![]() |
|
Azərbaycanda dəmiryolu stansiyaları naqilsiz internet ilə təmin ediləcək.
“Yol-xeber.az”ın məlumatına görə, “Azərbaycan Dəmir Yollarının Rəqəmsallaşdırılması ilə bağlı xərclər” layihəsi çərçivəsində 1 127,075 min manat ayrılacaq.
Layihə “B2B Group” MMC tərəfindən həyata keçiriləcək.
Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 350 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycanda 41 sahibkarın banka vaxtı ötmüş kredit borc öhdəliklərini dövlət qarşılayıb.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Məlumata görə, Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli qərarına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illər ərzində kommersiya banklarının sahibkarlara ayırdığı kredit məbləğinin 60 %-nə qədər olan hissəsinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.
Dövlət dəstəyi sayəsində 2628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayrılıb ki, onun da 291,6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub. Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Fondun isə qeyd olunan banklarla və sahibkarlarla bağladığı sazişlərə uyğun olaraq Nazirlik həmin kreditlər üzrə dövlət zəmanətinin verilməsində zamin tərəf müəyyən olunub.
Dövlət zəmanətli kreditlərin ayrıldığı müddətdən etibarən əsas borc öhdəliyi vaxtında yerinə yetirilmədiyindən Maliyyə Nazirliyi ümumilikdə 7 bank qarşısında zamin tərəf olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına 2022-ci ildə 14 sahibkarın əvəzinə 658,2 min manat, 2023-cü ilin 12 ayı ərzində isə 27 sahibkarın əvəzinə 1 531,1 min manat həcmində vəsait ödəyib. Beləliklə, proqramın qüvvədə olduğu iki il ərzində ümumilikdə 41 sahibkarın 2 milyon 189 min 300 manat məbləğində vaxtı ötmüş kredit borc öhdəlikləri dövlət tərəfindən qarşılanıb.
Dövlət zəmanətlərinin verilməsi şərtlərinə uyğun olaraq, Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti əsasında sahibkarlıq subyektlərinin əvəzinə banklara ödənilmiş kredit borcunu həmin sahibkarlıq subyektlərindən tələb etmək hüququna malikdir.
Bu ay Azərbaycanda rekord məbləğdə dollar satılıb.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, dekabrın hələ bitməməsinə baxmayaraq yalnız Mərkəzi Bankın hərracları vasitəsi ilə geridə qalan günlərdə 603,8 milyon dollar satılıb:
"Digər aylar üzrə rəqəmlər belədir: noyabr ayı - 234,7 milyon dollar; oktyabr - 202,6 milyon dollar; sentyabr -164,5 milyon dollar; avqust- 93,9 milyon dollar; iyul- 272,7 milyon dollar; iyun - 78,9 milyon dollar; may - 277,2 milyon dollar; aprel - 286 milyon dollar; mart -383,9 milyon dollar; fevral- 356,6 milyon dollar və yanvar - 188,5 milyon dollar. 2023-cü ilin geridə qalan dövründə isə Mərkəzi Bankın hərraclarında bütövlükdə 3 milyard 143 milyon dollarlıq sifariş yaranıb".
Millət vəkilinin sözlərinə görə, mövsümü və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir: "Azərbaycan idxalının artması da dollara tələb formalaşdırmaqdadır. Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollarlıq idxal qeydə alınıb. Deməli, idxaldakı artımlar da dollar alışını artırır".
"Deməli, Azərbaycan üzən məzənnə rejiminə keçməsə də, dollara tələbin artması müşahidə olunmaqdadır. Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir", - deyə V. Bayramov əlavə edib.
Azərbaycanın daha bir bölgəsində güzəştli mənzillərin satışına başlanılacaq.
Bu barədə İqtisadiyyat.az Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) məlumat əldə edib.
Belə ki, Naxçıvan şəhərində mənzil bazarının araşdırılması, mövcud vəziyyətin təhlili və müəyyən ediləcək ərazidə inşa olunacaq layihəyə dair tələbatın öyrənilməsi işlərinə başlanılır.
