Nazir müavini: "Azərbaycan istehsalı olan minik avtomobilləri uğurla satılır"
"Yəqin ki, 2020-ci ildə bu istiqamətdə uğurlarımız olacaq"

"İqtisadiyyat Nazirliyinin Neftçala Sənaye Məhəlləsində istehsal olunan "Khazar" markalı minik avtomobillərindən bu il 3 minə qədər satılıb".  Bunu "Report"a açıqlamasında nazir müavini Niyazi Səfərov deyir.  "Avtomobillərin istehsal olunduğu zavod qısa müddət ərzində bazarda yer tuta bilib, onun məhsulları həm nağd, həm də lizinq yolu ilə satılır, servislə təmin edilir. Gələn il bazara yeni modellər çıxarılacaq. Zavodun bazarda payını artırmaqla bağlı strategiyası var və ona uyğun işini qurur", - deyə o, qeyd edib.

 

Bundan başqa, N.Səfərovun sözlərinə görə, "Khazar” markalı maşınların Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələrə ixrac imkanları araşdırılır: "Yəqin ki, 2020-ci ildə bu istiqamətdə uğurlarımız olacaq".

Gəncə-Qazax-Gürcüstan magistralı 4 hərəkət zolağına genişləndirilir - FOTO
15 ildə I texniki dərəcəli yolların uzunluğu 8 dəfəyə qədər artaraq 890 km təşkil edir

Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidən qurulması və bu istiqamətdə aparılan islahatlar nəticəsində son 15 ildə I texniki dərəcəli yolların uzunluğu 8 dəfəyə qədər artaraq 890 km təşkil edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, dövlət başçısı beynəlxalqmiqyaslı “Böyük  İpəkyolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.

Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsi müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir.

 

Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun aparılır.

Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72,5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək.

Hazırda yol boyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işlərinə də start verilib.

Layihə çərçivəsində 31 yol qovşağı və ötürücüsü, 13 avtomobil körpüsü, 69 yeraltı keçid, 39 düzbucaqlı su keçidi, 523 suötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 86 avtobus dayanacağı quraşdırılacaq.

Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.

 
Avtomobil bazarında qiymətlər "əl yandırır" - VİDEO
Elə alıcılar da qiymətlərin yüksək olması səbəbilə büdcələrinə uyğun maşın tapa bilməməkdən şikayətləniblər

Azərbaycanda avtomobil bazarında satışın vəziyyəti zəif olaraq qalır.

Bu, "Report"un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

Satıcılar bildiriblər ki, bazara çoxlu sayda maşın çıxarılmasına baxmayaraq alıcı sayında azlıq müşahidə olunur. Bazarda nisbi tələbat isə əsasən Almaniya istehsalı və qiyməti 10 min manata qədər olan avtomobillərdir. 

 

Alıcı azlığının səbəbi kimi qiymətlərin baha olması göstərilir. Satıcıların sözlərinə görə qarşıdan soyuq aylar gəldiyi üçün qiymətlərin daha da artacağı gözlənilir. Elə alıcılar da qiymətlərin yüksək olması səbəbilə büdcələrinə uyğun maşın tapa bilməməkdən şikayətləniblər.

 
Azərbaycan Milli aviadaşıyıcısının donanmasına xeyli sayda yeni model təyyarələr daxil olacaq
Ətraflı məlumat ictimaiyyətə danışıqlar yekunlaşdıqdan sonra təqdim olunacaq

Azərbaycan Milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi proqramı ilə əlaqədar donanmasında təyyarə sayını xeyli artırmağı planlaşdırır.

Xüsusilə, AZAL-ın gələcək planlarına “Boeing” və “Airbus” kimi aparıcı istehsalçılardan 20-dən artıq yeni nəsil təyyarənin əldə edilməsi daxildir.

“Boeing” korporasiyası ilə iki ədəd “Boeing 777” geniş füzelyajlı təyyarənin alınması ilə bağlı razılıq artıq imzalanmışdır. Bu laynerlər Azərbaycan Milli aviadaşıyıcısının donanmasında yeni model təyyarə olacaq. Yeni hava gəmilərinin 2021-2022-ci illərdə “Azərbaycan Hava Yolları”nın uzaq məsafəli yeni istiqamətlərində istifadə olunacağı gözlənilir.

 

“Biz “Boeing” korporasiyası ilə münasibətlərimizi daha da inkişaf etdirməyi planlaşdırırıq, həmçinin, səkkiz ədəd “Boeing 787 Dreamliner” və üç ədəd “Boeing 777” təyyarəsini əldə etmək imkanlarını da nəzərdən keçiririk. Bu qərar uzaq məsafəli uçuşlarımızın coğrafiyasını genişləndirməyə imkan yaradacaq”, - AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Sözügedən hava gəmilərinin əldə edilməsi ilə bağlı məsələlər Cahangir Əsgərovun aviakorporasiyanın Sietldəki baş ofisinə işgüzar səfəri çərçivəsində “Boeing”in prezidenti ilə müzakirə olunacaq.

