|
Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanovun vəkili Əlibaba Rzayev Globalinfo.az-a açıqlama verib.
O deyib ki, məhkəmədə ortaya kifayət qədər dəlil qoysalar da, İ.Süleymanovu yenə də azad etməyiblər:
“Ümumiyyətlə, cinayət hadisələrində sübut etmə vəzifəsi istintaq tərəfinin üzərinə düşür. Yəni istintaq orqanı kimisə cinayət əməli törətməkdə ittiham edirsə, sübutları da ortaya o qoymalıdır. Təqsirləndirilən şəxs isə günahsız olduğunu sübut etməyə borclu deyil. Amma cinayət işi üzrə istintaq orqanı İlkin Süleymanovun cinayət hadisəsi ilə hər hansı əlaqəsinin olduğuna dair bir dənə də olsun ortaya mötəbər sübut qoya bilmədi.
Baxmayaraq ki, sübut etmə yükü bizim üzərimizə düşmür, biz yenə də məhkəməyə kifayət qədər faktlar və sübutlar təqdim etmişik. Bu da onu deməyə əsas verir ki, cinayət hadisəsinin İlkin Süleymanovla heç bir əlaqəsi yoxdur”.
Vəkilin sözlərinə görə, irəli sürülən ittiham o qədər əsassız, saxta və sübutsuzdur ki, bunun əsassız, qanunsuz olduğunu müəyyən etmək üçün hüquqşünas olmağa ehtiyac yoxdur:
“Ona görə də ölkə ictimaiyyəti çox rahat şəkildə məsələni müzakirəyə çıxarıb. Məsələnin ictimai müzakirəyə çıxarılmasında xüsusilə jurnalistlərin xidməti böyük oldu. Onların sayəsində cəmiyyət artıq İlkinin günahsız olduğuna əmindir. Amma baxmayaraq ki, saysız-hesabsız sübutlar gətirmişik, yenə də adam həbs olundu”.
Ə.Rzayev deyib ki, istintaq İlkinin günahsız olduğunu çox gözəl bilir:
“2 il davam edən məhkəmə prosesində məhkəməyə də aydın şəkildə bəlli oldu ki, doğrudan da İlkinin bu cinayət hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Biz onların münasibətlərindən də sezirdik ki, İlkin Süleymanovun cinayətlə əlaqəsi olmadığına əmindirlər. Amma təəssüflər olsun ki, bilə-bilə ittihamedici hökm çıxardılar. Bu qədər açıq saxtakarlığın, təqsirsiz olduğu materialların ortada olduğu halda yenə də ittiham hökmü çıxarılması məhkəmənin iradəsinə uyğun olmadığını göstərir.
Apelyasiya Məhkəməsinə müraciət etməyə hazırlaşırıq. Ümid edirik ki, bu dəfə məsələyə obyektiv yanaşaraq, ədalətli hökm çıxaracaqlar”.
Son bir həftədə Ermənistan və Qarabağdakı separatçılar az qala hər gün Azərbaycan Ordusuna qarşı müxtəlif təxribatlar törədirlər. Son olaraq iyunun 6-da ermənilər Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumatında bildirilir ki, iyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Eyni zamanda qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bütün bunlar onu göstərir ki, sülh danışıqlarının intensivləşdiyi bir şəraitdə İrəvan və separatçılar Azərbaycana qarşı törətdiyi təxribatları intensivləşdiriblər.
Bu isə Azərbaycanın düşməni yerində otuzdurmaq üçün istər-istəməz yeni antiterror əməliyyatı keçirməsini zəruri edir.
Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, Azərbaycan tərəfi erməni separatçılarını yerlərində otuzdurmaq üçün onlara qarşı ən sərt tədbirlərə əl atmalıdır:
“Bu gün Ermənistan və Azərbaycanın inzibati rayonu olan Qarabağda baş verən hadisələrin Fransa, Rusiya və İran kimi kordinatorları var. Onlar Qarabağ probleminin həllini istəmirlər. Bu gün baş verənlər bölgəmizdə maraqları toqquşan güclərin Azərbaycana qarşı münasibətinin ifadəsidir. Ona görə də Azərbaycanın bu istiqamətdə mövqeyi hər gün daha da aydınlaşdıqca, onların da təpkisi artır.
