycan ərazisi Orta Asiyadan Qara dəniz regionuna məsafə baxımından ən qısa marşrutdur. Bakı ilə Tbilisi arasında dəmir yolu, Orta Asiya ilə Azərbaycan arasında bərə ilə daşınan dəmir yolu qatarları xətti Azərbaycanın bu marşrutda əsas iştirakçı olması üçün bir çox üstünlüklər yaradır.
Ən gəlirli marşrutların əksəriyyətinə rəqabətin güclü olduğu Çinlə ticarət daxildir. Azərbaycan Şərq-Qərb dəhlizi boyunca Çinlə Avropa arasında ticarətdən daha çox faydalanaraq, üstünlük əldə etməsinə imkan yarada bilər. Azərbaycandan keçən TRASEKA Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi Çinlə Avropa arasındakı beş əsas marşrut arasında ən sərfəli marşrut kimi çıxış edə bilər.
MDB ölkələri arasında dəmiryol əlaqələri son illərdə xeyli irəliləyiş əldə edilib. “Bir neçə il bundan əvvəl Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi, bu il isə 1-cidir”-deyə bir müddət əvvəl Cavid Qurbanov demişdi.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları ” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür. Bu qurumun fəaliyyəti əsasən keçmiş sovet ölkələri arasında sərnişin və yük daşımalarını həyata keçirməkdir.
Cavid Qurbanovun QSC-yə sədr təyin olunduğu 2015-ci ildə Şura üzvlərinin bir-birləri qarşısında əməliyyat fəaliyyəti borcu 48 mln. İsveçrə frank təşkil edib. Bu borcun 29,6 mln. frankı (61,6%-i) “ADY” QSC-nin payına düşürdü. 2014-cü ildə bu göstərici 41,4 % olub.
Amma 2019-cu ilin birinci rübünün nəticələrinə görə, səhmdar cəmiyyət debitor borclarını tam olaraq ödəyib. Bu münasibətlərdə yeni səviyyəni müəyyən edən amil kimi çıxış edir.
Tranzit yollarında ən güclü rəqib sayılan Rusiyanın Azərbaycanla birgə yükdaşıma dəhlizi ilə bağlı müzakirələri bu baxımdan diqqətçəkəndir. Rusiyanın Azərbaycanın tranzit imkanlarına marağı bu günlərdə Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov arasında görüş bir daha göstərdi. Rusiya tərəfi beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyəti barədə danışaraq “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun əhəmiyyətini xüsusi vurğulayıb. Həmçinin Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qars-nin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi müzakirə edilib.
Azərbaycanın nəqliyyat dəhlizi kimi perspekivi beynəlxalq maliyyə qurumlarının mövqeyində də özünü əks etdirir. Ən böyük maliyyə donorları sayılan Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya Bankı nəqliyyat layihələrinə həvəslə kredit ayırmağa hazır olduğunu bəyan edirlər. Ölkəmizin nəqliyyat imkanları onu dünya üçün cazibədar edib. Prezident İlham Əliyev Bakı Dövlət Universitetində çıxışı zamanı dediyi “bizə həvəslə kreditlər verirlər” ifadəsi dolayısı yolla ölkəmizin tranzit imkanlarına beynəlxalq marağına işarə idi.
Bakını birləşdirən yeni qovşaq
Azərbaycanda həmçinin ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində böyük addımlar atılır. Azərbaycanda dəmir yollarının uzunluğu 4200 kilometr, baş yolların uzunluğu isə 2955 km -dir. Rəsmi açıqlamaya görə, bu gün dəmir yolu sistemində 20 min nəfər işləyir. Burada əmək haqqı 2015-ci illə müqayisədə 95 faiz artıb. Əvvələr əmək haqqı 130 manat idisə, bu gün 583 manat civarındadır. Son illərdə 900 km yol dəyişdirilib, yeni elektrik qatarları alınıb. Elektrik qatarlarının sayı 9-a çatıb. 2017-ci ildə Bakı Dəmir Yolu Vağzalı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Əsaslı təmir və yenidənqurma işləri çərçivəsində dördü vağzala, dördü isə şəhərə çıxış üçün müasir səviyyədə 8 tunel də yaradılıb.
Dəmiryolunda aparılmış yeniliklərdən biri də sərnişin qatarları üçün onlayn bilet satışı sistemini tətbiqdir. Bundan başqa səyyar “ASAN qatar” xidməti böyük maraq doğurub. “ASAN qatar”ları ölkəmizdə geniş dəmiryolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur. Xidmətlər 4 dövlət orqanı – Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.
Bu sırada fevralda açılışı gözlənilən Bakı dairəvi dəmir yolu şəhər təsərrüfatında ciddi dəyişkik yarada biləcək, Bakı qəsəbələrini şəhərin mərkəzi ilə bağlayacaq. Xalq arasında “elektriçka” adlanan Bakı dairəvi dəmir yolu SSRİ-nin suqutundan sonra uzun illər işləməyib. Dövlət başçısının göstərişi ilə “ADY” QSC bu yolu yenidən tikməyə başlayıb. Məlumata görə, uzunluğu 200 kilometr olan bu dəmir yolu Xırdalan şəhəri də daxil olmaqla, bütün Abşeronu birləşdirir. Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib.
