|
Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.
Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.
“Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşinqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktlarının ciddi narahatlıq doğurur.
Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq”, - deyə XİN bildirib.
Xatırladırıq ki, Ermənistan 1991-ci ildə müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmiş, habelə Bakı şəhərində terror aktları törətmişlər. Məlum olduğu kimi, dünyanın müxtəlif ölkələrində çalışan 24 türk diplomatı erməni terrorunun qurbanı olub.
XİN təəssüflə qeyd edib ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir.
“Azərbaycan XİN-i xarici ölkələrdəki radikal qüvvələrin Azərbaycan diplomatik nümayəndəliklərinə, diplomatlara və onların mülklərinə qarşı yönələn və nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını tələb edir.
Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı edilən hücumlarla bağlı aparılan istintaq tədbirləri XİN-in nəzarətində saxlanılacaq”, - deyə XİN qeyd edib.
"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Yayılan məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.
Baş Prokuror Kamran Əliyev Vətən Müharibəsi zamanı Gəncədə raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksdə olub.
“Səfər zamanı media nümayəndələrinə açıqlama verən K.Əliyev deyib ki, müharibə zamanı ən çox dağıntı Gəncədə qeydə alınıb: “Bildiyiniz kimi hadisələr zamanı 3 ailə tamamilə məhv olmuşdu, 6 uşaq vəfat etmişdi. Bu erməni tərəfin acizliyi idi ki, dinc əhaliyə raket zərbələri endirirdi. Həmin hadisələrlə bağlı 3 cinayət işi başlamışıq. Artıq müvafiq hərbi göstərişləri verənlər, onu icra edənlər müəyyən edilib. Onları beynəlxalq axtarışa vermişik. Gec-tez onların, məsuliyyətə cəlb edilməsinə nail olacağıq.
Təəssüf ki, bəzi dövlətlər zəruri əməkdaşlıq göstərmirlər. Lakin biz bütün müharibə cinayətkarlarını məsuliyyətə cəlb edəcəyik. Xocalı hadisələri ilə bağlı cinayətkarları Vətən Müharibəsində tutub məhkəmə məsuliyyətinə cəlb etdik. Başlatdığımız cinayət işlərinə dair sübutlar beynəlxalq ədalət məhkəməsində istifadə olunur”.
Son iki ay yarım ərzində Şəki şəhərinin Dağdibi adlanan ərazisində üç gənc intihar edib.
“Qafqazinfo” xəbər verir ki, son olaraq oktyabrın 9-u, gecə saat 01 radələrində şəhərin həmin ərasindəki Nəriman Nərimanov küçəsində, bağ sahəsində 1998-ci il təvəllüdlü Sayiq Səbuhi oğlu Sayiqzadə özünü asaraq intihar edib.
Sentyabrın 19-da elə həmin küçədə Şəki şəhər sakini, 21 yaşlı Məhəmməd Rahim oğlu Kərimov canına qıyıb. O da özünü asıb.
Şəkidə son iki ay yarım ərzində eyni ərazidə 3 gəncin oxşar üsulla intihar etməsi sakinlərin narahatlığına səbəb olub.
Hazırda baş vermiş hadisələrlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
Fotoda: Sayiq Sayiqzadə
Masallı Rayon Polis Şöbəsində silahlı insident baş verməsinə dair iddialar yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Əfqan Sadıqov məlumat paylaşıb. O bildirib ki, oktyabrın 8-də günorta radələrində Masallı RPŞ-də iki əməkdaş arasında silahlı insident yaşanıb:
“RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Xəzər Şahbazov əməliyyatçı polis mayoru İlqar Qasımovla mübahisə edərkən onu təhqir edib. Bundan əsəbiləşən İlqar Qasımov "Makarov" silahından Xəzər Şahbazova 3 dəfə atəş açıb. Lakin əməliyyatçı polis serjantı Zamin Kazımovun müdaxiləsi nəticəsində atılan güllələr hədəfdən yan keçib”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirdi ki, Masallı RPŞ-də silahlı insidentin baş verməsi iddiaları uydurmadır və heç bir əsası yoxdur:
“Oktyabrın 7-də Masallı Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru İlqar Qasımov xidmətdən sonra ona təhkim olunmuş silahı növbətçi hissəyə təhvil verən zaman silahın dolu və ya boş olduğunu yoxlayarkən ehtiyatsızlıqdan bir dəfə atəş açılıb. Heç kim xəsarət almayıb, hər hansı maddi ziyan qeydə alınmayıb”.
Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sülh müqaviləsinin imzalanması üçün mühüm nailiyyət kimi qiymətləndirilir. Ən önəmlisi isə odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə iddia edir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına bir neçə ölkə mane olur.