İlkin olaraq, vətəndaşların mənzil şəraiti, mənzili dəyişmək planları, onların mənzil ehtiyacları, mənzil əldə etmək niyyətləri, ailə təsərrüfatlarının gəlirliliyi, yeni tikili mənzillərə dair alıcılıq qabiliyyəti, müəyyən ediləcək ərazidə vətəndaşların yeni tikiləcək mənzilləri əldə etmək marağı öyrəniləcək. Bununla bağlı üz-üzə sorğular həyata keçiriləcək.
Həmçinin güzəştli mənzil əldə etmək hüququ olan şəxslərin sayı müəyyənləşdiriləcək.
Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
“Yol-xeber.az” xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 600,0 (altı yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə illik inflyasiyanın 5-5,5% civarında olacağını gözləyir.
Bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Məlumata görə, inflyasiyanın xarici amillərinin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonunda formalaşmasını dəstəkləyəcək.
Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkədə real iqtisadi artım tempinin 3-3,5% civarında olmasını gözləyir.
Bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Məlumata görə, o cümlədən qeyri-neft-qaz sektorunda 5-5,5% civarında iqtisadi artım proqnozlaşdırılır.
"Növbəti ildə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artıma müsbət impluslar verəcək", - deyə bəyanatda qeyd olunub.
Yaxın gələcəkdə Ağdama daha sonra isə Xankəndiyə dəmir yolunun fəaliyyətə başlaması Qarabağ bölgəsinin iqtisadi və turizm potensialından tam istifadə ediməsinə imkan yaradacaq.
Artıq Bakı-Xankəndi dəmir yolunun Bərdə - Ağdam hissəsinin çəkilişi başa çatıb.
Prezidentin xüsusi nümayəndəsi olan Emin Hüseynov bildirib ki, Ağdam şəhərində daxili yolların uzunluğu 200 km-ə yaxındır:
"Burada geniş, altı-səkkiz zolaqlı prospektlər var. Tarixi-mədəni mərkəz hissəsi beş yaşayış kompleksindən, açıq səma altında İşğal Zəfər Muzeylərindən, İmarət Kompleks Sarayından, Cümə Məscidindən və İnzibati mərkəzdən ibarətdir. Şəhərin mərkəzi hissəsinin hazır olması ilə yanaşı, bu hissələri əhatə edən daxili yol komunikasiya şəbəkəsi də qrafikdə göstərilmiş zamana uyğun olaraq hazır edilib təhvil veriləcək”.
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tarixində ilk dəfə sərnişindaşıma xidmətində il ərzində rekord göstərici – 7 milyonuncu sərnişin qeydə alınıb.
Son illər ADY-də keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Belə ki, 2023-cü il üçün nəzərdə tutulmuş 6 milyonluq hədəf aşılaraq ilk dəfə il ərzində 7 milyon sərnişin daşınıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə 2 dəfədən çoxdur. Son iki ilə nəzər saldıqda isə dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon nəfər olub.
ADY-nin Sərnişin daşımaları departamentinin nümayəndələri 7 milyonuncu sərnişin Sevil Əlimərdanovanı təbrik edərək bu münasibətlə ona ölkədaxili istiqamətlər üçün birinci sinif üzrə iki gediş-dönüş bileti və xatirə hədiyyələri təqdim edib.
Sərnişin S. Əlimərdanova da, öz növbəsində, ADY-yə təşəkkür edərək sürətli sərnişin qatarları ilə hərəkətin olduqca təhlükəsiz və rahat olduğunu bildirib.
Qeyd edək ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə iş günləri 31 minə yaxın sərnişin təhlükəsiz və etibarlı şəkildə mənzilbaşına çatdırılır. Xidmətdə davamlılıq və keyfiyyətin təmin edilməsi istiqamətində İsveçrənin “Stadler Rail Group” şirkətindən alınmış 10 yeni FLIRT qatarından dördü artıq ölkədədir, altısının isə gələn il ərzində ölkəyə gətirilməsi nəzərdə tutulub. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş bu on qatardan dördü yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək. Bu da gələn il marşrutlar üzrə əlavə 300 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırmaq imkanı yaradacaq.