Yolun birinci hissəsi Abşeron dairəsini – Bakıdan çıxaraq Biləcəri, Xırdalan, Sumqayıt, Novxanı, Fatmayi, Məhəmmədi, Zabrat-1, Zabrat-2, Zabrat-3, Sabunçu, Bakıxanov, “Koroğlu” və nəhayət, Bakını birləşdirəcək. Bu yolla vətəndaşlar tıxaclarda vaxt itirməyəcək, daha da qısa müddət ərzində mənzil başına, iş başına çata biləcəklər.
Eyni zamanda, turizm mərkəzi sayılan Qəbələyə dəmir yolunun çəkilişi turzimin inkişafı üçün mühüm rol oynayacaq. Uzunluğu 46 km. olan Ləki-Qəbələ yolunun 11 kilometri artıq qoyulub. Yol gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq.
Bakı-Sumqayıt dəmir yolu ilə ilə hər gün 12 min sərnişin daşınır. Bakı dairəvi dəmir yolu açılandan sonra gündə təqribən 25-30 min sərnişin daşınacaq. Sərnişinləri daşıyan müasir “Stadler” vaqonları həm ekoloji cəhətdən təmiz, həm çox yüksək səviyyəli və sürətli qatarlardır.
Qarşıda duran məqsədlərdən biri də Bakı-Gəncə dəmir yolunu Gəncədən Gürcüstan sərhədinə qədər uzatmaqdır. Sərhəd rayonlarında yaşayan vətəndaşlar bu yoldan faydalanacaqlar.
Mühüm layihələrədən sayılan Ələt-Astara yolu ilə bağlı bütün layihələndirmə işləri görülüb. Astara-Astara yolunun 17 kilometrlik hissəsi artıq tikilib.
Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün də torpaq alınması prosesləri başa çatdırılıb. Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən gedəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Lənkəran indi böyük turizm potensialına malik olan bir rayondur. Yol hazır olduqdan sonra Lənkəranın sahil zonası da turizm üçün açıq olacaq.
Biləcəri-Yalama istiqamətində yolun tikintisi yanvar ayında başlanacaq. Uzunluğu 348 kilometr olan bu yolun artıq büdcəsi müəyyənləşib. O yolla Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəsi böyük dərəcədə artacaq.
Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələri Azərbaycanın beynəlxalq dəhlizlərə inteqrasiyasını gücləndirir, Azərbaycan ərazisindən Avropaya daşınması üçün yeni qapı rolu oynayır.
Beləliklə, dövlətimiz 2025-ci ilədək Azərbaycanın logistika və ticarət sahəsinə investisiya qoyuluşları baxımından regionda ən cəlbedici bölgəyə çevrilməsini əsas məqsəd kimi qarşıya qoyub. Bu perspektivin tərkib hissəsi olan dəmir yolları ölkənin beynəlxalq bazarlara çıxmasında önəmli rol oynayır.
Göründüyü kimi Azərbaycan dəmir yollarının yenidən qururlmasında ciddi nəticələrə nail olur. Bu öz növbəsində ölkəmizi beynəlxalq tərəfdaşlıq sistemində etibarlı dövlətə çevirəcək.
“Analitik” Təhlil Mərkəzi
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 5 402,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,1% azalıb.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr daşınmış yüklərin 35,6% neft yükləri təşkil edib.
"Dəniz limanları tərəfindən 7 441,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 6 858,0 min tonunu və ya 92,2% tranzit yüklər təşkil edib. 2019-cu il dekabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 214,2 min ton olub", - məlumatda qeyd edilib.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 35,2% artaraq 19,6 min nəfər olub.
Bu gün alıcılar daha çox alınası avtomobillərə üstünlük verir? Ümumiyyətlə avtomobil bazarındakı vəziyyət necədir? Yol-xeber.az xəbər verir ki, İctimai Tv-nin əməkdaşları bu suallara cavab tapmaq üçün maşın bazarlarında olublar. Satıcıların sözlərinə görə, alıcılar daha çox bələd olduğu avtomobillərə üstünlük verirlər. Bu isə işlənmiş və ili köhnə avtomobillərin qiymətinin bahalaşmasına səbəb olub.
"Dəyəri 10 min AZN olan avtomobil bazarda 20 minə təklif olunur. Çünki kənardan gəlmir. Çox adam maraqlanır, həm ehtiyat hissənin ucuzluğuna, həm də maşının tanındaığına görə məcbur qalıb alırlar", - deyə satıcı bildirib.
Bu ilin yanvar-noyabr aylarında "Bakı Metropoliteni" QSC 213,9 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2018-ci ilin 11 ayı ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 209,8 mln. nəfər olub.
