|
Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutması ilə baş verib.
Digər 15 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulması ilə qeydə alınıb.
Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ötən gün axşam saatlarında yağan güclü leysan yağışları nəticəsində Göygöl rayonunun Aşağı Zurnabad, Şəhriyar, Kərəmli və Topalhəsənli kəndlərindən sel keçib.
Göygöl Rayon İcra Hakimiyyətinin rayon Fövqəladə Hallar Komissiyasından “Report”un Qərb bürosuna bildirilib ki, sel həmin kəndlərə ciddi zərər vurub.
Qeyd edilib ki, sel nəticəsində, əsasən, avtomobil yoluna, qaz xətlərinə, elektrik və rabitə təsərrüfatına, həmçinin vətəndaşlara məxsus əkin və həyətyanı sahələrə zərər dəyib.
Bildirilib ki, aidiyyəti qurumların, idarələrin əməkdaşları və texnikalar dərhal hadisə yerinə cəlb olunub, fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
Vurğulanıb ki, hazırda hər dörd kənddə qazın və elektrik enerjisinin verilməsi qismən bərpa olunub. Eləcə də bu kəndləri birləşdirən avtomobil yolu təmizlənib və hərəkət bərpa edilib:
“Kənddaxili yollarda isə ciddi fəsadlar olmayıb. Son məlumata görə, vətəndaşlara məxsus müxtəlif markalı beş avtomobilə zərər dəyib, obyektlərə və evlərə isə qismən ziyan dəyib. Hazırda komissiyanın əməkdaşları tərəfindən araşdırmalar aparılır, dəymiş ziyanlar hesablanır”.
Xatırladaq ki, təbii fəlakət nəticəsində 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanov selə düşərək həlak olublar.
Göygöl rayonunun Topalhəsənli kəndində iki nəfəri sel aparmasının görüntüləri yayılıb.
Həmin görüntüləri təqdim edirik:
May ayının 24-də saat 11:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Zevin kənd sakinləri - Şamo Faiq oğlu Şirbəyov və İlyas Rahib oğlu Şirbəyli tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 13 kiloqram narkotik vasitə (11 kq marixuana, 2 kq metamfetamin) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov dünən Bakıda gözəllik salonunda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə Nəsimi rayonu ərazisindəki gözəllik salonunda baş verib. Eşqin Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
***
Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov həbs olunub.
OLAY məlumatına görə, Cəlilov inzibati xətalar məcəlləsinim 510-cu (xırda xuliqanlıq) və 157-ci (adam döymə) maddələri ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Aysunla Eşqin ötən ilin avqustunda ilə qurub. Onlar bir müddət əvvəl 8 aylıq evliliklərini sonlandırdığını açıqlayıb.
Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.
Araşdırma aparılır.
Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.
Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotikləri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən mütəşəkkil dəstənin əsas üzvlərinin saxlanılması istiqamətində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Onların üzərindən və Zakir Nağıyevin idarə etdiyi avtomobildən ümumilikdə 187 kiloqram, o cümlədən 113 kiloqram tərkibi psixotrop maddələr əlavə edilərək zənginləşdirilən marixuana, 37 kiloqram heroin, 36 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 5 min ədəd "Metadon M40" həbi aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı Elşad Əliyev və Zakir Nağıyevin vaxtaşırı olaraq "Rəsul", “Rza” və şəxsiyyətləri araşdırılan digər İran vətəndaşları ilə əlbir olaraq narkotikləri dəniz yolu ilə ölkə ərazisinə gətirdikləri məlum olub. Saxlanılan şəxslər həmin narkotikləri əldə edəndən sonra Bakı şəhərində ayrı-ayrı şəxslərə ötürərək satışını təşkil etməli imişlər. Elşad Əliyev və Zakir Nağıyev ifadələrində dəfələrlə İrandan xüsusi katerlərlə dəniz vasitəsi ilə qaçaqmalçılıq yolu ilə Xəzər rayonu Zirə qəsəbəsində hər kəsin “qartalın burnu” kimi tanıdığı yerə göndərilən narkotikləri xüsusi texniki vasitələrdən istifadə etməklə əldə etdiklərini və satışını həyata keçirdiklərini bildiriblər.
Qeyd edək ki, Elşad Əliyev va Zakir Nağıyev ətrafda şübhə oyatmamaq üçün ilk baxışdan hər kəsdə balıqçı görüntüsü yaradıblar. Araşdırmalarla onların dəniz yolu ilə gətirilən narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olmaları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
“Dəniz yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirməyə çalışan narkoşəbəkənin daxildə və xaricdəki digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir”, - məlumatda qeyd olunub.
Son günlər Xankəndidəki erməni separatçıları arasında gərginlik artıb. Müxtəlif qruplar və şəxslər bəyanatları ilə parçalanma yaradırlar.
Axar.az xəbər verir ki, bunu separatçıların rəhbəri Araik Arutyunyan da etiraf edib.
Separatçıbaşı panika içərisində bir sıra “qərarlar” verib:
“Hazırki böhranlı vəziyyətdə “növbədənkənar prezident” və “parlament seçkiləri” ilə bağlı hər cür müzakirələri dayandırıram. Sərbəst toplaşmaq azadlığını məhdudlaşdıracağam”.
İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi ilə bağlı əmlakın müsadirə olunma qərarından ailə üzvləri tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb.
Apa xəbər verir ki, Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılan iş üzrə qərar elan olunub.
Məhkəmə məhkum şəxsin ailə üzvlərinin şikayətini əsassız sayıb. Dəyəri 5 milyon manatdan artıq qiymətləndirilən əmlakların dövlət nəfinə müsadirəsi qərarı qüvvədə saxlanılıb. Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, oğlu Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyirdi.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, üzərinə həbs qoyulmuş 5 344 000 manatlıq əmlak dövlət nəfinə müsadirə olunub.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.