Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general-leytenant Vəzir Həsənov saxlanılıb. 

O, 2022-ci ilin yanvar ayının 1 də general-polkovnik Səfər Mehdiyevin əmri ilə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunaraq, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi təyin edilib. Vəzir Həsənovun adı Sumqayıt Baş Gömrük İdarəsinin rəhbəri olan zaman bir sıra qalmaqallarda hallanıb.

 
Onun həbs olunub-olunmaması aparılacaq istintaq işindən sonra bilinəcək.

***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində keçirdiyi əməliyyatın ilkin səbəbi məlum olub.

Ötən gündən başlayan əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar ölkəyə gətirilən istehsal ili yeni olan nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində nöqsanlara yol verməkdə ittiham edilirlər. 

İlkin məlumata görə, saxlanılanlar ölkəyə gətirilən istehsal ili 2019-cu və daha təzə olan avtomobilləri əzik, zədəli nəqliyyat vasitəsi kimi qeydiyyata alaraq rəsmiləşdirmə haqqını azaltmaq və digər nöqsanlarda şübhəli bilinirlər. 

Əməliyyat zamanı avtomobilin rəsmiləşdirməsi zamanı saxtalaşdırma ilə bağlı təxminən 30-a yaxın qanunsuz sənəd aşkarlanıb.

***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində anti-korrupsiya əməliyyatı keçirib.

Unikal.az xəbər verir ki, hazırda əməliyyat Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində davam edir.

Saxlanılanlar var. Saxlanılanlardan biri həmin idarənin inspektoru vəzifəsində çalışan Şahin İsgəndərovdur.

Əlavə məlumat veriləcək.

 

 

 

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun 24 yanvar 2023-cü il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Qubadlı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata yaxın pensiya alır.

Gununsesi.info xəbər verir ki, sabiq MTN şefinin pensiyasının yüksək məbləğdə hesablanması onun uzun illər nazir və yüksək rütbə daşıması ilə əsaslandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, pensiya məbləği şəxsi məlumatlar kateqoriyasına aid edildiyindən bu barədə ya şəxsin özü tərəfindən, ya da müvafiq məhkəmənin sorğusu əsasında açıqlama verilə bilər.

Qeyd edək ki, hazırda Eldar Mahmudovun 66 yaşı var. 2004-cü ildən ölkənin milli təhlükəsizlik naziri olan Mahmudov 2015-ci ildə vəzifəsindən azad edilib. Həmin vaxt Eldar Mahmudov general-polkovnik rütbəsində olub.

Bu gün səhər saatlarından “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb sahibkarın bazarla bağlı yeni vergi siyasətinə etiraz etməsidir. Belə ki, mağazalarını açmayan ticarətçilər İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin mağazalara yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmaq istəmirlər.  

Məlumata görə, ticarət mərkəzində fəaliyyət göstərən bir çox şəxsin vergi ödəyicisi kimi qeydiyyatda olmadığı məlum olub.

Mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər.

 

 

 

 

Yanvar ayının 20-də saat 18:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Şükürbəyli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilmiş 2 ədəd bağlamada, ümumi çəkisi 13 kiloqram 130 qram narkotik vasitə (9 kq 880 qram marixuana, 3 kq 250 qram tiryək və 2000 ədəd “metadon M-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

 

 

 

Sosial şəbəkədə 20 Yanvar şəhidlərini söyən qadın polis şöbəsinə çağırılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

“TikTok” sosial şəbəkəsində xanım vətəndaşın canlı yayım zamanı 20 Yanvar faciəsinin qurbanları barədə nalayiq ifadələr işlətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılıb.

Keçirilən texniki-axtarış tədbirləri nəticəsində həmin şəxsin Gəncə şəhər sakini Gülnarə İsgəndərova olması müəyyən olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunub. Şöbədə həmin şəxslə profilaktiki söhbət aparılıb və bildirilib ki, 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günüdür və həmin gün şəhid olanlar bugünkü müstəqil dövlətimiz üçün edilmiş qəhrəmanlıqdır.

G.İsgəndərova ifadəsində etdiyi əməldən peşman olduğunu və bütün şəhid ailələrindən və Azərbaycan xalqından üzr isyədiyini bildirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Yol-xeber.az-a verilən xəbərə görə, rayon Polis İdarəsinin Qobu Polis Bölməsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində keçirdikləri növbəti tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Cəmaləddin Alxasov, Aydın Eyvazov, Samir Mustafayev, Eldar Nəbiyev və Fərrux Əsgərov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman hazır bükümlər formasında satış üçün qablaşdırılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər verdiyimiz kimi, Yanvarın 17-də gecə saatlarında Tərtər şəhəri ərazisində bir nəfərin əlində qumbara ilə kafelərin birində əşyaları və pəncərələrinin şüşələrini, sonradan bir evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan avtomobilin şüşələrini sındırması barədə polisə məlumat daxil olub. Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib və bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Yavər Hüseynov tərksilah edilərək saxlanılıb. Ondan “RQD-5” markalı əl qumbarası götürülüb.

Manset.az-ın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Yavər Hüseynov tanınmış idman müəllimidir.

O, Tərtər rayonunda idman zallarından birinin sahibidir.

Qeyd edək ki, araşdırmalarla yanvarın 17-si saat 23 radələrində Y.Hüseynovun kafedə sərxoş halda xidmətdən narazı olduğu üçün xidmətçiləri və oranın sahibi, şəhər sakini S.Bayramovla mübahisə edib orada olan əşyaları sındırması, sonradan əlindəki qumbara ilə S.Bayramovun yaşadığı evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan ona məxsus “Mercedes-Benz” markalı avtomobilin şüşələrini sındırması, yenidən kafeyə qayıdaraq oranın pəncərə şüşələrini sındırması məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Böyük Britaniyada koronavirusun yeni ştammı - “Orthro” aşkar olunub.

Bu söz Yunan mifologiyasında “ikibaşlı it” anlamına gəlir.

Mütəxəssislərin fikrincə, “Kraken” ştammını əvəz edəcəyi gözlənilən “Orthro” mövcud variantlardan daha təhlükəli olmasa da, daha geniş yayıla bilər.

Sürətlə yayıldığı bildirilən bu yeni ştamm xüsusilə dekabr ayından etibarən Avropada varlığını hiss etdirməyə başlayıb.

“Omikron”un bir variantı olan “Orthro” və ya “Orthrus” ilk dəfə ötən ilin noyabrında Böyük Britaniyada aşkar edilib. Yanvar ayında bu ölkədə hər 5 yoluxmadan 1-i “Orthro” olub. Xəstəlik qızdırma, baş ağrısı və səsin batması kimi əlamətlərlə özünü göstərir. Daha ciddi bir xəstəliyə səbəb olacağına dair hələki hər hansı sübut yoxdur. Lakin tərkibində olan P681R mutasiyasının daha kəskin olduğu hallarda xəstəliyin ağır keçməsi mümkündür. Hazırda yüksək peyvənd nisbətləri səbəbindən bu ştamm riskli hesab edilmir.

Ermənistanda hərbi hissələrin birində, kazarmada yanğın baş verib.

Bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində 15 hərbçi ölüb.

Yaralılardan 3-nün vəziyyəti ağırdır.

Xəbər lenti