|
Masallıda qətl törədilib.
Rayon prokurorluğundan “Qafqazinfo”ya bildirilib ki, iyulun 31-i saat 07 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbdulla Səfərovun öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
İş üzrə istintaq davam edir.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayır.
“Qafqazinfo”nun məlumatına görə, eks-nazir barəsindəki cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcək.
Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb.
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlərlə erməni hərbi birləşmələrinə məxsus xeyli sayda silah-sursat aşkarlanıb.
Tapılan 3 avtomat, 2 qumbaraatan, 1 pulemyot, 1 tapança silahları, eləcə də 12 ədəd tank və 5 ədəd piyada əleyhinə mina, 30 ədəd qumbaraatan mərmisi, 2318 ədəd müxtəlif çaplı patronlar və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.
Maliyyə naziri Samir Şərifova ağır itki üz verib.
S.Şərifovun əmisi Fridovsi Şərifov dünyasını dəyişib.
Xəbər verdiyimiz kimi, Dünən axşam saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfər balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batıb.
Həmin şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur.
Qeyd edək ki, Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.
Hal-hazırda FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu tərəfindən hər iki şəxsin axtarışları davam etdirilir.
Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi “Pençe-Kilit” əməliyyat bölgəsində türkiyəli hərbçi şəhid olub.
Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Batuhan Şimşek terrorçuların açdığı atəş nəticəsində yaralanıb. Xəstəxanaya çatdırılan hərbçinin həyatını xilas etmək mümkün olmayıb.
Prokurorluq Xocalı soyqırmını, azərbaycanlılara qarşı çoxsaylı hərbi cinayətlər törtəmiş general Manvel Qriqoryanın 7,3 mln dollarlıq varidantını müsadirə etmək istəyir.
Ermənistan Baş Prokurorluğunun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi Departamenti mərhum Manvel Qriqoryanın varislərindən dəyəri 5,7 mln dollar olan 28 ədəd daşınmaz əmlakın, 16 nəqliyyat vasitəsinin, mümkün olmadıqda isə vəsaitin müsadirə edilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edib.
Bundan əlavə, Baş Prokurorluq 1,5 milyon dollardan çox nağd vəsaiti geri qaytarmaq istəyir.
Qeyd edək ki, Manvel Qriqoryan 2020-ci ilin noyabrında ölüb. O, Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. Qriqoryan Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. Onun dəstəsi Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. Cani Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub.
2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinərək həbs edilib. 2020-ci ilin sentyabrında Azərbaycan ordusunun möhtəşəm hücum əməliyyatından sonra səhhəti pisləşərək xəsətəxanaya yerləşdirilib, həmin ilin noyabr ayında isə ölüb.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilmiş şikayətə baxılıb.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, rəsmi məlumat görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə "Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında "Azerbaijan Legal Consulting İnternational Services” MMC, "Nanoc” MMC, "Veqa-Servis” MMC, "Meqan Group” MMC, "Omega Servis IKO” MMC, "Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.
Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq "Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.
Məsum Rəsulov 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.
Bakıda özünü şəhid qardaşı kimi təqdim edən şəxs həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.
O bildirib ki, son günlər özünü şəhid qardaşı kimi təqdim edən Elnur Həsənov adlı şəxs müsahibələr verərək polis bölməsinə əsassız aparıldığını, orada döyüldüyünü və təhqir edildiyini iddia edib: "Elnur Həsənovun dedikləri tamamilə yalandır, polisi öz qanuni hərəkətlərindən çəkindirmək və törətdiyi qanunazidd əməlləri ört-basdır etmək məqsədi daşıyır.
Belə ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini gənc qadın A.K. (ad, soyadı şərti) uzun müddətdir ki, müxtəlif vaxtlarda yaşadığı rayonun polis idarəsinə, polis bölməsinə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə müraciət edərək uzaq qohumu olan Həsənov Elnur Mahal oğlunun dəfələrlə ona evlilik təklif etməsini, lakin hər dəfə rədd cavabı aldıqda onu narahat etdiyini, razılaşmayacağı təqdirdə isə ölümlə hədələdiyini bildirib.
Qadın ərizələrində Elnur Həsənovun ögey qardaşının şəhid olmasından sui-istifadə edərək heç kimdən qorxmadığını da qeyd edib. A.K-nın bütün müraciətləri qanunamüvafiq qaydada qeydə alınaraq həmin müraciətlər üzrə Elnur Həsənov polis orqanlarına dəvət edilir və onun barəsində profilaktiki və inzibati tədbirlər görülürdü. Lakin görülmüş profilaktiki və inzibati tədbirlərdən nəticə çıxarmayan Elnur Həsənov A.K-nın təqibini davam etdirdiyinə görə sonuncu növbəti dəfə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək artıq intihar həddinə çatdığını bildirib, eləcə də şikayətçinin atası və qardaşı ərizə ilə müraciət edərək Elnur Həsənovun barəsində tədbir görülməsini xahiş ediblər.
Bu müraciətlər əsasında Elnur Həsənov saxlanılıb və barəsində toplanmış materiallar ilə birlikdə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Elnur Həsənov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib".
Beyləqan rayonunda metal qəbulu məntəqəsində partlayış olub.
Qafqazinfo xəbər verir ki, rayonun Birinci Şahsevən kəndində 1979-cu il təvəllüdlü Fəxrəddin Quliyev məntəqəyə qəbul edilmiş qaz balonunu qaynaq aparatı ilə kəsərkən partlayış baş verib. Nəticədə o, ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.