S. Əkbərin Reyting.az-a müsahibəsini təqdim edir:
- Sülhəddin bəy, sentyabrın 12-13-də baş verən hərbi qarşıdurmadan sonra Azərbaycan-Ermənistan və Qarabağ ətrafında vəziyyəti necə qiymətləndirirsiniz?
- Yeni dünya nizamı quruculuğu ilə bağlı geopolitik savaş həlledici mərhələyə daxil olduğu kimi, Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsi də həlledici mərhələyə keçib. İndi regionda gözü olan güclər Rusiyadan boşalacaq yeri tutmaq uğrunda mübarizə aparırlar. Mən həm regional, həm də qlobal gücləri nəzərdə tuturam.
Rusiya zəiflədikcə qardaş Türkiyə də regionda təsirini artırmağa çalışacaq və bu, pozitiv faktordur. Ən azından bizim müdafiə və təhlükəsizlik, eləcə də milli maraqlarımız baxımından.
Regional oyunçu olaraq İran da öz təsirini artırmağa çalışacaq.
Regiondan kənar oyunçulara gəldikdə, ilk növbədə Amerika, Böyük Britaniya, İsrail və Avropa İttifaqını qeyd edə bilərik. Onlar da öz təsirini artırmağa çalışacaq. Bunların arasında Böyük Britaniya və İsrail bizim maraqlarımıza cavab verir, ABŞ və Fransa haqqında isə bunu deməyə çətinlik çəkirəm.
Eyni zamanda hesab edirəm ki, İranla işləməyin mənası yoxdur, buna enerji sərf etməyə dəyməz. Çünki effekti olmayacaq. İran proseslərin həlledici mərhələyə daxil olduğunu, eləcə də rejimin taleyinin həlledici mərhələyə girdiyini bilir. Odur ki, güzəştə getmək yeri yoxdur.
İran regionda geopolitik dəyişikliyin ola biləcəyindən və Zəngəzur dəhlizinin açılacağından çəkinir. İran yalnız dəhlizin açılacağından qorxmur, eyni zamanda xəritənin dəyişəcəyindən ehtiyat edir. Bu baxımdan Zəngəzur dəhlizini yaxın perspektivdə risklərlə dolu təhlükə kimi görürəm.
- Niyə?
- Məncə, bu məsələdə biz həddən artıq ehtiyatlı olmalıyıq. Qeyd etdiyim kimi, yeni dünya quruculuğuna liderlik edən ABŞ ilə bu məsələdə dil tapmalıyıq. Qənaətimcə, dil tapmadan Azərbaycan əvvəlki tərəfdaşlarının dəstəyini arxasına alaraq və 1918-1920-ci illər xəritəsini əsas götürərək hərəkətə keçərsə, bu halda böyük təhlükələrlə üz-üzə qala bilərik. Mən narahatam ki, belə bir razılaşma olmadan hərəkət başlayarsa, vaxtılə İraqın Küveyt istiqamətində şirnikləşdirilib sonra salındığı durumla üzləşərik. Odur ki, bu məsələlərə olduqca diqqətli yanaşmağın, o cümlədən ABŞ və Fransa ilə işləməyin tərəfdarıyam.
- Belə yanaşma var ki, Rusiya istəsə dəhliz açılar, istəməsə açılmaz...
- Mən ancaq dəhliz haqqında danışmıram, xəritənin dəyişməsindən də danışıram.
Sualınıza cavab olaraq deyim ki, əgər Rusiyanın belə sürətlə zəifləməsini nəzərə alsaq, sözsüz ki, bu, Ermənistan rəhbərliyinə də təsir edir. Üstəlik, Ermənistan hakimiyyətinin xarakterini və təbiətini, habelə Paşinyan hökumətinin ABŞ və Fransa başda olmaqla, Qərblə münasibətlərini nəzərə alsaq görərik ki, hadisələr sürətlə dəyişə bilər. Mən hadisələrin xarakterini nəzərdə tuturam. Məsələn, Paşinyanın açıqlamasının mahiyyəti ondan ibarətdir ki, fevrala qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı onların ümidlərini doğrultmasa, bu qurumdan çıxmaq məsələsinin müzakirəsinə başlaya bilərlər. Əslində bu, Rusiyaya çox ciddi xəbərdarlıq mesajıdır. Xatırlayırsınızsa, bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin xanım sözçüsü bu acıqlamaya dolayısı yolla cavab verdi, dedi ki, Ermənistan tərəfi reallıqla xəyalları qarışdırır.
- Rusiya xarici işlər naziri Sergey Lavrov da üstüörtülü şəkildə bildirdi ki, Azərbaycan-Ermənistan sərhədinə KTMT-nin silahlı qüvvələri yerləşdirilə bilər...