Azərbaycan Prezidenti məsələ ilə bağlı öz mövqeyini konkret bildirərək, dəfələrlə vurğulayıb ki, Qarabağ məsələsi həll olunub. Burada hər hansı narazılıq, etiraz olarsa, Azərbaycanın daxili işi olaraq onun özü tərəfindən həll olunacaq. Yəni bu məsələdə kənar dövlətlərin müdaxiləsinə imkan verilməyəcək.
Dövlət başçısı son mesajında amnistiya kimi hüquqi termindən istifadə edib. Silahı könüllü şəkildə yerə qoyanlar, Azərbaycan vətəndaşlığını qəbul edənlər onlar barədə amnistiya aktı tətbiq edilə bilər. Əks təqdirdə, Azərbaycan təxribatçılara qarşı ən sərt mövqedən çıxış edəcək.
Beynəlxalq hüquq və Konstitusion hüquqlar da Azərbaycana öz ərazisi daxilində antiterror əməliyyatı, preventiv tədbirlər keçirməyə imkan verir. Görünən odur ki, Azərbaycan təxribatçılara, separatçılara daha kəskin şəkildə cavab verməsə, onların burnunu əzməsə, onlar sakitləşməyəcəklər”.
Bakıda evə basqın edilib, saxlanılanlar var.
İyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Ermənistandan Xankəndiyə gəlmək istəyən mülki geyimli hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb.
Axar.az-a istinadla xəbər verir ki, bu barədə iddia erməni mediasında yayılıb.
Bildirilib ki, bu fakt Xankəndidəki separatçılar arasında ciddi narahatlığa səbəb olub. Belə ki, mülki geyimli şəxsin məhz hərbçi olduğu haqda Azərbaycan sərhəd-keçid məntəqəsində məlumat olması onları heyrətə gətirib.
“Belə görünür ki, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Bütün bunlar, əlbəttə ki, acı bir reallıqdır”, - deyə məlumatda bildirilir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi və siyasi-diplomatik yolla bir qərinəyə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad olunub. Prezidentimizin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqımızın əzmkarlığı ilə həmin ərazilərdə yüksək intensivliklə abadlıq-quruculuq işləri həyata keçirilir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər müvafiq qurumların nümayəndələri ilə birlikdə Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndləri və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkarlanan kütləvi məzarlıqlardan, eləcə də Şuşa həbsxanasının ərazisindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib. Həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.
Bunu Azərtac-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
O qeyd edib ki, Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev ara-sıra qeyd olunan ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində maraqlanıb, müvafiq tövsiyələr və tapşırıqlar verib.
Hərbi prokurorun böyük köməkçisi bildirib ki, Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti və Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin ibtidai araşdırmaya prosessual rəhbərliyi ilə davam etdirilir.
Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün hüquqi tədbirlərin görülməsi təmin ediləcək.
Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, əraziyə xüsusi texnikalar və canlı qüvvəs cəlb olunub.
Bildirilib ki, alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.
Qeyd olunub ki, sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.
Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonunun ərazisində bir-neçə avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilir ki, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.
Görülən tədbirlər nəticəsində yollar boyunca hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev telejurnalist Ceyhun Rzayevin intihar anonsu ilə bağlı açıqlama verib.
“Telejurnalist Ceyhun Rzayevin çağırışı ilə əlaqədar DİN tərəfindən təcili müdaxilə edilib. O fikirindən daşındırılaraq polis orqanına dəvət edilib. Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir”, - DİN rəsmisi bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ceyhun Rzayev "Qafqazinfo" vasitəsilə müraciət yaymışdı. O, valideynləri tərəfindən yaşadığı evdən çıxarıldığını və mülkiyyət hüququnun pozulduğunu bildirmişdi.
***
ATV-nin jurnalisti Ceyhun Rzayev intihar edəcəyini elan edib.
Tanınmış idman jurnalisti ailə münaqişəsi səbəbindən həyatına son qoyacağını deyib: “Bu gün saat 11:00-da intihar edəcəyəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər.
İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər”.
C.Rzayev ünvan olaraq Nəsimi rayonu, Kaveroçkin küçəsi 8 ünvanındakı binanı göstərib.
Artıq hadisə yerinə polis əməkdaşları və xilasedicilər gəlib.
Qeyd edək ki, bir müddət əvvəl Ceyhun Rzayev valideynləri tərəfindən yaşadığı evdən çıxarıldığını və mülkiyyət hüququnun pozulduğunu bildirmişdi.