Bundan əlavə, AZAL aviaşirkəti aparıcı Avropa aviaistehsalçısı “Airbus” ilə Azərbaycana 10 ədəd yeni nəsil “Airbus A320Neo” təyyarələrinin çatdırılması ilə bağlı danışıqlar aparır. Özünü doğrultmuş bu orta magistrallı sərnişin təyyarələri populyar “Airbus A320” laynerinin təkmilləşdirilmiş versiyası olub, yeni nəsil mühərriklər, təkmilləşdirilmiş göyərtə sistemləri və daha geniş qanad ucluqlarına malikdir. “Airbus” artıq bu təyyarə ilə bağlı dünyanın müxtəlif aviaşirkətlərindən 7000-dən çox sifariş alıb.

Ətraflı məlumat ictimaiyyətə danışıqlar yekunlaşdıqdan sonra təqdim olunacaq.

İsveçrənin “Stadler” şirkəti FLIRT elektrik və dizel sərnişin qatarlarını Azərbaycana satacaq.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

“Azərbaycan Dəmir Yolları” QSC və “Stadler” 10 FLIRT qatarının tədarükü üçün 115 milyon dollar məbləğində müqavilə imzalayıb.

Bu qatarlardan dördü dizel-elektrik ötürücüsü ilə təchiz olunacaq, altısı isə elektrik vasitəsilə idarə olunacaq.

Üç qatar regionlararası daşımalar üçün, digər üç qatar isə şəhərkənarı nəqliyyat qismində istifadə olunacaq.

İcra Hakimiyyəti küçə təmirinə 3 milyon manata yaxın pul xərcləyəcək
Qalib şirkətə 2 855 010 manat ödəniləcək

Biləsuvar Rayon İcra Hakimiyyətinin Biləsuvar şəhərindəki Milli Qəhrəman Mübariz İbrahimovun adına olan küçənin abadlaşdırılması və müasir şəhərsalma prinsiplərinə uyğun yenidən qurulmasına dair elan etdiyi açıq tenderin nəticəsi məlum olub. Yol-xeber.az xəbər verir ki, tenderin qalibi “Cənub Təmir Tikinti-1 ” MMC-dir.

 

Qalib şirkətə 2 855 010 manat ödəniləcək. 

DİQQƏT! Azərbaycanda bu maşınların qiyməti kəskin artacaq

Gömrük Komitəsinin yaydığı məlumata görə, ölkəyə idxal olunan istehsal tarixi 7 ildən yuxarı avtomobillərə yüksək rüsum qoyulacaq. Artıq bununla bağlı hökumətə müraciət edilib. İrəli sürülən təklifin ekologiyanın təmiz saxlanmasına xidmət edəcəyi qeyd olunur. Bundan əlavə, xarici dövlətlərdə qeydiyyatda olan maşınların da Azərbaycanda 90 gündən artıq sürülməsinə məhdudiyyətlər qoyulub.

Bəs görək, yeniliklər ölkənin avtomobil bazarına necə təsir edəcək?

Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar avtomobil eksperti Elməddin Muradlı Lent.az -a münasibət bildirib. Ekspert Gömrük Komitəsi tərəfindən atılan addımların avtomobil parkının yenilənməsinə imkan vermədiyini vurğulayıb:

 

“Gömrük rüsumlarının artırılması ilə bağlı məsələ 2017-ci ildən qüvvəyə minən kimi qiymət artımı başladı. Bundan əvvəl isə 2015-ci ildə məlum devalvasiya ilə əlaqədar avtomobillərin qiymətində fantastik dərəcədə artım oldu. 2017-ci ildən isə hər il qiymətlər artaraq kəskin bahalaşıb. Ona görə də təklif etmişik ki, rüsumlar heç olmasa 2017-ci ildəki vəziyyətə qayıtsın. Həmçinin elektromobil və hibrid avtomobillər üçün də, əksər ölkələrdə olduğu kimi güzəşt tətbiq olunsun. Ancaq Gömrük Komitəsi bütün cəmiyyətin tam əksinə addımlar atır, avtomobil parkının yenilənməsinə imkan vermir”.

Elməddin Muradlı görülən işlərin avtomobil bazarına ziyan vuracağını və qiymətlərin artacağını bildirib:

“Keçirilən son mətbuat konfransı və tədbirlər də bunu deməyə əsas verir. Komitə özü də görür ki, rüsumlar baha olduğundan insanlar Gürcüstan və Rusiyadan işlənmiş maşınlar gətirir. Onları da qeydiyyatdan keçirmədən ölkədə sürürlər. Buna görə də komitə 1 il ölkədə qala bilməzsiniz, 3 aydan artıq qalmaq olmaz, qalırsınızsa vizanın müddətini göstərin və.s kimi yollarla mane olmağa çalışır. Bu açıqlamalardan belə başa düşdüm ki, onlar hər üsulla insanları məcbur edir ki, gəlib qeydiyyatdan keçsinlər. Səmimi olaraq deyirəm ki, komitənin əsas istəyi ekologiyanın, insan sağlamlığının qorunması deyil, rüsumların artması və insanların daha çox müraciət etməsidir. Əgər komitə ekologiyanın qayğısına qalan olsaydı Gürcüstan və İran kimi hibrid və elektromobillərin idxalına güzəştlər edərdi. Ancaq görülən bütün işlər əksinədir. Məhz bunlara görə də sözsüz ki, gələn ildən avtomobillərin qiyməti artacaq. Artıq indidən bu istiqamətdə müəyyən addımlar atılmasının da şahidi oluruq”.