- Mən bunu real hesab etmirəm. Əvvəla, bunun üçün Azərbaycanın razılığı lazımdır. Azərbaycan razı olmasa, Qazaxıstan, Belarus və Qırğızıstanın bu məsələyə səs verəcəyini düşünmürəm. Əlbəttə, burada Türkiyə faktoru da unudulmamalıdır.
- Nikol Paşinyan bildirib ki, Ermənistan Qarabağ məsələsini müzakirəyə çıxarmadan Azərbaycanın ərazi bütövlüyünü tanıya, sülh müqaviləsi imzalaya bilər. Sanki mesaj verir ki, Qarabağ məsələsini Azərbaycan özü birdəfəlik həll etsin. Bu məsələyə münasibətiniz necədir?
- Əslində bu, Paşinyanın yeni mövqeyi deyil. O, dəfələrlə elan edib ki, 1991-ci ildə MDB yaranarkən Ermənistan müvafiq sənədə imza atmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərini və ərazi bütövlüyünü tanıyıb. Bu o deməkdir ki, Paşinyan prinsipcə, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Praqada da siyasi bəyanat verildi.
- Paşinyan nə dərəcədə səmimidir?
- Paşinyanın səmimiyyətindən və ona inanmaqdan söhbət getmir. Həm reallıq, həm də Türkiyə-Azərbaycan basqıları, eləcə də üzərinə götürdüyü öhdəliklər bunu səslənmdirməyə sövq edir. Üstəlik, Paşinyan bu problemdən qurtulmaq istəyir. Bilir ki, bu problemdən qurtulmayana qədər Bakı və Ankara ilə sülhə gəlmək mümkün olmayacaq. Sülh olmayana qədər Ermənistanın iqtisadi inkişafı və rifaha çatması, möhkəmlənməsi real deyil.
Sözsüz ki, həm də Qarabağ məsələsindən geri çəkilməklə bir növ Azərbaycan və Rusiyanı üz-üzə gətirməyə çalışır. Mən öncədən də deyirdim ki, biz problemə düzgün diaqnoz qoymalıyıq. Bu, Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir. Azərbaycan vəkillərin başını əzdikdə isə bizim qarşımıza Rusiya çıxacaq.
Dağlıq Qarabağı Ermənistan deyil, Rusiya yaradıb. Necə ki, Ermənistan dövlətini yaradıb. Onlar açıq və öz daxili söhbətlərində Ermənistana deyirlər ki, siz kimsiniz Qarabağ haqqında danışırsınız? Aydındır ki, “Artsax”da onların nəzarətindədir. Bu baxımdan Paşinyan demək istəyir ki, Azərbaycan bu məsələni Ermənistanla deyil, Rusiya ilə həll etməlidir.
- Paşinyan sülh sazişi imzalamağa hazır kimi görünür. Sizcə, yaxın dövr üçün sülh sazişinin imzalanması reallaşa bilərmi?
- Xeyir. Bunun da səbəbləri çoxdur. Ümumi desəm, buna səbəb dünyada yaranan geopolitik, geoekonomik, geomədəni, siyasi, iqtisadi, eləcə də regionda yaranan hərbi-siyasi durumdur. Yəni qlobal baxımdan postsovet məkanında məsələlər həll edilməyənə, Putin Rusiyasının taleyi məlum olmayana qədər bu məsələnin həllini gözləmirəm. Xüsusilə, Azərbaycanın istədiyi şərtlər altında sülh müqaviləsinin əldə olunmasına təkcə Rusiya mane olmur. Bu məsələdə İranı, Fransanı, Amerikanı, Yunanıstanı və Hindistanı da nəzərə almalıyıq. Hələ mən daxili faktorları - Rusiyanın uzantısı olan “Beşinci kolon”u, erməni kilsəsini və lobbisini demirəm. Yəni tərəflər, xüsusilə də Ermənistan sülh sazişini imzalamağa hazır deyil. Regional inkişaf da hələlik o səviyyəyə çatmayıb. Məncə, regional inkişaf o zaman yetişəcək ki, Rusiya zəifləyəcək və Türkiyə-Azərbaycan tandemi qarşısında duruş gətirməyərək Azərbaycan ərazilərindən çıxmalı olacaq. Azərbaycan da 48-72 saat ərzində 2876 min kvadrat kilometrlik ərazimiz üzərində nəzarətini əldə edəcək. Mane olmaq istəyən tərəflərin də buna fiziki imkanı olmayacaq.
Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova 82 yaşında dünyasını dəyişib.
“Qafqazinfo”nun məlumatına görə, o, qızının yanında, Honq-Konqda vəfat edib.
Bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqramda bildirib.
Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb. Saysız-hesabsız sevilən və hit mahnıların müəllifidir.
Oktyabrın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Zağalı, İstisu, Yuxarı Şorca və Cil yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Əlibayramlı, İstisu və Zəylik, Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.