Xankəndidəki erməni hərbi texnikası gecə vaxtı şəhərdən çıxarılır.

"Publika.az xəbər verir ki, bu barədə Ermənistan mediası Qarabağdakı erməni əhaliyə istinadən yazır.

 Məlumata görə, ermənilər hərbi texnika karvanlarının Qarabağdan çıxarıldığını öz gözləri ilə görüb. Karvanın Xankəndini tərk etdiyinə dair qısa görüntülər də yayılıb.

Görüntülər axşam saatlarında çəkildiyi üçün tam müşahidə olunmur, lakin göründüyü kimi, hərbi texnika gecə saatlarında çıxarılır.

Qeyd edək ki, Bakının israrlı tələbindən sonra İrəvan Qarabağda qalan Errmənistan Silahlı Qüvvələrinin qalıqlarının çıxarılma prosesinin başlandığını elan edib.

Bakıda dənizdə batmış bacılardan ikincisinin də meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində qeyri-çimərlik ərazidə batmış 2008-ci il təvəllüdlü Aysu Asəf qızı Abdullayevanın meyiti FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən bu gün səhər saatlarında batdığı yerdən təxminən 11 km aralıda dənizdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bildirir ki, qeyri-çimərlik ərazilərdə çimmək, habelə küləkli hava şəraitində dənizə girmək həyat üçün təhlükəlidir", - məlumatda qeyd edilib.

Şirvanda saxta torpaq sənədi hazırlayan vəzifəli şəxslərə cinayət işi başlanılıb.

Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, şəhər sakini İbrahiməjdər Həmidovun anasından miras qalmış torpaq sahəsi və evin qardaşı tərəfindən saxta sənədlər əsasında başqa şəxsə satılması ilə bağlı daxil olmuş müraciəti üzrə prokurorluqda araşdırma aparılıb.

Şirvan şəhər bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, həmçinin onların həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vəzifə saxtakarlığı etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə istintaq davam edir.

Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.

Report xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.

Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.

Ölənlərdən birinin meyitinin axtarışları davam etdirilir.

Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.

Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.

Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

DTX-nin saytı xəbər verir ki, məlumatda deyilir:

"Ölkəmizdə cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən yeni təhlükəli növü olan, kompüter sistemlərinə qanunsuz müdaxilə hallarını özündə ehtiva edən kibercinayətkarlığa qarşı qəti mübarizə tədbirləri görülür və cəzanın labüdlüyü prinsipi təmin edilir.

Məhkumların cəza çəkdikləri dövrdə həqiqi islah olunmaları, törətdikləri əməllərdən səmimi peşmanlıq hissi keçirmələri, zərərçəkmiş şəxslə barışığa nail olunması və dəymiş ziyanın aradan qaldırılması həmin şəxslərin daha yüngül rejimli müəssisəyə keçirilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində əsas yaradan hallardandır. Lakin bununla belə hüquq mühafizə və məhkəmə orqanları tərəfindən tətbiq olunan bu humanist yanaşmadan sui-istifadə edilərək zərərçəkmiş şəxslərin adından saxta barışıq ərizələrinin tərtib olunması, cəzanın yüngülləşdirilməsi məqsədilə qeyri-qanuni hazırlanmış sənədlərin təqdim edilməsi halları müşahidə olunmaqdadır.

Belə ki, ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elgün Hüseynovun cəzasının yüngülləşdirilməsi məqsədilə təqdim olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq ərizəsi şübhə doğurduğundan Ədliyyə Nazirliyi tərəfindən araşdırılaraq belə bir razılığın əldə olunmadığı, müvafiq sənədin kompüter proqramı vasitəsilə saxta yolla hazırlandığı müəyyən edilmişdir. Həmin əməldə kibercinayətin əlamətləri olduğundan materiallar aidiyyəti üzrə araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunmuşdur.

Faktla bağlı başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, əvvəllər eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov azadlıqda olarkən cinayət əlaqəsinə girərək müxtəlif məhkumların sifarişi ilə bir sıra işlər üzrə zərərçəkmiş tərəflərin adından ziyanın ödənildiyi və barışığın olduğu barədə guya notariat qaydasında təsdiq olunmuş, üzərində QR kod yerləşdirilmiş saxta ərizələr hazırlamaqla bu sənədləri internetdə müvafiq rəsmi saytın interfeysinə bənzər, həqiqi olmayan səhifə yaradaraq orada yerləşdirilməsini təmin etmiş və bununla da həmin ərizələr məhkəmə prosesləri zamanı rəsmi saytda yerləşdirilmiş və həqiqiliyi QR kodla təsdiq edilən sənədlər adı altında təqdim olunmuşdur.

Eyni zamanda müəyyənləşdirilmişdir ki, həmin cinayətkar qrup eyni üsullarla bir sıra digər məhkumların vaxtından əvvəl cəzadan azad olunması məqsədilə guya zərərçəkən tərəflə barışıq əldə olunduğu, ziyanın ödənildiyini göstərən saxta sənədləri kompüter texnologiyalarından istifadə etməklə hazırlamış və məhkəmə prosesləri zamanı istinad edilməsi üçün aidiyyəti üzrə təqdim edərək cinayət əməllərinə yol vermişdir.

Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma), 273-2-ci (kompüter məlumatlarını saxtalaşdırma) və 294.3-cü (sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, yaratdıqları müvafiq elektron səhifənin fəaliyyəti isə dayandırılmışdır.

Hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyi tərəfindən saxta sənədlərdən istifadə etmiş şəxslərin tam dairəsinin müəyyən olunması və digər əlaqəli xüsusatlar üzrə araşdırmalar davam etdirilir".

Xəbər verdiyimiz kimi, “Eurohome” ticarət mərkəzində mağazalardan birinin sahibi qətlə yetirilib.

 “Qafqazinfo” qətlə yetirilən Şəmşiddin Quliyevin fotolarını əldə edib.

Qeyd edək ki, Ş.Quliyevi qətlə yetirən şəxslər onun bacısının qaynının uşaqlarıdır.

Xatırladaq ki, dünən ticarət mərkəzində kombi satışı ilə məşğul olan 1983-cü il təvəllüdlü Şəmşiddin Quliyev iş yerində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.  Araşdırmalarla cinayətin zərərçəkmişin qohumları Vüsal Yusibov və qardaşı Rafayıl Yusibov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Vüsal və Rafayıl Yusibovlar şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

 

 

 

 

Külli miqdarda rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla bağlı istintaq yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Qəniyevin icraatına verilib. Zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb. Həlilik məhkəmənin hazırlıq iclasının vaxtı bəlli deyil. 

Qeyd edək ki, S.Müslümov ötən ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.

Xatırladaq ki, Səlim Müslümovun istintaq müddəti 1 il 5 ay çəkib. Saxlanıldıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilib. O, 1 il 3 ay həbsdə qaldıqdan sonra səhhətindəki problemlərlə bağlı olaraq bu ilin mayında ev dustaqlığına buraxılıb.

Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərovanın 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızına zorakılıq etməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov APA-ya açıqlamasında bildirib ki, şagirdin döyülməsində təqsirli bilinən direktor Yeganə Əsgərova barəsində qərar günün sonuna qədər açıqlanacaq.

“Dünən axşam saatlarında prokurorluqdan təqdimat daxil olub. Gün ərzində bununla bağlı tədbirlər görülür. Həm pedaqoji heyət, həm də rəhbərliklə görüşlərimiz olub. Günün sonunda ictimaiyyətə ətraflı məlumat veriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatında bildirilib ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb.

Araşdırma zamanı müəyyən edilib ki, Rasilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G. Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.

Eyni zamanda, keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Eyni zamanda, icra başçısının müavini Rasilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib.

İstintaq zamanı bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Lənkəran Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, məktəblinin döyülməsində təqsirli bilinən icra başçısının müavini Rasilə Arifqızı işdən azad edilib.

Şamaxıda arvadını uşaqlarının gözü qarşısında döyərək öldürən Şakir Cəfərova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1985-ci il təvəllüdlü Ş.Cəfərov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində arvadını öldürmə səbəbindən danışıb. O qeyd edib ki, hadisə baş verən gün evə içkili gəlib və darvazanı döyəndə onu açan olmayıb. Bu səbəbdən Ş.Cəfərov həyətə hasarın üstündən keçib.

Arvadından nəyə görə qapını açmadığı soruşanda isə qadın hamamda olduğunu bildirib. Həyat yoldaşının cavabından əsəbiləşən ər onu üç azyaşlı uşağının gözü qarşısında amansızlıqla döyüb.

Davadan sonra ər-arvad yataq otağına keçiblər. Bu zaman qadın başının ağrıdığını, yatmaq istədiyini bildirib. Əri isə cavab olaraq, “başın ağrıyırsa, həkim çağırım” deyib. Qadın isə “yox, zəng eləsən, səni tutacaqlar, yatım, başımın ağrısı keçəcək” cavabını verib.

Səhər açılanda isə qızı anasının ağzından qan gəldiyini görüb. Qadının bədəni qaraldığı, soyuduğu üçün əri onun öldüyünü başa düşüb.

Bu zaman Ş.Cəfərov övladlarını babasıgilə aparıb, daha sonra polis şöbəsinə yollanaraq təslim olub.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrın 1-də baş verib.

Bakıda qadın iki uşağı ilə birlikdə intihar edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Yasamal Yaşayış Kompleksində baş verib.

Belə ki, ana iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb.

İki övladı ilə intihara cəhd edən Abbasova Aytən qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında mübahisə yaranıb. Hadisə bundan sonra baş verib.

Özünü evin eyvanından atan 1997-ci il Aytən Abbasova Marif qızı müxtəlif növ bədən xəsarətləri ilə, 4 yaşlı Sofiya Abbasova isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər:

“Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. Digər azyaşlı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib”.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova dünyasını dəyişib.

Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Suslan Abbasov bu gün Moskvadan Bakıya qayıdır.

Xəbər lenti