Qeyd edək ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
"Ölkə.Az" azvision.az-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
Qurum rəhbəri bildirib ki, Bakı dəmir yolu xətti yalnız sərnişin daşımır, buradan həm də yük daşınır: "Məcburuq ki, səhər saat 11-ə qədər, axşam 4-dən sonra sərnişin daşınsın. Güzdək-Sahil yolunun yenilənməsi ilə əlaqədar Biləcəridə çeşidləmə stansiyasını, Şirvan və Ələt stansiyalarını köçürəcəyik. Bununla da Bakının xətlərinin sərnişinlərə xidmət etməsi üçün hazırlayacağıq. Buna bir qədər vaxt lazımdır. Bakı-Abşeron dairəsində 6 qatar çalışırdı. Bu gün 2 yeni qatar gətirilib. Dairə açılanda qatarın yolu uzanacaq. Qatar bütün dairəni gedəcəyi üçün həm məsafə intensivləşəcək, həm də yeni qatarlar cəlb edəcəyik. Qatar sayını artırmaqla sıxlığın qarşısını almış olacağıq. Bu gün ayrı-ayrı istiqamətlərə qatar gedir. Ona görə bu il belə ötüşdürəcəyik".
C.Qurbanov qeyd edib ki, yeni qatarlar 2021-ci ildən gəlməlidir: "Amma gələn il "Ştadler" kompaniyası ilə danışıqlar aparacağıq ki, 1 və ya 2 qatarın gətirilməsinə nail olaq. Onu götürəndən sonra sıxlıq aradan qaldırılacaq".
"Yol-xeber.az" oxu.az-a istinadən xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmiryolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Bakıda tramvay xətlərini yenidən tikmək çətindir, amma düşünülür:
“Biz bu məsələ ilə bağlı ölkə başçısına da müraciət etmişik. Bakı şəhəri Abşeronda yerləşdiyi üçün üçtərəfli su ilə əhatəlidir. Bakıya giriş-çıxış birdir və məhdudiyyət var.
Bu məsələlər birbaşa dənizə qədər aparıldığı üçün məsələnin üzərində işləmək lazımdır. Artıq xarici şirkətlərə müraciət etmişik, öz mütəxəsislərimiz də sistemli layihə hazırlayır.
Fikirləşirik ki, Biləcəridən Pirşağı tərəfə bir neçə xətt çəkməklə Əhmədliyə, “Nasosnu”ya, Maştağa və Pirallahıya tərəf travmayın hərəkətini yüngül formada qatarlar vasitəsilə həyata keçirmək olar. Bu, bizim diqqətimizdədir”.
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətində olan yolda baş vermiş çökmənin qarşısını almaq məqsədi ilə geoloji-kəşfiyyat işləri aparılıb. Agentlikdən Yol-xeber.az-a verilən məlumata görə, geoloji-kəşfiyyat işlərinin nəticələri ilə bağlı hesabat hazırlanıb. Hesabat əsasında Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “AzərYolElmiTədqiqatLayihə” institutunun və xarici mütəxəssislərin iştirakı ilə yolda aparılacaq bərkitmə işləri ilə bağlı layihə hazırlanıb.
Yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub. Onlardan biri yamacın aşağı hissəsində, biri isə yamacın orta hissəsində inşa ediləcək. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulacaq və üzərində 4 və 6 metr hündürlükdə istinad divarı inşa ediləcək. Yağış və qrunt sularının axıdılması üçün yeni drenaj sistemi yaradılacaq. İstinad divarlarında su axınını təmin etmək üçün eninə istiqamətdə borular atılacaq.
AAYDA-nin “AzərYolElmiTədqiqatLayihə” institutunun hazırladığı layihəyə əsasən isə yol yatağında və yol əsasında təmir-bərpa işləri aparılacaq. Yaxın müddət ərzində sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkətinin bərpa edilməsi planlaşdırılır. Bunun üçün yolun azı 2 hərəkət zolağı bərpa edilərək hərəkətə məhdudiyyət aradan qaldırılacaq.
Xatırladaq ki, sözügedən yolda noyabr ayının 7-də AAYDA-nin əməkdaşları tərəfindən çatların əmələ gəlməsi aşkarlanıb. Dərhal aidiyyəti qurumlara bununla bağlı rəsmi şəkildə məlumat verilib və agentlik tərəfindən ərazi nəzarətə götürülüb. Noyabr ayının 24-də yağan intensiv yağışlar nəticəsində çatların daha da böyüdüyü müşahidə edilməyə başlanılıb. Həmin gün axşam saat 7-8 radələrində yol ilə hərəkət tamamilə məhdudlaşdırılıb. Noyabr ayının 25-i səhər saat 5-6 radələrində yolda çökmə qeydə alınıb. Agentlik tərəfindən vaxtında görülmüş təhlükəsizlik tədbirləri daha ağır fəsadların baş verməsinin qarşısını alıb.
Hazırda ərazidə təmir-bərpa işlərinin başlanılması üçün hazırlıq işləri görülür.