Həmsöhbətimiz, insanların xeyrinə təkliflər verilməsinin vacibliyini qeyd edib:

“Komitə rəhbərliyi deyir ki, biz qərar qəbul etmirik, ancaq hökumətin verdiyi qərarları icra edirik. Ardınca da deyirlər ki, təklifləri özümüz veririk. Guya hökumətdə bu qərarları müzakirə edənlər alim, professordu? İnsanların xeyrinə təkliflər verilməsi daha doğru olar. Nəyə görə, hansısa gürcü balası 2000 manata aldığı avtomobili azərbaycanlıya 3000 manata satsın?! Elə şərait yaradılsın ki, azərbaycanlı özü gedib 2000 manata maşını xaricdən alıb gətirib sürsün. Başqa vaxt bəh-bəhlə deyirlər ki, Azərbaycan ticarət dəhlizinin üstündə oturub, Böyük İpək yolu belə gəldi və.s. Amma maşın bazarı baxımdan Gürcüstandan asılıyıq. Hamısının səbəbkarı Gömrük Komitəsidir. Xaricdən iki çanta ilə ölkəyə girəndə gömrükdə səni dünyaya gəldiyinə peşman edirlər”.

Maşın bazarı baxımdan Gürcüstandan asılıyıq
“Neft Fondunun gəlirlərinə qənaət etməliyik” — Prezident


"Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq"
Bunu Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı çıxışında bildirib ki, Fondun idarəetmədən əldə edilən gəlirləri artır. Bu, çox yaxşı göstəricidir:

"Bu il, - hələ il başa çatmayıb, - Dövlət Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artıbdır. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə edilmiş gəlirlərdir. Yəni, bu, böyük vəsaitdir. Fondun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi, bax, belə imkanlar yaradır. Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq. Hazırda bizim strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Bu, rekorddur, tarixi göstəricidir. Bu, göstərici məhz ona görə önəmlidir ki, o, bizim ümumi daxili məhsulumuzdan da çoxdur. Belə hallar indi çox nadir ölkələrdə müşahidə olunur. Eyni zamanda, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və biz bu göstəriciyə görə dünyada doqquzuncu yerdəyik. Biz gələn ilin büdcəsində neftin qiymətini 55 dollar səviyyəsində nəzərdə tuturuq. Bu da çox mühafizəkar yanaşmadır. Hazırda “Azeri Light” neftinin qiyməti 70 dollara yaxınlaşır, biz 55 götürürük. Çünki daha çox pul yığılsın. Məsələn, biz 65 götürsək, onda bu pul transfer şəklində büdcəyə gələcək və xərclənəcək. Ehtiyac yoxdur. İndi biz şəffaflıq, dürüstlük, islahatlar nəticəsində büdcəmizi digər sahələr vasitəsilə təmin edirik. Vergi və gömrük orqanları on ay ərzində 850 milyon manat əlavə vəsait toplayıblar. İlin sonuna qədər vaxt var, bu, artacaq. Ona görə biz Neft Fondunun gəlirlərinə qənaət etməliyik. Yəni, bir sözlə, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də çox düzgün yanaşma, düşünülmüş siyasət və xalqın maraqlarına uyğun atılan addımlar, bax, bu gözəl nəticəni əldə etməyə imkan verdi".
İdxal edilən avtomobil benzininə gömrük rüsumu tətbiq edilir
Qərar noyabrın 30-da qüvvədən düşür

Noyabrın 30-dan Azərbaycana xaricdən gətirilən avtomobil benzininə 15% gömrük rüsumu tətbiq ediləcək. Yol-xeber.az APA-ya istinadən məlumatına görə, Nazirlər Kabinetinin 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə etdiyi dəyişikliyə əsasən, sentyabrın 1-dən 90 gün müddətində Azərbaycana idxal edilən tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 92 və ya daha çox oktan ədədi ilə (tədqiqat metodu ilə) və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə (tədqiqat metodu ilə) avtomobil benzini 15% gömrük rüsumundan azad edilib.

Qərar noyabrın 30-da qüvvədən düşür.

Qeyd edək ki, Nazirlər Kabineti 26 avqust 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edib. Qərara əsasən sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 ton üçün 1 manata endirilib. Həmin müddət də sabah başa çatır və sabahdan benzinin hər tonu üçün 200 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Bakı-Şamaxı-Yevlax yolunun tikintisinə 11 milyon ayrıldı
Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezident İlham Əliyev Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli– İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli–İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,1 milyon (on bir milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti