|
Metroda sərnişinlərdən biri siqaret çəkib.
Sözügedən məsələ ilə bağlı video sosial şəbəkələrdə paylaşılıb.
Metroda tütün məhsullarının istifadəsi qanunla qadağandır. Bu kimi hallar sadəcə qanun pozuntusu deyil, bütün sərnişinlər üçün həyati təhlükə yarada bilər.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, bu istiqamətdə araşdırma aparılır:
“Hadisənin nə zaman, hansı stansiyada, hansı vaqonda baş verdiyi aidiyyəti şöbə tərəfindən araşdırılır. Lakin paralel olaraq sərnişinlərimizin bu kimi hallarla qarşılaşdıqları zaman maşinist rabitəsi vasitəsilə maşinistlə əlaqə saxlayıb məlumat vermələri tövsiyə olunur. Eyni zamanda qatar stansiyaya girdiyi zaman həmin qayda pozan sərnişin və ya sərnişinlərə narahatlıq yaradan hər-hansı bir durum barədə metropoliten əməkdaşlarına və metro polisinə də məlumat vermələri arzuolunandır. Bu kimi hallarda bənzər problemlər daha tez müəyyənləşir və aradan qaldırılır. Sözügedən video ilə bağlı araşdırmanın yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şəmkirdə qida zəhərlənməsi şübhəsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
AQTA-dan "Ölkə.az"ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, Şəmkirdə 4 nəfərin vəziyyəti pisləşib, onların dönərdən zəhərlənməsi ehtimal olunur.
Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib.
Lent.az məlumatına görə, tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir.
O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub.
Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Paytaxtın Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi dalan 4 ünvanının sakinləri iddia edirlər ki, ərazidə çox sayda narkotik istifadəçisi məskunlaşıb.
Baku TV-nin əməkdaşı sözügedən ünvanda olub, narkotik vasitələrdə istifadə olunan preparatlara və özündə olmayan insanlara rast gəlib. Onların arasında gənclər, hətta qadın da var.
Sakinlərin sözlərinə görə, ərazidəki narkotik istifadəçiləri onların həyətlərindəki əşyaları da oğurlayırlar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin əraziyə əlavə naryad qrupları cəlb olunub, orada müşahidə olunan neqativ halların aradan qaldırılması istiqamətində Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətburat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,rayonun Ruşən kəndi ərazisindəki meşə massivində külli miqdarda narkotik tərkibli bitkilərin becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Dərhal ərazi əməliyyat nəzarətinə götürülüb.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində orada çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan Şirvan şəhər sakinləri-Amid Cəbiyev və Anar Ərəbov elə iş başında yaxalanıblar. Əraziyə baxış keçirilən zaman 984 ədəd çətənə bitkisi və onlara qulluq etmək üçün yaratdıqları hovuzlar aşkarlanıb.
Saxlanılan dostlar ifadələrində Şirvan şəhərindən İsmayıllıya gələrək burada ötən ay narkotik tərkibli bitkiləri becərdiklərini və vaxtaşırı qulluq göstərdiklərini etiraf ediblər. Məqsədləri isə yetişdirib qurutduqdan sonra satmaq və yüksək qazanc əldə etmək olub.Ancaq onların bu “istək”ləri reallaşmayıb və hər ikisi törətdikləri əmələ görə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq- əməliyyat tədbirləri davam etdirilir.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.
Yol-xeber.az Trend-ə istinadla bildirir ki, iyunun 7-də keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov saxlanılıb.
Əməliyyat zamanı həmçinin Şirvan şəhər bələdiyyəsinin Malik adlı əməkdaşı, Əmlak idarəsinin Arif, Sübhan və Amid adlı vəzifəli şəxslərinin də saxlanıldığı bildirilir.
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Qafqazinfo xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi “Khazar” markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobilin təkərinin partlaması nəticəsində idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, polis mayoru olan Qubat Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda regionlardan birində daha bir erkən nikaha cəhd qeydə alınıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb:
“Bu dəfə, deyilənə görə, keçirilməsinə “xeyir-dua”nı polis verib. Düzü, buna inanmıram. Amma hər ehtimala qarşı hüquq-mühafizə orqanlarının araşdırmasını gözləyək”.
Əldə etdiyimiz məlumata görə, iyunun 8-də baş tutacaq toy Sabirabad rayonu Qəzli kəndində olacaq. Bu artıq həmin kənddə ikinci erkən nikah cəhdidir.
K.Ağazadə Oxu.Az-a açıqlamasında məkanı təsdiq etməsə də, ehtimal verdiyini deyir:
“Əgər, doğrudan da, söhbətin eyni rayon və kənddən getdiyi təsdiqlənərsə, həmin rayonda aidiyyəti üzrə icra hakimiyyətində yaradılan komissiyanın üzvləri tam heyəti ilə dəyişdirilməlidir”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən vətəndaşların müraciəti əsasında aparılmış plandankənar yoxlama zamanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2222-ci məhəllə ünvanında yerləşən “ENJOY” gecə əyləncə klubunda yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, ərazidə bir neçə nöqsan aşkarlanıb:
- obyekt normaya uyğun ehtiyat çıxış yolu ilə təmin edilməyib;
- obyektin əsas zalında döşəmə hissə divar boyunca 40 sm hündürlüyündə taxta diktlərdən istifadə olunaraq üzəri xalça ilə üzlənib ki, bu da əlavə yanğın təhlükəsi yaradır;
- obyektin qapılarının təxliyyə məqsədilə çıxış istiqamətində açılması təmin edilməyib;
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb;
- elektirik enerjisinin kəsilməsi halları nəzərə alınaraq obyekt ehtiyat elektrik generatoru ilə təmin edilməyib;
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər tutaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 2222-ci məhəllə ünvanında yerləşən “ENJOY” gecə əyləncə klubunda işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub.
Qeyd edək ki, vətəndaşlar Dövlət Yanğın Nəzarəti Xidmətinin bu qərarından razı qalıb, minnətdarlıqlarını birdiriblər.