|
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə "Bizim Market" MMC-nin satdığı, "Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb.
Dövlət Xidməti xəbər verir ki, araşdırma nəticəsində istehlakçının çəkidə aldadıldığı müəyyən edilib.
"Bizim Market" barədə inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Xatırladaq ki, Dövlət Xidməti çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı iri çörək istehsalçılarının və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərib, onlardan qanunvericiliyə riayət olunmasını tələb edib. İstehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və yaxud çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda istehlakçıların aldadılmasına görə fiziki şəxslər 350-500 manat, vəzifəli şəxslər 1 500-2 000 manat, hüquqi şəxslər isə 4 000-6 000 manat inzibati qaydada cərimə edilir.
Azərbaycanda daha bir dələduzluq növü üzə çıxıb.
Bu barədə texnobloger Fərid Pərdəşünas televiziya verilişlərindən birində çıxış edərkən deyib. O qeyd edib ki, onlayn yolla həyata keçirilən fırıldaq zamanı bəzi vətəndaşların bank hesabından tranzit hesab kimi istifadə edilərək, başqa şəxslərin pulları ələ keçirilib:
“Şəki şəhərində yaşayan yaşlı xanım bir xalçanı 1000 manata satışa qoyur. Bu xanıma xarici nömrədən votsap üzərindən mesaj gəlir ki, biz xalçanı almaq istəyirik. Deyirlər ki, əvvəlcə kartınıza beh göndərəcəyik, sonradan gəlib xalçanı götürəcəyik. Xanım razılaşır və o qədər də məlumatı olmadığı üçün qızını bu işə cəlb edir. Qız da məlumatlı olduğundan içərisində vəsait olmayan boş kart göndərir. Qarşı tərəf təbii olaraq şəxsiyyət vəsiqəsinin məlumatlarını və 3D təhlükəsizlik kodunu istəyir və bütün məlumatlar göndərilir. Məlumatları göndərən şəxs rahat olur ki, onsuz da boş kart verdiyindən problem olmayacaq. Amma dələduz da burada qeyri-adi bir yola əl atır. Əslində, dələduzun məqsədi xanımın bank hesabındakı pulu çəkmək yox, bank hesabından tranzit hesab kimi istifadə etməkdir.
Belə ki, dələduz bankın mobil tətbiqini yükləyir, həmin xanımın mobil bankına daxil olur. Artıq xanımın şəxsiyyət vəsiqəsinin məlumatları və mobil bankı dələduzun adına keçmiş olur. Burada dələduzun növbəti addımı başqa bir qurbanı tapmaqdır.
Həmin dələduz evini elan saytında satışa qoyan və Bakıda yaşayan bir şəxsə zəng edir. Ev yiyəsi də sevinir ki, 2 ildir sata bilmədiyi evinə “müştəri” tapıb. “Müştəri” xanıma evə beh verməyi təklif edir. Dələduz bu zaman ikinci yazdığı şəxsə isə öz adından yox, Şəkidəki xanımın adından müraciət edir. Evini satan xanıma şəkili qadının məlumatları ardıq inandırıcı görünür. Çünki baxır ki, Şəkidə yaşayan azərbaycanlıdır, kartı Azərbaycana aiddir və mənfi hal baş versə, rahatlıqla polisə verə biləcək. Dələduz ev satan şəxsin kartından Şəkidəki qadının kartına 12 min manat pul köçürməsi edir.
Bu zaman şəkili qadının hesabı tranzit hesab rolunu oynayır, çünki dələduz həmin hesab vasitəsilə pulu ölkə xaricinə çıxaracaq. Sonradan təbii ki, bütün günah şəkili qadının üstündə qalacaq. Polis bunu üzə çıxarsa belə hər şey üçün gec olacaq”,- deyə o qeyd edib.
F.Pərdəşünas vətəndaşlara xəbərdarlıq edərək, bu cür hallarda ehtiyyatlı davranmağa çağırıb.
Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib.
Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək.
***
Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb, 20-yə yaxşın şəxs xəsarət alıb.
"Report" məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, magistiral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə "QAZel" markalı avtomobilin toqquşması nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb.
Onlar xəstəxanaya çatdırılıb, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
23 sentyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda saxlanılan Ermənistan vətəndaşlarına baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb.
Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fuqimasiya Mərkəzinin traktorçusu bədbəxt hadisə nəticəsində ölüb.
Qafqazinfo xəbər verir ki, hadisə sentyabrın 25-də Tovuzun Hacallı kəndində baş verib. Mərkəzin əməkdaşı, 1972-ci il təvəllüdlü Asif Şamilov ərazidə saxlanılan traktorun qəfil hərəkətə başlayaraq yoxuşdan üzüaşağı getdiyini görüb. O, özünü yetirərək traktoru saxlamağa çalışıb. Lakin bu zaman ehtiyatsızlıqdan traktorun altına düşərək ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılsa da, 50 yaşlı kişini xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Hakimlərə qarşı terrorçuluğa açıq çağırışlar edilməsində şübhəli şəxs müəyyən olunaraq həbs edilib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.
Azərbaycan Cinayət Məcəlləsinin 214-2-ci (Terrorçuluğa açıq çağırışlar) maddəsi ilə başlanılan cinayət işi üzrə aparılan kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində feysbuk sosial şəbəkəsində Gəncə şəhərində baş vermiş kütləvi iğtişaşlara görə hökm çıxaran hakimlərin fotoşəkillərinin əks olunduğu paylaşımlarda onların gizlin şəraitdə öldürülmələrinə dair yazılar yerləşdirməklə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən hakimlərin həyatına sui-qəsd etməyə açıq çağırışların xarici ölkə vətəndaşı Bayramov Mühəndis Alyoşa oğluna məxsus sosial şəbəkə profilindən edilməsi müəyyən olunub və onun barəsində axtarış elan edilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən tədbirlərlə Mühəndis Bayramov saxlanılaraq həbs edilib və barəsində aparılan cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.
"Ölkədə ictimai təhlükəsizliyi təhdid edən, ədalət mühakiməsinə və dövlət orqanlarının fəaliyyətinə qarşı yönələn bu cür əməllərlə bağlı zəruri hüquqi tədbirlər bundan sonra da davamlı olaraq həyata keçiriləcəkdir", - məlumatda qeyd olunub.
44 günlük müharibədən sonra ikinci ildir ki, Ermənistan hakimiyyəti Azərbaycanla sərhədin möhkəmləndiyini, lazımi səngərlərin və istehkamların qurulduğunu bəyan etsə də, ön cəbhədə xidmət edən erməni əsgərlərin əksəriyyəti bunun əksini iddia edirlər.
Axar.az xəbər verir ki, bununla bağlı "Azadlıq” radiosunun erməni redaksiyası sensasion faklar açıqlayıb.
“Sosial şəbəkələrdə son günlər bu barədə çoxlu müzakirələr yaranıb. Onlardan birinin müəllifi Zəngəzur vilayətindəki erməni əsgərlərinin Ermənistan Müdafiə Nazirliyinə ünvanladığı məktubu bölüşüb: “Bizim heç balaca bellərimiz yoxdur ki, səngərləri düzəldə bilək. Biz burda öləcəyik”.
Bir neçə gün əvvəl sərhəddə baş vermiş döyüş əməliyyatlarından sonra internetdə videoçarxlar peyda olub və görünür ki, Ermənistan tərəfinin mövqeyi İkinci Qarabağ müharibəsi ərəfəsində olduğu kimi, son taktiki dəyişiklikləri nəzərə almadan qurulub. İrəvan 2 il əvvəl olduğu kimi indi də öz əsgərlərini düşünmür. Əsgərləri konkret olaraq ölümə göndərirlər”, - məlumatda qeyd olunub.
Radio mənbələrinə istinadla bildirib ki, bu baxımdan Azərbaycan tərəfi daha sistemli fəaliyyət göstərir:
"Əgər Ermənistan tərəfi növbətçilikdə olan, yuxusuz, yorğun əsgərlərinə növbətçilik boyu mühəndis işlərini gördürürsə, Azərbaycan tam qurulmuş infrastruktura malikdir. Mühəndis avadanlıqları və istehkam işləri üçün ayrılan insanların köməyi ilə Azərbaycan mövqelərini çox tez bir zamanda təchiz edir".
Azərbaycan 90 yaşlı qadına işgəncə verilir.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Videogörüntüləri təqdim edirik:
Sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.
Qeyd edək ki, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə dezinformasiya yaymaqla gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb.
"Bildiririk ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən növbəti gərginliyə görə də bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.